tr.sputniknews.com
Erməni siyasətçilər RSFSR və Türkiyə arasında Moskva müqaviləsinin hüquqi qüvvəsinin dayandırılmasını 16 mart 2021-ci il tarixinə "təyin ediblər". Belə ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında indiki sərhədlər bu müqaviləyə əsasən müəyyən edilib.
Ermənistan mətbuatında ölkə rəhbərliyini Azərbaycan və Turkiyə ilə sərhəddən imtina hüququ elan etməyə və Moskva müqaviləsini imzalayan dövlət kimi Rusiyanı Yerevandan nümunə götürməyə razı salmağın vacibliyi barədə bəyanatlar yayılır. Ermənistanda iddia edirlər ki, əgər bu, baş verərsə Naxçıvan və Qarabağ erməni dövlətinin hüquqi meydanında olacaq, Türkiyənin Qars əyaləti və Ararat dağı Ermənistana keçəcək. Bu hüquqi aktın ardınca isə yeni regional reallığın beynəlxalq tanlnması ilə bağlı Yerevanın tələbləri irəli sürülür. Ermənistanda Moskva müqaviləsinin 100 illik fəaliyyəti haqda danışırlar. Bu müqaviləyə əsasən Naxçıvan və Qarabağ "müvəqqəti olaraq Azərbaycanın idarəçiliyinə verilib".
Bu cür fikirlərlə Ermənistanın təkcə ictimai yox, dövlət xadimləri də çıxış edirlər. 2 sentyabr 2010-cu il tarixində "Reqnum" agentliyi Ermənistanın xarici işlər nazirinin Yerevanda keçirdiyi mətbuat konfransı haqda məlumat yayıb. Mətbuat konfransı zamanı o bildirib ki, Yerevanla Ankara arasında diplomatik münasibətlərin qurulması haqda Protokoldan irəli gələrək Ermənistanın Türkiyənin dövlət sərhəddini tanıması Ermənistanın Qars müqaviləsini tanımasını nəzərdə tutmur.
Tarixi arayış
11 sentyabr 1922-ci il tarixində qüvvəyə minmiş 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi həmin ilin 16 mart tarixli Moskva müqaviləsinin müddəalarını təsdiqləyib və dəqiqləşdirib. “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi Türkiyənin indiyədək mövcud olan şimal-şərq sərhəddini müəyyən edib. Sovet Rusiyası və Türkiyə hər iki tərəfin qəbul etmək məcburiyyətində qalacağı "hər hansı bir sülh müqaviləsini və ya digər beynəlxalq aktı" tanımamağa razılaşıblar. O zaman Antanta tərəfindən Türkiyəyə qəbul etdirilən Türkiyə ərazisinin bölünməsi haqda Sevr müqaviləsi nəzərdə tutulurdu.
1945-ci il Potsdam konfransında Stalin Leninin buraxdığı səhvləri düzəltməyə cəhd göstərib və Türkiyənin qərb ərazisini Ararat dağı ilə birlikdə Sovet İttifaqına (Ermənistan SSR) verməyi tələb edib. Lakin antihitler koalisiyası ölkələri bu tələbi rədd ediblər. Stalinin ölümündən sonra SSRİ-nin Türkiyəyə ərazi iddiaları aradan qaldırılıb.
22 avqust 1978-ci ildə Türkiyə baş nazirinin Moskvaya rəsmi səfəri zamanı SSRİ və Türkiyə arasında
imzalanmış dövlətlərarası müqavilədə tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyiblər.
1921-ci ilin oktyabrında Atatürkçülər və Zaqafqaziya sovet respublikaları arasında Moskva müqaviləsinə bənzər Qars müqaviləsinin bağlanması hazırda da mövcud olan dövlətlərarası sərhədlərin qanuni sənədləşdirilməsini tamamlayıb.
Müqavilənin V maddəsinə görə, Qara dəniz və boğazların beynəlxalq statusunun yekun hazırlanması sahilyanı dövlətlərin nümayəndələrindən ibarət gələcək Konfrans tərəfindən müəyyən ediləcəkdi və o şərtlə ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə, Türkiyənin və onun paytaxtı Konstantinopolun təhlükəsizliyinə ziyan vurmayacaq.
1975-ci ildə isə SSRİ daxil olmaqla 35 dövlət İkinci Dünya Müharibəsinin yekunları ilə əlaqədar mövcud dövlət sərhədlərinin pozulmazlığı haqda Helsinki Yekun Aktını imzalayıblar.
Öz siyasətçiləri tərəfindən aldadılmış erməni oxucuların diqqətini çəkəcək maraqlı məqam o ola bilər ki, nə Moskva müqaviləsində, nə də Qars müqaviləsində bu sənədlərin imzalandıqdan 100 il sonra və yaxud nə zamansa qüvvədən düşməsi barədə göstəriş yoxdur.
Rusiya Ermənistanın xeyrinə sərhədlərə yenidən baxılmasının əleyhinədir
Ermənistanda Rusiyanı Türkiyə ilə müqavilələrdən birtərəfli qaydada imtina etməyə razı salmağa çalışırlar. Erməni mediasında bu cümlə geniş yayılıb: “Martın 16-da Moskva müqaviləsinin imzalanmasının 100 ili tamam olur. Həmin müqaviləyə əsasən Qars 100 il müddətinə Türkiyəyə verilib. Sənədi Leninin rəhbərliyilə Sovet Rusiyası hökuməti və Kamal Atatürkün rəhbərliyilə Türkiyə imzalayıb".
Bəzən ermənilər buna nail olurlar. 2016-cı ildə Dövlət Dumasının RFKP-dən olan deputatları Moskva müqaviləsini ləğv etmək təklifilə prezident Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova müraciət etmişdilər.
Ədalətli Rusiya Partiyasından deputat Oleq Paxolkovun sözlərinə görə, müqavilədə Türkiyə Dağlıq Qarabağın yaradılması haqda maddə də daxil olmaqla, çox ağır şərtlər irəli sürüb. Paxolkov qeyd edib ki, Ermənistan bu məsələdə Rusiyanı dəstəkləyəcək.
Lakin hətta ermənilərin Rusiyadakı qatı müdafiəçiləri də mövcud sərhədlərə baxılmasının əleyhinədir.
1921-ci il Moskva və Qars müqavilələrinə görə məsuliyyəti çağdaş Rusiyanın üzərinə qoymaq olmaz.
Ona qarşı iddialar çox qəribə olardı. Bu barədə Rusiya Dövlət Dumasının miqrasiya və vətəndaşlıq
məsələləri üzrə xüsusi nümayəndəsi, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin bildirib.
Zatulinin fikrincə, Moskva və Qars sənədləri tarixdir, onu istənilən qədər təhlil etmək, o vaxtkı bolşevik hakimiyyətinin səriştəsizliyini, tarixi günahını və uzaqgörən olmadığını sübut etmək olar. Leninin "Türk Ermənistanı" haqda dekretini təhlil etmək olar. Atatürkün dəstəklənməsində və qələbə qazanmasında Rusiyanın rolundan danışmaq olar. Ancaq mən 1921-ci il hadisələrinin üzərində durmağın tərəfdarı deyiləm, Zatulin əlavə edib.
Beynəlxalq hüquqşünas Kira Sazonova kommersant.ru-ya müsahibəsində qeyd edib ki, Moskva və Qars müqavilələri müddətlə məhdudlaşmayıb. SSRİ və Türkiyə arasında 1978-ci il sazişi təsdiq etdi ki, həmin vaxt dövlətlər arasında ərazi iddiaları olmayıb. Bu gün Qars müqaviləsinə yenidən baxılması ilə bağlı cəhdlər gözlənilməz nəticələrə gətirib çıxara bilər. Fikrimcə, bu, faydadan çox zərər gətirəcək. Çətin ki bu gün elə siyasətçi tapılsın ki, həqiqətən Qars müqaviləsinin ləğvini və Zaqafqaziyaya sərhəd məsələsinin yenidən gətirilməsini istəsin, rusiyalı beynəlxalq hüquqşünas hesab edir.
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov Turan ilə söhbətində qeyd edib ki, Moskva Türkiyə ilə müqavilələrdən imtina etməyəcək, həm də ona görə ki, həmin tarixi sənədlərə əsasən Rusiya Aralıq dənizinə çıxmaq üçün Bosfor və Dardanel boğazlarından maneəsiz istifadə hüququ əldə edib.
Kamal Əli
Rəy yaz