Azərbaycanda dövlətçilik məsələsi, vətəndaşların əmlak girovları, kimsəsizlərə qayğı, hökumətin fəaliyyətsizliyi, turızm sahəsindəki bahalıq bugünkü medianın aparıcı mövzusudur.
Mənəvi birlik və vətəndaş həmrəyliyi banisi
“Azərbaycan” qəzetində mərhum prezident Heydər Əliyevin anadan olması ərəfəsində “Mənəvi birliyin və vətəndaş həmrəyliyinin banisi” məqaləsində H.Əliyevin milli dövlətçilik prinsiplərinin və xüsusən multikulturalizm ənənələrinin formalaşmasında müstəsna rolu haqqında danışılır.
Məqalədə oxuyuruq: “Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Əlbəttə, milli dövlətçilik kontekstində bu, sovet dönəmindəki mahiyyətdə yox, fərqli bir formada təqdim olunurdu”.
Müəllifin düşüncəsinə görə, bütün bu mədəniyyətlərarası əlaqələrin Azərbaycanda sıxlaşması Azərbaycanın tarixi ənənələri və bunu dövlətçilik konsepsiyasında birləşdirə bilməsindədir. Məqalədə deyilir: “Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür”.
Girovluqda olan ölkə
“Azadlıq” qəzeti ölkədə 41 min daşınmaz əmlakın girov qoyulması və bundan doğan nəticələri təhlil edir. Məqalədə təhlil Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin “Daşınmaz Əmlak” jurnalındakı statistikaya əsasən aparılır.
Məqalədə girov qoyulan 41 min əmlakın yarısının Bakının payına düşdüyü, bu girovların 20 minini mənzillərin təşkil etdiyi deyilir və bu fakt belə dəyərləndirilir: “Bu rəqəmlər bir daha ölkədəki vəziyyəti, vətəndaşın həyat şəraitini, hökumətin “qayğısı”nı ortaya çıxarır. Qeyd edək ki, 2015-ci il ən az kredit verilən il olub. əgər belə bir dövrdə girov qoyulan əmlakın sayı 41 mindirsə deməli, əvvəlki illərdə durum daha ğır olub”.
Məqalədə vətəndaşların bu duruma düşməsində yarı-ayrı məmurlara bağlı bankların da rolu olduğu qeyd edilir: “Məmurlara məxsus banklar vətəndaşı tam müflisləşdirməyə xidmət edib. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sahib olduqları evləri, torpaqları, dükanları girov qoyublar. Çünki bu ölkədə verilən maaşla heç bir problemi həll etmək mümkün deyil. Uşaq oxudanın da, cehiz alanın da, toy edənin də, müalicə edilənin də kreditə ehtiyacı var”.
Müəllifin düşüncəsinə görə, kredit məsələsilə insanlar məqsədli şəkildə tələyə salınır. Buna sübut olaraq ölkədə 2,5 miylon nəfər vətəndaşın kredit borcu olması, 2 mlyarda yaxın problemli kredit olması statistikası göstərilir. Müəllif düşünür ki, hakimiyyət yüz milyardlarla neft gəlirlərini mənimsəməklə insanları problemin içinə soxub, indi isə dollarla kredit götürənlərə yardım etmək istəmir.
Son olaraq müəllif bu sahədə ölkədəki durumu belə qiymətləndirir: “Bir sözlə, bütövlükdə bu ölkə bir rejimin girovuna çevrilib. Nə qədər ki, xalq bu ədalətsiliyə etiraz etməyəcək, o qədər də bu girovluq davam edəcək”.
Kimsəsizlərə kimsə olmaq
“Azərbaycanda yardım göstərilməsi üçün Vahid Mərkəz yaradılmasının vaxtı çoxdan çatıb. Bu barədə mən dəfələrlə demişəm. Hər halda müalicəsini, tibbi əməliyyatını yüngülləşdirə bilmək üçün insanların harasa müraciət etməyə yerinin olması yaxşı olardı. Burada hökumətlə xalq bu məəsləni daha asan həll edə bilər. Bu, daha doğrusu ideal variant olardı”. “Həyat naminə” Xeyriyyə Cəmiyyətinini təmsilçisi Mina Məlikova bunu “Exo” qəzetinə bildirib.
Onun düşüncəsinə görə, insanların ən zəruri ehtiyaclarını ödəmək üçün belə bir mərkəzə ehtiyac var. Bununla yanaşı evsiz-eşiksiz insanların gecələməsinə yardımçı olmaq da lazımdır və bu məsələ bu gün də aktual olaraq qalır.
M.Məlikova “Həyat naminə” Xeyriyyə Cəmiyyətinin sosial şəbəkələrdə xəstələr, ehtiyacı olanlar barədə informasiyanı müntəzəm yeniləşdirdiyini deyir. Xəstələrin, ehtiyacı olanların ictimaiyyətə müraciətləri dərc edilir.
Məqalədə göz xəsətliklərindən və s. əziyyət çəkən insanların da xahişləri yer alır. Amma maliyyə yetərsizliyi üzündən hamıya köməyin mümkün olmadığı deyilir: “Qəlb ağrıdan xəbərlər çoxdur, amma hamıya kömək edə bilmirsən, burada xalqla dövlətin birgə köməyi lazımdır”.
Zehniyyət problemi
“Novoye Vremya” qəzeti “Neft ucuzlaşır, amma antiböhran planı hələ ki yoxdur” məqaləsində neftin ucuzlaşması və hökumətin fəaliyyətsizliyinin araşdırma obyekti olmasını araşdırır.
Müəllif əsas gəlir mənbəyi olan neftin ucuzlaşmasına baxmayaraq, hökumətin ölkəni bu durumdan çıxarmaq üçün tədbir görməməsini ciddi tənqid edir.
“Hələlik uzun müddətdir ki, hökumətin gözlənilən antiböhran planı yoxdur. Baş nazir Artur Rəsizadə deputatların önündə dəfələrlə çıxış etsə də postneft dövründə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı nikbinlik təlqin edə bilməyib. Baxmayaraq ki, ölkədə post neft dövrünün artıq başladığını hakimiyyət də təsdiq edir”.
Müəllif qeyd edir ki, rəsmi olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi mövqeyi elan olunur, amma bütün ümidlər neftin qiymətinin qalxacağına bəslənilir. “Nazirlər də daxil olmaqla Nazirlər Kabinetinin çoxsaylı məmurlarının açıqlamalarından belə nəticə alınır ki, onlar ölkənin iqtisadi durumunun yaxşılacağını məhz neftin yüksək qiymətdə olacağına bağlayırlar. Hökumət iqtisadiyyatın başqa sahələrinin inkişaf etdirilməsi üçün tədbirlər görmür”.
Müəllifə görə, Nazirlər Kabineti iqtisadi siyasətə yenilik gətirməyə qabil deyil. Müəllif düşünür ki, indiki durumun yaranmasına görə məsuliyyət hökumətin üzərinə düşür. “Hökumət antiböhran tədbirlərini çoxdan hazırlamalı idi. Bu plan yerinə bütün keçən ilboyu hökumət islahatlar elan edir. Bir daha təkrar edirik ki, oturub neftin qiymətinin qalxacağını gözləmək, iqtisadiyyatın artımınin buna bağlamaq nəinki səmərəsizlik, həm də məsuliyyətsizlikdir”.
Qiymətlər şişir, gəlirlər gizlədilir
“Yeni Müsavat” qəzeti qarşıda yay fəslinin gəlməsi fonunda turizm bölgəsində otel qiymətlərini araşdırır. Qiymətlər 155 manatdan başlayaraq şəxslərin sayından asılı olaraq 850 manata qədər yüksəlir. Mayın 1-dən isə mövsümi qiymətlər isə bir qədər də bahalaşır.
Bu statistik rəqəmlərdən sonra məqalədə oxuyuruq: “Gördüyünüz kimi, qiymətlər heç də əlçatan deyil, digər tərəfdən 35 min çarpayılıq otellərin illik tutumu 13 milyon olmalı halda bundan 10 dəfə az olur. Belə mənzərə yaranır ki. otel biznesi sərfəli deyil. Amma ölkə üzrə ildə 30-40 otel istifadəyə verilir”.
Müəllifin düşüncəsinə görə, bu, onu göstərir ki, otellər təkcə qiymətləri şişirtmir, həm də gəlirləri kütləvi şəkildə gizlədirlər və bunu vergi orqanları ilə razılaşdırmadan etmək mümkün deyil.
Qiymətlərin bahalığından turistlər də narazıdır və onlar belə deyirlər: “Bu pulla Azərbaycanda istirahət edəcəyimizə İstanbulda, Antalyada, Bodrumda dincələrik”. Müəllif otel menecerlərinin qiymətlərin otellərin 4,5 ulduzlu olması ilə izahını da yetərli saymır və İstanbulda 10-15 dollara 4 ulduzlu otellərin olmasına diqqət çəkir. Ekspertlərə görə isə turizm sahəsində belə bahalığın olması rəqabətin olmaması ilə bağlıdır.
Rəy yaz