prezident.az

prezident.az

Bu gün hazırki jurnalistika dəstəsinin qədim maarifçi ruhu özündə daşıdığını deyə bilərik? Bəli, müasir mətbuat da ilk sələfləri kimi yoxsuldur. Amma Zərdabinin yoxsulluğu "Əkinçi"nin yüksək təyinatı ilə əvəzlənirdi, bu nəşr digər bənzər nəşrlər kimi, klassikin sözləri ilə desək, ağlılı, xeyirxahlığı və əbədiyyəti yayırdı. Müasir jurnalistika isə cəmiyyətə ağılsızlığı və dəyərsizliyi daşıyır.

Və bu, qanunauyğundur, belə ki, bu gün mətbuat cəmiyyətin deyil, dövləti öz maraqlarının qulluğuna qoyan məmur - oliqarx qarışığından ibarət hakimiyyətin maraqlarının ifadəçisidir. Belə anti-cəmiyyət maraqlarına xidmət mahiyyətcə ölkəni uzunmüddətli və iztirablı böhrana sürükləyib. Müasir Azərbaycan mətbuatı bu kritik vəziyyətin birbaşa iştirakçısıdır, belə ki, o, uzun illər ərzində dünyanın ən çox korrupsiyaya uğramış hökumətlərindən birinin uğurlarını və üstünlüklərini mədh edir.

Jurnalistikanın son bir ili Azərbaycan mətbuatına yaradıcılıq azadlığı, təhlükəsizlik və iqtisadi çiçəklənmə nöqteyi-nəzərdən yaxşı heç nə gətirməyib.

Diffamasiyaya görə sərtləşmə

Azərbaycan qanunvericiləri ilk növbədə dövlət başçısının şərəf və ləyaqətini müdafiə etmək məqsədilə Cinayət Məcəlləsinə bir sıra düzəlişlər qəbul ediblər. 2016-cı il noyabrın 29-da CM-in hazırki redaksiyada Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə cərimə, islah işləri və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 323-cü "Dövlət başçısının şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma" maddəsinə dəyişikliklər qəbul edilib. 323-1-ci "Azərbaycan prezidentinin başqasının adından təhqir edilməsi" maddəsi əlavə edilib. Bu əmələ görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İnternetdə təhqirə görə məsuliyyət nəzərdə tutan CM-nin 148-1-ci maddəyə "saxta istifadəçi adlarından, profillərdən və ya hesablardan istifadə ilə" əlavəsi edilib. Bu maddə bir ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Amma bununla da kifayətlənməyiblər. 1 iyun 2017-ci ildə prezidentin şərəf və ləyaqətinin alçaldılmasına görə cəza əlavə olaraq sərtləşdirilib - 5 ilədək azadlıqdan məhrumetmə. Cərimə məbləği iki-üç dəfə artaraq, 1500 və 3000 manata çatıb.

2017-ci il aprelin 17-dən dövlət tərəfindən .az üst domenlərindəki informasiya internet-resursları qanunvericilik yolu ilə dövlətin nəzarəti altına alınıb. Bunun üçün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna, habelə "Telekommunikasiyalar haqqında" qanuna düzəlişlər edilib. Dəyişikliklər hosting-provayderlərin və internet tədarükçüsünün üzərinə qadağan olunmuş informasiya aşkar etdikdə bu barədə sayt sahibinə məlumat vermək və onu silmək öhdəliyi qoyur. Əks halda resursa çıxış məhkəmə qaydasında məhdudlaşdırılacaq, hosting sahibləri və ya provayderlər özləri isə cəzalandırılacaq.

Müstəqil ekspertlər bunda internetdə senzuranı gücləndirmək cəhdləri sezdilər və haqlı da çıxdılar. Yazda müxalif Meydan TV, Azadlıq Radiosu, Azərbaycan Saatı və Azadlıg.info saytları rəsmi olaraq bloklandı.

Cəzanın ardıcıl olaraq sərtləşdirilməsi hakimiyyətin internetdə, o cümlədən KİV-də və sosial şəbəkədə artan tənqidlə qarşılaşdığını göstərir. Bu, həmçinin 2003-cü ildə jurnalist birliyi tərəfindən yaradılmış KİV-də peşəkar-etik özünütənzimləmə mexanizminin tamamilə devalvasiyaya uğradığını və artıq internet məkanında keyfiyyətli informasiya təbəqəsinin formalaşmasına təsir etmədiyini göstərir. Demək olar ki, hakimiyyət pulla öz tərəfinə çəkməklə, şantaj və zorakılıqla məsuliyyətsizləşdirdiyi Azərbaycan jurnalistikası üçün qazdığı quyuya özü düşüb. İnformasiya birliyi hakimiyyətə xidmət edənlərə və qisas almaq arzusunda olan qatı tənqidçilərə bölünüb. Tarazlılıq, obyektivlik, plüralizm prinsipləri jurnalistika bortundan kənarda qalıb. Və artıq hakimiyyət heç bir qanunvericilik məhdudiyyətləri ilə informasiya məkanını nəzarəti altına ala və özünü biabır olmaqdan qoruya bilməz.

Söz azadlığından məhrumetmə

Ötən il jurnalistlərin müxtəlif bəhanələrlə - xuliqanlıq, şantaj bəhanələri ilə həbs edilərək, zərərsizləşdirilməsi təcrübəsi davam edib.

Bir il ərzində 4 jurnalist və iki bloger həbs edilib, onlardan biri - Mehman Qələndərov həbsdə dünyasını dəyişib. Sonuncu belə apofeoz bu ilin mayında Azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və cinayət yolu ilə Azərbaycana göndərilməsi olub.

Ümumilikdə həbs edilmiş jurnalistlərin və blogerlərin sayı 14-ə çatıb.

Bloklanmış müxalifət resursları ilə əməkdaşlıq edən onlarla jurnalist dövlətin təzyiqinə məruz qalır. Onlar müntəzəm olaraq Baş Prokurorluqda dindirmələrə cəlb edilir, onların ölkədən çıxışına qadağa qoyulub, hesabları dondurulub.

Jurnalistlərə güc yolu ilə təzyiq və psixoloji təzyiq, ilin nəticələrindən göründüyü kimi, söz azadlığının boğulmasının, jurnalist mühitində özünüsenzuranın gücləndirilməsinin mühüm alətlərindən biri olaraq qalır.

Həbs edilənlərin siyahısı

1. Əliyev Nicat Nazim oğlu - Azadxeber.org saytının baş redaktoru

2. Quliyev Araz Faiq oğlu - xeber44.com dini saytının baş redaktoru

3. Ramazanov Rəşad Ağaaddin oğlu - bloger

4. Seymur Həzi Məşğul oğlu - müxalif "Azadlıq" qəzetinin jurnalisti

5. Şirəliyev Cavid Ələsgər oğlu - "7gün.az" saytının redaktoru

6. Fikrət Fərəməzoğlu - "jam.az" saytının baş redaktoru

7. Sadıqov Əfqan Hətəmxan oğlu - Azel.tv saytının banisi və baş redaktoru

9. İsmayıllı Elçin - "kent.info" saytının baş redaktoru

10. Hüseynov Mehman - bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru

11. Həsənov Tofiq Xasay oğlu, satirik

12. Şəkərli Əsəd Səday oğlu - jurnalist, publisist

13. Əziz Orucov, "Kanal 13" onlayın TV- nin icraçı direktoru

14.Əfqan Muxtarlı - jurnalist

İqtisadi təzyiq

Dövlət Statisika Komitəsinin hesabatına görə, 2016-cı ildə Azərbaycan KİV-in iqtisadi tənəzzülü davam edib. Ümumilikdə KİV-in əsas leqal gəlirinin həcmi - mediareklam 43,9% azalaraq, 14.675.000 manat (8.621.190 dollar) təşkil edib.

10 mərkəzi və bir o qədər də regional telekanalı əhatə edən TV-reklam 11.800.000 manat və ya 59,4% azalaraq, 8.036.000 manat (4 720.950 dollar) təşkil edib. Orta hesabla 1 telekanala 400 min manat düşüb.

Radio reklam 1.615.300 manat və ya 52,2% azalaraq, 1.479.000 (868.870 dollar) təşkil edib. Azərbaycanda təxminən 10 radiostansiya yayımlanır, onların hər birinə illik orta hesabla 147 min manat düşür.

İnternet-reklam 318.600 manat və ya 20,3% itirərək, 1.247.000 manat (732.580 dollar) təşkil edib. Burada təxminən 200 media-sayt var, orta hesabla hər bir sayta təxminən 6000 manat düşür.

Və nəhayət, qəzet və jurnallarda reklam 8.700 manat və ya 0,61% azalaraq, 1.400.000 manat (87.530 dollar) təşkil edib. Real olaraq 30-a yaxın çap qəzet və jurnalı var. Orta hesabla onların hər birinə illik 46 min reklam pulu düşür.

ÜDM-də mediareklam bazarının payı 0,02% təşkil edib, bir halda ki, beynəlxalq norma 1%-ə bərabərdir. Bu, son 10 ildə ən aşağı göstəricidir. 2005-ci ildə bu göstərici 0,14% səviyyəsində olub. 90-cı illərin ortalarından 2015-ci böhran ilinə qədər o, nisbətən az və ya çox olub.

Reklam bazarından məlumatlar KİV-in mətbuatın əsas sponsoru olan hakimiyyətdən asılılığının artması təmayülünün davam etdiyini göstərir. Vəsaitin böyük hissəsi KİV-ə qeyri-leqal formada daxil olur və yalnız bir hissəsi rəsmi olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə dövlət tərəfindən subsidiyalaşır. Bu qurumun mövcud olduğu gündən etibarən - 2009-2016-cı illərdə 28 milyon manata yaxın vəsait ayrılıb. "Təxminən bu qədər də vəsait media qurumlarının problemlərinin həllinə yönəldilib", deyə AR prezidentinin köməkçisi Əli Həsənov 2016-cı ilin dekabrında bildirib. Leqal maliyyələşmə çap KİV-ləri üçün qrantlar və jurnalistlər üçün mənzillər şəklində həyata keçirilir. Növbəti 255 mənzillik ev jurnalistlərə iyulun 22-i ərəfəsində təhvil verilib.

Mediareklam həcminin göstəriciləri

2015-ci il2016-cı ilDinamika %
Ümumilikdə25. 969.100 ($24 732)14.675.000 ($8. 621.190)-43,9%
TV19. 836.000 ($18 891)8.036.000 ($4 720.950)-59,4%
Radio3.094.300 ($2 946,9)1.479.000 ($868.870)-52,2%
İnternet1.565.600 ($1491)1.247.000 ($732.580)-20,3%
Qəzet və jurnallar1.408.700 ($1341)1.400.000 ($87.530)-0,61%

İnformasiyaya çıxış

Jurnalistlərin informasiyaya, ilk növbədə dövlət qurumlarının informasiyalarına çıxışı böyük problem olaraq qalır. Qanunvericilik bazasının ("KİV haqqında" qanun, "İnformasiya azadlığı haqqında" qanun, CM) mövcudluğuna baxmayaraq, məqalə yazmaq üçün zəruri məlumatı əldə etmək böyük çətinlik doğurur. Prezident Administrasiyasından başlayaraq, aşağıya doğru rəsmi qurumlar, demək olar ki, qanunvericiliyə məhəl qoymur və qanunla müəyyən edilmiş müddətdə - dərhal, 24 saat ərzində və 7 gün ərzində informasiya əldə edilməsinə mane olur. Çox vaxt cavab verməkdən imtina edirlər. Belə təcrübəni Turan agentliyi bir sıra dövlət strukturlarıilə tamasda olaraq, əldə eləyib, məsələn Bakı şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, "Azərsu" ASC ilə belə təcrübəsi var. Hətta məhkəmə qaydasında belə cavab almaq mümkün olmur. Bu cür subyektlərlə məhkəmə prosesləri aylarla və illərlə uzanır. Cavabların alınması təcrübəsi dövlət qurumları və məhkəmə orqanları tərəfindən jurnalistlərin işinin sabotaj edildiyini göstərir. "İnformasiya əldə etmək azadlığı haqqında" qanunun icrasına görə məsul olan insan hüquqları üzrə ombudsman institutu, demək olar ki, bu problemləri həll etmək iqtidarında deyil.

Xülasə

KİV-in fəaliyyətinin qeyd edilən aspektləri Azərbaycanda hazırki rejimin mətbuatı sürüklədiyi uzunillik böhranın davam etdiyini göstərir. Bu aspektlər mətbuatın məqsədyönlü və ardıcıl şəkildə neytrallaşdırıldığını göstərir və KİV sahəsində düşünülmüş dövlət siyasəti kimi qiymətləndirilə bilər. Bu siyasətin əsas məqsədi mətbuatın hakimiyyətin fəaliyyətinə ictimai nəzarət funksiyasının yerinə yetirilməsindən məhrum edilməsidir. Mətbuatın ictimai nəzarət funksiyasını itirməsi məmur aparatının misli görünməmiş miqyasda sui-istifadələrinə, korrupsiyaya və nəhayət, ölkədə iqtisadi böhrana və sistem böhranına gətirib çıxarıb.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti