Dekabrın 4-də Slovakiyanın paytaxtında Ermənistan və Azərbaycan xarici işlər nazirləri - Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında müzakirələrin növbəti mərhələsi baş tutub. Dekabrın 3-də Azərbaycan XİN başçısı "konkret danışıqlar" gözləyirdi, Mnatsakanyanla görüşdən çıxdıqda isə danışıqları "ciddi və çətin" adlandırıb. Qeyd edək ki, Bratislavadakı görüş Azərbaycanlı və erməni jurnalistlərin qonşu düşmən ölkələrə ATƏT-in Minsk Qrupunun uğurlu hesab etdiyi qarşılıqlı səfərlərindən sonra keçirilib.
"Dünən erməni həmkarımla 3,5 saat müzakirə apardıq. Deyə bilərəm ki, ciddi və çətin danışıqlar oldu. Təəssüf ki, hələ də həll edilməmiş məsələlər qalır", deyə Məmmədyarov (interfax.az) bildirib. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də iştirak etdiyi görüşdə münaqişənin nizamlanması üçün mərhələli addımlar müzakirə olunub.
Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı mövqeyi dəyişməyib. "Əlbəttə ki, ilk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılması, erməni silahlı bölmələrinin dərhal, bütövlükdə və şərtsiz BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ bölgəsi və digər işğal olunan ərazilərdən çıxarılmasıdır. Bu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı ikinci addım üçün yaxşı imkan açacaq", deyə o qeyd edib.
Azərbaycan mətbuatında Bratislava danışıqları uğurlu adlandırılmayıb, görüşün uğursuzluğundan da danışılmayıb. Bakıda KİV-lər görüş faktını təsdiq etməklə kifayətləniblər. Amma Ermənistanda və Moskvada Bratislava görüşü ciddi maraq doğurub. Fikirlərdə ortaq nöqtə dünya qüvvələrinin Qarabağ problemi ilə tanış olmaq üçün Paşinyana verdiyi resursun tükənməsidir. Yerevandan nizamlanmada həqiqətən irəliləmək üçün konkret və real təkliflər gözləyirlər.
Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert, "Reqnum" İnformasiya Agentliyinin yazarı Stanislav Tarasov Yerevanın 1in.am saytına şərh verib. "Moskva başa düşür ki, məxfilik oyununa son qoymağın vaxtı çoxdan çatıb. Biz Ermənistanın inqilabi hakimiyyətinin, Serj Sarkisyandan fərqli olaraq, Qarabağ məsələsində daha açıq olacağını, danışıqların təfsilatı haqqında danışacağını gözləyirdik. Bu, baş vermədi. Yalnız mücərrəd və ziddiyyətli bəyanatlar səslənir ki, bu bəyanatlardan heç nə aydın deyil. Azərbaycan çox danışmır, amma köhnə düsturu səsləndirməyə davam edir. Lavrovun yeni düsturu meydana çıxıb, o da müxtəlif səbəblərdən Bakı və Yerevanın müqaviməti ilə üzləşib. Nə qədər ki, Moskva məxfilik nümayiş etdirməyə davam edəcək, Bakı və Yerevan bunu manipulyasiya edəcək. Onda bu, Rusiyanın nəyinə lazımdır? Rusiyanın ondan başqa həmsədrlərin - ABŞ və Fransanın da olduğuna işarə etməsinin vaxtı çatmayıb? Onların da bu problemlə məşğul olmasının vaxtı çatmayıb? Özü də Azərbaycan və Ermənistan daha çox Qərbə meyl edir. Deməli, estafeti Parisə və Vaşinqtona verməyin vaxtı çatıb. Nədənsə bu görüşləri həmişə Lavrov və Putin təşkil edir. Niyə bunu Tramp və Makron etmir, niyə onların nazirləri Qarabağın harada yerləşdiyini tamamilə unudublar? Buna görə Bratislavada nə baş verdiyi haqqında suala birmənalı cavab verməyə çalışsam, cavab verərəm ki, bilmirəm, sabotaj baş verib. Onlar üç saat yarım nədən danışıblar? Aydındır ki, nə konyak içiblər, nə çay içiblər, nə də nərd oynayıblar. Xarici işlər nazirləri dörd saata yaxın söhbət edirlərsə, deməli, predmetləri, müzakirə mövzuları var. Hansı mövzu olduğunu isə heç kim bilmir, deyə Tarasov bildirib.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ötən bir il yarımlıq müddət Madrid Prinsipləri ilə tanış olmaq üçün verilmişdi. Bu nöqteyi-nəzəri aysor.am-da "İlk baxışda" proqramına müsahibəsində siyasət elmləri doktoru Xaçik Qalstyan bildirib.
"Bratislavada Azərbaycan öz kartlarını açdı: son il yarım ərzində Azərbaycan salyami taktikası işlədibsə - yəni öz mövqeyini kiçik porsiyalarla təqdim edibsə, Bratislavada sanki onların səbr kasası daşıb və onlar maksimalist mövqelərini tamamilə dövrəyə salıblar, bu da Ermənistana xeyli kəskin reaksiya vermək və nazirin çıxışında ermənilərin münaqişənin həllinə baxışını təqdim etmək üçün əsas verib".
Xaçik Qalstyanın fikrincə, bu gün ATƏT MQ vasitəçiləri özləri məzmunlu danışıqlara başlamağa çağırırlar. "Ötən il bizdə inqilab, hakimiyyət dəyişikliyi baş verdi, Ermənistanda keçmişdə Qarabağ münaqişəsinin nizamlanması prosesində hər hansı təcrübəsi olmayan yeni hökumət formalaşdı, yeni insanlar gəldi, onlar danışıqlara yeni səhifədən başlamalı idilər. Bu il yarım ərzində, mahiyyətcə, Ermənistan hökuməti açıq şəkildə bildirirdi ki, problemlərin məğzini anlamaq, söhbətin nədən getdiyini, Madrid Prinsiplərində nə yazıldığını başa düşmək lazımdır", politoloq belə hesab edir.
"Bir il yarım Ermənistan tərəfin məsələni dərk etməsi və prosesin mənbəyi ilə tanış olması üçün kifayət edəcək qədər uzun müddətdir, buna görə həmsədrlər bildirirlər ki, süni gecikmələrdən çəkinmək lazımdır. Bu, zənnimcə, bizə ünvanlanıb, ilkin şərtlər dilində danışmaq isə Azərbaycana", deyə o qeyd edib.
Yerevan KİV-lərinin "Qarabağ prezidentinin müşaviri" adlandırdığı Tiqran Abraamyan bildirib ki, Azərbaycanın Bratislavada Mnatsakanyanın diqqətinə çatdırılan mövqeyi onlar üçün tamamilə qəbuledilməzdir, bundan başqa, həmsədrlər belə bəyanatların yayılmasının qarşısını almaq üçün əvvəlcədən böyük iş görməli idilər, belə ki, bu, açıq-aşkar birmənalı şəkildə hazırki prosesin məntiqinə ziddir.
Abraamyan yerli ermənilər və Azərbaycanlılar arasında Qarabağdaxili icmalararası dialoq mövzusunu da qətiyyətlə rədd edib: "bu, yolverilməz prosesdir və onu ön plana çəkmək cəhdləri, şübhəsiz, prosesin tamamilə müvəffəqiyyətsizliyə uğramasına gətirib çıxaracaq".
Ermənistanın mətbuat icmalı qonşu ölkənin ekspertlər birliyinin rəsmi Bakının israr etməkdə davam etdiyi Qarabağ probleminin mərhələli həlli planını qəbul etmədiyini göstərir. Bəzi Azərbaycan KİV-lərində və xüsusən sosial şəbəkədə Paşinyanın Azərbaycanın neçə rayonunu qaytaracağı qızğın şəkildə müzakirə edilirsə, Yerevanda gündəlikdə tamamilə başqa mövzu var. Orada hesab edirlər ki, Yerevan Moskvanın dəstəyi ilə 1921-ci il Rusiya-Türkiyə müqaviləsində əksini tapmış digər sərhədlərin bərqərar edilməsi tələbi ilə Ermənistanın hazırki sərhədlərinin ləğvinə nail olmalıdır. İki il sonra yerinə yetirilməmiş Rusiya-Türkiyə müqaviləsinin 100 ili tamam olacaq. Stanislav Tarasovun və Rusiya Dumasının deputatı Konstantin Zatulinin Ermənistanda bu sənədi yad etməsi Rusiyanın Ermənistanın ərazisini genişləndirmək istəyinin dəlili kimi qiymətləndirilir. Yerevanda çox vaxt 1918-ci ildə Türkiyə ərazisinin yarısını ermənilərə "hədiyyə etmiş" ABŞ prezidenti Vudro Vilsonun arbitraj qərarına da istinad edirlər. Vilsonun planı türklər tərəfindən rədd edilib, elə sözügedən Rusiya-Türkiyə sənədi də.
Eyni zamanda, elə həmin Ermənistanda Paşinyanın, erməni xalqının və dövlətinin qarşılarına qoyulmuş əngəlləri aşmaq qabiliyyətindən məyusluq hədsiz dərəcədə artıb. Paşinyan Dağlıq Qarabağın faktiki rəhbərliyi ilə ortaq dil tapmayıb, DQ-nin mümkün gələcək "prezidentləri" arasında "Paşinyanın adamı" yoxdur, DQ-də liderliyi ən çox ehtimal olunan şəxs isə Sarkisyançı Araik Arutyunyan hesab edilir, deyə "Yerevantsi"nin blogeri bildirib.
Belə olan şəraitdə Ermənistanın Azərbaycanın təklif etdiyi Qarabağ nizamlanmasının mərhələli həlli planını qəbul etməsi tamamilə qeyri-mümkün görünür.
Rəy yaz