sedanews.az

sedanews.az

Prezident Ərdoğan bir neçə gün əvvəl Türkiyənin yerinin Avropa olduğunu yenidən elan edərək “özümüzü başqa yerdə yox, Avropada görürük. Gələcəyimizi Avropa İttifaqı ilə birlikdə qurmaqda təsəvvür edirik” dedi.

Dövlət başçısının xüsusi nümayəndələri Aİ-nin 11-12 dekabrda keçiriləcək zirvə toplantısı ərəfəsində Brüsseldə nəbz yoxladılar; iddialara görə, görüşlərdəki birinci məqsəd 11-12 oktyabr zirvə toplantısında mümkün qədər az tənqid və təhdidə məruz qalmaq, ikincisi isə münasibətlərin yenidən hərarətlənməsinə nail olmaqdır.

Ankaranın bu təşəbbüsündən bir neçə gün sonra Almaniyanın Aİ-yə məxsus gəmisi Liviyaya ərzaq aparan Türkiyə hərbi gəmisinin yolunu kəsdi, aparılan axtarışlar nəticəsində iddia edildiyinin əksinə gəmidə silah-sursat tapılmadı. Vəziyyəti gərginləşdirmək istəməyən Ankara notalarla kifayətləndi.

Son 5,5 ildə Türkiyə-Aİ münasibətlərində elə soyuqluq yarandı ki,bunu hərarətləndirmək üçün hansı təsir mexanizmlərindən istifadə edilə biləcəyini görə bilmək nəinki çətin, hətta qeyri-mümkün oldu.

Avropaya getmək istəyən qaçqınların qabağını almaq üçün İttifaqın vəd etdiyi maddi vəsait Ankaranı qane etmədiyi kimi pulun gec göndərilməsi narazılığı daha da artırdı.

Qaçqınların Yunanıstan və Bolqarıstan sərhədlərinə yığılmalarını təşviq edən Ankaranın bu siyasəti o vaxt az təsirli olmadığı kimi bu ilin əvvəlində eyni kartın yenidən oynanılması fiaskoyla nəticələndi.

İqtisadi göstəricilərin pisləşməsilə Maastrcht kriteriyalarından uzaqlaşan Türkiyənin Aİ ilə ideoloji təməldə yaşadığı siyasi və diplomatik münaqişələrin nəticəsi yardımların ardının kəsilməsi oldu. Ölkə iqtisadiyyatının inkişafına 2,5 il cavabdehlik etmiş Berat Albayrakın maliyyə və xəzinə naziri vəzifəsindən uzaqlaşdırılmasından sonra meydana çıxan mənzərə isə əhvali-ruhiyyəni tamamilə pozdu, Türkiyə “isti pul” axtarışıyla yenə Dohanın qapısını döydü. İstanbul Birjasının 10%-i Qətərə satılmaqla qalmadı, ölkənin böyük şirkətlərindən bəziləri yenə Qətərə satıldı.

Fitch kredit dərəcələndirmə qurumunun son raportuna görə,Mərkəzi Bankın aktivi -46 milyard dollara düşüb.

Bu iqtisadi tablonun qarşısında hökumətin yeni islahatlardan, hüquqdan və Avropa İttifaqından bəhs etməsini iki baxımdan yaxşı əlamət kimi dəyərləndirmək lazımdır:1) Orta Şərq və körfəz sərmayəsi nə qədər “xilasedci” olsa da ölkənin idarəçilik kriteriyalarının başında hüquq və şəffaflıq məfhumları gəlmirsə problemlər həmişə dərinləşəcək; 2) Son 4 ildə regiondakı problemləri Rusiya ilə həll etməyə çalışan Türkiyə orta möhlətdə bunun da faydalı olmadığını görərək öz sisteminin (bütün nöqsanlarına baxmayaraq) dəyərini anlamağa başladı. Ona görə Aİ-nin qapısını yenidən aralamaq üçün təşəbbüslər artmağa başladı.

Bu durum Aİ tərəfini də məmnun etməlidir, çünki hər baxımdan önəmli olan bir NATO ölkəsindən vaz keçilməsi Brüssel üçün mümkün görünmür. Ancaq mövcud vəziyyəti bəhanə edərək Brüssel Ankaraya qarşı, sadəcə, təzyiqlər yoluyla davransabu təzyiqlərin altından qalxmağa Türkiyənin gücünün çatacağını zənn etmirəm.

Yox, əgər Türkiyə islahatlara davam etmək şərtilə Rusiya dövlət başçılığı üsuli-idarəsi, Orta Şərq və körfəz monarxiyaları modelləri, Avrasiyaçılıq nəzəriyyələrindən vaz keçib Kopenhagen və Maastricht kriteriyalarını əldə bayraq edərsə Ankara-Brüssel xətti yeni dinamizmə səhnə olacaq.

Abdullah Gül 18 noyabr 2002-ci ildə ölkənin idarəsini Bülənt Ecevitdən təhvil alandan sonra o dinamizm ertəsi gün fırtınaya çevrilərək Brüsselin qapısını döymüş, millət vəkili seçilməsinə icazə verilməyən Rəcəp Tayyip Ərdoğan partiya sədri kimi baş nazir Gül ilə “Türkiyəyə tam üzvlük müzakirələrinin qapısının açılmasını” tələb etmişdi. Siyasət həyatının zirvəsində olan prezident Ərdoğan o günlərin həyəcanına bir daha dönə biləcəkmi?

Və ya dönmək istəyəcəkmi?

Az sonra…

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti