Азербайджанские беженцы из Карабаха

Азербайджанские беженцы из Карабаха

RF prezidenti Vladimir Putin dekabrın 17-də illik mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin səbəbi 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrdir.

“Türkiyənin mövqeyi ona əsaslanır ki, Türkiyə, onların fikrincə, Azərbaycanın haqq işini müdafiə edirdi. Daha dəqiq isə - ərazilərinin qaytarılmasını. Beynəlxalq nöqteyi-nəzərdən də bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Amma vəziyyət sadəcə normativ postulatlardan daha mürəkkəbdir. Bu vəziyyətin kökü Sumqayıtda başlamış və davam etmiş etnik münaqişədədir. Burada hər bir tərəfin öz həqiqəti var. Ermənilər də vaxtilə öz həyat və ləyaqətlərini qorumaq üçün əllərinə silah alıblar”, deyə o bildirib.

Bu, Rusiya liderinin ilk belə bəyanatı deyil. O, oktyabrın 29-da “Valday” Beynəlxalq Müzakirə Klubunun videokonfrans rejimində keçirilmiş XVII illik iclasının yekun plenar sessiyasında da belə bir bəyanatla çıxış edib, Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna toxunub: “... münaqişə sadəcə olaraq dövlətlərarası münaqişə və ərazi uğrunda mübarizə kimi başlamayıb, o, etnik qarşıdurma ilə başlayıb. Təəssüf ki, bu da faktdır ki, Sumqayıtda, daha sonra isə Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlər törədilib. Biz bütün bunları kompleks şəkildə nəzərə almalıyıq”, deyə Rusiya prezidenti bildirib.

Bir həftə sonra Vladimir Putin VTB Kapital-ın “Rusiya çağırır!” adlı investisiya forumunun plenar iclasında çıxış edərkən yenidən Dağlıq Qarabağ mövzusuna toxunub.

“Azərbaycan deyir ki, bu 7 rayonun nə etnik münaqişəyə, nə Ermənistana heç bir aidiyyatı yoxdur. Bu, tarixi Azərbaycan əraziləridir. Və Azərbaycan deyir: biz bu əraziləri qaytarmaq və Dağlıq Qarabağ məsələsini həll etmək hüququna malikik. Başa düşürsünüz – hər kəsin öz həqiqəti var. Burada sadə həll yoxdur, çünki düyün çox mürəkkəb bağlanıb”, deyə Vladimir Putin bildirib.

Putin münaqişəni həqiqətən də belə dərk edir, ya biclik edir?

Vladimir Putinin bu nöqteyi-nəzərə malik olmasının səbəbləri ilə bağlı müxtəlif təxminlər irəli sürmək olar. Kim bilir, bəlkə ona belə məlumat verilib, ya da o, hansısa siyasi mülahizələri əsas götürərək bunu deyib. Amma fakt odur ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə Sumqayıt hadisələrinin nəticəsi deyil, əksinə, Sumqayıt hadisələri ərazi münaqişəsinin, daha dəqiq isə, Ermənistanın Azərbaycana ərazi iddialarının nəticəsindən başqa bir şey deyil.

Buna əmin olmaq üçün Sumqayıt hadisələrinə gətirib çıxaran hadisələrin xronologiyasını izləmək lazımdır və necə deyərlər, “dünyanın yarandığı vaxtdan” başlamaq lazım gələcək.

XIX əsr

Rusiya İrəvan xanlığını işğal edənə qədər müsəlmanlar (azərbaycanlılar, kürdlər və s.) əhalinin 80%-ni (87 min nəfər) təşkil edirdi, qalan 20% isə xristianlar (ermənilər) idi.

1828-ci ildə işğaldan sonra bu ərazilərə Qacar Dövlətindən (İran) və Türkiyədən ermənilər mühacirət edib. Eyni zamanda, bir çox müsəlmanlar bu ərazini kütləvi şəkildə tərk etməyə başlayıblar. Bu miqrasiya prosesləri daha kiçik miqyasda XIX əsrin sonlarına qədər davam edib.

1832-ci il

Keçmiş İrəvan xanlığının ərazisində ermənilər sayca artıq müsəlmanları keçib.

XX əsrin əvvəlləri

Bu dövrdə Rusiya İmperiyasının İrəvan Quberniyasında (müasir Naxçıvan Muxtar Respublikasının bütün ərazisini və Türkiyənin Iğdır vilayətini əhatə edirdi) əhalinin təxminən 37,5%-ni “Azərbaycan tatarları” (azərbaycanlılar) təşkil edirdi. Quberniyanın yeddi qəzasından dördündə onlar sayca üstünlük təşkil edirdilər, o cümlədən İrəvan şəhərində onlar əhalinin 49%-ni (ermənilər 48%) təşkil edirdilər.

1905-1907-ci illər

XX əsrin əvvəlləri Azərbaycanlıların hazırki Ermənistan və Dağlıq Qarabağ ərazilərindən kütləvi şəkildə qovulması ilə əlamətdar olub. Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ və Azərbaycanın digər bölgələrində Rusiya dövlətinin dəstəyi və himayəsi altında dinc əhaliyə qarşı zorakılıq və vəhşiliklər xüsusilə geniş miqyas almışdı. Yüzlərlə kənd yandırılmışdı, yerli əhalinin əksəriyyəti amansızca öldürülmüşdü.

1917-ci il

Birinci Dünya Müharibəsi illərində Şərqi Anadolunu ələ keçirməyə çalışan rus ordusunun tərkibində 150 min erməni qulluq edirdi. Bundan başqa, 10 minə yaxın könüllüdən ibarət 4 erməni dəstəsi Cənubi Azərbaycan ərazisindən (Xoy, Urmiya, Salmas əyalətləri) və Qars bölgəsindən keçərək, rus qoşunlarına birləşmişdi. Yolda erməni silahlı birləşmələri bütün Azərbaycan və türk kəndlərini dağıdır, əhalini amansızca öldürürdülər.

1918-ci ilin martı

Türk ordusunun zərbələri altında geri çəkilən Andranik Ozanyan, Amazasp Srvantstyan, Dro (Dramastamata Kanayan), Qaregin Njdenin komandanlıq etdiyi erməni birləşmələri əvvəlcə Türkiyənin Ərzurum və Qars əyalətlərinin, daha sonra isə İrəvan Quberniyasının ərazisində və Zəngəzurda müsəlman əhalinin soyqırımını törədib. Rusiya tərəfindən Şərqi Anadolunun işğalı zamanı kütləvi qətllərdə iştirak edən, erməni birləşmələrinə qoşulan ermənilər Cənubi Qafqaza axın etməyə başlayıblar. Həmin vaxt Türkiyədən köçürülən 350 min erməninin böyük hissəsi İrəvan Quberniyası ərazisinə yerləşib, bununla da orada yaşayan azərbaycanlıların vəziyyətini daha da ağırlaşdırıb.

Erməni hərbi birləşmələri təkcə İrəvan Quberniyasının qəzalarında 198 kəndi tamamilə dağıdıb, onlardan 32-si Yerevan qəzasında, 84-ü Eçmiadzin qəzasında, 7-si Yeni Bəyazitdə, 75-i Sürməlidə yerləşirdi. Təxmini məlumatlara görə, bu qəzalarda yaşayan 135 min azərbaycanlıya qarşı soyqırım törədilib.

Zəngəzur qəzasından 50 000-nə yaxın müsəlman sürgün edilib. Onlar hamısı qonşu Cəbrayıl və Cavanşir qəzalarına qaçıblar. Bu hücumların nəticəsi olaraq 100-dən çox kənd tamamilə məhv edilib və 10 000-ə yaxın insan öldürülüb.

31 mart 1918-ci il

Bakı şəhərində və Bakı Quberniyasında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqaza fövqəladə komissar təyin edilən Stepan Şaumyanın rəhbərliyi altında azərbaycanlıların qırğını törədilib. Bu qırğında Bakı Şurasının altı min əsgəri və “Daşnaksutyun” partiyasının 3-4 minlik dəstəsi iştirak edib. Martın 24-dən 31-nə qədər təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülüb. Bundan başqa, ermənilər Şamaxı qəzasının 75 kəndini, Quba qəzasının 122 kəndini, Zəngəzurda 115 kəndi tamamilə məhv ediblər. Ümumilikdə 20 min insan öldürülüb. Cənubi Azərbaycanda da kütləvi qətllər törədilirdi, burada 150 min azərbaycanlı öldürülüb.

1920-ci ilin martı

Qarabağda Azərbaycan əleyhinə Ermənistandan olan emissarlar tərəfindən hazırlanmış silahlı qiyam baş verib. Qiyam zamanı erməni dəstələri Xankəndi, Şuşa, Əsgəran, Tərtər və digər bölgələrdə Azərbaycan qanizonlarına hücum ediblər. Qiyam yatırılıb. Azərbaycan hissələri bir neçə gün davam edən döyüşlərdən sonra Şuşa üzərində nəzarəti bərpa etməyə müvəffəq olub, amma Dağlıq Qarabağın kənd ərazilərində döyüşlər 1920-ci il aprelin 28-də Azərbaycan sovetləşdirilənə qədər davam edib.

1921-ci il

Daşnakların lideri Qaregin Njde Zəngəzuru ələ keçirərək, orada qalan azərbaycanlı əhalini sürgün edib.

1947-1953-ci illər

1947-ci ildə Ermənistan SSR-in Kommunist Partiyasının birinci katibi Qriqori Arutinov SSRİ Nazirlər Şurasının “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etməsinə nail olub. Bunun nəticəsində növbəti dörd il ərzində 100 minə yaxın azərbaycanlı plana uyğun olaraq öz yaşayış yerlərini xaricdən qaytarılan ermənilərə qoyaraq, Azərbaycana deportasiyaya məruz qalıb.

1987-ci il

Avqust

Qarabağ erməniləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə altında on minlərlə imza olan müraciəti Moskvaya göndərirlər.

18 oktyabr

Yerevanda Çardaxlı kəndinin erməni əhalisi ilə insidentlərə etiraz əlaməti olaraq nümayiş keçirilir.

Noyabr

Ermənistanın Qafan rayonunda azərbaycanlılara qarşı hücumlar başlayıb. Aydındır ki, ermənilərin Çardaxlıda törətdiyi təxribat bu hücumlar üçün əsas verən Casus belli (“hərbi insident”) olub.

16 noyabr

SSRİ prezidenti Mixail Qorbaçovun müşaviri Abel Aqanbeqyan Parisdə çıxış edərkən Qarabağın Ermənistana birləşdirilməsini müdafiə edib.

Aydındır ki, cəzasız qalacağından əmin olmasaydı, Aqanbekyan Sovet İttifaqının milli siyasətinə dair belə bir bəyanatla çıxış etməzdi. Özü də xaricdə.

2 dekabr

Azərbaycanın Şəmkir rayonunun Çardaxlı kəndində milis ermənilərin sovxozun direktoru vəzifəsinə azərbaycanlının təyin edilməsinə etiraz əlaməti olaraq keçirdiyi aksiyanı dağıdır.

1988-ci il

25 yanvar

Azərbaycanlılar Ermənistanın Qafan rayonundan sürgün edilib.

13 fevral

Xankəndində (Stepanakertdə) DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi tələbi ilə mitinqlərə start verilib.

19 fevral

Bakıda DQMV-dəki hadisələrlə bağlı ilk etiraz nümayişi keçirilib.

20 fevral

Vilayətin Xalq Deputatları Soveti Stepanakertdə DQMV-nin Ermənistanın tərkibinə keçirilməsi xahişinin lehinə səs verib.

21 fevral

Yerevanda DQMV-nin Ermənistanın tərkibinə keçməsinə dəstək məqsədilə kütləvi nümayişlər başlayıb.

22 fevral

Əsgəranda ermənilərlə toqquşma zamanı iki azərbaycanlı öldürülüb.

26 fevral

Qorbaçov “Qarabağ hərəkatı”nın ideoloqları – yazıçılar Zori Balayanı və Silviya Kaputikyanı qəbul edib.

27-29 fevral

Hadisələrin xronologiyası göstərir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin səbəbi 27-29 fevral Sumqayıt hadisələri deyil, Azərbaycan torpaqlarının işğalına və azərbaycanlılardan təmizlənməsinə yönəlmiş məqsədyönlü siyasətdir.

Azərbaycanlılar heç vaxt ermənilərə qarşı aqressiv addımların təşəbbüskarı olmayıblar. Və onların Azərbaycana yerləşdirilməsinə loyal münasibət göstəriblər. Demoqrafiya bunun aydın nümunəsidir. Məsələn, 19-cu əsrin əvvəllərində Rusiya İmperiyasına qoşularkən Bakıda, demək olar ki, erməni yox idi. 1988-ci ildə münaqişə başladığı zaman onların sayı 200 mindən çox idi. Bütünlükdə Azərbaycanda isə ermənilərin sayı 19-cu əsrin əvvəllərində on minlərlə nəfərdən ötən yüzilliyin 80-ci illərinin sonlarına qədər təxminən yarım milyona qədər artmışdı. Əksinə, Azərbaycan torpaqlarına məskən salan ermənilər yerlərini möhkəmləndirdikdən sonra ev sahiblərini sıxışdırmağa, qovmağa başlayıblar, onlara qarşı müharibə başladıblar, total etnik təmizləmələr həyata keçiriblər. 1989-cu ildə SSRİ Ali Şurasının rəyasət heyətinin Qarabağ münaqişəsinə həsr olunmuş iclasında Qorbaçov erməni ziyalılarının nümayəndələrindən “20-ci əsrin əvvəllərində Ermənistanda yaşayan 1,5 milyon azərbaycanlı hanı?” deyə soruşub. Sual cavabsız qalıb. O, özü cavab verib: Heç kim qalmayıb.

Saleh Bayat

Ədəbiyyat:

1. George A. Bournoutian. Eastern Armenia in the Last Decades of Persian Rule, 1807-1828 (Malibu: Undena Publications, 1982), pp. xxii + 165)

2. Hovannisian R. G. The Armenian People from Ancient to Modern Times. - Palgrave Macmillan, 1997. - Vol. II. Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. - P. 112. - 493 p. - ISBN 0312101686, ISBN 9780312101688.

3. Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal by Tim Potier. Martinus Nijhoff Publishers. 2001. p.2 ISBN 90-411-1477-7

4. Волкова, 1969, Этнические процессы в Закавказье в XIX-XX вв // Кавказский этнографический сборник / Ответственный редактор В. К. Гарданов. - М.: Наука, 1969. - Т. IV. сс. 12,13-17.

5 .Эриванская губерния // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). - СПб., 1890-1907.

6. Modern Hatreds: The Symbolic Politics of Ethnic Warby Stuart J. Kaufman. Cornell University Press. 2001. p.58ISBN 0-8014-8736-6

7. Turkish-Armenian War of 1920

https:////web.archive.org/web/20070312224428/http://safety.spbstu.ru/book/hrono/hrono/sobyt/1920arm.html

8. Turkish-Armenian War: Sep.24 - Dec.2, 1920 by Andrew Andersen

9. Ethnic Conflicts in the USSR: 1917-1991. State Archives of the Russian Federation, fund 1318, list 1, folder 413, document 21

https://web.archive.org/web/20070929204800/http://www.auditorium.ru/books/469/p_6.htm

10. Garegin Njdeh and the KGB: Report of Interrogation of Ohannes Hakopovich Devedjian

http://web.archive.org/web/20071030124321/http://www.ceghakron.ru/pages/menu/menu3/kgb1.htm

11. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction by Donald Bloxham. Oxford University Press: 2005, pp.103-105.

12. Claude Mutafian. Karabakh in the twentieth century // Caucasian Cnot. - 1994. - С. 134. - ISBN 1856492877

13. The Alteration of Place Names and Construction of National Identity in Soviet Armenia by Arseny Sarapov http://monderusse.revues.org/docannexe4079.html)

14.  Deportation of 1948-1953. Azerbembassy.org.cn

 Language Policy in the Soviet Union by Lenore A. Grenoble. Springer: 2003, p.135 ISBN 1-4020-1298-5

15. Central Asia: Its Strategic Importance and Future Prospects by Hafeez Malik. St. Martin’s Press: 1994, p.149 ISBN 0-312-10370-0)

16. Armenia: Political and Ethnic Boundaries 1878-1948Архивировано 26 сентября 2007 года. by Anita L. P. Burdett (ed.) ISBN 1-85207-955-X)

17. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе [пер. с нем. В. Т. Алтухова]. - М.: Российская политическая энциклопедия, 2010. - с 166. - ISBN 978-5-8243-1435-9.)

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti