Фото из открытых источников

Фото из открытых источников

Qərb universitetlərinin diplomlarının Azərbaycanda gənc mütəxəssisin işə düzəlməsinə zəmanət verdiyini düşünənlər çox yanılırlar. Heç də belə deyil. Bu yaxınlarda FHN-dən bir tanışım problemini bölüşdü: oğlu Latviyada yay akademiyasını fərqlənmə ilə bitirib, vətənə qayıdıb və nəinki paytaxtın Heydər Əliyev beynəlxalq hava limanında, Gəncə və Naxçıvanın hava limanlarında belə pilot kimi işə düzələ bilmir. AZAL şirkətinin kadrlar şöbəsi onu işə götürməkdən imtina edir.

Şotlandiyanın Heriot watt universitetinin “Business administration” ixtisası üzrə məzunu Həsən Məmmədov da eyni vəziyyətdədir. Yeri gəlmişkən, “Tayms”ın versiyasına görə, bu ali məktəb dünya universitetləri reytinqində 9-cu yeri tutur. Gənc bir ildən çox müddət ərzində yüzlərlə ünvana CV göndərib, amma bir dəfə belə müsahibəyə çağırılmayıb. Atasının şəxsi əlaqələri də kömək etməyib. Bu yaxınlarda o, ABŞ-a köçüb və artıq iş tapıb.

Bəlkə, yüksək vəzifəli məmurlarımızın tez-tez təkrarladıqları kimi, “ölkənin dinamik inkişaf edən iqtisadiyyatına və biznesinə” iqtisadçılar, maliyyəçilər lazım deyil? Deyəsən, yerli səhiyyəmizin də həkimlərə ehtiyacı yoxdur. Bu günlərdə metroda təsadüfən tanışı ilə söhbət edən bir sərnişinin danışdıqlarını eşitdim. Sən demə, onun qohumu Almaniyada hansısa universitetin tibb fakultəsini bitirib. Böyük planlar və ümidlərlə Azərbaycana qayıdıb. Amma öz həmvətənlərini müalicə etmək ona qismət olmayıb. Onu dövlət xəstəxanalarının heç birinə və ETİ-yə işə götürməyiblər. Hər yerdə rüşvət tələb ediblər. Sonra o, keçmiş tələbə yoldaşları – Almaniyada qalıb oradakı klinikalarda işləyən azərbaycanlılarla əlaqə saxlayıb. Onlar iş vizası düzəltməkdə ona kömək ediblər. İndi gənc həkim Berlində özəl klinikada təcrübəyə malikdir.

Onlarla belə fakt göstərmək olar, sosial şəbəkələrdəki müzakirələr də buna dəlalət edir, istifadəçilər dövlətin kadr siyasəti, Azərbaycanlı gənclərin xaricdə təhsil alması üzrə dövlət proqramının səmərəliliyi haqqında fikirlərini ifadə edir və sual verirlər: ölkəmizdə mütəxəssislərə ehtiyac yoxdursa, Qərb ali məktəblərində onları hazırlamaq nəyə lazımdır? Onlara xərclənən vəsaitlər özünü doğruldurmu?

Təhsil Nazirliyinin məlumatına görə, dövlət proqramının həyata keçirildiyi dövrdə (2007-2015-ci illər) 3500-dən çox Azərbaycanlı tələbə xaricə təhsil almağa göndərilib. Bu müddət ərzində 2000-ə yaxın gənc mütəxəssis xarici diplomlarla ölkəyə qayıdıb. Onların təxminən 60%-i özəl sektorda, qalanları dövlət  qurumlarında işləyir. 1500-ə yaxın tələbə bakalavriat və magistraturada təhsilini davam etdirir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Contact.az-a verilən məlumata görə, bu idarədə universitetləri bitirdikdən sonra Avropa və ABŞ-da qalmağa üstünlük verib ölkəyə qayıtmayanlar haqqında məlumat yoxdur.

Müstəqil iqtisadçı ekspert Qubad İbadoğlu bu mövzuda öz araşdırmasını aparıb, təhsil üçün xaricə gedən tələbələr və vətənə qayıdan yeni mütəxəssislər haqqında məlumatları müqayisə edib. Onun sözlərinə görə, xarici ali məktəblərin məzunları ilə Azərbaycanda işə düzəlmiş kadrların sayları arasında fərqlər var. Araşdırmalar göstərib ki, dövlət proqramı ilə təhsil alan məzunların təxminən 20%-i qurumların ehtiyat kadrları siyahısındadır və faktiki olaraq işsizdir. Bundan başqa, dövlət vəsaiti ilə xaricdə təhsilini başa vurduqdan sonra orada qalan azərbaycanlıların sayı ilə bağlı da rəsmi məlumat yoxdur. Təhsil Nazirliyi bu məsələ ilə bağlı şərh vermir.

Bu arada, Azərbaycan həkimlərinin Türkiyədə təhsil aldıqdan sonra ölkəyə qayıtmasına Milli Məclisin deputatı Musa Quliyev də şübhə ilə yanaşıb. Onun sözlərinə görə, bu yaxınlarda Türkiyədə ölkə vətəndaşı olmayan ali təhsilli şəxslərin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən səhiyyədə işləməsinə icazə verən qanun qəbul edilib. Deməli, yerli univeritetlərin diplomlarına malik olan Azərbaycan həkimləri bu ölkənin həm özəl, həm də dövlət xəstəxanalarında işləmək hüququna malikdirlər. Gənc Azərbaycanlıların bu imkandan istifadə etməsi və orada qalması tamamilə mümkündür. Digər tərəfdən, Azərbaycandan xarici ölkələrə mütəxəssis axını da yarana bilər. Problem qərb ali məktəblərini bitirən mütəxəssislərin işə düzəlməsi üzrə düşünülmüş addımlar atılmasını tələb edir. Əks halda bu məqsədlə ayrılan dövlət vəsaiti boşa getmiş olacaq.

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti