Medvedevin son Qarabağ həmləsinə inam yoxdur

 

Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı yanvarın 23-də Soçiyə dəvət etməsi çoxları üçün sürpriz oldu. Çünki Medvedevin hakimiyyət müddətinin bitməsinə təxminən iki ay vaxt qalıb və onun bu qısa zamanda daxili və xarici siyasətdə hər hansı uğur qazanacağı mümkün görünmür.

ABŞ-da Medvedev kimi prezidentləri “axsaq ördək” adlandırırlar. Yəni prezident müddəti başa çatan və postunu tərk etməyə hazırlaşan fiqurun təşəbbüsləri ciddi qəbul olunmur. Ona görə də Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə bir araya yığmasının əhəmiyyəti qalmır. Medvedev mövqeyinin nisbətən güclü olduğu 3 ildə prezidentləri 10 dəfə bir araya gətirərək nəticə əldə etməyibsə, son görüşündə münaqişənin həlli ilə bağlı hansı uğur əldə edə bilər?

Dmitri Medvedev 2010-cu ilin iyun ayında azərbaycanlı və erməni həmkarlarını Kazana dəvət etdikdə, bəzi siyasi dairələr az da olsa, baza prisniplərinin imzalanacağı ilə bağlı müəyyən optimist proqnozlar irəli sürürdülər. Ancaq bu görüş də özünü doğrultmadı. Prezidentlər heç bir sənəd imzalamadan geri qaytıdılar. Budəfəki Soçi görüşü ilə bağlı isə ancaq pessimist fikirlər səslənir. Vəzifəsini baş nazir Vladimir Putinə təhvil verməyə çalışan Medvedev Soçi görüşünü sanki Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün deyil, sadəcə azərbaycanlı və erməni həmkarları ilə sağollaşmaq naminə təşkil edir.

Əslində Azərbaycan və Ermənistan prezidentləri də Soçi görüşünün mənasız olduğunu anlayırlar. Soçidə hər hansı irəliləyiş əldə olunmayacağı onlara da əvvəlcədən bəllidir. Əksinə, Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlətlər Birliyi çərçivəsindəki bundan əvvəlki Moskva görüşündə az qala əlbəyaxa olmalarına dair xəbərlər yayılmışdı və onlar təmaslara uzun müddət ara verilməsinə tərəfdar idilər. Buna baxmayaraq, İlham Əliyev və Serj Sarkisyan Medvedvin son istəyinə “yox” deyə də bilməzdilər.

Reallıqda isə İlham Əliyev və Serj Sarkisyan Medvedevdən sonrakı danışıqlar mərhələsinə hazırlaşırlar. Rusiyada martda keçiriləcək prezident seçkisində çox ciddi qarşıdurmanın olacağı proqnozlaşdırılır. Putini əvvəlki seçkilərdən daha çətin sınaq gözləyir. Rusiya cəmiyyəti eyni adamı hakimiyyətdə görməkdən yorulub, insanlar dəyişiklik istəyirlər. Putin qələbə çalsa belə, Rusiyada seçki nəticələri ətrafında qızğın mübarizə gözlənilir. Odur ki, Putin martdan sonrakı aylarda bir müddət öz problemləriylə məşğul olmaq məcburiyyətində olacaq. Yəni Dağlıq Qarabağ münaqişəsi yay aylarının sonuna doğru Putinin gündəminə gələ bilər. Digər tərəfdən, Medvedevdən fərqli olaraq Putini Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər də maraqlandırmır. Medvedev xoş niyyətli olsaydı belə, ona Moskvadakı bəlli siyasi və hərbi dairələr Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməzdilər. Putinin isə, ümumiyyətlə, xoş niyyət deyilən bir dərdi yoxdur. O, Rusiyanın hegemon maraqlarından və Ermənistanla hərbi-strateji əlaqələrin inkişafından çıxış edir. Bu yanaşma isə münaqişənin ədalətli həllinə ziddir. Ona görə də Putinin təşkil etdiyi üçtərəfli görüşlər də böyük ehtimalla imitasiya xarakteri daşıyacaq.

Buna rəğmən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı imitasiyasını xaricdən poza biləcək dövlətin olmadığı reallıqdır. ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri - nə ABŞ, nə də Fransa Rusiyanın təkbaşına və nəticəsiz qalan vasitəçiliyini əngəlləmək istəyir. Sanki Vaşinqton və Paris danışıqlar prosesindən kənara çəkiliblər. Ancaq Fransanın fəallaşması ehtimalı da Azərbaycana yaxşı heç nə vəd etmir. Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri onun Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyini ortaya qoydu. Elə Fransa Senatının “erməni soyqrımı”nı inkar edən qanun layihəsini təsdiq etməyə hazırlaşması da Parisin ermənipərəst mövqeyinin rəsmiləşməsi deməkdir. ABŞ-ın hazırki administrasiyasının isə ümumiyyətlə Cənubi Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.

Beləliklə, nə Rusiyanın təkbaşına fəallığı, nə də Minsk Qrupunun vasitəçiliyi münaqişənin həllini sürətləndirmək istidarındadır. Bunun üzərinə Rusiyadan başqa bu il Ermənistan, ABŞ və Fransa, gələn il isə Azərbaycandakı prezident seçkilərini əlavə etsək, yaxın iki ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyin əbəs olduğu aydınlaşar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti