Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Xəbər verildiyi kimi bir neçə gün əvvəl İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbir keçirilib. Tədbirlə bağlı İqtisadiyyat Nazirliyinin saytında gedən məlumatda bildirilir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolunu qeyd edib, onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirləri - aqrar sektora vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verildiyini, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlərin tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. 

Qeyd etməliyəm ki, Azərbaycanda ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində 2016-cı ilin sentyabr ayında istifadəyə verilmişdir. İlk etapda həmin aqroparkın yaradlıması üçün həm dövlət, həm də özəl sektor tərəfindən 20 milyon manat investisiya qoyulmuşdu. O zaman Yalama Aqroparkının açılışında iştirak edən ölkə başçısı İlham Əliyev qeyd etmişdir ki, Xaçmaz rayonunda istifadəyə verilən aqropark rayonun, ümumiyyətlə, ölkəmizin inkişafına öz töhfəsini verəcək. O, çıxışında demişdir: “Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik.”

Onu da qeyd etməliyəm ki, ölkə başçısı 2018-ci ilin oktyabr ayında “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında ölkədə 45 aqroparkın yaradılacağı barədə məlumat vermişdir. O, demişdir: “Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq aqroparklarıdır.”

İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilmiş məlumatda isə bildirilir ki, “hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.”

Ölkə başçısı və İqtisadiyyat naziri tərəfindən səsləndirilən rəqəmlərin ziddiyyətli (yaradılması nəzərdə tutulan aqroparkların 45 və yaxud 51) olması bir o qədər əhəmiyyətli deyil. Dövlət rəsmilərinin dediyi kimi artıq 43 aqropark fəaliyyətə başlayıbsa, həmin aqroparkların ən azı 13-də heyvandarlıq kompleksləri olmalıdır. Belə olan halda isə heyvandarlıq məhsullarının istehsalında çox ciddi sıçrayış və yaxud nəzərəçarpacaq dərəcədə artım baş verməli idi. Ölkə başçısı hesab edirdi ki, “aqroparkların sayı ən azı 10-a çatmalıdır, belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik.”

Qeyd etməliyəm ki, ki, 2020-ci ildə ümumi ölkə üzrə əkin sahələrinin (1630,9 min hektar) 11,7%-i (192 min hektar) aqroparkların istifadəsində olmuşdur. Bu isə o deməkdir ki, 2020-ci ildə ölkə üzrə istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının ən azı 11,7 faizini aqroparklar istehsal etməli idi.

İqtisadiyyat nazirliyi saytına yerləşdirdiyi  məlumata görə aqroparklarda 2020-ci ildə 27,4 min ton süd və 3,3 min ton ət istehsal olunub. Bu isə o deməkdir ki, ölkə üzrə 2020-ci ildə istehsal olunan 2192,5 min ton südün 27,4 min tonu, yəni 1,2 faizi, 346 min ton ətin isə 3,3 min tonu, yəni 0,9 faizi aqroparklarda istehsal olunub. 2020-ci ildə ümumi ölkə üzrə istehsal olunan ətin 0,9 faizi, südün 1,2 faizi aqroparklar tərəfindən istehsal edilmişdir. Gördüyünüz kimi ölkədə heyvandarlıq üzrə aqroparkların sayı ölkə başçısı səsləndirdiyi rəqəmi (10) keçib. Yəni əvvəl nəzərdə tutulduğundan daha çox sayda heyvandarlıq üzrə aqroparklar yaradılıb. Həmin aqroparlkarın il ərzində istehsal etdikləri heyvandarlıq məhsullarının həcmi ümumi olkə üzrə istehsal olan məhsulların həcminin cəmi 0,9-1,2 faizi qədərdir. Bu kimi aşağı göstəricilərlə necə demək olar ki, “biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”?!  

Təəssüflə qeyd etməliyəm ki, bitkiçilikdə də aqroparkların göstəriciləri ürəkaçan deyil. İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aqroparkların yaradılmasını ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu vurğulamışdı. O, demişdi: “Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir. Misal üçün keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu, onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi.” Faktlar isə vəziyyətin bir qədər fərqli olduğunu göstərir. 2020-ci ildə aqroparklarda 124,3 min ton buğda, 64,6 min ton arpa, 121,6 min ton dən qarğıdalı istehsal edilmişdir. Həmin ili aqroparklar tərəfindən cəmi 310,5 min ton taxıl istehsal edilib  ki, bu da ümumi ölkə üzrə istesal olunan 3172,3 min ton taxılın 9,7 faizi qədərdir. Əslində isə ümumi ölkə üzrə əkin sahələrinin 11,7 faizini öz əllərində cəmləşdirən aqroparkların istehsal etdikləri məhsullar ölkə üzrə istehsal olunan bütün kənd təsərrüfatı məhsullarının 11,7 faizindən çox olmalı idi.

Onu da qeyd etməliyəm ki, 2013-cü ildən bəri Salyan, Bərdə, Şəmkir, Ağcabədi, Şəki, Qax və digər rayonlarda iri taxılçılıq təsərrüfatları yaradılmış və son illər bitkiçilik üzrə aqroparkların sayı 30-a çatmışdır. Ancaq buna baxmayaraq, ölkədə taxıl istehsalında nəinki artım baş verməmiş, əksinə, 2020-ci ildə 2018-ci ilə nisbətən taxıl istehsalı 58,1 min ton, 2019-cu ilə nisbətən isə 279,3 min ton azalmışdır. 2019-cu ildə isə ölkəyə rekord həcmdə, təlabatın 75 faizi qədər ərzaq buğdası idxal edilmişdir. O ki qaldı epizodik olaraq bəzi təsərrüfatlarda 50-60 sentner taxıl məhsulunun əldə edilməsinə, bu yenilik deyil. Bütün zamanlarda bəzi təsərrüfatlarda daha yüksək göstəricilər əldə etmək mümkün olmuşdur.  

İqtisadiyyat nazirliyi saytına yerləşdirdiyi məlumatda qeyd edilir ki, “2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm və sair yığılıb.”

Apardığımız hesablamalar göstərdi ki, 2020-ci ildə ümumi ölkə üzrə 213,8 min hektar meyvə və giləmeyvə əkmələri sahəsinin 3,5 faizi (7,5 min hektar) aqroparkların payına düşmüşdür. Ölkə üzrə istehsal olunan 1133,1 min ton meyvə və giləmeyvənin 1,1%-i, aqroparklarda istehsal olmuşdur. Ölkə üzrə istehsal olunan 336,8 min ton pambığın 5,5%-i, 208 min ton üzümün isə cəmi 0,07 faizi aqroparklarda istehsal edilmişdir. Hakimiyyət aqroparkların yaradılmasına böyük maraq göstərsə də, külli miqdarda dövlət vəsaitləri xəcləsə də əldə olunan göstəricilər bu sahədə vəziyyətin heç də yaxşı oladığını deməyə əsas verir.

Tədbirdə MIkayıl Cabbarov aqroparkların təşkilinə dövlət dəstəyi göstərildiyini, infrastruktur təminatı yaradıldığını, güzəştli kreditlər verildiyini qeyd edib. O, deyib: “ 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər.” Bunlardan əlavə aqroparkların yaradılmasına dövlət büdcəsindən 1,1 milyard manat vəsait ayrılmışdır.

İqtisadiyyat naziri tədbirdə onu da qeyd edib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır: “İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.” Baxın, 192 min hektar əkin sahəsində 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunmasını “aqroparkların məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır” kimi təqdim edirlər. DSK-nın məlumatına görə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatlarında çalışanların sayı 2020-ci ildə 1771,9 min nəfər olmuşdur. Təxmin etmək olar ki, bunların da 1,7 milyonu kənd təsərrüfatında işləyənlər kimi qeydə alınıb.

Dövlət rəsmilərinin açıqladığı məlumata görə, ümumilikdə 240 min hektar ərazidə yaranacaq 51 aqroparkda indiyədək 5000 insan daimi, 4500 insan isə mövsümü işlə təmin olunub. Sonradan təşkil ediləcək aqroparklarda əlavə 4300 iş yerlərinin yaradılması nəzərdə tutulur. Belə çıxır ki, 240 min hektar əkin sahəsində cəmi 13800 adam, yəni orta hesabla 17,4 hektarda 1 nəfər işləməli olacaq. Halbuki ölkə üzrə 17,4 hektar əkin sahəsinə 21 nəfər işçi düşür. Aqroparklarda hər min hektar sahədə çalışanların sayı orta ölkə üzrə işləyən kəndlilərin sayından 21 dəfə azdır. İşsizlik, yoxsulluq səviyyəsi yüksək olan Azərbaycan üçün bu arzuolunmaz haldır.

Bir müddət əvvəl BMT-nin FAO təşkilatının hazırladığı hesabatda qeyd edilir ki, kiçik fermer, kəndli təsərrüfatları dünya əhalisinin 70 faizini ərzaqla təmin etməklə yanaşı həm də  az gəlirli olan ölkə əhalisinin 60-80 faizinin əsas dolanışıq mənbəyidir. Kiçik fermer təsərrüfatlarının kənd təsərüfatının, kənd yerlərinin inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rolu barədə beynəlxalq təcrübələr kifayyət qədərdir. BMT-nin

FAO təşkilatının “Kənd təsərrüfatında torpaq mülkiyyəti və beynəlxalq sərmayə“ adlı hesabatında dünyada ən aparıcı kənd təsərrüfatı məhsulları ixracatçılarından biri olan Braziliyada kiçik fermer təsərrüfatların əhəmiyyətli fəaliyyətlərinə yer verib. Hesabatda qeyd olunur ki, kənd təsərrüfatının siyahıyaalınmasından əldə olunan məlumata görə “Braziliyada 4,4 milyon kiçik ailə təsərrüfatları (ümumi qeydə alınanların 84%) olub. Bu sayda fermerlər yalnız torpaqların 24 faizinə sahib olub. Bununla yanaşı həmin təsərrüfatlarda kənd təsərrüfatında məşğul olanların 74 faizi çalışıb. Onlar ölkəni 87 faiz manioka, 70 faiz lobya, 46 faiz qarğıdalı, 34 faiz düyü, 58 faiz süd, 59 faiz donuz əti və 50 faiz quş əti ilə təmin edir. Həmçinin ailə fermalarında 30 faiz iri buynuzlu mal-qara yetişdirilir və 21 faiz buğda istehsal olunur.”

Beləliklə, 2020-ci ildə ölkə üzrə istehsal olunan taxılın cəmi 9,7%-i, meyvə və giləmeyvənin 1,1%-i, üzümün 0,07%-i, pambığın 5,5%-i, südün 1,2%-i, ətin 0,9 faizi aqroparklarda istehsal olunmuşdur. Əslində isə ölkə üzrə əkin sahələrinin 11,7 faizini öz əllərində cəmləşdirən aqroparkların ümumi istehsalda payı 11,7 faizindən çox olmalı idi. Yəni ölkə üzrə üumi istehsal olunan taxılın, meyvənin, tərəvəzin, kartofun, südün, ətin və sair bütün məhsulların 11,7 faizindən çoxunu aqroparklar istehsal etməlidir.

Onu da qeyd etməliyəm ki, tədbirdə Kənd Təsərrüfatı nazirindən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrindən və digər məmurlardan fərqli olaraq sahibkarlar konkret problemlərdən danışmışlar. Belə ki, onlar su çatışmazlığı, aqrar sığorta, torpaqların təyinatının dəyişdirilməsi, yol infrastrukturunun olmaması, mütəxəssis çatışmazlığı, qanunsuz balıq göllərinin fəaliyyəti nəticəsində torpaqların şoranlaşması, su nasoslarının yenilənməsi, yeni yarımstansiyaların tikintisi və sair məsələlərlə bağlı ciddi problemlərin olduğunu bildirmişlər.

Vahid Məhərrəmov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti