Dünyada tüğyan edən Koronavirus pandemiyası milli səviyyədə ölkə, beynəxlalq səviyyədə isə qlobal iqtisadiyyata və ineqrasiyaya zərər vurmaqda davam edir. Virusla mübarizə bir tərəfdən büdcə gəlirlərinin formalaşmasına azaldıcı, digər tərəfdən də büdcə xərclərinə artırıcı təsir göstərir. Hər iki təsirin neqativ olması bir sıra ölkələrdə ciddi maliyyə çətinlikləri yaratmaqdadır. Odur ki, Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə maliyyə yardımını 1 trilyon dollara qədər artırdığını bəyan edib[1].
BVF-nin qiymətləndirmələrinə görə, inkişaf etməkdə olan ölkələrdə koronavirusla mübarizə üçün 2,5 trilyon dollar vəsait xərclənməlidir[2]. İnkişaf etmiş ölkələrin özünəməxsus və xüsusi fondlarının mövcudluğu onların beynəxalq maliyyə kredit təşkilatlarının yardımı olmadan da mübarizə aparmasına şərait yaradır. Artıq onlardan bir çoxu gözlənilən iqtisadi böhrana hazırlıqlar görür, koronavirusla mübarizəni gücləndirməklə yanaşı, ondan ziyan çəkən əhali və biznesə yardım paketlərini açıqlayırlar. Bu proqramların əsas məqsədi böhran dövründə məcmu tələb və məcmu təklif arasında tarazlığı qorurmaq, böhranın təsirlərindən müdafiə sistemi formalaşdırmaqdır.
Azərbaycanda da bu istiqamətdə müzakirələrdən sonra Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 19 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 1950 saylı sərəncamı imzalanmışdır.[3] Sərəncamla bu sahədə tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Bununla yanaşı, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı[4] ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu[5] yaradılmışdır. 5 aprel 2020-ci il tarixə olan son məlumata görə, dəstək fonduna 108,898,312 manat vəsait daxil olmuşdur ki, onun da 20 milyon manatı prezidentin ehtiyat fondundan[6] ayrılmış, yerdə qalan vəsaitin 82 469 504 manatını hüquqi şəxslərin, 6 428 808 fiziki şəxslərin[7] ianələri təşkil edib. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, tibb sahəsində mütəxəssislərin hazırlanmasına, təbliğat və maarifləndirmə işlərinə istifadə olunması nəzərdə tutulub[8].
Koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə müxtəlif ölkələrdə ayrılmış vəsaitlərlə 1 saylı cədvəl vasitəsilə tanış olmaq olar.
Cədvəl 1. Müxtəlif ölkələrdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə ayrılan vəsaitlər, onların adambaşına bölgüsü və ÜDM-də xüsusi çəkisi
Ölkələr | Ayrılan vəsait, milyard dollar | Adambaşına düşən məbləğ, dollarla | ÜDM-də xüsusi çəkisi, faizlə |
ABŞ | 2200 | 6677 | 12,0 |
Almaniya | 811,0 | 9782 | 21,0 |
Çin | 344,1 | 240 | 2,4 |
İspaniya | 220,0 | 4687 | 15,8 |
Avstraliya | 213,6 | 8475 | 62,1 |
Yaponiya | 138,0 | 1091 | 2,77 |
Böyük Britaniya | 122,7 | 1835 | 4,34 |
Kanada | 58,0 | 1543 | 3,38 |
Fransa | 48,6 | 725 | 1,79 |
İsveçrə | 33,0 | 3850 | 4,69 |
İtaliya | 28,0 | 462 | 5,63 |
Qazaxıstan | 10,0 | 555,5 | 5,88 |
Rusiya | 4,0 | 27,5 | 1,75 |
Azərbaycan | 0,6 | 60 | 1,27 |
Cədvəl məlumatlarından göründüyü kimi, müxtəlif ölkələr arasında ayrılan vəsaitin həcminə görə lider ölkə ABŞ olsa da, adambaşına və ÜDM-də xüsusi çəkisinə görə daha çox vəsait Almaniyada aparılıb. Azərbaycana gəlincə, adambaşına düşən vəsaitə görə, Rusiyadan irəli çıxsaq da Qazaxıstan və digər bütün ölkələrdən geri də qalırıq. Azərbaycan koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə ayrdığı vəsaitin ÜDM-də xüsusi çəkisinə görə, müqayisə üçün təqdim olunan 14 ölkə arasında sonuncu sıradadır.
Azərbaycanın koronavirusla mübarizəyə digər ölkələrlə müqayisədə az vəsait xərcləməsinin səbəbini biznesə və əhali qrupuna münasibətdə ikili yanaşma ilə izah etmək mümkündür. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin Tədbirlər Planında[9] hətta koronavirusun təsirindən əhəmiyyətli dərəcədə təsirlənən fərdi (mikro) sahibkarlara yardım ayrılarkən onlar arasında fərq qoyulur. Belə ki, bu dəstək də yalnız 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirənlərə şamil olunur. Bununla da fərdi (mikro) sahibkarların böyük bir qrup çıxdaş edilib. Bundan əlavə oxşar yanaşma koronavirusun təsirindən əhəmiyyətli dərəcədə təsirlənən orta və iri biznesdə çalışanlara münasibətdə də tətbiq olunur. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulsa da həmin sahələrdə çalışan qeyri-leqal işçilərə görə heç bir ödəniş nəzərdə tutulmur. Bu isə son nəticədə Tədbirlər Planının əhatə dairəsinin məhdudlaşdırılmasına xidmət edir və 2020-ci ilin dövlət büdcəsindən[10] ayrılacaq vəsaitin azaldılmasını şərtləndirir.
Hesab edirəm ki, bu istiqamətdə ayrılan vəsaitin miqdarı artırılmalı və onun əhatə dairsəinə koronavirusun neqativ təsirlərindən zərər çəkən əvvəlki vergi və sosial sığorta ödənişlərindən asılı olmayaraq bütün biznes subyektəri, eləcə də həmin sektorda leqal və qeyri-leqal çalışan işçilər də daxil edilməlidir. Çünki, hər iki biznes subyektləri və onlarda çalışan bütün işçilər böhranın təsirinə məruz qalırlar. Digər tərəfdən də burda söhbət dövlət yardımından gedir, ayrılan vəsait kredit deyil, onu ayıran da bank deyil ki, qərar verəndə müştərinin borc tarixi əsas götürülsün. Xüsusilə hazırkı böhran dövründə belə yanaşma qəbulolunmazdır.
[1] https://www.imf.org/en/News/Articles/2020/03/23/pr2098-imf-managing-director-statement-following-a-g20-ministerial-call-on-the-coronavirus-emergency
[2] https://www.imf.org/en/News/Articles/2020/03/27/sp032720-opening-remarks-at-press-briefing-following-imfc-conference-call
[3] https://president.az/articles/36228
[4] https://president.az/articles/36216
[5] http://covid19fund.gov.az/az/
[6] https://president.az/articles/36215
[7] http://covid19fund.gov.az/az/donation
[8] https://president.az/articles/36217
Rəy yaz