Reuters

Reuters

Təxmin edildiyi kimi, sammitdə Transatlantik tərəfdaşlıq və G7 dövlətlərinin NATO tərəfindən təmin edilməli olan təhlükəsizliyi, Rusiyanın təhdidləri və Çinin meydan oxuması (alyansın iki qlobal rəqibi-tərəfdaşların  addımları bu qədər qeyri-bərabər ifadə edilib) məsələləri müzakirə edilib, qlobal iqlimə nəzarət, Qərb ölkələri ailəsinə daxil olmağa namizəd ölkələrə - Gürcüstan, Moldova və Ukraynaya dəstək mövzularına toxunulub.

Transatlantik tərəfdaşlıq. Prezident Trampın dilindən bu və ya digər beynəlxalq məsələnin həllində fərdiyyətçilik kursunu elan edən ABŞ-ın əvvəlki administrasiyasının təsiri altında transatlantik qarşılıqlı fəaliyyətin aşınması kontekstində NATO sammitin yekun kommünikesində bu əsas məsələyə xüsusi diqqət yetirilib. Prezident Baydenin “Amerika qayıdır” sözləri birbaşa mənada qəbul edilib və ikitərəfli və çoxtərəfli danışıqların gedişatı göstərib ki, ABŞ təhdidlərə və təhlükələrə qarşı mübarizədə birgə hərəkət etməkdə maraqlıdır. Təsadüfi deyil ki, kommünikedə nihilist Tramp tərəfindən deformasiyaya uğradılmış dünya nizam-intizamının bərpası üçün qanunun aliliyini gücləndirmək səyləri vurğulanıb.

NATO. Alyansın təhlükəsizliyinin artırılması üçün liderlər NATO baş katibi Stoltenberqə növbəti G7 sammitinə qədər təşkilatın yeni onillik konsepsiyasını hazırlamağı tapşırmaq qərarı qəbull ediblər. Burada Rusiya və Çinə, həmçinin Rusiya ilə həmsərhəd olan Qərb ölkələrinin təhlükəsizliyi məsələlərinə xüsusi yer veriləcək. Konsepsiya siyasi məsləhətləşmələrin rolunun və NATO ölkələrinin müxtəlif təhdidlərə qarşı davamlılığının artırılmasını nəzərdə tutur.

Rusiya. Kremlin Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş son addımları, Qərb alyansının üzvlərinə qarşı, habelə SSRİ-dən olan keçmiş müttəfiqlərinə qarşı hərbi kampaniyalardan, informasiya kampaniyalarından və siberhücumlardan ibarət hibrid düşmənçilik hərəkətləri 30 il əvvəl Soyuq Müharibə başa çatdıqdan sonra formalaşmış dünya nizam-intizamına qarşı təhdid kimi qiymətləndirilir. “Biz yeni təhdidlərlə üz-üzəyik: hərəkətləri ümidlərimizi doğrultmayan Rusiya və Çin”, deyə Bayden qeyd edib.

Bu tezis sammitin yekun kommünikesində inkişafını tapıb: “Rusiyanın aqressiv hərəkətləri Avroatlantika təhlükəsizliyi üçün təhdid təşkil edir”. Xüsusən, Rusiyanın Qərb istiqamətində hərbi gücünü artırdığı, qəfil irimiqyaslı təlimlər keçirdiyi və qoşunların yerini dəyişdirdiyi qeyd edilir.

Çin. G7 “Dünya üçün daha yaxşı tikin” (Build Back Better for the World – BBBW) qlobal infrastruktur layihəsini elan edib. Bu layihə Çinin “Bir zolaq, bir yol” (Belt and Road Initiative - BRI) təşəbbüsünə rəqib olacaq.

Çinin BRI-si həqiqətən nəqliyyat, istehsalat və texnologiya layihələri şəbəkəsini bütün dünyaya geniş şəkildə yayıb – Pekin 3,7 mlrd. dollar dəyərində 2600 qlobal layihəni maliyyələşdirib. G7-də bu, Qərbin maraqlarına toxunan ekspansiya kimi qiymətləndirilir. Amma, zənnimcə, əslində BBBW dünyanın istehsal-nəqliyyat kommunikasiyasının çatışmayan halqasını tamamlamalıdır. Layihənin dəyəri təqribən 1 trln. dollar olaraq qiymətləndirilir və inkişaf etməkdə olan ölkələrdə infrastruktur problemlərini aradan qaldırmalıdır. Hindistanın sammitdə, virtual da olsa, iştirakı (ilk dəfə) bu qlobal planın bir hissəsidir və biz Asiyada Çin ekspansiyasının artan təsirinin və ona qarşı müqavimətin şahidi ola bilərik.

Bu halda Azərbaycan kimi kommunikasiya ölkələri rərqabət meydanına çevrilə bilər, hökumət düzgün yanaşma nümayiş etdirərsə, bunu iki qlobal layihənin regional qarşılıqlı fəaliyyətinə çevirə bilər.

İqlimə nəzarət. G7 istixana effektinin azaldılması və 2050-ci ilə qədər ənənəvi energetikanın, sənaye istehsalının “yaşıl” energetika ilə əvəz edilməsi planlarını müzakirə etməyə hazır deyildi. İlk növbədə söhbət kömürün istifadəsindən imtina etməkdən gedir. Müzakirələr noyabrda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlimlə bağlı ümumdünya konfransına qədər təxirə salınıb.

Üzvlük üzrə Fəaliyyət Planına namizəd ölkələr. G7 Qərb sivilizasiyasının ağuşuna can atan üç keçmiş sovet respublikasının – Gürcüstan, Moldova və Ukraynanın ümidlərini də diqqətdən kənarda qoymayıb. Onların hər birinin NATO, Aİ ilə öz strateji müqaviləsi var, amma NATO-ya Üzvlük üzrə Fəaliyyət Planı statusunun əldə edilməsi öhdəliklərin, xüsusən yüksək korrupsiyanın aradan qaldırılması öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar ildən-ilə təxirə salınır. Amma onlara öz təhlükəsizliklərini (təbii ki, Rusiyaya qarşı) gücləndirməkdə yardım vəd edilib.

Azərbaycan. G7-dən sonra məlum olub ki, Türkiyənin Azərbaycanda iştirakına NATO-nun təmsilçiliyi kimi baxılır. İyunun 14-də Bakıya gələn Erdoğan Türkiyənin Qarabağda və bütünlükdə Azərbaycanda iştirakını NATO-nun iştirakı kimi qiymətləndirdiyini qeyd edib. Alyans beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır və NATO-nun “təhlükəsizlik çətirinə” ehtiyac olan bütün regionlarda öz töhfəsini verməlidir, deyə o bildirib.

Bu, çətin ki, dünən təkcə müdafiəyə deyil, həm də bütün cəbhələrdən, ilk növbədə iqtisadi maraq obyekti olan cəbhələrdən hücuma sadiqliyini elan edən G7 üzvü həmkarları ilə intensiv ünsiyyətdə olan Türkiyə liderinin ekspromtu olsun.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti