thearticle.com

thearticle.com

(I hissə)

Azərbaycan növbəti illərə hansı hədəflərlə gedir sualına Azərbaycan iqtidarı cavab kimi yeni bir sənəd təqdim edib.  İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni yaranmış beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından necə faydalanmağın hədəflərini göstərən bir sənəd ortaya qoyub. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı və 02.02.2021 tarixli AR Prezidentinin sərəncam imzalamışdır. [1]

Hər bir sənədin özünün yaxın və uzaq vədəli hədəfləri olur. Adətən belə sənədlərin həm əsas, həm də aralıq məqsədləri olur. Təqdim olunan bu sənəd əsasən 5 sütun özərində bərqərar olur.  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı 5 Milli Prioritet [2] reallaşdırılmalıdır:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Təhlilin I hissəsində konkret olaraq 2 istiqamətdə qənaətlərimizi sistemləşdirməyə çalışaq. Hər bir hədəflə bağlı konkret mövzulara toxunmaqla onları lakonik olaraq dəyərləndirməyə çalışaq.             

  • Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

İqtisadi nəzəriyyədən bilirik ki, hər bir dövlətin 5 mühüm iqtisadi məqsədlərindən biri davamlı inkişafa nail olmaqdır.  Hökumət də hesab edir ki, uzunmüddətli dövrdə iqtisadi artımı sağlam və tarazlı təmin etməklə davamlı inkişaf üçün özül yaratmaq vacibdir. Konsept olaraq doğru təsbitdir. Belə artım templəri davamlı inkişafı üçün möhkəm özül formalaşdıra bilər. Bu prioritetin effektiv həyata keçirilməsi üçün 2 amil [3] qarşılıqlı olaraq təmin olunmasın nəzərə alacaq lıdır: (ı) davamlı və yüksək iqtisadi artım və (ıı) daxili və xarici təsirlərə dayanıqlıq.

Bildiyimiz kimi hökumət 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” adlı böyük bir sənəd [4]   qəbul etmişdir. Həmin sənədin [5]  Hədəf İndikatorunda  hökumət 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artıma nail olmaqla və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tuturdu. Amma biz gördük ki, 2016: -3,1% azalma olduğu halda 2020: -4,3% kiçilmə oldu. Aralıq illərdə isə staqnasiya hallarına yaxın hədd 2017: + 0% və 2018: + 1% səviyyəsində oldu. Növbəti 5 ildə orta illik real iqtisadi artımın nə qədər olacağı bəlli deyil. Halbuki neft gəlirlərinin pik hədlərində 2004–2015-ci illər ərzində [6] real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmişdir. Əgər neft hasilatının və qiymətlərinin yüksək səviyyəsi olduğu illərdə artım templəri 10 faizlik nisbətdə dəyişibsə, postneft dövründə bu rəqəm faizlərlə deyil, dəfələrlə az olacaq. Ortalama olaraq 3 faizlik iqtisadi artıma hədəflənən iqtisadi fəaliyyət qeyri-neft sektorunun güclü reformaları hesabına bunu təmin edə bilər. Bu zaman iqtisadi baxımdan müvazinəti təmin etmək mümkündür. Daxili və xarici təsirlərə dayanıqlığı təmin etmək üçün hökumət növbəti hədəf olaraq [7] NF-dan dövlət büdcəsinə transfertləri limitləşdirməyi əsas hədəf olaraq götürürdü. Əgər Strateji Yol Xəritəsinə yenidən istinad etsək, orada da NF-dan transfertlərin azaldılması əsas hədəfərdən biri olaraq qəbul edilmişdir. Həmin sənəd də [8] “Strateji hədəf-1”də qeyd olunurdu ki, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi nəzərdə tutulur. Bununla da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılması kursu seçilməli idi. Amma hələ indiyə qədər belə bir “qayda”nın hazırlanıb ictimaiyyətə təqdim olunmayıb. Bu sənədin hələ də hazırlanmaması bizim fiskal siyasətlə bağlı nəzərdə tutulan hədəf uyğunsuzluğunu deməyimizə imkan yaradır.

İqtisadi artımı təmin etmənin ən mühüm istiqamətlərindən biri də qeyri-leqal iqtisadiyyatın üzərinə işıq salınmaqla onu aşkara çıxarmaq və iqtisadi potensialı böyütməkdən keçir. Xüsusilə təbii inhisarçı və ya dövlət şirkətlərini rentabelli vəziyyətə gətirməkdən olduqca vacibdir.

  • Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

Məlum olduğu kimi bu gün dünyada insanların sosial statusundan və yaşadığı ərazisindən asılı olmayaraq iqtisadi imkanlara çıxışın bərabər və ədalətli olması əsası üçün əsas fəaliyyətlər dövlətlərin ümdə vəzifələrindən sayılır. “Azərbaycan-2030” sənədində [9] bu prioritet əsasən 3 məqsəd əsasında qurulması nəzərdə tutulur:

  • İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
  • Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
  • Paytaxt və regionların tarazlı inkişafı;

Hökumətin iqtisadi artıma nail olmaq hədəfi ilə inklüziv inkişafa nail olmaq arasında əlaqəsi olmalıdır. Bu sənəd də qeyd olunur ki, [10] yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Ola bilsin ki, hökumət iqtisadi artıma nail olacaq, milli gəlir artacaq, amma bununla yanaşı gəlir bölgüsündə qeyri-mütanasiblik böyüyəcəksə, o zaman iqtisadi artım sosial rifahə təsirləndirməyəcək. Ona görə hökumətin iqtisadi xətti qurumları ÜDM-nin nominal artım templərini deyil, ÜDM-nin komponenetlərini təhlil etməlidir. ÜDM-i formalaşdıran amilləri nəzarətdə saxlamalıdır. Milli gəlirin artması ilə yanaşı adambaşına bölgüsündəki münatənasibliyə önəm verməlidir. Milli gəlirin adambaşına bölünərək rəqəmləri ictimaiyyətə elan etməli deyil. Palma indeksi (10% varlı təbəqə ilə 40%-lik yoxsul əhali arasındakı nisbəti) üzrə hesablamalar aparıb gəlir bərabərsizliyini özü dəqiq müəyyənləşdirməlidir. Gəlir bərabərsizliyi disproporsional artıqda ölkəmizdə iqtisadi artımdan deyil, yoxsulluğun artmasından danışmaq yerinə düşəcək.

Hökumət həm də bunu nəzərə almalıdır ki, inklüziv inkişafa nail olmaq istəyən hökumət mütləq mənada ekstaktiv iqtisadi qurumlardan imtina etməlidir. Ekstaktiv iqtisadi qurumların qeyri-effektiv fəaliyyəti vətəndaşların sosial rifaha çıxış imkanlarını məhdudlaşdıran institsional maneədir. İqtisadi xətti qurumların qeyri-populyar qərarlar qəbul etməsi və imtiyazlarından istifadə edərək resurslar üzərində nəzarətlərini möhkəmləndirdikcə, vətəndaşların sosial rifaha çıxış bərabər çıxışın imkanları məhdudlaşır.

Bu sənədə görə, hökumət elan edir ki, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Əslində bu hədəfin real məzmunlu reformalarından biri və bəlkə də birincisi Beynəlxalq Uşaq Konvensiyalarına zidd olaraq ölkədə uşaq müavinətlərinin verilməsi olmalıdır. Bu addım nəzərdə tutulan hədəfin “a” hərfi xalq arasında deyilən “uşaq pulunun” bərpasıdır. Fiziki və zehni məhduiyyəti olan yeniyetmələrə yönəlik hər hansı bir addımların atılması dövlətlərin sosial siyasətinin vəzifələrindəndir. Amma uşaqların ailələrə ağır yük olmaması üçün dövlət onların sosial təminatının müəyyən bir hissəsin öz üzərinə götürməlidir. Konsitutsiya tələblərin görə, təhsil, səhiyyə, təhlükəsizlik hüquqları kimi sosial təminatın yaradılması da dövlətin öhdəliklərinə daxildir.    

Hökumətin nail olmaq istədiyi növbəti bir hədəfi “paytaxt və regionların tarazlı inkişafı” ilə bağlıdır. Sənədə görə, uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Amma buna inamı zədələyən faktor odur ki, əgər böyük neft gəlirləri gələn zaman regional disbalansı Azərbaycan hökuməti təmin edə bilməyibsə, o zaman postneft dövrünün azalan resursları ilə bunu necə təmin edəcəyi şübhə yaradır.

Lakin biz hökumətin hesabatlarını təhlil edəndə görürük ki, sanki regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur tamamilə yaradılmışdır. İqtisadiyyat Nazirliyi özünün hesabatında [11] qeyd edir ki, məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmışdır. Yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşmüşdür. Ümumilikdə, 2004-2013-cü illərdə daxili investisiyalar 14, 6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.

Amma bütün bunlara baxmayaraq regional kontekstdə görülmüş işlərin miqyası və qənaətbəxş olmaması onu deməyə imkan verir ki, buna o qədər də optimist baxmaq mümkün deyildir. Ən azı 2 səbəbdən buna belə yanaşmaq mümkündür: (ı) əgər hökumət Regionların Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramları (2003-2008, 2009-2013, 2014-2018) çərçivəsində 3 mərhələli proqramla bunu təmin edə bilməyibsə, bundan sonrakı 14 nisbətində olan zaman müddətində bunu necə edəcəyi sual doğrur. (ıı) əgər maliyyə resursu bolluğunda regional disbalans aradan qaldırılmayıbsa, büdcə daxilolmalarında regionun payı cəmi 6% təşkil edirsə, regional büdcələri mərkəzi büdcədən iri miqyasda dotasiyalar almaqda davam edirsə, urbanizasiya prosesi sürətlənibsə, o zaman yenə pessimist olaraq qalmaqdan başqa çıxış yolu qalmır.

Məhəmməd Talıbl

 

Mənbələr:

[1] https://president.az/articles/50474

[2] https://president.az/articles/50474

[3] https://president.az/articles/50474

[4] http://iqtisadiislahat.org/store/media/documents/38542.pdf

[5] Strategic Roadmap for the National Economic Prospects of the Republic of Azerbaijan, p. 55

[6] The State Statistical Committee

[7] https://president.az/articles/50474

[8] http://iqtisadiislahat.org/store/media/documents/38542.pdf, p. 59

[9] https://president.az/articles/50474

[10] https://president.az/articles/50474

[11] https://economy.gov.az/article/dovlet-proqrami-2014-2018/22376

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti