РИАНовости
ABŞ-ın Türkiyə hökumətinin iki nazirinə qarşı sanksiya tətbiq etmək qərarından sonra Azərbaycan rəsmi Vaşinqtonun bu və ya digər səbəbdən narazı olduğu ölkələrin əhatəsində qaldı. Əgər İran və Rusiya üçün Amerika sanksiyaları adi haldırsa, Ankara ilk dəfədir ki, NATO tərəfdaşının kəskin narazılığına məruz qalır.
Bir sözlə, Türkiyə Şimali Atlantika Alyansının ilk üzvüdür ki, ABŞ ona sanksiya tətbiq edib. Tərəflər arasındakı münasibətlərdə belə kəskin dəyişikliklərin səbəbi rahib Endrü Bransonun həbsdə saxlanmasıdır. Belə ki, Türkiyə hakimiyyəti onu hərbi qiyamı dəstəkləməkdə şübhəli bilir.
Bundan əlavə, Vashinqton Türkiyədə "insan hüquqlarının ciddi pozulması"ndan narazıdır. ABŞ Maliyyə Nazirliyi sanksiyaların tətbiqi barədə qərarı şərh edərkən bildirib.
Sanksiya siyahısında Ədliyyə Nazirliyinin rəhbəri Abdulhamit Gül və Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu var. Onların ABŞ-da aşkar olunan bank hesablarına həbs qoyulacaq, Amerika şirkətlərinə isə bu iki nazirlə əməkdaşlıq etmək qadağan olunacaq. Nəticə olaraq, Türkiyədə milli valyuta kəskin dəyərdən düşüb, ölkədə mürəkkəb iqtisadi vəziyyət yaranıb. Lakin Türkiyə də borclu qalmayıb və ABŞ-ın iki nazirinə cavab sanksiyası tətbiq edib. Ötən gün prezident Rəcəb Tayyip Ərdoğan Amerika minik avtomobilləri, spirtli içki və tütünə idxal rüsumlarının artırılması barədə fərman imzalayıb.
Ankara ilə sanksiya müharibəsinin genişlənməsi fonunda ABŞ Rusiyaya təzyiq göstərməyə davam edir. ABŞ Konqresi Moskva əleyhinə yeni sanksiyalar paketini açıqlayıb. Yeni tədbirlər rusiyalı biznesmenlər, siyasətçilər və məmurlara, energetila sahəsindəki Rusiya layihələrinə bağlı olan şirkətlərə qarşı məhdudiyyətlərin sərtləşdirilməsini, həmçinin RF dövlət borcuna qarşı sanksiyanı nəzərdə tutur. Bundan əlavə, sənəd müəllifləri amerikalılara Rusiya ilə birlikdə neft layihələrində iştirak üçün lisenziya verilməsinin qadağan olunmasını təklif edirlər. Sanksiyaların avqustun 22-də qüvvəyə minəcəyi gözlənilir. Yeni sanksyaların hazırlanması barədə informasiya rublun məzənnəsinin kəskin enməsinə səbəb olub.
Vaşinqton İranı da yaddan çıxarmayıb. Hələ bu ilin mayında İrana qarşı sanksiyalar tətbiq edilib. Öncə ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton Tehranla nüvə sövdələşməsindən çıxır və sanksiya rejimini bərpa edir. Bir müddət sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) altı əməkdaşının, həmçinin bu quruma bağlı olan üç şirkətin barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Təxminən iki həftə sonra ABŞ Maliyyə Nazirliyi Yəmən husitlərinə dəstəyə görə daha beş nəfər iranlı vətəndaşa personal sanksiyalar tətbiq edib. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, ABŞ-ın 2015-cı il "nüvə sövdələşməsi"ndən çıxması ilə bağlı İran əleyhinə sanksiyalar "tarixdə ən sərt" olacaq.
Təbii ki, istənilən sanksiya növü onun tətbiq edildiyi ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. İqtisadi planda onlar qonşuluq etdikləri ölkələr üçün də izsiz ötüşmür. Azərbaycanın qonşularına yönələn ABŞ sanksiyaları bizim ölkənin iqtisadiyyatına necə təsir göstərəcək?
İqtisadçı Natiq Cəfərlinin fikrincə, Qərbin Azərbaycanla qonşu ölkələrə tətbiq etdiyi sanksiyalar, həmçinin həmin ölkələrdə iqtisadi böhran, onların valyutalarının məzənnəsinin enməsi Bakı üçün təsirsiz ötüşməyəcək: "İran, Rusiya və Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarıdır. İrana qarşı sanksiyalar artıq Azərbaycanın da iştirakçısı olduğu bir neçə iri layihəni sual altına alıb. Bunlardan biri şimal-cənub dəmir yoludur ki, Azərbaycan kreditor kimi çıxış edir və onun tikintisinə 500 mln. dollar ayırıb. Hazırda əlavə olaraq $500 mln. kreditin ayrılması planlaşdırılır. Əgər gələcəkdə ABŞ Tehranın maliyyə sisteminə qarşı sanksiya tətbiq edərsə layihənin reallaşması və kreditin qaytarılması demək olar ki, mümkün olmayacaq. Bundan əlavə, İranın Dövlət Neft Şirkəti ilə SOCAR arasında birgə layihələrdə iştiraka dair bir neçə protokol imzalanıb. Lakin noyabrın 1-dən İranın energetika sisteminə ağır sanksiyalar tətbiq ediləcək. Bunlar neft-qaz satışının məhdudlaşdırılmasını nəzərdə tutur. Layihələrin çoxu dayandırılacaq. Bu da öz növbəsində o deməkdir ki, SOCAR İranda fəaliyyətini davam etdirə bilməz. Çünki iş davam edərsə ABŞ SOCAR-a da sanksiya qoya bilər".
Ekspert hesab edir ki, Türkiyəyə qarşı sanksiya dalğası daha çox makroiqtisadi göstəricilərə və lirənin enməsinə görə ticarətin səviyyəsinə təsir edir: "Ancaq hesab etmirəm ki, bu, Türkiyədə həyata keçirilən layihələrə ciddi təsir göstərsin, onların dayanmasına səbəb olsun. Çünki Trükiyənin həyata keçirdiyi enerji layihələrinin payçıları Qərb ölkələrinin özləridir. Lakin siyasi planda da problemlər yarana bilər və Türkiyə-Amerika münasibtlərinin gərginləşməsi Azərbaycana da təsir göstərəcək".
N.Cəfərli qeyd edib ki, yaranmış vəziyyətdə Azərbaycan kiminsə tərəfini tutmamalıdır: "Rəsmi Bakı açıq şəkildə göstərməməlidir ki, qonşuları ilə münasibətdə Qərbin tərəfindədir, eyni zamanda da Qərb ölkələrinin əleyhinə bəyanatlar verməməlidir". "Azərbaycan yetərincə ehtiyatlı, rasional və diplomatik hərəkət etməlidir. İmkan daxilində bu mürəkkəb dönəmdə neytrallığı saxlamalıdır ki, bu da ölkənin geosiyasi maraqlarına xidmət edir", - N.Cəfərli vurğulayıb.
Rəy yaz