Geniş regional xarakterli risklər və təhdidlər
Rusiya strategiyasının fikrincə, sazişin imzalanması və Azərbaycanda sülhməramlılar bazasının yaradılması Ermənistanın Qərbə yönəlməsinin qarşısını almalı və Azərbaycan vasitəsilə regionu Rusiyaya daha sıx bağlamalıdır. Rusiyanın Türkiyə ilə əməkdaşlığı davam etdirmək imkanı təkcə Cənubi Qafqazda və Yaxın Şərqdə deyil, həm də dünya siyasətinin yeni mərkəzinə çevrilən Mərkəzi Asiyada gələcək siyasətin vacib ehtiyatıdır. Bu alyansa şərait yaradan və mane olan nədir? Bu gün Türkiyə Rusiya ilə birlikdə ölkələrin müxtəlif müharibələrinə ən fəal şəkildə cəlb ediliş ölkələrdən biridir, Suriya, Liviya, Egey dənizi və Aralıq Dənizinə təsirini genişləndirib, Şərq-Qərb energetika və qismən nəqliyyat kommunikasiyalarının vahid kəsişmə mərkəzinə çevrilməyə çalışır.
Bu siyasət bir çox risklər yaradır. Türkiyənin regional münaqişələrdə iştirak fəallığının artması, xüsusən indi, Moskva və Ankaranın Dağlıq Qarabağ üzrə tərəfdaş olduqları, bir sıra məsələlərdə isə vəziyyətə görə müttəfiq kimi çıxış etdikləri bir vaxtda, Qərbdə NATO-dan olan tərəfdaşlarını narahat edir. Bu narahatlıqlar müqabilində Ankara öz gələcəyini Aİ və NATO ilə gördüyünü son vaxtlar xüsusi olaraq vurğulayıb, eyni zamanda bu perspektivin hansı Avropa ölkələrini qane etmədiyini də qeyd edib.
Üçtərəfli sazişin altında Ankaranın imzasının olmamasının Rusiyadan fərqli olaraq, üzərinə heç bir öhdəlik götürməyən və ya heç bir vəd verməyən Türkiyəyə hələ siyasi dividentlər qazandıracağını iddia etmək olar. Bu zaman Türkiyə monitorinq mərkəzi vasitəsilə münaqişə regionunda vəziyyətə təsir etmək üçün kifayət qədər imkanı əlində saxlayıb.
Müharibə başa çatdıqdan sonra Türkiyəni qələbənin memarlarından biri adlandırırlar, bəzən isə ümumiyyətlə kampaniyanın bütün uğurlarını bu ölkənin adına yazırlar. Ən azından Rusiyanın təsir dairəsində olan bəzi regionlarda Türkiyənin nüfuzu, eləcə də onunla müttəfiqlik münasibətlərinin dəyəri kəskin şəkildə artıb, Azərbaycanı qələbə münasibətilə təbrik edən Ukrayna və bəzi Mərkəzi Asiya ölkələri bunu daim nümayiş etdirir. Müəyyən siyasi addımlar atılarsa, Ankaranın Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada Rusiyanı ciddi şəkildə sıxışdıra biləcəyi istisna deyil. Burada çox şey Moskvanın Ermənistan-Azərbaycan münaqişəsində formal neytrallıq mövqeyindən əl çəkməyə nə dərəcədə məcbur olacağından və onun birinci növbədə hələlik söz savaşı şəklində ərazi mübahisələri yaranmış Qazaxıstanla, ikincisi isə, göründüyü qədər, Qərbin regionda siyasi və iqtisadi islahatların forpostu olaraq seçdiyi Özbəkistanla münasibətlərinin formatını nə dərəcədə müvəffəqiyyətlə dəyişdirə biləcəyindən asılıdır.
Bu şəraitdə Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bir tərəfdən iki geostrateji regionun - Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun Türkiyənin nəzarəti altına keçməsini məhdudlaşdıran, digər tərəfdən regiondankənar oyunçuların, xüsusən Rusiyanın bu regionlarda rolunu azaldan addımlar atacağı şübhə doğurmayan ABŞ-ın təsirinin artmasına mane olan hüdudlar daxilində mümkündür. Yaranmış reallıqda ABŞ-ın İran-a qarşı münasibətinə yenidən baxması (sanksiyaların ləğvi, yeni nüvə sövdələşməsi, Ermənistan və Gürcüstandan, daha sonra isə dənizdən keçərək Avropaya gedən marşrutlar çəkilməklə, İrandan Aİ-yə enerji daşıyıcılarının nəqli və s.) regional və hətta regiondankənar problemlərin həllində Tehranın siyasi və iqtisadi rolunu (Türkiyəyə qarşı) xeyli artıra bilər. İranın da haqqında düşünəcəyi məsələlər var. Başa çatan il onun diplomatiyası üçün ümumilikdə uğursuz olub. Ermənistanın döyüş meydanında qısa müddət ərzində darmadağın edilməsi birdən-birə Bakının regionda siyasi, iqtisadi və hərbi təsirinin sürətlə artması məsələsini gündəmə gətirib, Tehran buna hər hansı bir şəkildə reaksiya verməlidir. Regional cəhətdən İran Rusiya-Türkiyə alyansından kənarda qalıb, bununla da regionda gedən proseslərə mühüm təsir vasitələrini itirib. Buna sanksiyalar şəraitində İran neftinin ixracı ilə bağlı iqtisadi problemlər də əlavə edilir. Bu problemlər Avropa İttifaqı ölkələrinə neft və qaz nəqlində Azərbaycan-Türkiyə tandeminin təsirini xeyli artırıb. Yeni geosiyasi reallıqlar şəraitində İran da Ermənistan kimi uduzanlar arasındadır, bu, ölkəni regionda bir çox təsir vasitələrindən məhrum edib. Bu yeni reallıqlar Tehranın yeni müttəfiqlər axtarmasına təkan verəcək.
Bu baş verərsə, hələlik Tehranın köməyi ilə Ankaranın ambisiyalarının qarşısını alan Moskvanın siyasi fəallıq istiqamətlərinin mümkün şaxələndirilməsi də xeyli çətinləşəcək. Cənubi Qafqaz üzrə Mərkəzi Asiya regionunu hədəf alan triumvirat qurulmasının, demək olar ki, yerinə yetirilməsi mümkün olmayan vəzifə olduğunu etiraf etmək lazım gəlir. Amma, yenə də, bu təmayül müəyyən müddət üçün Rusiya siyasətində üstünlük təşkil edərsə, Moskva Yerevanın maraqlarını tapdalamaqla, Bakının maraqlarına böyük anlayış göstərməli olacaq (bu yaxınlarda baş vermiş müharibə zamanı olduğu kimi), çünki yenidən dilemma yaranacaq: Vaşinqton, ya Ankara?
Rusiyanın məqsəd və vəzifələri Maksim Stoletovun “Rusiya Ermənistan-Azərbaycan münaqişəsində öz maraqlarını qorudu” (13.11.20) sərlövhəli məqaləsində daha aydın şəkildə əksini tapıb. Bu məqalədən çıxan ən maraqlı nəticələrə nəzər salaq. Müəllif qeyd edir ki, hər iki dəhlizə (Laçın və Mehri) Rusiya: sülhməramlılar və Rusiyanın regionda Ermənistan və Azərbaycan arasında bu nəqliyyat dəhlizlərinin dəyişdirilməsi mümkünlüyünə mane olan uzunmüddətli iştirakını təmin edən FTX-nin sərhəd qoşunları nəzarət edəcək. “Saziş minimum ortamüddətli gələcəyə yönəlmiş siyasi nizamlanmanın ilk mərhələlərinin məzmunca ətraflı modelidir. Gələcəkdə Dağlıq Qarabağın statusu da həll ediləcək. Rusiya atəşkəsə riayət olunmasının zamini kimi çıxış edir, hazırda Rusiya üçün sülhməramlı mövqeyi ən sərfəli mövqedir. Əməliyyata Stepanakertdə yerləşdiriləcək qərargah rəhbərlik edəcək, bu da hələlik tanınmamış respublikanın nəzarəti altında qalan, praktiki olaraq isə Rusiyanın nəzarəti altına düşən ərazidə döyüş əməliyyatları aparılmasını tamamilə istisna edir”. Necə deyərlər, Rusiyanın regionda milli maraqlarının həyata keçirilməsinin tam proqramı.
Daha sonra müəllif kifayət qədər qorxulu, bununla belə, rəsmi mövqeyi əks etdirən fikirlər səsləndirir: Rusiyanın Qarabağı tamamilə verməsi Türkiyə (daha sonra isə həm də ABŞ) qarşısında Xəzər dənizinə yol açardı, bundan sonra Azərbaycan Türkiyənin birbaşa idarəçiliyi altına keçərdi, sonra isə Türkiyənin geosiyasi layihəsində əriyərdi. Rusiyanın müdaxiləsi nə az, nə çox, ölkənin bir subyekt olaraq qorunub saxlanılmasına və ağlasığmaz müsibətlərin gözlədiyi Azərbaycan liderinin fiziki rifahına şərait yaradıb. Beləliklə, İ.Əliyev hakimiyyətin və suverenliyin qorunub saxlanmasına görə Rusiyaya minnətdar olmalıdır. “Alyans üzvünü – Türkiyəni üçtərəfli danışıqlar prosesindən xaric etməklə isə Rusiya praktiki olaraq NATO-nun Zaqafqaziyaya daxil olmasına və Avrasiyada geosiyasi fəlakət baş verməsinə imkan verməyib”.
Kimsə Ankaranın məkrli planlarının bununla başa çatdığını düşünürsə, çox yanılır. Türkiyə Azərbaycanın tərkibinə daxil olan, amma onunla ümumi sərhədi olmayan Naxçıvanı özünə birləşdirməyi planlaşdırır. Naxçıvanla ümumi sərhədi olan Türkiyə maliyyə investisiyaları ilə yanaşı, bu ərazini təbliğat axınları ilə doldurur: “muxtar respublikanın sakinlərinin beyninə onların etnik türk olduqlarını yeridirlər” (dəhşət!). Beləliklə Ankara müstəqil siyasət yeridən, vaxtaşırı R.Erdoğanın tərəfində oynamaqdan imtina edən prezident İ.Əliyevin devrilməsini olmasa da, siyasi cəhətdən kəskin şəkildə zəiflədilməsini hazırlayır. Təbii ki, bu cəfəngiyyat məlum səbəblərdən Azərbaycanlılar üçün nəzərdə tutulmuş ola bilməz, amma az məlumatlı xalqlar üçün belə bu, belə demək olarsa, “analitika” həddindən artıq ekzotik görünür.
Rusiyanın Ən Yeni Türkiyənin Tədqiqi Mərkəzinin direktoru Yuri Mavaşevin qiymətləndirməsi daha məntiqlidir: “Türkiyə son onillikdə növbəti dəfə özünü nəinki regional qüvvə mərkəzi statusuna iddia edən ölkə kimi, həm də bu liderlik iddialarını qorumaq və təcrübədə möhkəmləndirmək iqtidarında olan dövlət kimi nümayiş etdirib”. Cənubi Qafqaz regionunda nəzarət Mərkəzi Asiya ölkələrindən mövcud və gələcək boru kəmərlərinə bağlanmış Türkiyənin energetika təhlükəsizliyi deməkdir. “Cənubi Qafqazda nəzarət olmadan Türkiyə Yaxın Şərqin tamhüquqlu sahibi ola bilməz”, deyə Mavaşev qeyd edir. Beləliklə, Rusiya, Türkiyə və qismən İranın regiondakı gələcək maraqları az-çox aydındır. Regionda ən böyük siyasi potensiala malik olan yeganə təsirli tandem Türkiyə-Azərbaycan alyansıdır. Ankaranın təklif etdiyi altı region dövlətinin ehtimal olunan ittifaqına daxil olmaqdan aydın səbəblərdən imtina edən Gürcüstan əslində artıq uzun müddətdir siyasi, iqtisadi və hərbi cəhətdən Türkiyə və Azərbaycanla strateji ittifaqdadır. Və bu yaxınlarda, demək olar ki, ölkənin Aİ və NATO-ya daxil olması üzrə strateji yolu yekdilliklə təsdiq edən Gürcüstan Parlamentinin qərarı qeyd-şərtsiz Tbilisini Bakı və Ankaranın uzunmüddətli müttəfiqinə çevirir.
Maraqlıdır ki, sonuncu Qarabağ müharibəsi Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması üçün daha bir “imkanlar pəncərəsi” açıb. İndi Azərbaycan bu münasibətlərə, təbii ki, qarşı çıxmayacaq. Bundan başqa, iki nəqliyyat dəhlizi ətrafındakı vəziyyət köhnə düşmənçilik münasibətlərinin yaxşılaşmasının başlanğıc nöqtəsinə çevrilə bilər. Əslində nə regionda, nə də onun hüdudlarından kənarda heç bir dövlət Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına birbaşa etiraz edə və mane ola bilməz.
Belə çıxır ki, Rusiya hərbiçilərinin regiona əsaslı şəkildə yerləşməsinə qarşı çıxan regiondankənar oyunçular yeni sülhyaratma təşəbbüslərini dəstəklədiyi təqdirdə qarşıdan gələn 2021-ci il Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığı il ola bilər. Avropa - Cənubi Qafqaz - Mərkəzi Asiya əlaqələrinin bütün gələcək quruluşu regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin nə vaxt və necə açılacağından asılı olacaq.
Azərbaycan və Ermənistan üçün ölkələri qəti sülh yoluna çəkəcək və ya növbəti qarşıdurmalar girdabına salacaq “həqiqət anı” gəlib çatıb.
Yalnız regiondankənar qüvvələrin potensialını, onların Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı mövcud ssenarilərdən hər hansı birini təşviq etmək və ya qarşısını almaq iqtidarında olub-olmadığını müəyyən etmək lazımdır.
Əli Abasov
Rəy yaz