easternherald.com
Avropanın Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) saxlamaq üçün son şansı qalıb. Bu bəyanatla bu günlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
“Birgə Hərtərəfli Planda qalan nazirlərin görüşündə qeyd etdim ki, Avropa İttifaqının Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) BHFP-ni saxlamaq üçün son şansı qalıb”, deyə Zərif Twitter-də yazıb. O əlavə edib ki, daha əvvəl əldə edilmiş razılaşmaları məhz Avropa tərəfi pozub, buna görə “iranlılara dəymiş ağır ziyana” görə məsuliyyət onun üzərinə düşür.
Bu qədər sərt bəyanata nüvə sövdələşməsinin iştirakçısı olan ölkələrin (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) XİN başçılarının bazar ertəsi keçirilən videokonfransı səbəb olub. Bu konfransın yekunlarına görə tərəflər ABŞ-ın sövdələşməyə mümkün qayıdışını dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.
ABŞ-ın Co Baydenin rəhbərlik etdiyi növbəti administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) iştirakını bərpa edə biləcəyinin xeyrinə onun hələ seçkiqabağı kampaniyası zamanı belə bir niyyəti olduğunu bəyan etməsi, bunda ABŞ-ın Trampın siyasətinə heyran olmayan Avropadakı müttəfiqləri ilə münasibətlərinin nizamlanmasının mühüm elementini görməsi dəlalət edir. Bayden söz verib ki, İran sazişə tam riayət etməyə qayıdarsa, Birləşmiş Ştatlar 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya və İran tərəfindən imzalanmış BHFP-yə yenidən qoşulacaq.
Dekabrın əvvəllərində Bayden New York Times qəzetinə müsahibəsində ABŞ-ı BHFP formatına qaytarmaq və bundan sonra bu məsələ ilə bağlı Tehranla danışıqlar aparmaq niyyətini təsdiq edib.
Buna görə Tehranda Baydenin seçkiqabağı ritorikasının, habelə nüvə sövdələşməsinin iştirakçısı olan ölkələrin XİN başçılarının videokonfransının yekunlarının ABŞ-ın İranla nüvə sövdələşməsinə qaytarılması üçün bir növ hazırlıq mərhələsi kimi qarşılandığı istisna deyil.
Amma heç də bütün oyunçular bu niyyətlərdə həmfikir deyil. Fars körfəzi ölkələri və ilk növbədə Səudiyyə Ərəbistanı, həmçinin İsrail İranla bağlı fikir ayrılıqlarının mümkün nizamlanmasında meydan oxuma və birbaşa təhdid görürlər.
Buna görə Konqresdə kifayət qədər güclü İsrail lobbisi oldğunu və respublikaçıların bir hissəsinin düşmən mövqeyini nəzərə alaraq, Baydenin bu məsələdə anlayışla qarşılanması asan olmayacaq.
İran öz növbəsində tarifləri qaldırır, uranın zənginləşdirilməsi prosesini tam gücü ilə işə salmaqla təhdid edir.
Dekabrın 1-də ölkənin nüvə proqramının əsas müəlliflərindən biri hesab olunan fizik-nüvə mütəxəssisi Mohsen Fəxrizadənin qətlinə cavab olaraq Məclis (parlament) “Sanksiyaların ləğvi üzrə strateji addımlar” adlı sənəd qəbul edib. 290 deputatdan 248-i planı dəstəkləyib.
Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:
- ölkədə illik 20% zənginləşdirilmiş 120 kq uran istehsalı və yığılması, habelə ölkənin “dinc sənaye məqsədləri üçün” 20%-dən çox zənginləşdirilmiş uranla təmin edilməsi (AEBA təsnifatına görə “çox zənginləşdirilmiş uran”);
- az zənginləşdirilmiş uran istehsalının ayda 500 kq-a qədər artırılması;
- yaxın gələcəkdə Natanzada IR-2M uranının zənginləşdirilməsi üçün min sentrifuqa, Fordoda IR-6 üçün 164 sentrifuqa cəlb edilməsi, tədricən onların sayının minə qədər çatdırılması;
- İsfahanda metal uran istehsalı zavodunun açılması və Arakda ilkin formada 40 meqavatlıq ağırsulu reaktorun bərpası.
Həmçinin, beynəlxalq müfəttişlərə ölkənin nüvə fəaliyyətinə nəzarət üzrə geniş imkanlar verən AEBA zəmanətləri haqqında sazişə Əlavə Protokolun İran tərəfindən könüllü tətbiqi dayandırılacaq.
Bu qanun layihəsi, demək olar ki, BHFP-nin şərtlərini tamamilə pozur. Tehran bir müddət əvvəl artıq sövdələşmə üzrə öhdəliklərinin bir hissəsindən imtina edib. Bu, 2018-ci ilin mayında ABŞ-ın sazişdən çıxmasından və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra baş verib. Bunun nəticəsində hazırda uranın zənginləşdirilməsi səviyyəsi BHFP-də razılaşdırılmış 3,67% yerinə təxminən 4,5% təşkil edir. Sazişdə nəzərdə tutulmuş məhdudiyyətlərə əsasən, bir nüvə gülləsi üçün tələb olunan materialın əldə edilməsi üçün İranın təxminən 12 aya ehtiyacı olardı. İranın indiyə qədər artıq gördüyü tədbirlər bu müddəti ən az iki dəfə azaldıb. Yeni qanun layihəsi həyata keçirilərsə, İranın nüvə proqramı BHFP-nin imzalanmasından əvvəlki vəziyyətə qayıdacaq. Həmin vaxt, Amerikanın dövlət orqanlarının qiymətləndirmələrinə görə, bir bomba üçün material əldə edilməsi üçün Tehrana 2-3 ay tələb olunurdu.
Parlament prezidentə və hökumətə əlavə protokolun yerinə yetirilməsindən imtina üçün qanun layihəsinin ratifikasiyasından sonra bir ay vaxt verib, əlbəttə ki, BHFP-nin digər iştirakçıları Amerikanın sanksiyalarına baxmayaraq, tam həcmdə əməkdaşlığı bərpa etməyə, bununla da İran qarşısındakı öhdəliklərini yerinə yetirməyə qərar verməsələr.
Doğrudur, qanun layihəsinin qüvvəyə minməsi üçün Konstitusiya Keşikçiləri Şurası onu təsdiq etməlidir (aydındır ki, Şura parlamentə deyil, İranın ali lideri Əli Xamneyinin fikrinə əsaslanacaq).
Amma İranın “Sanksiyaların ləğvi üzrə strateji addımlar”ı qəbul etməsi, çətin ki, sanksiyaların ləvğinə kömək etsin. Nüvə sövdələşməsinə qədər Tehran əlavə protokolu tətbiq etmirdi və yüzlərlə kiloqram 20%-dən çox zənginləşdirilmiş urana malik idi, amma bu, BMT-nin onu sərt sanksiyalara məruz qoymasına mane olmayıb.
Buna görə İranda konservativ dairələr (“islahatçı” prezident Həsən Ruhaniyə və onun ətrafına müxalif olan) Ruhaninin müdafiə etdiyi BHFP-nin səmərəliliyi məsələsini çoxdan qaldırırlar. İndi isə artıq söhbət təkcə Tehrana qarşı sanksiyalardan deyil, ölkə ərazisindəki qətllərdən, onun suverenliyinin pozulmasından, xüsusən, dekabrın 3-də “İranın nüvə proqramının atası” Mohsen Fəxrizadənin qətlindən gedir.
Amma İranla birlikdə “nüvə sazişini” dəfnt etməyə dəyməz. Əslində qəbul edilmiş qanun layihəsi dünyaya əks siqnal verir – Tehran nüvə sövdələşməsinin bərpasını istəyir.
İranda nə yanvarın 3-də ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi birləşməsinin komandanı general-leytenant Qasım Süleymanini öldürdükdə, nə Mohsen Fəxrizadə öldürüldükdə İranda BHFP-ni dəfn etmək istəmirdilər.
Məhz hazırki şəraitdə danışıqlar prosesi bərpa oluna bilər. Vəziyyət birja hərracını xatırladır. Artıq deyildiyi kimi, Bayden seçkilərdə qələbə qazandıqdan sonra “nüvə sövdələşməsinə” qayıtmaq niyyətində olduğunu təsdiq edib, amma o, əvvəlki sazişi yenidən imzalamaq niyyətində olmadığını açıq şəkildə ifadə edib. ABŞ-ın Tehranı regional siyasətində düzəlişlər üzrə danışıqlara və onun raket proqramını qismən məhdudlaşdırmağa məcbur etmək üçün bütün təsir vasitələrinə malikdir (etiraf etmək lazımdır ki, əsasən Donald Trampın siyasəti sayəsində).
Bəs İran oyuna hansı imkanlarla daxil olur? Aydındır ki, yeni hərracı sanksiyaların və pandemiyanın iqtisadiyyatı zəiflətdiyi bir vəziyyətdə keçirməli olacaq. Nüvə proqramı isə artıq ölkə rəhbərliyi tərəfindən ixtisar edilib.
Odur ki, İranın yeganə təsir vasitəsi “Sanksiyaların ləğvi üzrə strateji addımlar”ı qəbul etməkdir. Amma bu halda İsrail və ABŞ tərəfindən gərginlik və hətta İrana zərbələr endirilməsi belə tamamilə mümkündür.
Amma əslində vəziyyət o qədər gərgin deyil. Tehran ABŞ-ın nüvə sazişindən çıxmasından sonra belə bir il boyunca ona tam həcmdə riayət edib. İndi də İran yeni nüvə proqramını yenidən işə salmağa tələsmir, artıq deyildiyi kimi, Baydenə düşünmək üçün bir aydan çox vaxt verir. Odur ki, hələlik İran hələ də AEBA-nın əlavə protokoluna könüllü olaraq riayət edir, Bayden administrasiyasının isə hələ İran, Avropa və Yaxın Şərqdəki müttəfiqləri, Rusiya və Çin, ən əsası isə, Konqreslə fəal danışıqlar üçün vaxtı olacaq.
Rəy yaz