Zarif and Lavrov. January 26, 2020
Yanvarın 25-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin “Qafqazda altıtərəfli əməkdaşlıq formatı” adlandırılan təklifini alqışlayan İran xarici işlər naziri Zərif İran İslam Respublikasının regionda sülhə, sabitliyə və sakitliyə şərait yaradan bütün sahələrdə köməklik göstərməyə və əməkdaşlıq etməyə hazır olduğunu elan edib, xəbəri İRNA yayıb.
Üç Cənubi Qafqaz ölkəsini (Azərbaycan, Ermənistan və Gürcüstan), habelə qonşu dövlətləri (İran, Rusiya və Türkiyə) əhatə edən regional əməkdaşlıq və sabitlik təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında irəli sürülüb və region dövlətləri tərəfindən müsbət qarşılanıb, amma Ermənistan və Gürcüstan haqqında bunu demək olmaz. Ermənistan bu gün Azərbaycan-Türkiyə ikilisi ilə qardaşlaşmağa hazır deyil, Gürcüstan isə gözünü Qərbə dikib və ardıcıl şəkildə uzaqlaşdığı Rusiyanın iştirak etdiyi geosiyasi formata ehtiyatla baxır. Tbilisidə Gürcüstan xarici işlər naziri David Zalkaliani covid-ə yoluxması səbəbindən Zəriflə birbaşa görüşdə imtina edir. Tərəflər telefonla əlaqə saxlayıblar.
Zərifin platforma ölkələrində keçirdiyi görüşlərdən cüzi məlumatlar 3+3 təşəbbüsü üzrə mövqelərin ziddiyyət və ya uyğunluq mənzərəsinin pazlını qurmağa imkan vermir. Bu, Zərifin real olaraq platforma haqqında yalnız Azərbaycanda açıq şəkildə danışması ilə əlaqədardır.
Moskvada mətbuat üçün bəyanatlarda ikitərəfli münasibətlər məsələlərinə, habelə İran üçün strateji əhəmiyyət kəsb edən ağrılı məsələlərə - yeni Co Bayden administrasiyası ilə işgüzar münasibətlərin qurulması və İranın nüvə proqramı ətrafında vəziyyətin 2015-ci il razılaşmalarına qayıtması məsələlərinə toxunulub. Həmin vaxt prezident Obamanın dövründə İranın sülh məqsədli nüvə proqramının inkişafına yol verən saziş əldə edilmişdi. Sonradan prezident Tramp sazişi dondurub, İranın boynuna sanksiya kəməndi atıb.
Bu nöqteyi-nəzərdən Zərif üçün yanvarın 26-da Moskvada XİN başçısı Sergey Lavrovla keçirilən görüş əhəmiyyətli idi.
“Regional hadisələr, xüsusən Qarabağ, nüvə sövdələşməsi, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər, o cümlədən Suriya, Əfqanıstan və Yəmən məsələləri RF XİN başçısı ilə görüşdə müzakirə olunacaq”, deyə İran xarici işlər naziri bildirib.
Bu siyahıda Rusiyanın da iştirakçısı olduğu nüvə proqramı xüsusi yer tutub. Zərif yekun mətbuat konfransında Ağ Evlə qarşılıqlı anlaşma əldə etmək istəyini xüsusilə vurğulayıb. Elə oradaca, Moskvada o, Russia Today-ə müsahibə verib, Tehranın ABŞ-ın nüvə proqramı üzrə siyasətinə yenidən baxılmasını və ən əsası, ABŞ-ın İran əleyhinə sanksiya müharibəsinə son qoyulmasını gözlədiyini qeyd edib. Müsahibə Zərifin yanvarın 29-da həmkarı Mevlut Çavuşoğlu ilə danışıqlar aparmaq üçün İstanbula gəldiyi zaman dərc olunub. Çavuşoğlu Vaşinqtonla dialoqda Ankaranın mümkün vasitəçilik rolu ilə bağlı ümidlərini artırmalı idi.
“Ümid edirəm ki, Bayden administrasiyası İranla nüvə sövdələşməsinin şərtlərinə qayıdacaq. Beləliklə, qardaş İrana qarşı sanksiyalar da ləğv olunacaq”, deyə Çavuşoğlu danışıqların nəticələrinə görə İranlı həmkarına bildirib.
İstanbulda İranlı diplomatı ən çox keçmiş Osmanlı İmperiyasının sərhədləri daxilində və Rusiyadan sonra İranın da öz tarixi maraqları zonası hesab etdiyi Qafqazda NATO Türkiyəsinin gələcək ekspansiya planları maraqlandırırdı. Xüsusən, söhbət Ermənistan-Azərbaycan müharibəsi zamanı Türkiyənin üstünlüyünün özünü qabarıq şəkildə göstərdiyi Azərbaycandan gedir. Müharibənin nəticələri şiə Azərbaycanda sünni Türkiyənin təsirini genişləndirib və eyni zamanda burada şiə İranının təsirini və çəkisini azaldıb.
Cənubi Qafqazda müharibə son nəticədə iki region dövlətinin – Rusiya və Türkyənin iştirakını gücləndirib, İranı siyasi nöqteyi-nəzərdən Cənubi Qafqazdan uzaqlaşdırıb. Müharibədən əvvəl və sonra Ermənistan və Azərbaycan arasında tarazlıq cəhdini Türkiyə və Rusiyanın, eləcə də Tehran üçün bir o qədər mənfur olan Qərbin Azərbaycanyönlü siyasətindən fərqli olaraq, İran diplomatiyasının yanılması kimi qiymətləndirmək olar. Bu oyunda Qərb regional dövlətlərdən daha çox Azərbaycanyönlü rol oynayıb.
Amma, bütün bunlara baxmayaraq, Amerikanın sanksiya kəməndinin zəiflədilməsində Türkiyənin yardımı müqabilində Tehran Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətinə dözməyə razılaşıb.
“Qafqazda İran və Türkiyənin əməkdaşlığı birmənalı olaraq regionun xeyrinə olacaq”, deyə Zərif İstanbulda cavabında bildirib.
İranın özünü gedən qatara atarkən beş ölkəyə təklif edə biləcəyi yeganə şey Qərb-Şərq və Şimal-Cənub regional nəqliyyat və energetika layihələrinə dəstəkdir. Təsadüfi deyil ki, İran XİN başçısının beşgünlük turnesi zamanı bütün görüşlərində kommunikasiya mövzusu mövcud olub. İran ilk növbədə öz maraqlarına əsaslanaraq, kommunikasiyaların açılmasında fəal rol oynamağa hazırdır. Cənubi Asiya və Hind Okeanının kəsişməsindəki coğrafi mövqeyindən istifadə edən ölkə öz növbəsində Ş-C+Ş-Q kəsişməsində əlaqələndirici kommunikasiya qovşağı olan Cənubi Qafqaz üçün nəqliyyat və energetika habı kimi əhəmiyyətini artıra bilər. İranın tranzit imkanları bu ölkənin güclü regional və geosiyasi münasibətlərə keçidini təmin edə bilər, bu da onun gələcəyi üçün daha əlverişli siyasi-iqtisadi mühiti təmin edər. Tehranda bunu başa düşürlər.
Mehman Aliyev
Rəy yaz