traceca-org.org
Azərbaycan və Ermənistan arasında 30 illik düşmənçilik nəticəsində Bakıdan Avropaya gedən əsas nəqliyyat və energetika kommunikasiyaları Gürcüstandan çəkilib, baxmayaraq ki, Ermənistandan Türkiyəyə və oradan Avropaya gedən yol daha qısa və daha sərfəlidir. Azərbaycanı Rusiya və İranla da boru kəmərləri və nəqliyyat əlaqəsi birləşdirir, amma bu kommunikasiyalarla daşınan yüklərin maddi dəyəri daha azdır.
Gürcüstan 30 il ərzində Azərbaycan trafikindən mənfəət əldə edib. 2020-ci il noyabrın 9-da Putin, Əliyev və Paşinyan 9-cu bəndində Bakıdan Naxçıvana Ermənistandan keçən sovet dəmir yolunu bərpa etmək niyyəti (oradan Türkiyəyə yol açılır) təsdiq edilən Bəyanatı imzaladıqdan sonra ekspertlər Gürcüstanı gözləyən itkiləri hesablayırlar.
“Rusiya, Ermənistan və Azərbaycan arasındakı sazişlərlə əlaqədar Gürcüstan heç kimə lazım olmamaqdan qorxur”, deyə Rusiyanın “Kommersant” qəzeti iddia edir.
Asiya İnkişaf Bankı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə məhz Ermənistan üçün əhəmiyyəti nəzərə alınmaqla, Qafqaz avtomobil yolunun yenidən qurulması üçün Gürcüstana təxminən 500 mln. dollar ayırıb. Amma indi bu layihənin gələcəyi qaranlıqdır. Səbəb yanvarın 11-də Moskvada Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında RF prezidenti Vladimir Putinin vasitəçiliyi ilə əldə edilmiş “regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması” haqqında razılaşmadır.
Layihənin həyata keçirilməsinin tranzit ölkə kimi Gürcüstanın əhəmiyyəti üçün “dəhşətli nəticələrindən” ölkənin üçüncü prezidenti Mixail Saakaşvili Müxalif “Mtavari Arxi” (“Əsas kanal”) televiziyasının efirində çıxış edərkən danışıb. “Biz həm Azərbaycana Türkiyə ilə əlaqə üçün, həm də Ermənistana Rusiya ilə əlaqə üçün lazım idik”, deyən siyasətçi canlı efirdə xəritə üzərində marşrutları göstərib. O, Ermənistandan RF-yə gedən yeganə avtomagistralın məhz Gürcüstandan keçdiyini xüsusi olaraq qeyd edib və əlavə edib: “Bundan başqa, Ermənistan Rusiya ilə Abxaziyadan keçən dəmiryolu əlaqəsinin açılmasına ümid edirdi”.
İndi isə, sabiq prezidentin dediyinə görə, Gürcüstan “Cənubi Qafqazın heç kimə lazım olmayan apmutasiya edilmiş hissəsinə” çevrilə bilər. “Putin Əliyevi və Paşinyanı Moskvaya gətirib və onlara deyib: “Gürcüstan sizin nəyinizə lazımdır?””, deyə keçmiş Gürcüstan lideri hadisələrlə bağlı öz versiyasını irəli sürüb.
Gürcüstanın İctimai Araşdırmalar İnstitutunun professoru Tornike Şaraşenidze hesab edir ki, onun ölkəsinə maliyyə itkilərinin üz verəcəyi tarix yaxın deyil, belə ki, Ermənistanın Mehri şəhərindən yolun tikintisi üçün vaxt lazımdır, yol işə düşdükdə isə Azərbaycan yükləri Ermənistanda yoxlanılacaq, buna görə də ləngiyəcək.
Yerevandan Rusiyaya yüklər də Azərbaycanın Bakıdan keçən dəmir yolu ilə daşınacaq. Şaraşenidze hesab edir ki, “yeni Ermənistan-Rusiya dəhlizi məsələsi daha da qəliz olacaq. Birincisi, burada Yerevandan gələn, faktiki olaraq artıq mövcud olmayan dəmir yolu qolu bərpa edilir. Bundan əlavə, Ermənistandan Rusiyaya (və əks istiqamətdə) gedən qatarların Azərbaycanın kifayət qədər böyük ərazisindən keçməli olması faktı da var.
Təhlükəsizliyin problem olmadığını fərz etsək də, çox güman ki, qatarların hərəkəti ləngiyəcək: marşrut uzundur və üç ölkədən, o cümlədən Ermənistana qarşı düşmən əhval-ruhiyyəsində olan Azərbaycandan keçir, o da öz sərhədində Ermənistana məxsus qatarları ləngidəcək. Bütün bunları nəzərə alaraq, Ermənistan üçün Rusiyaya ən asan çıxış variantı Gürcüstandan keçən yol olacaq” (JamNews).
Professor Bakıdan Ermənistandan keçən yeni neft və qaz boru kəmərlərinin çəkilməsi haqqında danışıqları əsassız hesab edir. “Boru kəmərinin tikintisi böyük xərclər tələb edir və başa düşmürəm, Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərləri çoxdan problemsiz işlədiyi bir halda Bakı və Ankara niyə bu xərcləri çəkməlidir. Bundan başqa, bu dəfə də Azərbaycan başqa ölkədən keçməklə Türkiyəyə çıxmalı olacaq. Bu ölkə Ermənistan olacaq. Qısacası, bunu ciddi şəkildə müzakirə etməyə dəyməz”.
Amma, istənilən halda, Şaraşenidze yük axınlarından əldə edilən mənfəəti itirməmək üçün Gürcüstanın tranzit imkanlarının cəzbediciliyini gücləndirməyi ölkə üçün vacib hesab edir.
Moskvanın “Reqnum” nəşrinin analitiki Stanislav Tarasov yüklərin Gürcüstan yolundan Ermənistan yoluna yönləndirilməsinin siyasi nəticələri haqqında yazır: “Gürcüstan tezliklə Zaqafqaziyada əvvəllər kozır hesab olunan Avropa və Amerika kartları ilə oynamaqdan imtina etməli, tarazlaşdırılmış xarici siyasət qurmağa başlamalı olacaq”.
Ermənistanın baş naziri xalqa imzaladığı sülh Bəyanatı sayəsində iqtisadi göstəricilərin yaxşılaşacağını vəd edir. Amma onun rəqibləri fərqli düşünür.
Kommunikasiyaların açılmasından hər hansı iqtisadi fayda gözləmək üçün heç bir əsas yoxdur, iqtisadçı Qrant Mikaelyan belə hesab edir:
“Bu, yalnız Azərbaycan üçün sərfəlidir. Ermənistanın belə perspektivlərinin olmadığını başa düşmək üçün dəmir yolu layihəsinin xəritəsinə baxmaq kifayətdir. Birincisi, Rusiya sərhədinə qədər Azərbaycandan keçən dəmir yolu Gürcüstandan keçən avtomobil yolundan təqribən 2,3 dəfə uzundur.
İkincisi, Azərbaycan öz ərazisindən keçən yol üzərində suverenliyini qoruyub saxlayırsa, Ermənistan ərazisindən keçən dəhliz eksterritorialdır. Azərbaycan istənilən zaman öz dəhlizini bağlaya bilər, amma Ermənistan yox” (Jam News).
Rəy yaz