Фото из открытых источников
Azərbaycanın Xəzər dənizinin neft ehtiyatlarının istismarı məqsədilə xarici şirkətlərlə birgə 30 illiyə imzaladığı "Əsrin kontrak"tının 25-ci ili başa çatdı. "Əsrin kontraktı"[1] nın Azərbaycana verdiklərini müxtəlif prizmalar və fərqli yanaşmalar müstəvisində qiymətləndirmək üçün 25 il yetərli zaman kəsiyidir. Belə qiymətləndirmələr dövrü olaraq aparılsa da, indiki halda kontraktın sona yaxınlaşdırığı zamanda daha da əhəmiyyətlidir. Çünki bu zaman kəsiyi 30 illik müddətə imzalanan kontrakta həm geriyə istiqamətlənən retrospektiv, həm də irəliyə yönələn perspektiv baxış[2] üçün yaxşı fürsətdır. "Əsrin kontraktı"ndan qazanclar və itkilərə münasibətdə müxtəlif prizmalardan fərqli baxışlar sırasında iqtisadi və sosial yanaşmalar həmişə öndə getsə də, artıq ötən müddət kontrakta geostrateji, siyasi və ekoloji müstəvidə də qiymət vermək üçün xeyli əsaslar yaradıb. Belə ki, hələ kontrakın imzalanması ilə bağlı müzakirələr zamanı irəli sürülən əsas arqumentlərdən başlıcası ondan ibarət idi ki, bu kontrakta yalnız iqtisadi yöndə qiymət vermək düzgün deyil, bir müddət ötdükdən sonra "Əsrin kontraktı" Azərbaycanın Qarabagla bağlı ədalətli mövqeyinin güclənməsində və mövcud problemin həllində ən yaxşı vasitəyə çevriləcək, odur ki, məsələyə yalnız iqtisadi mənfəətlər və sosial qazanclar baxımından yanaşmaq düzgün deyildir. Zamanında güclü görsənən və insanlarda Qarabağ probleminin həllinə inam yaradan bu arqument indi sabun köpüyünə bənzədiyindən heç opponent mövqe də tələb etmir. Görünür, bu arqument imzalanma ərəfəsində diqqəti kontraktın iqtisadi və sosial şərtlərindən uzaqlaşdırmağa xidmət edirmiş və əslində bir müddət də öz aldadıcı funksiyasını yerinə yetirdi. Beləliklə, ötən 25 il xüsusilə də siyasi müstəvidə qiymətləndirmələrə xeyli aydınlıq gətirə bilib, eyni zamanda iqtisadi və sosial nəticələrə hərtərəfli baxış bucağı da yaradıb. Bu bucaqdan geriyə də, irəliyə də baxış eyni məsafədə olduğundan ilk əvvəl ötən dövrə nəzər salaq.
Birinci mif: 1994-cü ildə "Əsrin kontraktı" imzalanmaqla Azərbaycanda nəhəng neft siyasəti başlayıb. Bu müqavilə Azərbaycanın iqtisadi və siyasi cəhətdən çətin durumda olduğu dövrə təsadüf edib və həmin dövrdə xarici investorları inandırıb Azərbaycana cəlb etmək böyük müdriklik tələb edirdi.
Reallıq: Doğrudan da "Əsrin kontraktı" imzalanmaqla Azərbaycanda yeni siyasi, iqtisadi mərhələ başlamış, məhz həmin kontrakt çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə ilk neft hasil olunmuş və 1999-cu ildən etibarən mənfəət nefti ixrac olunmuşdur. Onunla da razılaşmaq olar ki, kontraktın imzalanması iqtisadi və siyasi cəhətdən çətin duruma təsadüf edib. Belə ki, həmin dövrdə Azərbaycana sərmayə axınına, ölkənin neft sənayesini idarə etmək üşün müasir menecmentə, qabaqcıl texnologiyaya ehtiyacı var idi. Məhz bu səbəblərdən, eləcə də sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş mənada istismar etmək mümkün deyildi. Lakin o dövrdə nüfuzlu xarici şirkətlərin Azərbaycana gəlməsi heç də müdrik siyasətin nəticəsi kimi qiymətləndirilə bilməz. Əvvəla, bura gələn şirkətlər korporativ maraqlarını güdərək mənfəət əldə etmək imkanlarını perspektiv olaraq qiymətləndirəndən sonra qərar vermişdilər. İkincisi, Azərbaycanın yenicə müstəqillik qazanmış ölkə olaraq zəngin neft sərvətlərinə malik olması dünyaya çoxdan məlum olan həqiqət idi. Xüsusilə də əməkdaşlıq üçün geniş ehtiyatları hələ keçmiş sövet dövründə təsdiq olunmuş "Azəri-Çıraq-Günəşli" perspektiv yatağı xeyli cəlb edici və risksiz görsənirdi. Üçüncüsü, Azərbaycanın İran və Rusiya arasında əlverişli coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırdığından Qərb dövlətləri bu ölkəni Rusiyanın nəzarətindən çıxarmaqda maraqlı idilər. Odur ki, onların timsalında nüfuzlu transmilli korporasiyaların Azərbaycana gəlməsi həm də onların təmsil etdikləri ayrı-ayrı dövlətlərin siyasi qərarı idi. Bunları sadalamaqla heç də 25 il bundan öncə qəbul olunmuş siyasi qərarın əhəmiyyətini kiçiltmək niyyətində deyiləm, amma onu olduğundan çox şişirtməklə də barışmaq istəməzdim. Təbii ki, 1994-cü ildə dövlətin iqtisadiyyatdan yenicə ayrılması, yeni müstəqilliyə nail olan Azərbaycanın kifayət qədər sərmayə və texnologiyaya malik olmaması transmilli neft şirkətlərinin ölkəmizə yol tapmalarına imkan yaratdı.
İkinci mif: Azərbaycan neft ölkəsi kimi tanındı. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin edərək ökəmizin inkişafında əhəmiyyətli rol oynadı.
Reallıq: Azərbaycanın neft ölkəsi kimi tanınması da çox uzaq tarixə malikdir. Belə ki, ərəb tarixçisi Məsudi hicri tarixinin 300-cü ilində Bakıda olmuş və Bakı neft mədənləri haqqında yazmışdır: "Orada ağ neft bulaqları var idi, Bakıda heç vaxt sönməyən "daimi od" yanırdı." Əsrlərlə ibtidai formada, son yüz ildə isə sənaye üsulu ilə hasil edilmiş Bakı nefti yüz il bundan əvvəl də dünyanın ən məşhur şirkətlərinin diqqət mərkəzində olub. 1859-cu ildən başlayaraq Amerika dünyanın ən böyük neft hasil edən ölkəsi sayılırdı. 1898-1901-ci illərdə Bakıda neft istehsalı genişlənəndən sonra Azərbaycan o dövr üçün dünya neft hasılatında aparıcı mövqeyə çıxdı və ABŞ-ı da qabaqladı. Bakının ilk neft quyusu 1871-ci ildə (ABŞ-dan 12 il sonra) qazıldı. Halbuki İranın cənubunda Məsçid Suleyman adlanan məntəqədə ilk neft quyusu 1908-ci ildən, İraqda 1923-cü ildən, Bəhreyn adalarında 1932-ci ildən, Səudiyyə Ərəbistanında 1935-ci ildən, Küveytdə 1937-ci ildən, Qətər əmirliyində1938-ci ildən neft çıxarılmağa başladı. Bakıda isə 1901-ci ildə neft hasılatı 12 milyon puda çatdı ki, bu da o zamankı dünya neftinin yarısını təşkil edirdi. Təbii ki, keçmiş sövet dövründə İkinci dünya müharibəsi zamanı SSRİ neft hasılatının 75 fazinin Bakıda cəmlənməsi də təkzibolunmaz və yaddaqalan faktlardır. Əslində hazırkı siyasi-iqtisadi mühitdə, mütəxəssis əsrinin başladığı, beyin məhsulunun qiymətinin neftlə müqayisədə daha yüksək templə bahalaşdığı indiki dövrdə Azərbaycanın neft ölkəsi kimi tanınması heç də fəxr olunası nəticə deyil. Neft amili - iqtisadi dirçəlişin əsas bünövrəsidir, Azərbaycanda neft kontraktlarının fenomenal və misilsiz reallaşdırılması kimi bayağı şüarlarla özümüzü aldatmağa dəymir. Bu gün Azərbaycan dünya bazarına çıxardığı qeyrineft məhsulları ilə öyünməlidir. Lakın 2019-cu ilin ilk yarısını əhatə edən gömrük statistikası göstərir ki, Azərbaycanın həmin dövrə olan ümumi ixracatında neft və neft məhsullarının payı 91 faizə qədər olub. "Əsrin kontraktı"nın yaratdığı əsas problemlərdən biri də budur. Təbii ki, bu kontraktın iqtisadi artımda və iqtisadiyyatın miqyaslarının genişlənməsində, məcmu təklifin çoxalmasında rolunu inkar etmək fikrindən tamamilə uzağam. Məhz neft ixracatının artması və ondan əldə edilən gəlirlər hesabına həyata keçirilən iri miqyaslı dövlət xərcləmələri, neft sektoruna qoyulan sərmayələr ölkədə ÜDM-in artım sürətinin təmin edilməsində əhəmiyyətli rol oynayan başlıca faktor olub. Bu artım göstəriciləri dayanıqlı və davamlı olardısa, həqiqətən də bununla öyünməyə dəyərdi. Lakin Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin birinci yarısında ÜDM artımı cəmi 2,4 faiz təşkil edib. Nəzərə alsaq ki, bu səviyyədə artım göstəricisi Azərbaycanın neft tarixində hasılatın 2010-cu ilə nisbətən 14 milyon ton azalmasının gözlənildiyi maliyyə ilində müşahidə olunub, onda hasılatın bu illə müqayisədə aşağı düşəcəyi növbəti illərdə hansı nəticələrin olacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir.
Üçüncü mif: Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrildi. Ölkənin qeyri-neft sektorundakı bu uğurlarda 1994-cü ildən başlayan neft strategiyasının həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.
Reallıq: "Əsrin kontraktı" na görə Azərbaycana sərmayə axını başlamasında heç bir yanlışlıq yoxdur. Həqiqətən də "Əsrin kontraktı" na görə Azərbaycan iqtisadiyyatı, xüsusilə də neft sektoru son 25 ildə invsetisiyalar sarıdan korluq çəkmədi. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, 1995-2018-ci illər dövründə ölkənin neft-qaz sektorunda əsas kapitala ümumilikdə 78,2 milyard manat sərmayə qoyulub. Bu investisiyaların böyük əksər hissəsi məhz xarici sərmayələrdir. SOCAR-ın prezidentinin açıqlamasına görə, 1995-ci ildən 2019-cu ilin əvvəlinədək Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 80 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılmışdır" Bu, 1995-ci ildən 2018-ci ilin sonunadək ölkə iqtisadiyyatına yönəldilən ümumi xarici investisiyanın 60%-i deməkdir. DSK-nın digər məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, 2000-2018-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 81,9 mlrd. ABŞ dolları məbləğində birbaşa xarici sərmayələrin 70,0 mlrd. dolları yaxud 85,5%-i məhz neft-qaz sektorunun payına düşüb.[3]
"Əsrin konttraktı"na birbaşa yönələn sərmayələrə gəlincə, ikin hesablamara görə, sazişin icrası üçün 14 milyard dollar sərmayə tələb olunsa, 2018-ci ilin sonuna olan məlumata görə, AÇG yataqlar blokunun işlənilməsinə faktiki olaraq ümumilikdə 36 milyard ABŞ dollarından artıq investisiya qoyulub[4]. Bu isə o deməkdir ki, "Əsrin kontraktı"nın ilkin dəyəri ilə son dəyəri arasında 22 milyard dollar fərq vardır. Təbii ki, dünya bazar qiymətlərinin yüksəlməsi bu layihənin dəyərini artırmalı idi. Lakin onun ilkin dəyəri ilə müqayisədə son dəyərininn 2,6 dəfəyədək bahalaşması istənilən halda Azərbaycanın maraqlarına uyğun deyil. Çünki kontrakt şərtlərinə görə, AÇG yatagının istismarı və idarəolunması ilə əlaqəli olan birbaşa və dolayı xərclərin 80 faizi şirkətlər tərəfindən maliyyələşdirilməli və onun da hamısı Azərbaycanın mənfəət neftinin ixracatından gələn gəlirlər hesabına ödənilməlidir. Bu isə o deməkdir ki, "Əsrin kontraktı" Azərbaycana nə az, nə də çox - təxminən 100 milyon ton neft hesabına başa gəlib. Belə ki, 07 noyabr 1997-cu ildən 31 iyun 2009-cu ilədək AÇG yatağından 143 milyon ton və ya 1 milyard 60 milyon barel nef hasil edilib ki, onun da təxminən 100 milyon tondan çoxu ABƏŞ sıfır səviyyəsi elan etdiyi tarixədək olan dövrü əhatə edib.
Digər tərəfdən də "Əsrin kontraktı" Azərbaycana sərmayə artımını müəyyən dövr üçün təmin etsə də, hazırda bu sahədə baş verən dəyişikliklərin artıma doğru deyil. Belə ki, son illər iqtisadiyyatda əsaslı capital qoyuluşlarının azalması tendensiya xarakteri alıb. Dövlət Statistika Komitəsinin açıqlamlarına görə,
2018-ci ilin yanvar-dekabr ayları 2017-сi ilin yanvar-dekabr aylarına nisbətən 4,4 faiz, 2019-cu ilin yanvar-avqust ayları 2018-сi ilin yanvar-avqust aylarına nisbətən isə 5,4 faiz azalma qeydə alınıb. Əslində Azərbaycan iqtisadiyyatına iri neft şirkətləri tərəfindən böyük miqdarda investisiya qoyuluşu ölkədə biznes mühitinin yaxşılaşmasına, sahibkarlığın inkişafına əhəmiyyətli təsir göstərməli idi. Çünki bu proses bütövlükdə Azərbarcanın investisiya cəlbediciliyinə stimul yaratmaqla yanaşı, həm də onun invsetisiya riskini aşağı salırdı. Bu isə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi üçün yaxşı perspektivlər vəd edirdi. Lakin ölkədə əsaslandırılmamış iqtisadi siyasətin aparılması və düzgün iqtisadi kursun seçilməməsi nəticəsində mövcud inhisarçılığın yaratdığı baryerlər, iqtisadiyyatın diversifikasiya əmsalının aşağı düşməsi, beynəlxalq ticarətdə müqayisəli üstünlüyün itirilməsi, qeyri-neft sektorunda ticari və qeyri-ticari sektorların balansının pozulması, inflyasiyanın sürətli artımı kimi problemlər belə vədlərin reallaşmasına imkan vermədi. Əksinə, neftin yaratdığı imkanlardan yalnız qisa müddətli maraqlar çərçivəsində bəhrələnən hökumət qeyri-ticari sektorda populist və əsaslandırılmamış qərarların qəbulunu sürətləndirməklə hakimiyyət və biznes arasında korrupsiya münasibətlərini daha da gücləndirdi. Nəticədə neft gəlirlərinin bölüşdürülməsi zamanı klassik korrupsiya mənbəyi olan tikinti və nəqliyyat sektoru dövlət xərcləmələrinin prioritetinə çevrildi. Bu sektorlarda həyata keçirilən bahalı layihələrin yaratdığı görüntülər bir tərəfdən hökumətin iqtisadi təbliğatının leytmotivinə çevrilsə də, digər tərəfdən də korrupsiya reytinqinin pisləşməsinə, iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin zəiflədilməsinə, iqtisadiyyatın bir tərəfli olaraq, yalnız qeyri-ticari sektor üzrə inkişafına gətirib çıxardı. İldən-ilə yüksək sürətlə artan gəlirlərin fonunda iqtisadiyyatda institutsional dəyişikliklərə zərurətin də yarandığı şəraitdə reformalar arxa plana keçdi, islahat adı altında psevdoinstitutlar yaradıldı.
Dördüncü mif: "Əsrin kontraktı" üzrə Azərbaycanın payına düşən neft gəlirlərinin axını sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilməkdə, yüz minlərlər yeni iş yerləri yaradılmaqdadır.
Reallıq: Doğrudan da Azərbaycanda artan neft gəlirləri sayəsində genişlənən daxili maliyyə mənbələri hesabına dövlət investisiya qoyuluşları çoxalmaqdadır. Əsasən özəl biznes üçün cəlbedici olmayan infrastruktur sahələrinə investisiya yatırılması əmtəə və xidmətlərin maya dəyərini aşağı salan amil kimi qiymətləndirilsə də, onun qeyri-şəffaf şəraitdə icrası korrupsiyanın miqyaslarını genişləndirməklə bu istiqamətli qoyuluşların səmərəlilik əmsalını və pozitiv effektini aşağı salır. Digər tərəfdən, qeyri-ticari sektorda artan məcmu tələbin yaratdığı yüksək qiymətlər rentabelliyi çoxaltmış və nəticə etibarı ilə bu sektor neft bumunun yaratdığı əlavə kapitalla yanaşı, özəl bölmənin resurslarını da özunə cəlb etmişdir. Bununla da iqtisadiyyatın diversifikasiyası problem olaraq daha da dərinləşmişdir. Belə ki, 2000-ci ildə neft hasilatı sektorunun ÜDM-də payı 27,7% olmuşdusa, kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılığın payı 16,1%, nəqliyyat, anbar təsərrüfatı və rabitə sektorunun payı isə 12% təşkil edirdi. 2005-ci ildən başlayaraq Azərbaycanda neft hasilatının artması hasilat sektorunun ÜDM-də payını 50%-ə yaxınlaşdırdı. Öz növbəsində 2000-2010-cu illərdə kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılığın ÜDM-də payı təxminən 3 dəfə azalaraq 5,4%-ə, nəqliyyat, anbar təsərrüfatı və rabitəninki isə 7,9%-ə endi. Həmçinin qeyd olunan müddət ərzində ÜDM-in strukturunda başqa önəmli dəyişikliklər də baş verib. Belə ki, 2018-ci ildə əlavə dəyərin 44,2 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,0 faizi tikintidə, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir. Sənaye məhsuluna gəlincə, onun 73,0 faizi mədənçıxarma sektorunda, 22,2 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Odur ki, Azərbaycanda hələ də tarazlı iqtisadi inkişafdan danışmağa dəymir. Tendensiya göstərir ki, son illər neft hasilatın azalması ÜDM-də qeyri-neft sektorunun payını ilbəil artırır.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun, xususilə də kənd təsərrüfatı və emal sektorunun tənəzzülü akademik Rıbçınskinin "qeyri-sənayeləşmə effekti" ilə daha asan izah olunur. Akademik Rıbçınski qeyd edirdi ki, məhz "Hollandiya xəstəliyi"nin təsiri ilə yeni yaranan sektor sənayenin ehtiyatlarını aparır və onu daha əlverişlı sayılan neft və qeyri-ticari sektora cəlb edir. Ötən ilin statistikasına nəzər salarkən akademik Rıbçınskinin elmi-nəzəri postulatını Azərbaycan iqtisadiyyatında əyani surətdə görmək olar. 2018-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına yatırılan investisiya qoyuluşlarının cəmisi 4,5 faizi məşğulluğun 38 faizinə, UDM-in 5,3 faizinə malik kənd təsərrüfatının payına düşüb. Nəticədə, həmin dövrə kənd təsərrüfatında artım 4,6 faiz olub. Beləliklə də Azərbaycanda məşğulluğun ənənəvi sahəsi olan kənd təsərrüfatı və emal sənayesi acınacaqlı duruma düşməkdədir. Bununla yanaşı, son illər ərzində "Əsrin kontraktı" ilə əlaqəli fəaliyyət sahələrindən 30 minədək ixtisaslı işçinin ixtisara salınması, Azərbaycanın əmək bazarında nəinki ixtisassiz və gənc kadrların, hətta ixtisaslı və təcrübəli kadrların arasında da gərginliyi artırmışdır. Yeni yaradılan iş yerlərinin əksəriyyətinin müvəqqəti xarakter daşıdığını, özünü və fərdi fəaliyyət sahələrindən ibarət olduğunu nəzərə alanda məlum olur ki, yüz minlərlə iş yerlərinin yaradılması siyasi məqsədlərə xidmət edən və mükəmməl iqtisadi arqumentlərə tab gətirməyən rəsmi bəyanatlardan başqa bir şey deyildir.
Beşinci mif: "Əsrin kontraktı"nin imzalanmasında bizim məqsədimiz təkcə neft hasil etmə, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri - həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir.
Reallıq: Müqavilənin imzalanmasından sonra məlum oldu ki, bu kontraktın reallaşmasında hər iki tərəfin (Azərbaycan dövlətinin və şirkətlərin) əsas məqsədi mənfəət əldə etməkdir. Təsadüfi deyildi ki, BTC kəmərinin tikintisi uzunmüddətli siyasi müzakirələrdən, yalnız neftin dünya bazar qiymətləri bahalaşmaya doğru kurs götürəndən sonra baş tutdu. Bu isə konsorsium iştirakçılarının başlıca marağının mənfəət əldə etmə olması ilə izah edilə bilər. Əslində korporativ baxımdan, iqtisadi nöqteyi-nəzərdən bunun geniş izahata ehtiyacı yoxdur. Məsələnin ikinci tərəfinə - əldə edilən bütün mənfəətlərin xalqın rifahına sərf olunmasına gəlincə, burda fikir ayrılıqları hökm sürsə də, bir həqiqət əksəriyyətə aydındır ki, məhz "Əsrin kontraktı"nın reallaşmasından Azərbaycana daxil olan gəlirlərin birbaşa təsiri nəticəsində ölkədə sosial bərabərsizlik daha da dərinləşdi. Çünki yüksək mənfəət əldə etmək üçün axan sərmayənin qütbləşməni sürətləndirəcəyi, sərvətlə yoxsulluğu qarşı-qarşıya qoyacağı, qütblərarası ziddiyyətləri kəskinləşdirəcəyi əvvəldən istisna olunmurdu. Bu ərəfədə "totalitar" sosializm iqtisadiyyatından "demokratik" bazar iqtisadiyyatına keçıd yeni sosial baza, ideoloji üstqurum meydana gətirdi. Cəmiyyət yaşayış tərzinə, həyat şəraitinə, sosial tələbatlarına, davranışlarına, hətta əxlaq və mədəniyyətinə görə bir-birindən kəskin fərqlənən qütblərə bölündü. Mövcud şəraitdə ilkin kapital yığımı adı altında kriminal gəlirlər və qeyri-qanuni özəlləşdirmə vasitəsilə formalaşmış xüsusi mülkiyyətlər və hüquqlar qanunların mükəmməlləşməsi və aliliyi vasitəsilə deyil, polis rejiminin gücləndirilməsi yolu ilə müdafiə edilməyə başladı. Bu zaman bazar institutlarının deyil, avtoritar idarəçilik institutlarının inkişafına sərmayə yönəldilməsi Azərbaycanı neflə zəngin digər inkişaf etməkdə olan ölkələrdən yaxşı mənada fərqlənməyə imkan vermədi. Dünyanın neftlə zəngin olan ölkələrində aparılmış emprik tədqiqatlar göstərir ki, qanunun aliliyi, şəffaflıq və hesabatlılıq əsasında yaxşı idarəçiliyə malik olmayan ölkələrdə neft hasılatının artımı milli iqtisadiyyatda idarəolunmaz həddə çatması kimi ciddi çətinliklərə gətirib çıxarır. Bu şəraitdə ölkədə neft satışından əldə olunan "yüngül neft pulları" hökumət məmurlarında arxayınçılıq yaradaraq, ilk növbədə diqqəti tarazlı və davamlı inkişafa deyil, neft gəlirlərinin daha tez bölüşdürülməsi uğrunda mübarizəyə yönəldir və sanki bunu bir yarışa çevirir. Hakimiyyətdaxili qruplar arasında gərginliyin artmasına gətirib çıxaran bu yarış şəraitində əhalnin rifahının davamlı surətdə uzunmüddətli dövrdə yaxşılaşdırılmasına nail olmaq mümkün deyildir. Bunu rəsmi statistik məlumatlar da təsdiq edir. Hər bir ölkədə əhalinin rifah səviyyəsinin ümumiləşdirilmiş göstəricisi orta aylıq əmək haqqı səviyyəsi hesab olunur. MDB Statistika Komitəsinin 2019-cu il iyul ayının 1-nə olan məlumatına görə, Azərbaycanda bu göstərici 593 manat təşkil edib. Halbuki, manatla İfadə etsək, Rusiyada müvafiq göstərici 1266 manat, Belarusda 881 manat, Qazaxıstanda 742 manat, Ukraynada 729 manat, Moldovada 699 manat, Gürcüstanda 648 manat, Ermənistanda 646 manat olub. Azərbaycan orta nominal əmək haqqı göstəricisinə görə, bizimlə eyni siyası keçmişə malik olan, start dövründə kəskin yaşayış fərqləri nümayiş etdirməyən ölkələr arasında yalnız Özbəkistan, Qırğızıstan və Tacikistanı qabaqlaya bilib.
Bununla əlaqdar olaraq diqqəti çəkən müqayisələrdən biri də odur ki, Hətta 2005-ci ildə Ermənistanda orta aylıq əmək haqqı (114 dollar) Azərbaycandan 17 dollar az olduğu halda bu ilin aprel ayının 1-ə olan məlumata görə Ermənistanda orta aylıq əmək haqqı (364 dollar) Azərbaycandan 26 dollar çoxdur. Bununla yanaşı, hazırda Azərbaycanda orta aylıq əmək haqqı Ukraynadan 52 dollar, Gürcüstandan 60 dollar, Qazaxıstandan 106 dollar, Belarusdan 133 dollar, Rusiyadan 357 dollar aşağıdır.
Bu halda "Əsrin kontraktı"ndan qazanılan neft gəlirlərinin Azərbaycan vətəndaşlarının arasında bərabər və ədalətli bölüşdürülməsindən və onun əhalinin gələcək rifahına yönəldilməsindən danışılmasına dəyməz. Xərclərin effektiv menecmenti və iqtisadiyyatın liberallığı olmadığı şəraitdə neft gəlirlərinin artımına uyğun olaraq xərcləmələrin genişləndirilməsi, "yüngül" pulların məsuliyyətlilik, nəticəlilik, səmərəlilik və şəffaflıq prinsiplərinə əməl olunmadan qeyri-məhsuldar sektorlarda xərclənməsi milli iqtisadiyyatda inkişaf və rifah üçün ciddi problem olan korrupsiyanın miqyaslarının genişlənməsini, inflyasiyanın sürətlənməsini şərtləndirir. Bütün bunlar isə əhalinin xərclərini artırır, onların gəlirlərini dəyərsizləşdirir və ümumi rifah göstəricilərini təhrif edir.
Nəticə olaraq qeyd etmək istərdim ki, AÇG yatağında təsdiq olunmuş 5,4 milyard barel neftin əsas hissəsi çıxarılıb. 31.07.2019 tarixinə olan məlumata görə, 2001-ci ildən etibarən Azərbaycanın AÇG yatağının işlənməsinə dair HPBS-dən əldə olunan ümumi gəlirləri 143 366 mln. ABŞ dolları təşkil edib. Bu yataq üzrə imzalanmış HBPS hələ də məhsuldarlığını itirməyib. Belə ki, cari ilin ilk 7 ayında Azərbaycan Respublikasi Dövlət Neft Fondu (ARDNF) AÇG yatağından 5 160 mln. ABŞ dolları vəsait əldə edib. [5]
2017-ci ilin sentyabrın 14-də səhmdarlar AÇG yataqlarının işlənməsinin 2050-ci ilədək uzadılmasına dair qərar qəbul etdi, bu HPBS üzrə bəzi dəyişikliklərə nəticələndi. Yeniləşmiş sazişdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dəki iştirak payı 11,6 faizdən 25 faizə qaldırıldı, eyni zamanda mənfəət neftində Azərbaycan hökumətinin payı sabit 75% təyin olundu.[6] Hesablamalara görə, 2050-ci ilədək AÇG-yə daha 40 milyard ABŞ dollarından artıq sərmayə qoyulacaq[7].
Lakin, əhalinin rifahına gəlincə, hətta gələcək nəsillərin payının indidən xərclənməsinə baxmayaraq, Azərbaycan vətəndaşlarının bir qismi yenə yoxsulluqdan əziyyət çəkməkdə, əksəriyyəti isə inkişaf etmiş ölkələrdə tətbiq edilən sosial-iqtisadi tərəqqinin müasir nəticələrini həsrətlə gözləməkdədir. Beləliklə, Azərbaycanda artan neft gəlirlərinin fonunda kriminal kapitalın "demokratik" diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır.
[1] "Əsrin kontraktı" 20 sentyabr 1994-cü ildə 30 il müddətinə imzalanmışdır. Bu kontrakt Azərbaycanın Xəzər sektorunda neft yatağının ("Azəri", "Çıraq", "Günəşli") birgə istifadəsini nəzərdə tutur. Müqavilə dünyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: "Amoko" (ABŞ)-17,01%; "BP" (B. Britaniya)-17,13%; "Lukoil" (Rusiya)- 10%; "Statoil" (Norveç)-8,56%; "Turkish Petrolium" (Türkiyə)-6,75%; "Unokal" (ABŞ)-9,52%; "Itochu Co" (Yaponiya)-7,45% ("McDermott" şirkəti aksiyalarının bir hissəsini 1996-cı ildə "İtochu Co" şirkətinə satmışdır); "Ramco" (B. Britaniya)-2,08%; "Delta" (S. Ərəbistanı)-1,68%; "Penzoil" (ABŞ)-4,81%; "Exon" (ABŞ)-5% və ARDNŞ (Azərbaycan)-10% paya malik olub.
[2] Bu kontrakt 2017-ci sentyabrın 14-də imzalanan sazişlə bir sıra dəyişikliklər edilməklər 2050 -ci ilədək uzadılıb.
[3] http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=170
[4] http://www.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/2019/04
[5] https://oilfund.az/en/fund/press-room/news-archive/1411
[6] https://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/legalagreements/PSAs/EN-AZ-Restated-ACG-PSA.pdf
[7] https://www.oilfund.az/report-and-statistics/report-archive
Rəy yaz