economics-prorok.com

economics-prorok.com

COVİD- 19 pandemiyasının ən qızğın vaxtında Rusiyapərəst “Müxalifət platforması-Həyat naminə”nin deputatları Renat Kuzmin və Viktor Medvedçuk (Rusiya prezidenti Vladimir Putinin qudası) ABŞ Müdafiə Nazirliyinin proqramı ilə işləyən bioloji laboratoriyalar ilə bağlı siyasi qalmaqal yaratmağa başlayıblar. Onlar  ölkə prezidenti Vladimir Zelenskiyə sorğu göndəriblər ki, araşdırma aparılsın - bu laboratoriyalar necə maliyyələşdirilir və Ukrayna hökuməti onlara necə nəzarət edir, Çinin Uhandakı  laboratoriyasında olduğu kimi, orada da viruslar hazırlanırmı?

Sorğu müəllifləri iddia edirlər ki, Viktor Yuşenko və Yuliya Timoşenkonun dövründə fəaliyyətə başlamış bu laboratoriyalar sonradan Viktor Yanukoviçin dövründə dayandırılıb və Vladimir Poroşenkonun dövründə bərpa edilib. Və Ukraynada ölümlə müşayiət edilən müxtəlif virusların yayılması baş verib. Eyni zamanda laboratoriyaların işində ştamların sızmasına səbəb ola biləcək pozuntular olmuşdu. Onların sözlərinə görə, 2016 - cı ildə DTRA-nın (Defense Threat Reduction Agency-ABŞ Müdafiə Nazirliyinin strukturu olan hərbi təhlükənin azaldılması Agentliyi) maliyyələşdirdiyi laboratoriyalardan birinin yerləşdiyi Xarkovda “20 ukraynalı hərbçi qripə oxşar virusdan ölüb”. Daha 200 nəfər xəstəxanaya yerləşdirilmişdi. Odessa, Zaporojye və yenə də Xarkovda hepatit A yayılmışdı. 2017 - ci ildə botulizm baş verib və sanki qəsdən bu çox nadir xəstəliyə qarşı peyvəndin alınması hələ 2014-cü ildə dayandırılmışdı. Beləliklə, “tədqiqat üçün biomaterial “təşkil edilmişdi”.

Rusiya KİV-i dərhal bundan “yapışdı”. Guya dəhşətdir, Rusiya sərhədlərinin ətrafında ABŞ-ın təxminən otuza yaxın tibb mərkəzi cəmləşib, orada gizli bioloji tədqiqatlar aparılır.

Rusiyapərəst deputatların demarşının Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna hökumətinin baş nazir müavini postuna namizədliyinin irəli sürülməsi ilə eyni vaxta düşməsi çətin ki təsadüfdür. Gürcüstanın eks-prezidenti Rusiya üçün bir nömrəli düşməndir. Digər tərəfdən, bu, siyasi qalmaqal üçün əla səbəbdir.

Aydındır ki, M.Saakaşvilinin namizədliyinin irəli sürülməsi təşəbbüsü Ukrayna prezidenti Vladimir Zelenskiyə məxsus idi. Belə təkliflər ancaq prezidentdən gələ bilər.

Lakin Saakaşvilini hökumətə gətirmək üçün parlamentdə 226 səs yığmaq lazım idi. Amma parlamentdə prezident fraksiyası olan “Xalqın xidmətçisi” də prezidentin təşəbbüsünə xüsusi entuziazm olmadan yanaşıb. Bu, təkcə Ukrayna isteblişmentinin Saakaşvilini sevməməsi ilə yox, həm də qorxması ilə izah edilir. Çünki güclü rəqibdir, çox çalışqan və inadcıldır. Hamı başa düşür ki, o, Ukraynanın siyasi və media mənzərəsini dəyişə bilər. Odur ki, praktik olaraq heç bir parlaq fiqurun olmadığı siyasi bomonda Saakaşvilinin namizədliyinin irəli sürülməsi xoş gələ bilməzdi.

Eyni zamanda deputatların bir çoxunun təyinatın  Donbasda vəziyyəti daha da ağırlaşdıra biləcəyindən ehtiyatlanması əsassız deyildi. Kreml vasitəçi-Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak vasitəsilə ismarıc göndərmişdi ki, əgər Saakaşvili baş nazirin müavini olarsa, bu, Rusiya-Ukrayna münasibətlərini daha da pisləşdirəcək və Donbasdakı fəallığa təsir göstərəcək.

Nəticədə aprelin 24-də aydın oldu ki, Zelenskiyə öz kadr qərarını irəliləməyə imkan verilməyəcək. O zaman o, başqa yolla getməyə qərar verdi və öz fərmanı ilə Mixail Saakaşvilini Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin etdi.

Bəs necə oldu ki, hakimiyyətə gəldiyi ilk gündən siyasəti Moskvanı qıcıqlandırmamağa və sülhə nail olmağa yönəlmiş Zelenski  Moskva üçün son dərəcə xoş olmayan tədbirə əl atdı – Putinin şəxsi düşməni  Saakaşvilinin irəli çəkdi?

Görünür,  BVF ilə çox yaxşı münasibətləri olan Saakaşvili ona bu təşkilatla problemlərin həlli üçün lazımdır.

BVF Ukrayna üçün 18 milyardlıq kredit hazırlayıb və dərhal ilk tranşı təqdim etməyə hazırdır, amma bir şərtlə ki, oliqarx İqor Kolomoyskiyə (yeri gəlmişkən, Rusiya ilə sıx əlaqəsi var və Ukraynada siyasi proseslərə böyük təsir göstərir) ölkə vətəndaşlarından oğurladığı “Privatbank”  qaytarılmasın və bu, Radanın qanunvericilik qərarı ilə rəsmiləşdirilsin.

Nədənsə Zelenskiyə elə gəlir ki, o bu ziddiyyəti həll etməyə– BVF-dən pulu almağa və “Privatbank”ı bu və ya digər formada Kolomoyskiyə qaytarmağa kömək edəcək.

Görünür, Zelenski ümid edir ki, Moskva Saakaşvilinin təyinatını bağışlayacaq, çünki əvvəla, o, Ukrayna prezidenti postunda ona ən münasib fiqur kimi Zelenskinin pulu almasında maraqlıdır. İkincisi, Kolomoyskinin rifahı Moskvanın ancaq xeyrinədir. Yermak yox, məhz o, Ukraynanın kapitulyasiyasının ideoloqudur. Onun bir neçə ay öncəki bəyanatını xatırlamaq kifayətdir, guya “geriyə Moskvaya qayıtmaq lazımdır, çünki Qərb məni həbs etmək istəyir, Moskvadan isə biz 100 mlrd. alarıq və s”.

Yermak isə Ukraynanı ORDLO-nun (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları”, Minsk razılaşmaları ilə  müəyyən edilən) istənilən yolla Ukraynanın siyasi-hüquqi məkanında leqallaşmasına  sürükləyir (ya məşvərət şurası və ya yerli seçkilər vasitəsilə, ya da ORDLO-nun Minskdə danışıqlarda geniş iştirakı vasitəsilə və s.). Bu, yalnız Kolomoyskinin kreaturasıdır.  O, Zelenski seçildikdən dərhal sonra Kolomoyski tərəfindən  Kreml ilə birbaşa əlaqə kanalının müəyyən edilməsi nəticəsində yaranıb.

Bir sözlə, Rusiyanın Ukraynaya təsir göstərmək niyyəti qalır. Bundan əlavə, indi həyata keçirilir. Rusiya indi hadisələrin inkişafının iki variantına yönəlib:

Ssenari 1. Siyasi böhrana, daxili münaqişəyə sövq edilir ki, bu, yeni Seçki Məcəlləsinin qəbulu və növbədənkənar parlament seçkilərinin təyin edilməsi (güman ki, payızda) ilə nəticələnir.

Kremlin arxalandığı partiya (“Müxalifət platforması- Həyat naminə) var və ümid edir ki, onlar Ukrayna parlamentində yeni çoxluq formalaşdıra biləcəklər.

Yeni Seçki Məcəlləsinə əsasən yerli hakimiyyət orqanlarına da seçkilər keçiriləcək və Kreml ümid edir ki, bu Məcəllə ilə qondarma LXR və DXR yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.

Ssenari 2. Vəziyyət nəzarətdən çıxır, vətənpərvər qüvvələrin çıxışları başlayır və bu, Donetsk və Luqanskda terror aktları  ilə müşayiət olunur.  Kiyevin əli üzə çıxır və Rusiya Ukraynaya ultimatum verir:  “dərhal radikal qüvvələr tərksilah edilsin, əks halda Rusiya sülh və təhlükəsizliyin təmin olunması üçün öz qoşunlarını daxil edəcək”.

Bundan sonra Ukraynadakı bəzi radikal qüvvələrin bu və ya digər terror hərəkətlərinə bağlılığına dair “sübutlar” təqdim olunur. Görünür ki, Avropa Ukraynanı müdafiə etməyəcək  və o zaman Rusiya “sülhməramlı əməliyyat”ın keçirilməsi üçün kart-blanş alır.

Ukrayna ancaq ABŞ-a ümid edə bilər.

Məlumata görə, aprelin 17-də Amerika tərəfinin təşəbbüsü ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen və RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna və Belarus haqda ciddi söhbət ediblər. Mahiyyətcə, O'Brayen Rusiyanı Ukraynaya qarşı aqressiv hərəkətlərdən çəkindirib.

Etiraf etmək lazımdır ki, Kreml çox savadlı taktika seçib – o, Ukraynanın sıxışdırılması və onun kapitulyasiyası üzrə elə addımlar atır ki, bunlar Birləşmiş Ştatların öz təhdidini həyata keçirməsinə bəhanə verməyəcək. Həqiqətən də ABŞ Zelenski və Yermakın timsalında Ukraynanın qanuni rəhbərliyinin addımlarına necə reaksiya verə bilər?

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti