
Bakı/18.12.18/Turan: Azərbaycan Təhsil Nazirliyi təhsilin inkişafı ilə bağlı son 5 illiyə dair inoqrafik məlumatları açıqlayıb. Məlumatlar Dövlət Strategiyasının 5 illiyi ilə bağlı dərc edilir.
Ümumi təhsil üzrə məlumatlarda bildirilir ki, birinci siniflərə qəbulda artım dinamikası müşahidə olunub. 2013-cü ildə bu göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb.
Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur.
2013-2018-ci illərdə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıblar.
Bu dövrdə "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb.
PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal , "mükəmməl" və "yüksək" səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb.
Son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb.
Dövlət Təhsil Strategiyası 24 oktyabr 2013-cü il tarixində qəbul edilib. -05D06-
Rəy yaz