Nazarbayev

Nazarbayev

Real məlumat: gənc yaşlarından onda vərdiş formalaşıb: həmişə birinci olmaq.1984-1989-cu illərdə ittifaq respublikası hökumətinin 44 yaşında gənc rəhbəri olub. Nazarbayev SSRİ-nin bütün respublikalarında həyata keçirilən milli kadrların formalaşdırılması siyasəti dalğasında hakimiyyətə yüksələn ən parlaq gənclərdən biri olub.

1991-ci ildə işıq üzü görmüş "Sağlarsız və sollarsız" kitabında Nazarbayev qeyd edirdi ki, "yeddinci diz"inə qədər bildiyi əcdadları "mavi" qan olmayıb: "Mən çoban oğlu, nəvəsi və nəticəsiyəm". Böyük bir ölkənin (sahəsinə görə dünyada doqquzuncu yerdədir - 2724,9 min km2) ilk prezidenti 1930-1933-cü illərdə süni aclıq səbəbindən öz əhalisinin dörddə birini itirib və nəticədə qazax xalqı öz torpaqlarında azlıq təşkil edib.

İlk fərmanlar: Semipalatin nüvə poliqonunun bağlanması, bir milyondan çox adam sınağın qurbanı olmuşdu, dünyanın 4-cü nüvə silahı arsenalından imtina. SSRİ dağıldıqdan sonra 4 il ərzində Qazaxıstanda sənaye istehsalının həcmi iki dəfə, kənd təsərrüfatı 30 faiz azalmışdı, iri müəssisələrin əksəriyyəti dayanmışdı. Nazarbayev getmədən öncə ÜDM 15 dəfə artıb. Təhsildə prinsip elan edilib: məzunlar qazax, rus və ingilis dillərini mükəmməl bilməlidirlər. 1993-cü ildə "Bolşak" təhsil proqramına başlanılıb: müsabiqə əsasında məktəb məzunları dövlət təqaüdü ilə xaricə oxumağa göndərilirdi (15 mindən çox mütəxəssis hazırlanmışdı). 2012-ci ilin dekabrında 2050-ci ilə qədər Qazaxıstanın inkişaf proqramı hazırlanıb, məqsəd ən inkişaf etmiş 30 ölkə sırasına daxil olmaqdı.

Ölkə dini dözümlülük siyasətinə ciddi sadiq qalaraq əksəriyyəti müsəlman olan əhali ilə çoxsaylı etnik rus və ukraynalı azlıq arasında sülhü dəstəkləyib. 01.06.21-ci il tarixinədək əhali təxminən 19 milyon nəfər olub. Qazaxlarla yanaşı ruslar (23,7 faiz), ukraynalılar (2,1 faiz), özbəklər (2,9 faiz), tatarlar (1,3 faiz), uyğurlar (1,4 faiz), almanlar (1,1 faiz), həmçinin digər millətlərin nümayəndələri (4,4 faiz) yaşayırlar.

Konstitusiyada son dəyişikliklərlə ölkə prezident-parlament ölkəsi olub. Dünya məkanına inteqrasiya üçün qazax dilinin mərhələli şəkildə latın qrafikasına keçməsi planlaşdırılıb. 30 illik siyasi hakimiyyət üçün çoxdurmu? Buna Qazaxıstan xalqı qərar verməlidir. Lakin Nazarbayevin xarici siyasi fəaliyyəti birmənalı olaraq beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilir. İlk növbədə, beynəlxalq vasitəçilik və çoxtərəfli təşkilatların yaradılmasında.

Qazaxıstanın çoxvektorlu xarici siyasəti (ardıcıl olaraq Rusiya, Hindistan, Çin, ABŞ, Aİ, Asiya ölkələri) bütün Mərkəzi Asiya dövlətləri üçün model olub. Nazarbayev ABŞ, Rusiya və Çin ilə möhkəm münasibətlər qurub, həmin dövlətlərin münaqişəli maraqlarının girovuna çevrilməyib. 

Prezident Putin Nazarbayevi özünün əsas müttəfiqi, Qazaxıstanı isə Rusiyanın ən böyük ticarət tərəfdaşı hesab edir. 2020-ci ilin oktyabrında Qazaxıstan və Rusiya hərbi əməkdaşlıq haqqında ikitərəfli müqaviləni yeniləyiblər ki, bu da əvvəlki ilə müqayisədə iki ölk silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət spektrini genişləndirir. 2021-ci ildə Rusiyanın xarici işlər naziri S. Lavrov və Federasiya Şurasının spikeri V. Matviyenko Qazaxıstana səfər ediblər. Səfər zamanı onların hər ikisi ölkələrin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və dövlətçiliyinə hörmət etməsi haqda müddəanı öz bəyanatlarına daxil ediblər, Qazaxıstana qarşı ərazi iddiaları kampaniyasını dayandırıblar.

Qazaxıstan Çinin "Bir kəmər, bir yol" layihəsinin ayrılmaz hissəsidir, çünki coğrafi olaraq Avropa bazarları ilə bağlıdır. Hindistan Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və Nazarbayev cavab olaraq 1992-ci ildə MDB-dən kənar ilk xarici səfərini Nyu-Dehliyə edib. Ötən illər ərzində Hindistan və Qazaxıstan strateji alyans yaradıblar. 2013-cü ildə iki ölkəni birləşdirməyə kömək etmək üçün beş ölkəni birləşdirən karbohidrogen boru kəmərinin tikintisi təklif edilib. Müstəqillik əldə etdikdən dərhal sonra Nazarbayev  Asiyada qarşılıqlı fəaliyyət və etimadın möhkəmləndirilməsi üzrə Müşavirə təşəbbüsü ilə çıxış edib. Bu, regional problemlərin müzakirəsi və praktiki əməkdaşlığın inkişafı üçün ümumasiya dialoq meydançasına çevrilib. Mənzil-qərargah Almatıda yerləşir, Müşavirənin Müdriklər Şurasının (inam tədbirlərinin möhkəmləndirilməsi üçün müxtəlif vektorlarda əməkdaşlığın intensivləşdirilməsi üzrə tövsiyələrin hazırlanmasından ötrü yaradılır) sədri postuna isə Nazarbayev irəli sürülüb. 2010-cu ildə Qazaxıstan ATƏT-ə rəhbərlik edən ilk postsovet dövləti olub (bu postda böhran həll olunurdu və qonşu Qırğızıstanda gərginliyin səngiməsi baş verdi), BMT TŞ-nin qeyri-daimi üzvü (2017-2019-cu illər) seçilib.

Lakin beynəlxalq vasitəçilik sahəsində Qazaxıstanın ilk təşəbbüsü 1991-ci ilin sonunda, Nazarbayev və Yeltsin Ermənistanla Azərbaycan arasında münaqişəni aradan qaldırmağa cəhd edərkən baş verib. Son onillikdə bu səylər Avrasiyada geosiyasi rəqabətin güclənməsi kontekstində bərpa edilib.

Qazaxıstanın nüvə diplomatiyası sahəsində ardıcıl siyasətini ayrıca qeyd etmək lazımdır: 2013-cü ildə Almatıda İranın nüvə proqramı üzrə iki sammit keçirilib və bu, Cenevrə danışıqlarına və İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının imzalanmasına yol açıb. 

Qazaxıstan Rusiya və Qərbin arasında gərginliyin azaldılması üçün çox işlər görüb: 2014-cü ildə Nazarbayev Ukrayna ilə əlaqədar Rusiya və Qərb arasında ziddiyyətləri yatırmağa çalışıb, Rusiya, Ukrayna, Fransa və Almaniya arasında dialoqun qurulmasında rol oynayıb və bu, Normand formatı ilə başa çatıb. 2016-cı ildə Nazarbayev Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında gərginliyin artmasının qarşısının alınmasında fəal rol oynayıb. Nəticədə Türkiyə və Rusiya prezident Nazarbayevin Qazaxıstanda Suriya münaqişəsilə bağlı danışıqlar aparmaq təklifini qəbul ediblər. Astana bu ölkələr arasında hərbi əməliyyatların qarşısını almaq və Suriyada münaqişənin ümumi həllini tapmaq üçün Rusiya, Türkiyə və İranı qəbul edib.

Qazaxıstanın vasitəçiliyi yaxın ölkələr, Avrasiyanın geosiyasi sabitliyinə təsir edən sahələr üzərində cəmləşib ki, bu da Qazaxıstanın öz təhlükəsizliyi üçün müəyyənedici amildir. Nəticədə Qazaxıstan öz beynəlxalq imicini və neytral vasitəçi statusunu yüksəldir. Türk dünyasının siyasi elitasının əksəriyyəti Nazarbayevi ağsaqqal hesab edir və bu, sadəcə, Qazaxıstan liderinin yaşına hörmət əlaməti deyil.

Qazax xalqının millət kimi formalaşmasına və Qazaxıstanın dövlət quruculuğuna diqqətini yönəldən Nazarbayev tarixin çərçivəsini genişləndirib, qazax tarixçiləri Qazaxıstanın tarixini ümumtürk identikliyi əsasında yenidən yazmağa çağırıb, Astanada Beynəlxalq Türk Akademiyasının yaradılmasına təşəbbüs göstərib, demək olar ki, bir əsr sonra Cənubi Qazaxıstan vilayətinin adını yenidən Türküstan adlandırıb.

O, Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini qaldırıb, bu dövlətin Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş kimi statusunu dəstəkləyib. 2009-cu ilin oktyabrında Türkiyə ilə strateji tərəfdaşlıq imzalanıb, türkdilli ölkələrin Əməkdaşlıq Şurası təşkilatı yaradılıb.

Nazarbayev hakimiyyətdə hamar dəyişikliyi təmin etmək üçün çox işlər görüb. Bir neçə il öncə keçidi planlaşdırmağa başlayıb. 2017-ci ildə Nazarbayev Konstitusiyada dəyişikliklər edərək prezidentin hakimiyyətini kiçildib, 2018-ci ilin iyulunda isə rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rolunu genişləndirərək ona bütün təhlükəsizlik qüvvələri və xarici siyasət üzərində nəzarət verib. Jurnalistlər yazırlar ki, Qazaxıstanda Li Kuan Yu dövründə Sinqapurdan kopyalanan "prezidentin müəllimi" modelinin bir variantı qəbul edilib. Hesab edirlər ki, Nazarbayev və Mərkəzi Asiyanın digər liderləri Sinqapuru inkişafın yaxşı nümunəsi sayırlar.

2010-cu ildən Qazaxıstan Respublikasının birinci prezidentinin Yelbası statusu (müasir qazax millətinin və dövlətinin lideri və ya qurucusu) rəsmi olaraq tanınıb.

Region üzrə qonşularla münasibətlər uzun müddət ölkənin problemləri arasında olub və bu, Özbəkistanda hakimiyyətin dəyişməsindən və ABŞ ilə "5+1" formatında əməkdaşlıq proqramının başlanmasından sonra nəzərəçarpacaq dərəcədə yoluna qoyulub. Qazaxıstanın özündə qarşıdurma dərinləşir. Qazax ekspertlərin sözlərinə görə, "naqız" və "şala" qazaxlar (hərfi mənada "yaxşı", "əsl" və "yarıqazaxlar: öz doğma dilində danışan və ya danışmayan, identikliyi xeyli dərəcədə fərqlənən qazaxlar) arasında qarşıdurma dərinləşir.

Digər bir problem, memarı Nazarbayev olan və postsovet məkan kimi çıxış edən  avrasiyaçılığa inteqrasiyanın sosial-mədəni, siyasi və iqtisadi konsepsiyası ilə bağlıdır. Maraqlıdır, lakin məhz Rusiya Qərb və Şərq arasında özünün geosiyasi oriyentasiyasını yekun olaraq müəyyənləşdirə bilmir, baxmayaraq ki, son siyasi hadisələr onu avrasiyaçılıq tərəfə sürükləyir.

“SSRİ-nin süqutundan sonra Rusiya dünyada öz yeni yerinin  axtarışında avroatlantika biriyinin bir hissəsi olmaq perspektivini öz üzərində hiss edirdi, Qərbdə bərabərhüquqlu əsasda siyasi tanınmaya rast gəlmədikdə isə özünü Asiya-Sakit Okean regionunda Avropa - Sakit okean fövqəldövləti kimi göstərdi", - rusiyalı analitiklər yazırlar. Burada Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin xarici siyasi konsepsiyasının ziddiyyətləri görünür. Asiya regionunun dünya siyasətinin mərkəzinə çevrilməsi, Amerika qoşunlarının Əfqanıstandan getməsi və taliblərin idarəçiliyinin başlanması, ÇXR regionunda nüfuzun artması və bir sıra digər amillər ən yaxın zamanda bu məkanın siyasi oyunçularını öz strateji üstünlüklərini müəyyənləşdirməyə məcbur edəcək. Mərkəzi Asiya ölkələrinin xarici siyasi fəaliyyəti bu prosesdən asılı olaraq qurulacaq. Və şübhəsiz ki, ölkələrin lokomotivi Özbəkistan tərəfindən dəstəklənmək şərtilə Qazaxıstandır.  Qazaxıstan əhalisinin 52 faizi Nazarbayevin idarəçiliyi dövründə anadan olub. Qərb analitiklərinin fikirlərinə görə, Nazarbayev "yumşaq" avtoritar rejim qurub. Bu gün Nazarbayev çalışacaq ki, Qazaxıstanın bütün inkişaf problemləri həll olunsun, hələ ki o ölkəyə nəzarət etməyə qadirdir.

Nazarbayev postsovet kollapsından sonra ölkəni mahiyyətcə ciddi sarsıntılar və etnik münaqişələr olmadan uğurla çıxarıb. Bununla yanaşı, iqtisadi böhranlar, sosial-iqtisadi problemlər və etnik münaqişələr həmin dövrdə postsovet dövlətləri üçün adi hal idi. Etiraf etmək lazımdır ki, Nazarbayev 1990-cı illərdə öz ölkəsini xilas edib. Bu dəfə necə olacaq? Həm də əhalinin yoxsul təbəqələrinin sosial-iqtisadi problemlərini yenidən həll etməyin, Rusiya, Çin, ABŞ, Türkiyə və Avropa ilə, eləcə də qonşu ölkələrlə münasibətlərin kövrək balanslaşdırılmasına əsaslanan çoxvektorlu xarici siyasəti davam etdirməyin, "Bir kəmər, bir yol" təşəbbüsündə rolunu dəqiqləşdirməyin lazım gəldiyi vaxtda....???

Senatın spikeri, 20 mart 2019-cu il tarixində prezident vəzifəsinin icraçısı kimi and içən Kasım-Jomart Tokayev baş nazir, Senatın spikeri, xarici işlər naziri, BMT baş katibinin müavini kimi yollardan keçib. Nazarbayev hələ də milləti və dövləti quran ölkəni öz varisinə ötürür. Nursultan Nazarbayev tamamən hakimiyyətdə olsa da, onun dövrü sona çatmaq üzrədir. Odur ki, Patriarxın qalan vaxtda nə edəcəyi çox maraqlıdır.

 

Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti