COVİD-19-dan ziyan dəyən biznesə yardım tədbirlərinin hazırlanmasında dövlət xərclərinin və gəlirlərin optimallaşdırılması zəruridir

Martın 25-dək Azərbaycan hökuməti COVID-19 koronavirusundan ziyan dəyən biznesin dəstəklənməsi məqsədilə təkliflər paketi hazırlamalıdır.

“Martın 17-də baş nazir Əli Əsədovla görüşdə hökumətə tapşırılıb ki, ticarət, ictimai iaşə və nəqliyyat sahələrində məhdudlaşdırıcı tədbirlər, eləcə də biznesə dövlət dəstəyi formaları səbəbindən biznes itkilərinin minimuma endirilməsi üçün təkliflər paketi bir həftə ərzində hazırlansın”, - Nazirlər Kabinetinin məlumatında ​​deyilir.

Müstəqil İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Samir Əliyev ASTNA ilə söhbətində sadalanan sektorların bəzisində itkilərdən xəbər verən rəqəmləri açıqlayıb.

“Otellər və restoranlar üzrə gündəlik əlavə dəyər təxminən 5 mln. manata yaxın təşkil edir, topdan və pərakəndə satış gündə 21 mln. manat, nəqliyyat sektoru,  anbar və logistika xidmətləri 20 mln. manat verir. COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bu sektor gəlirlərinin böyük hissəsini itirir”, - o bildirib.

Onun fikrincə, Azərbaycan hökuməti dəstək təkliflərini hazırlayarkən ictimai iaşə müəssisələri üçün vergi tətilləri verməli, 1-2 ay müddətinə vergi yoxlamalarını dayandırmalı və 2020-ci ilin 1-ci kvartalı üçün apreldə maliyyə hesabatı ilə əlaqədar qanunvericilyiin pozulmasına görə cərimə sanksiyalarını dayandırmalıdır.  Həmçinin müvəqqəti olaraq icarə haqqından imtinaya kömək etmək olar.

Nəqliyyat sahəsində yaxşı olardı ki, AI-92 markalı benzinin və təsərrüfat subyektləri üçün dizel yanacağının qiyməti endirilsin.

Ümumilikdə, kiçik və orta biznes üzrə vergi ödənişinin məbləği üzrə bölgü aparılmalı, onlara ən azı birdəfəlik maliyyə yardımı göstərilməlidir. Böhranlı sektorlarda sahibkarlar tərəfindən götürülən kreditlər üzrə faiz dərəcələrini haradasa 2 aya qədər ləğv etmək olar. 100 mln. manata yaxın həcmdə Antiböhran Fondunun yaradılması da məqsədəuyğun olardı.

Digər müstəqil iqtisadçı, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, koronavirus və neftin qiymətinin enməsi ilə əlaqədar dövlət büdcəsi xərclərini optimallaşdırmaq lazımdır və bu, (optimallaşdırma) dövlət büdcəsi-20-də COVİD-19-dan əziyyət çəkən iaşə və nəqliyyat sahələrini dəstəkləmək üçün lazım olan vəsaiti müəyyən etməyə kömək edəcək.

“Məsələn, bu il dövlət büdcəsində beynəlxalq tədbirlər üçün 221,5 milyon manat nəzərdə tutulub, ancaq Azərbaycanın bu ilin birinci yarısına planlaşdırdığı bütün tədbirlər təxirə salındı. Həmçinin dövlət qulluqçularının ezamiyyətləri təxirə salındı. Bütün bunlar milyonlarla manatı azad edə bilər”, - Q.İbadoğlu ASTNA üçün şərhində qeyd edib.

Bununla yanaşı, o, hakimiyyəti yalnız koronavirusa görə fəaliyyətini dayandıran və ya məhdudlaşdıran kiçik və orta biznesə dövlət dəstəyini artırmağa deyil, eyni zamanda bütün növ müavinətlər daxil olmaqla ünvanlı sosial yardımı genişləndirməyə çağırıb.

“İndiki çətin şəraitdə pensiyaların artırılmasına ehtiyac var. Əhalinin sosial cəhətdən həssas təbəqələrinin onlayn qeydiyyatı üçün bir sistem yaradılmalı və qeydiyyatdan keçən bütün işsizlərə aylıq maliyyə dəstəyi göstərilməlidir”, - o qeyd edib.

Qeyd edək ki, hər iki ekspert Azərbaycan hökumətini dünyanın digər ölkələri tərəfindən qəbul edilmiş və ya edilməkdə olan iqtisadi tədbirlər ilə tanış olmağa və Azərbaycan üçün faydalı olanları əldə etməyə çağırıb.

“ABŞ-da bu məqsədlər üçün $1,2 trln., o cümlədən sahibkarlara $0,3 mlrd., vətəndaşlara $0,25 mlrd. dollar nağd pul (ünvanlı yardım), sabitləşdirmə fondlarına $0,2 mlrd. dollar ayrılır. Vergi tətilləri elan edilib, əməkhaqqıdan verginin azaldılması təklif olunub”, - Q.İbadoğlu bildirib.

Öz növbəsində S.Əliyev qeyd edib ki, “məsələn,  Danimarka ƏDV ödənişini dondurur və Böyük Britaniya da eyni tədbirləri tətbiq etmək istəyir”.

“Avstraliya, Çin, İtaliyada vergi və kredit güzəştləri tətbiq olunur.  RF-da Antiböhran Fondu yaradılır, biznes üçün vergi tətilləri və karantində qalmağa məcbur olan çalışan vətəndaşlar üçün ödənişli məzuniyyət olacaq. Analoji tədbirlər Ukraynada da müzakirə olunur. Düşünürəm ki, xarici təcrübəyə əsaslanaraq Azərbaycan biznesin dəstəklənməsi üçün tədbirlər hazırlaya bilər və onların özəl sektorun inkişafına xidmət etməsi və əhaliyə yardım etməsi məqsədəuyğun olardı”, - S.Əliyev deyib.

Hakimiyyətə yaxın iqtisadçılardan biri ASTNA ilə söhbətində qeyd edib ki, “pulun ünvanlı ayrılması ən düzgün qərar deyil, çünki böhran vəziyyətində insanlar xərcləməyə deyil, aldıqları vəsaiti yığmağa çalışırlar. Odur ki, multiplikator effekti istehlakçıların birbaşa aldıqları pulu saxlamaq istəyi ilə “əngəllənəcək”.

“Belə vəziyyətdə ən yaxşı variant pulu iş yerləri yaradan və eyni vaxtda bir neçə qarışıq sahələri (məsələn, tikinti ilə olduğu kimi) cəlb edən layihələrə xərcləməkdir. Bu, iqtisadiyyatı stimullaşdıraraq multiplikator effektini zəmanətli şəkildə aktivləşdirir”, - hazırda Qərb iqtisadi universitetlərindən birində ixtisasını artıran ekspert hesab edir.

Onun fikrincə, “Azərbaycanda müvəqqəti olaraq vergiləri azaltmaq, bununla da pulun müəyyən hissəsini azad etmək olar.

“Bir tərəfdən bu, işgüzar fəallığı artıra bilər, digər tərəfdən istehlakçılardan pulu azad edə bilər. Başqa bir məsələ budur ki, onlar bu artıq vəsaitlə nə edəcəklər:  xərcləyəcəklər, yoxsa yığacaqlar? Hər şey cəmiyyətin daha çox nəyə meylli olmasından asılıdır. Odur ki, şəxsən mən dövlət xərclərinin artırılması variantını üstün tuturam. Əgər dövlət xərcləri indi azaldılsa, o zaman iqtisadiyyat daha sürətlə “darala bilər” ki, bu da dərhal işsizliyin səviyyəsinə və ÜDM-in azalmasına təsir göstərər”, - o hesab edir.

Bu gənc ekspertin fikrincə, “monetar siyasət güclü vasitə ola bilər”.

“Faiz dərəcəsini endirmək və ya bankların ehtiyatlarına tələbləri asanlaşdırmaq olar. Hətta ölkədə açıq qiymətli kağızlar bazarında  əməliyyatlara əl atmaq olar. Belə əməliyyatlar bankların likvidliyini  və pul kütləsini artırır ki, bu da bank sektorunun aktivləşdirilməsi və kreditləşmə vasitəsilə işgüzar fəallığı ideal şəkildə stimullaşdırır”, - o hesab edir.

Bununla yanaşı, eyni zamanda ekspansiv fiskal və monetar siyasət vəziyyətində minuslar ola bilər.

“Əsas risk inflyasiyanın artmasıdır. Ancaq bildiyimiz kimi, inflyasiya olmadan ÜDM artımı da yoxdur və məhz o, iqtisadi zəifləmə anlarında lazım olur. Məlum olduğu kimi, inflyasiya artımı ilə işsizlik azalır (Fillips əyrisi) və bu da böhran anlarında lazım olandır. Ancaq düşünürəm ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın yüksək səviyyəli mütəxəssisləri neftin qiymətinin enməsi və ümumilikdə qlobal resessiya fonunda zəifləmə riski ilə üzləşən ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün fiskal və monetar siyasət tədbirlərini tezliklə elan edəcəklər”, - hökumətə yaxın ekspert-iqtisadçı hesab edir.

TURİZM VƏ MEHMANXANA İŞİNƏ CİDDİ ZİYAN DƏYİB

Tamamilə aydındır ki, Azərbaycanda COVID-19 ilə əlaqədar karantin tədbirlərindən ən çox turizm və mehmanxana işinə ziyan dəyib. 

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə  ASTNA-ya bildirib ki,  bu dövlət qurumu sektora kömək üçün təkliflər paketi hazırlayıb, “lakin turizm sahəsi üzrə qərar hökumətin ümumi iqtisadi tədbirləri ilə kompleks şəkildə olacaq”.

“Söhbət milyonlarla manatdan gedir. Ancaq bu, məhz köməkdir. Bu, sahənin bütün itkilərini kompensasiya etmir”, - o vurğulayıb.

Eksperlərin  çoxu deyir ki, hətta yay mövsümü (əgər ondan öncə koronavirusa qalib gəlmək mümkün olarsa) ölkədə turizm və otel biznesi ilə bağlı çətin vəziyyəti düzəldə bilməyəcək.

İqtisadçı S.Əliyevin fikrincə, bu sektorda mütləq vergi tətilləri elan edilməlidir, əsasən də əmlak vergisindən (daşınmaz əmlak) azad olmaq məqsədəuyğundur.

Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin rəhbəri Samir Dübəndi hesab edir ki, Azərbaycanın turizm sektoru çətin sınaqlar və onlardan sonra tez bərpa olmaq üzrə təcrübəyə malikdir.

O, iaşə müəssisələri və otellər, həmçinin turizm biznesinə vergi tətillərinin tətbiq edilməsini məqbul sayır.

Böhran səbəbindən həmin sahələrdə kadrların ixtisarına gəlincə, S. Dübəndi hesab edir ki, belə radikal tədbirlər barədə danışmaq hələ tezdir, amma COVID-19 ətrafında vəziyyət uzanarsa, 2-3 aydan sonra kadr ixtisarı başlayacaq. Qeyd edək ki, bu günlərdə Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) bildirib ki, dünya üzrə bu sektorda çalışan 50 milyona yaxın insan işini itirə bilər.

“Biz müxtəlif ölkələrin hökumətlərinə, xüsusən də sahənin sürətli bərpası üçün güclü siyasət yürüdəcək hökumətlərə öz dəstəyimizi təklif etməyə hazırıq”, - WTTC-nin məlumatında bildirilir. 

Ümid edirik ki, Azərbaycan da bu ölkələrin sırasına daxil olacaq.

Həmçinin hökumətin açıqlayacağı tədbirləri nikbinliklə gözləyirik və ümid edirik ki, bu tədbirlər sıravi vətəndaşlara və əhalinin sosial cəhətdən müdafiəsiz təbəqəsinə zərbə vurmayacaq.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti