РИА Новости

РИА Новости

“Levada-sentr” 2020-ci ili Rusiya vətəndaşları üçün 1991-ci ildən etibarən ən ağır il adlandırıb, amma, güman edirəm ki, cari ilin yekunlarına görə Rusiyanın sosioloji araşdırmalar idarəsi öz seçiminə yenidən baxacaq. Və zənnimcə, məsələ təkcə davam edən pandemiyada deyil, həm də ölkəni tammiqyaslı böhrana gətirib çıxarmış siyasi kursdadır. Analitiklər qeyd edirlər ki, hakimiyyətin yanlış qərarlara yenidən baxmaq istəməməsi 2021-ci ilin iqtisadi nəticələrinin təxmin ediləndən dəfələrlə ağır olacağına gətirib çıxaracaq. Cəmiyyətlə dialoqun olmaması və bunun hakimiyyəti məlumatdan məhrum etməsi şəraitində istənilən yenilik qarşısında total qorxu formalaşır. Müstəqil jurnalistlər yazırlar ki, “hakimiyyətə qarşı münasibət senzuradankənar hal alıb” və sentyabrda Dövlət Dumasına keçiriləcək seçkilər ciddi təhlükədir. Əslində, tam nəzarət altında olan siyasi məkan, rəqiblərin olmaması, əvvəlcədən hazırlanmış deputatlar siyahısı, nədən ehtiyatlanmaq olar? Yalnız təxmin edilməsi mümkün olmayan gözlənilməzliklər, kütlənin və ya liderlərin təxmin edilməsi mümkün olmayan addımlarından.

Kremldə yaxşı başa düşürlər ki, dövlət hakimiyyətinin dəyişməsi ictimaiyyətin etirazlarına parlamentarilərin etirazları da əlavə edildiyi anda baş verir. Bəlkə də hakimiyyətin Navalnı problemini istənilən yolla həll etmək cəhdi məhz bununla izah olunur?

“Navalnı indi Rusiyanın bir nömrəli siyasi məhbusudur. Kreml artıq özünü hansısa qanun və ya prosedurlara riayət edirmiş kimi göstərmir belə. Putin artıq Qərbin sanksiyalarından, Avropa və Amerika siyasətçilərinin tənqidi şərhlərindən və daha çox təcridetmə çağırışlarından qorxmur. Onun üçün çox şey təhlükə altındadır – o bilir ki, Navalnı onun rejimini devirmək iqtidarındadır” (Janna Nemtsova, Bild, 20.01.21).

İqtisadiyyatın durğunluğu şəraitində xüsusi sosial texnologiyalar o qədər də çox deyil və onların əksəriyyəti repressiyaların xeyli artması ilə bağlıdır, Konstitusiya da buna uyğunlaşdırılıb. Amma bu vəziyyət çətinliklər yaratmaqla birlikdə ictimai etiraz üçün yeni imkanlar formalaşdırır.

Rusiyada nifrət o qədər artıb ki, etirazı növbəti dəfə çıxılmaz nöqtəyə gətirməyin asan olmayacağı barədə müəyyən əminlik yaranır.

Amma, yenə də Navalnının mitinq keçirmək çağırışının belə bir reaksiya doğuracağını təsəvvür etmək çətin idi. A.Navalnı yanvarın 17-də axşam, RF Cəzaların İcrası Xidməti “cinayət-prosessual nəzarətdən yayınması” səbəbindən onun “İv Roşe” işi üzrə şərti cəzasını real cəza ilə əvəz etməyi xahiş etməsindən sonra Almaniyadan Rusiyaya qayıdıb. Təyyarənin yönləndirildiyi Şeremetyevo paytaxt hava limanında Navalnı saxlanılıb və Ximki polis şöbəsinə aparılıb, burada yanvarın 18-də məhkəmə keçirilib və onun həbs müddəti 30 günə qədər uzadılıb.

Bütün ölkə üzrə ilk kütləvi etiraz aksiyaları yanvarın 23-də keçirilib. Navalnının tərəfdarlarının qiymətləndirmələrinə görə, mitinqlər Rusiyanın 120-dən çox şəhərində keçirilib, bu mitinqlərdə 300 000-dən çox insan iştirak edib. 2011-ci ildən etibarən bunun həm nümayişçilərin, həm də saxlanılan və polis şöbəsinə aparılanların (4000 nəfərə yaxın) rekord sayı olduğu qeyd edilir. RF İstintaq Komitəsi etirazlardan sonra bir neçə cinayət işi açıb, göründüyü qədər, onların sayı hələ artacaq.

Müşahidəçilər Rusiyanın Putinin hakimiyyəti dövründə hələ belə şey görmədiyini qeyd edərək, şənbə mitinqlərinin uzun müddət ərzində Vladivostokdan Sankt-Peterburqa qədər məkanı əhatə edən ən böyük nümayiş olduğunu təsdiq edirlər.

Bu arada, “müxalifətçi Aleksey Navalnının tərəfdarları qarşıdan gələn bazar günü, yanvarın 31-də Rusiyanın 53 şəhərində yeni etiraz aksiyaları keçirməyə hazırlaşırlar. Moskvada Navalnının tərəfdarları Lubyanka meydanı və Köhnə meydanda FTX-nin binası qarşısında toplaşmağı və oradan şəhərə “yürüşə” çıxmağı, yürüş istiqamətini “vəziyyətdən asılı olaraq” müəyyən etməyi planlaşdırırlar”.

Qərbin reaksiyası da kifayət qədər kəskin olub. G7 ölkələri Putini Navalnını, habelə onun mitinqlərdə saxlanılmış tərəfdarlarını və jurnalistləri dərhal azad etməyə çağırıblar. Onlar xatırladıblar ki, Navalnı Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə özbaşına və əsassız olduğunu təsdiq etdiyi məhkəmə qərarları ilə saxlanılıb. “Böyük yeddilik” dövlətlərinin XİN başçıları Navalnının zəhərlənməsini pisləyiblər və RF-yə istənilən kimyəvi silahdan istifadənin yolverilməz olduğunu və bu cinayətin şəffaf araşdırılması zərurətini xatırladıblar.

Federasiya Şurasının Suverenliyin Müdafiəsi komissiyasının rəhbəri Andrey Klimov maraqlı bəyanatla çıxış edib: "Əgər Navalnının fəaliyyətə xaricdən təyin olunmuş etiraz lideri olaraq   davam etməsi də yenidən uğursuz olarsa, Yuliya Navalnını  Belarus müxalifətçisinin Qərbin apaşkar  "adamı"   (əlaltısı)  olmuş xanımının bənzəri kimi   “Tixanovskaya -2”-yə  çevirməyə cəhd edilə  bilər". Bundan əvvəl (24 yanvar) Klimov deyirdi ki, bütün ölkədə Navalnıya dəstək üçün keçirilən aksiyalar “Qərb xüsusi xidmətləri tərəfindən” təşkil edilib. Rusiya və Belarus arasında müqayisələr o dərəcədə nəzərə çarpır ki, həm hakimiyyət nümayəndələri, həm də müxalifətçilər bu müqayisələrə üz tutur.

Bəs gələcəkdə hadisələr necə inkişaf edəcək? Qarşıdurmada iştirak edən iki əsas personaj öz mövqelərinin dəyişməzliyini nə vaxta qədər nümayiş etdirməyə hazırdır?

Britaniyanın “Guardian” qəzetinin Moskva müxbiri Endr Rot qeyd edir ki, Rusiya hakimiyyəti Navalnı ilə uzunmüddətli həbsdən başqa hər şeyi sınaqdan çıxarıb: “...İndi, müxalif siyasətçinin aradan qaldırılması əməliyyatı uğursuzluğa düçar olduqdan, Navalnının özünün isə evə qayıtması ilə hakimiyyətə meydan oxumasından sonra Putin bu dilemmanı nə cürsə həll etməlidir. Və Şeremetyevoda həbs Kremlin strategiyasının tamamilə dəyişməsi, onun problemi birdəfəlik həll etməyə hazır olması demək ola bilər”. Rusiya dövlət KİV-ləri də birmənalı olaraq hakimiyyətin “təcavüz dalğasına” çevrilən etirazların təzyiqi altında əyilmədiyini bəyan etməklə bu rəyi təsdiq edir. Həmçinin, Navalnını və onun hərəkatını bütün ağlasığan və ağlasığmaz günahlarda ittiham etməkdən yorulmayan hakimiyyətin bütün qollarının nümayəndələrinin heç vaxt olmadığı qədər birləşməsini də nəzərə almaq lazımdır.

Amma yenə də, bəlkə də sırf intuitiv olaraq, belə bir təəssürat yaranır ki, inkişaf edən dram gözlənilmədən adi məzhəkə ilə başa çata bilər. Hətta bu tamaşanın finalı uzansa belə, cəmi iki personajın oynadığı səhnənin arxasında paradoksal şəkildə öz düşmənlərinə kömək edən, onları “saray sirləri” barədə məlumatlandıran çox sayda digər qəhrəmanların yığışdığını təxmin etmək olar.

Navalnı, çox güman ki, bu gün uğur, şöhrət və məşhurluq zirvəsinə yüksəlmiş müvəqqəti fiqurdur. Onun nə vaxtsa dövlət idarəçiliyi maşınına minə biləcəyinə böyük şübhələr var. Hətta əsas “sistemsiz müxalifət” belə onu öz lideri kimi qəbul edə, bununla da öz sıralarını birləşdirə bilməyib.

Bütün bu deyilənlər qətiyyən Navalnınn hazırda Rusiya hakimiyyətini həddindən artıq gərməklə oynadığı rolu kiçiltmir. O, bu rolu cəsarətlə, heyranedici qoçaqlıqla oynayır. Bununla belə, indi onun üçün heyranlıq deyil, elementar olaraq yüz minlərlə insanın onun qoçaqlığını təqlid etməsi daha vacibdir. Amma politoloq Leonid Radzixovskinin qeyd etdiyi kimi: “Rusiyada cəsur insanlar yoxdur, ona görə onun arxalana biləcəyi heç kim yoxdur, Qərbin dəstəyi isə boş hoqqadır”.


Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti