Josep Borrell

Josep Borrell

Bütün Avropa ölkələrinin fövqəldövlət qurumunda birləşməsi layihəsi əsrlər boyunca müxtəlif formalarda: İngiltərə, Rusiya və Türkiyənin daxil edildiyi və xaric edildiyi formalarda mövcud olub. Görkəmli siyasətçilər, monarxlar və ictimai xadimlər: I Napaleon, II Vilhelm, Uinston Çörçill, Valeri d’Esten və digərləri bu ideyanı dəstəkləyib. 1849-cu il avqustun 21-də Parisdə üçüncü dünya konqresində Viktor Hüqo bu ideyanın siyasi cəhətdən həyata keçirilməsi layihəsini – Avropa Birləşmiş Ştatlarını təqdim edib. Gələcəkdə bu ideya sosial-demokratlar tərəfindən inkişaf etdirilib: ittifaqlara və hərbi bloklara qarşı respublika Avropa Birləşmiş Ştatlarının yaradılması ideyası. Lenin “Avropa Birləşmiş Ştatlarının şüarı haqqında” məqaləsində (1915-ci il) bu ideyanı tənqid edib, kapitalizm dövründə belə bir quruluşun ya qeyri-mümkün, ya da mürtəce olduğunu iddia edib. Bu proqnoza baxmayaraq, Avropa Birləşmiş Ştatları layihəsi praktiki olaraq İkinci Dünya Müharibəsindən sonra məhz kapitalizm şəraitində inkişaf etməyə başlayıb. Son zamanlar inkişaf etdirilən Avropa Strateji Muxtariyyəti (ASM) ideyasının Avropa Birləşmiş Ştatları layihəsinin davamı olduğunu düşünmək üçün əsaslar var. Niyə?

 

2002-ci ildə Valeri d'Esten “Gələcək Avropa haqqında Konvensiyalar” məruzəsini təqdim edib. O, məruzədə Aİ-ni dövlətlər konfederasiyası olaraq Avropa Birləşmiş Ştatlarına çevirməyi təklif edib. Böyük Britaniya, Fransa və İspaniya məruzəni dəstəkləyib.

2017-ci ildə Almaniya sosial-demokratlarının lideri Martin Şults 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmağa çağırıb. Təsis müqaviləsi ratifikasiya üçün Aİ-yə üzv dövlətlərə təqdim ediləcək, onun yaradılmasının əleyhdarları isə avtomatik olaraq bloku tərk etməli olacaq. Maraqlıdır ki, elə həmin il Avropanın müxtəlif ölkələrinin əhalisi arasında Avropa Birləşmiş Ştatlarının yaradılması ideyası ilə bağlı seçməli sorğu zamanı aşağıdakı nəticələr əldə edilib: Almaniya - 30% lehinə, 30% əleyhinə, Fransa – 28% lehinə - 26% əleyhinə. Danimarka (12% lehinə, 48% əleyhinə), Finlandiya (13% lehinə, 48% əlehinə), İsveç (13% lehinə, 56% əleyhinə) və Norveçdə (12% lehinə, 55% əleyhinə) isə səsvermənin nəticələri daha da cansıxıcı olub. Və bunun bir neçə səbəbi var idi. Onlardan biri də Avropa Birləşmiş Ştatlarının yaradılması ideyası hələ V.Hüqonun zamanından Avropada ayrı-ayrı millətləri tədricən udacaq nəhəng bir dövlət yaramağa çalışan gizli mason təşkilatlarına aid edilirdi. Kiçik Avropa ölkələrinin Aİ-nin Almaniya-Fransa lokomotivinin girovuna çevrilməkdən ehtiyatlanması ilə bağlı daha bayağı bir izah da var.

Bəs bu Avropa Birləşmiş Ştatları nədir? Bəziləri üçün bu, birləşmiş Avropanın öz-özünə kifayət etmək və postpandemiya dövründə iqtisadiyyatın müstəqil inkişafı mənasına gələn əsas şüarıdır. “Avropanın strateji müstəqilliyi – XXI əsrdə bizim ortaq layihəmizdir, - deyə sentyabrda Aİ prezidenti Şarl Mişel bildirib və iddia edib ki, Avropa Birləşmiş Ştatları “bizim nəslimiz üçün bir nömrəli vəzifədir”. Bu cəhdin blokun azad ticarətə sadiqliyini sarsıda biləcəyi ilə bağlı narahatlıqlara cavabda o deyib: “Muxtariyyət proteksionizm deyil, əksinə”.

“Üç ilə yaxındır” Avropa Birləşmiş Ştatları ideyasını təşviq edən ölkənin prezidenti E.Makronun fikrincə, bu layihə çərçivəsində “suverenliyimizi, qalan dünyadan asılılığımızı azaltmaq və istehsal şirkətlərimizi gücləndirmək imkanımızı” başa düşməliyik. AFR kansleri A.Merkel Fransanın mövqeyini qəbul etməyə meyllidir, iki ölkə qitənin asılılığının azaldılması üçün Avropada gələcəyin texnologiyalarının inkişafı ilə bağlı tədbirləri müzakirə edirlər, Berlin və Paris 2020-ci ilin sonlarına qədər birgə “hidrogen” layihəsini işə salmaq və “bulud”, 5G və süni zəka sektorunda birgə iş imkanları üzərində işləmək barədə razılığa gəlib.

Amma bir çox Avropa dövlətləri böyük muxtariyyət meyllərinin sadəcə olaraq gələcəkdə Fransa və Almaniya iqtisadiyyatlarının kiçik Avropa ölkələri hesabına inkişafına şərait yaradacağından ehtiyatlanır. 19 Aİ dövlətindən ibarət koalisiya (Baltika və Skandinaviya ölkələri, Benilyuks, Avstriya, Xorvatiya, Çexiya, İrlandiya, Malta, Portuqaliya, Polşa, Sloveniya, Slovakiya və İspaniya) ümumilikdə bu ideyaya mənfi yanaşır, onu üstüörtülü proteksionizm hesab edir. Qeyd edək ki, 2016, 2017, 2018 və 2019-cu illər üçün “Aİ-nin qlobal strategiyası”nda Avropanın xarici siyasət problemlərinə toxunan və 2003-cü ildə ABŞ və bir sıra Avropa dövlətləri arasında qarşılıqlı münasibətlərdə böhran zamanı ortaya çıxmış Avropa Təhlükəsizlik Strategiyasının davamı olan Avropa Birləşmiş Ştatları konsepsiyasından geniş istifadə olunur.

Avropa Birləşmiş Ştatlarının əsas bəndi birləşmiş Avropanın öz siyasi, diplomatik və iqtisadi təşəbbüslərinin həyata keçirilməsi üçün kifayət edən müstəqil silahlı qüvvələrin yaradılmasıdır. Öz-özlüyündə bu niyyət yenilik deyil, hələ 1998-ci ildə Fransa-Britaniya sammiti belə bir nəticəyə gəlib: Aİ “silahlı qüvvələrə və onlardan istifadə üçün vəsaitə əsaslanan sərbəst hərəkət etmək imkanına və ya beynəlxalq böhranlara cavab olaraq onlardan istifadə etmək hazırlığına malik olmalıdır”. Almaniyanın təhlükəsizlik və beynəlxalq işlər üzrə institutu isə bu yaxınlarda qeyd edib ki, strateji muxtariyyət “xarici siyasət və təhlükəsizlik məsələlərində öz prioritetlərini müəyyən etmək və öz qərarlarını qəbul etmək, onları üçüncü tərəflərlə birlikdə və ya, zərurət olduqda, təkbaşına həyata keçirmək üçün institusional, siyasi və maddi vəsaitlər” imkanıdır. Və bu kontekstdə Aİ xarici qaydalara tabe olmaqdan beynəlxalq qaydaları özü müəyyən etmək, dəyişdirmək və tətbiq etmək imkanına keçməlidir. Aydındır ki, bu mövqeyi son dövrlər ABŞ, Çin və Rusiyanın istifadə etdiyi təcrübə yaradıb. Beləliklə, Aİ Avropa Birləşmiş Ştatları vasitəsilə “Üçlər klubu”nu “Dördlər klubu”na çevirməyə çalışır.

“Avropa çoxqütblü dünya quruluşunda öz strateji muxtariyyətini inkişaf etdirməli və müdafiə etməlidir. Buna görə Avropanın əsas oyunçular – ABŞ, ÇXR və RF ilə, habelə orta və kiçik ölkələrlə münasibətlərini necə formalaşdırması və bu subyektlərin strateji cəhətdən daha müstəqil Avropa İttifaqına münasibətdə özlərini necə göstərdikləri əhəmiyyət daşıyır”, - “European Strategic Autonomy. Actors, Issues, Conflicts of Interests” məruzəsindən, 04.03.19.

D.Tramp administrasiyası dövründə Amerika-Avropa münasibətlərinin xeyli pisləşdiyi şəraitdə belə Aİ NATO-ya rəhbərliyi ilə əlaqədar Avropa dövlətlərinin təhlükəsizliyinin zamini olan ABŞ-la uzlaşmalı olacaq. Bu “izahatlardan” sonuncusu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin “Avropa strateji muxtariyyəti niyə əhəmiyyətlidir?” adlı məqaləsi oldu (J.Borrelin bloqu, 03.12.20).

Avropa Birləşmiş Ştatlarının kifayət qədər çoxdan Aİ-nin razılaşdırılmış dilinin bir hissəsi olduğunu qeyd edən müəllif vurğulayır ki, o, uzun müddət müdafiə və təhlükəsizlik məsələlərindən ibarət idi. Bu baxımdan Avropa Birləşmiş Ştatları ilə bağlı mövcud müzakirələr strateji muxtariyyəti ABŞ-a münasibətdə siyasi məkanın bərpası vasitəsi hesab edənlərlə amerikalılarla aralarına hüdud qoyulmasını sürətləndirdiyi üçün ondan çəkinməyi təklif edənlər arasında toqquşmalarla məhdudlaşıb. Təhlükəsizlik aspekti üstün olaraq qalsa da, bu strategiya iqtisadi və texnoloji xarakterli yeni subyektlər və pandemiya hesabına genişləndirilib.

NATO ilə münasibətlərə gəlincə, J.Borrel “zəruri olan vaxtda və yerdə müstəqil şəkildə və mümkün olduqda tərəfdaşlarla birgə hərəkət etmək imkanı” prinsipini xatırladır. Eyni zamanda, transatlantik münasibətlərin həyati əhəmiyyətə malik olmasına heç kim etiraz etmir və Avropa ərazilərinin müdafiəsini təmin edə bilən yeganə qurum olaraq qalan NATO-nun hüdudlarından kənarda tamamilə muxtar Avropa qüvvələrinin yaradılmasını heç kim dəstəkləmir.

Ali nümayəndə hesab edir ki, problem ondadır ki, Aİ-nin heç də bütün üzv dövlətləri Avropa Birləşmiş Ştatlarının şərhini eyni şəkildə başa düşmür, amma bu, aradan qaldırıla bilər. Avropa Birləşmiş Ştatlarının aktuallığının əsl səbəbi dünyanın həddindən artıq dəyişməsində, “qlobal oyunçu”dan “muxtar”olmağı tələb etməsindədir. Bunun əksinə, dünyada Avropanın əhəmiyyəti azalır, 30 il əvvəl o, dünya sərvətinin dörddə birini təmsil edirdi, proqnozlara əsasən isə, 20 il sonra dünya ÜMM-nin cəmi 11%-i onun payına düşəcək (Çin – 22%, ABŞ – 14%, Hindistan – 11%). Bu mənada Avropa Birləşmiş Ştatları siyasi cəhətdən sağ qalmaq prosesidir. Həm də bu proses siyasi cəhətdən çox münaqişəli olan qarşılıqlı iqtisadi asılılığın transformasiyası şəraitində baş verir, yumşaq qüvvə isə sərt qüvvə alətinə çevrilir.

Pandemiya böhranı qarşılıqlı asılılğın və Avropanın zəifliyinin tamamilə asimmetrik xarakterini üzə çıxardı. Elm, texnologiya, ticarət, məlumatlar, investisiyalar beynəlxalq siyasətdə güc mənbəyinə və alətinə çevrilir.

Digər mühüm səbəb – dünyanın diqqətinin Asiyaya yönəlməsidir, xüsusən ABŞ-ın siyasətində.

Bu gün Avropa öz ətrafında müəyyən sayda münaqişələrlə qarşılaşır, onların həlli üçün təkbaşına hərəkət etmək lazım gələcək, belə ki, ABŞ bu münaqişələrin ona aidiyyatı olmadığını hesab edir.

Dağlıq Qarabağ, Liviya, habelə Suriya kimi münaqişələrdə Aİ regional münaqişələrin “astanalaşdırılması” (Suriya üzrə Astana formatı nəzərdə tutulur) formasının şahidi olur, bu da Avropanın regional münaqişələrin nizamlanmasından Rusiya və Türkiyənin xeyrinə çıxarılmasına gətirib çıxarır.

Bu, Avropa Birləşmiş Ştatları çərçivəsində həll edilməli olan real problemlərdir, belə ki, təkcə NATO artıq kifayət etmir.

Heç də bütün Avropa dövlətləri problemlərə eyni pəncərədən baxmır, çünki onların nə ortaq tarixi, nə ortaq coğrafiyası var. Və nəticədə onların strateji dərketməsi müxtəlifdir. Aİ-yə üzv dövlətlər eyni risklərlə qarşılaşdıqları ilə razılaşsalar belə, bu risklər mütləq fərqli şəkildə dərk ediləcək. Şərqdə, cənubda və ya cənub-şərqdə təhlükələr və təhdidlər eyni cür dərk edilmir. Bu nöqteyi-nəzərdən hazırda işlənib hazırlanma mərhələsində olan strateji kompas çox əhəmiyyətli olacaq, belə ki, o, məhz təhdid və risklərin dərk edilməsinin bir-birinə uyğunlaşdırılmasına yönələcək.

Amma Avropa Birləşmiş Ştatları ən qüdrətli dövlətlərin üstünlüklərinin təzahürü ola bilməz: Məsələ Avropanın təhdid və maraqlarının müəyyən edilməsinə gəlib çatdıqda, Avropada heç bir dövlət digər dövlətlərə mühazirə oxumaq hüququna malik deyil.

Ortaq xarici siyasət və təhlükəsizlik zərurətinin inkar edildiyi və ya ciddi qəbul edilmədiyi zaman geridə qalıb.

Co Baydenin seçilməsi, şübhəsiz ki, daha məhsuldar transatlantik dialoqa gətirib çıxaracaq: pandemiyaya qarşı mübarizədən ticarət, təhlükəsizlik və iqlimə qədər. Çoxtərəfliliyə yenidən əhəmiyyət qazandırmaq üçün yalnız daha iqtidarlı və deməli, daha müstəqil Avropa yeni ABŞ administrasiyası ilə konstruktiv işləyə bilər. Məhz buna görə Borrel hesab edir ki, Avropa Birləşmiş Ştatları daha möhkəm transatlantik əlaqələrlə bir araya sığa bilər və hətta bunun ilkin şərtidir.

Avropa Birləşmiş Ştatları təhlükəsizlik və müdafiə ilə məhdudlaşmır. O, ticarət, maliyyə və investisiyalar da daxil olmaqla, bir çox məsələlərə şamil edilir. Aİ ticarətdə artıq strateji olaraq müstəqil olsa da, maliyyə və investisiya məsələlərində hələ müəyyən işlər görülməlidir. İkinci dərəcəli sanksiyaların ağırlığı altında Aİ-nin öz qanunlarını pozmağa məcbur olmaqdan qaçmaq və məsələ investisiya standartlarına aid olduqda, Çinlə oyunda daha bərabər qaydaları təmin etmək üçün Avronun beynəlxalq rolu inkişaf etdirilməlidir.

Covid-19 böhranı bu hərəkatı sürətləndirib, belə ki, sağlamlıq kimi problemin necə geosiyasi problemə çevrilə biləcəyini göstərib.

Avropa öz tədarük mənbələrini şaxələndirməli və köçmək istəyən şirkətlərə stimul verməlidir.

Strateji muxtariyyətə əsaslanan digər məsələ məlumatlardır. Məlumatların 21-ci əsrin neftinə çevriləcəyi dünyada Avropa öz məlumatlarını müstəsna olaraq bazar iştirakçılarına verə və ya azadlıqlarının müdafiəsi mütləq prioriteti olmayan dövlətlərdən onları müsadirə edə bilməz. Burada əsl Avropa modeli üstünlük təşkil etməlidir.

Məqalənin fəlsəfəsi J.Borreli belə bir nəticəyə gətirib çıxarır: “Strateji muxtariyyət sehirli çubuq deyil, avropalıların üzərinə daha çox məsuliyyət götürməsinə yönəlmiş uzunmüddətli prosesdir. Getdikcə daha da çətinləşən, bizi öz-özümüzə arxalanmağa vadar edən dünyada maraqlarımızı və dəyərlərimizi qorumaq üçün, öz gələcəyimizə zəmanət vermək üçün”. Bu nəticə ilə razılaşmayacaq dövlət və ya siyasi xadim tapmaq çətindir. Bu isə o deməkdir ki, Aİ Avropa Birləşmiş Ştatlarının formalaşdırılması yoluna qədəm qoyub.

P.S. Avropa Birləşmiş Ştatları və Fransanın siyasi fəallığı fonunda Aİ-nin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin transformasiyası, əlbəttə ki, ayrı bir məqalə mövzusu olmalıdır.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti