president.az
O, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında İkinci Qarabağ müharibəsi veteranları qarşısında ildırımsaçan Mars rolunda çıxış edib, növbəti gün isə ingilisdilli ADA universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişəsonrası dövrdə inkişaf və əməkdaşlıq” mövzusunda konfransda qabaqcıl ekspert ictimaiyyəti qarşısında artıq “sülh çubuğu” uzadıb.
Birinci görüşdə Əliyev Qarabağ münaqişəsinin nizamlanmasının hərbi fazasının dayandırılmasının əsaslı olmasına diqqət çəkib, həmçinin Azərbaycana qarşı qisas hissi bəsləyən qüvvələrə qabaqlayıcı mesajlar göndərib. Bu kontekstdə o, Kreml üçün həssas olan ötən ilki 44 günlük müharibədə İsgəndər-M raketlərindən istifadə mövzusundan istifadə edərək, yeni Ermənistan-Rusiya hərbi tandeminin formalaşmasının yolverilməz olduğuna diqqət çəkib. Prezident Putin İsgəndər-lər məsələsində özünü müdafiə etmək və eyni zamanda vəziyyətin ikitərəfli maraqlar nəzərə alınmaqla nizamlanması üçün tədbirlər görmək məcburiyyətində qalır, qalmaqalın genişlənməsi və ya tərəflərin satisfaksiyası bundan asılıdır.
Əliyev Ermənistan və Rusiyanın Azərbaycanın maraqlarına zidd olan gələcək hərbi əməkdaşlığına yol verməmək üçün bu problemlərdən istifadə edir, habelə Rusiyanın onun ADA-da artıq eyham etdiyi böyük Ermənistan-Azərbaycan sülh sazişinin hazırlığı prosesində iştirakından daha çox konstruktivlik əldə etməyə çalışır.
Universitetdə ABŞ və Minsk Qrupuna müharibədən sonra regionda yaranmış reallıqları passiv şəkildə seyr etdiklərinə görə formal iradlarını bildirən Əliyev faktiki olaraq Minsk prosesinin Qərb tərəfini Ermənistan-Azərbaycan siyasi dialoqunu başlatmağa dəvət edib. O, bu dialoqu aşağıdakı kimi görür:
1. Artıq mövcud olan resurslarla kommunikasiyalar dialoqunu genişləndirmək (Ermənistana Rusiya qazının tranziti həyata keçirilir, ermənilər Azərbaycanın 21 kilometrlik Zəngilan-Qubadlı yolundan istifadə edir, Rusiya sülhməramlıları Qarabağa yük daşımaları üçün Azərbaycanın dəmir yolundan istifadə edirlər).
2. Sülh prosesinin inkişafı məqsədilə vətəndaş cəmiyyəti cəlb edilməklə dialoqa başlamaq. “Biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik... Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. ... Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik”, deyə o bildirib.
3. Sərhədlərin demarkasiyası, delimitasiyası məsələlərinin həlli, başqa məsələlər üzrə qarşılıqlı fəaliyyət.
Müharibədən sonra bu, Əliyevin beynəxalq vasitəçilərə, habelə 2003-cü ildə onun hakimiyyətə gəlişindən sonra münaqişənin nizamlanmasında iştirakı sözün geniş mənasında dondurulmuş erməni və azərbaycanlı icmalara ilk sühlpərvər mesajlarıdır.
Əliyevin tezisləri Yerevanda eşidilib. ““Biz gələcək haqqında danışmalıyıq, ən vacibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin işğaldan azad edilməsi məsələsini qaldırmalıyıq. Bunu hərbi məsələ kimi deyil, siyasi danışıqlar məsələsi kimi formalaşdırmalıyıq”, deyə baş nazir Nikol Paşinyan aprelin 14-də parlamentdə bildirib.
Paşinyanın bəyanatını belə şərh etmək olar ki, Ermənistan status-kvonu qəbul edir və indi əvvəllər olduğu kimi respublikanın deyil, artıq muxtar vilayətin sərhədləri və statusu haqqında danışıqlar aparmağa hazırdır. O, həmçinin qeyd edib ki, Ermənistan bütün regional kommunikasiyaların açılmasının tərəfdarıdır.
Minsk Qrupu tərəflərin dispozisiyasını nəzərə alaraq, passiv seyr fazasından aktiv fazaya keçir. Aprelin 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) bəyanat yayıblar: “Həmsədrlər tərəfləri həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə çağırırlar. Onlar tərəflərin qeyd-şərtsiz, onların prioritetlərini əks etdirən gündəliyə birgə baxa və onu razılaşdıra bilmələri üçün onların himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrar edirlər... Bununla əlaqədar həmsədrlər mandatlarına və əvvəlki təcrübəyə uyğun olaraq səfər marşrutları üzrə maneəsiz girişi və maksimum hərəkət rahatlığını təmin etmək tələbini tərəflərə xatırladırlar”.
Beləliklə, bütün tərəflərin real sülh prosesini işə salmaq niyyəti haqqında həmahəng bəyanatları olduğunu yəqinliklə təsdiq edə bilərik.
Rəy yaz