Prime Minister Recep Tayyip Erdogan speaks in Diyarbakir. aa.com.tr
Parlamentdə təmsil edilən leqal bir siyasi partiyanı müxalif blokdan uzaq tutmaq üçün heç bir suçlama metaforasından qaçmayan iqtidar blokunun böyük partiyasının özünün də əvvəl-axır çox ağır şəkildə suçladığı o partiyanın seçici kütləsinə yaxınlaşmağa çalışacağı məlum idi. Çünki proqnozlar açıqdır, mövcud siyasi reytinq tablosunun radikal şəkildə dəyişməməsi durumunda iqtidar bloku öz kreslosunu qoruya bilməyəcəyi kimi müxalif blokun ən böyük siyasi qurumu olan Cümhuriyyət Xalq Partiyası da parlamentdə təmsil edilən kürd təmayüllü siyasi partiya ilə mülayim münasibətini mühafizə etməyə məcburdur. Çünki 23 iyun 2019-cu ildə İstanbulda təkrarlanan bələdiyyə seçkisində müxalif blokun namizədinin 800 min səs fərqiylə qalib gəlməsində kürd təmayüllü partiyanın mühüm rolu olmuşdu. Qurucu həmsədri 5 ildən bəri həbsdə olan kürd təmayüllü siyasi (parlamentdə üçüncü sırada təmsil edilən partiyadır) qurum indi bağlanmaq təhlükəsiylə üzbəüz qalıb.
AKP sədri və prezident Erdoğan kürd mənşəli seçicilərin dəstəyini ala bilmək ümidiylə növbəti təşəbbüsünü “bu əhval və şərait içində” etdi.Siyasət həyatının erkən dönəmlərindən başlayaraq “kürd məsələsi”ni həmişə gündəmin ən üst sıralarında saxlamağa çalışaraq bunun bəhrəsini görən cənab Erdoğanın bu dəfəki həmləsinin əvvəlkilərdən bir çox baxımdan ciddi fərqləri vardır. Ona görə bir neçə gün əvvəl Diyarbakırda kürd dilində şüarlarla qarşılanmasına baxmayaraq, son 20 ildə birbaşa hörmətli Erdoğanın özünün təşəbbüsü, iştirakı, təşviqi və inkarıyla dəyişmiş konyukturanın nəticələri onun lehinə olmaya bilər.
İşin bu qisminə keçməzdən əvvəl “Türkiyə dövlət başçısı niyə məhz ABŞ prezidenti Biden ilə görüşdən təxminən 1 ay sonra Diyarbakıra getməyi tərcih etdi,14 iyun görüşünün burada nə dərəcədə rolu və təsiri vardır,o görüş olmasaydı,Türkiyə iqtidar partiyasının lideri cənubi-şərq bölgəsi seçicilərinin dəstəyini almaq üçün yeni bir həmlə edəcəkdimi?” – sualına cavab axtarmaq yaxşı olardı.Nisbətə vursaq,hansı ağır gələr? Bir neçə aydan sonra proseslər seçkiqabağı müstəvidə cərəyan edəcək, ictimai rəy sorğularında verilən müxtəlif səpkili aktual suallara vətəndaşlar iqtidar blokunun kefini pozan cavablar verir,aşağı düşən reytinq şkalasını əksinə döndərmək mümkün olmur.
Cənubi-şərq bölgələrindən seçilmiş bələdiyyə sədrlərinin 90%-i vəzifədən uzaqlaşdırılaraq yerlərinə iqtidar partiyasının qəyyumları təyin edilib,24 iyun 2018-ci ildəki seçkidə parlamentə üçüncü sırada girməyə müvəffəq olan kürd təmayüllü HDP-nin 20-dən çox millət vəkilinin mandatı alınaraq bir qismi həbs edilib. 2011-ci ildəki seçkidən bəri kürd mənşəli seçicilər “müsəlman qardaşlığı” prinsipinə görə yox,milli mənsubiyyətə görə səs verirlər.
25 ay əvvəl İstanbulda təkrarlanan seçki ərəfəsində kürd mənşəli seçicilər baxımından ibrətamiz bir hadisə də baş vermişdi: iqtidar terror təşkilatının ömür boyu həbs cəzasına məhkum edilmiş başçısının məktubla kürd mənşəli seçicilərə müraciətinə şərait yaratdığı kimi, onun qardaşını da dövlət televiziyasının kürdcə verilişlər kanalına çıxarmış və iki qardaş seçiciləri iqtidar partiyasının namizədinə (üstüörtülü) səs verməyə çağırmışdı. Ancaq seçki axşamı terror təşkilatı başçısının kürd mənşəli seçicilər üzərindəki təsirinin minimumdan belə aşağı olduğu ortaya çıxınca iqtidar partiyası o kartdan həmişəlik vaz keçmişdi. İndi isə AKP lideri və prezident Erdoğan cənubi-şərq bölgələrindəki təşkilatları və kürd toplumu üzərində təsiri olan siyasətçilər, QHT sədrləri, əşirət rəislər (sözünü eşitdirə biləcək kim varsa) vasitəsiylə növbəti dəfə qapıları döyməkdən çəkinmir. Peşəkar siyasətin naturası bunu tələb edir və Türkiyənin ən təcrübəli siyasətçisi, səs almasa belə, ölkəsinin bir bölümünün vətəndaşlarıyla bağları əsla qoparmamağa çalışır. Təkrar edirik: mövcud atmosferin heç də iqtidar partiyasının lehinə olmamasına rəğmən. Elə isə cənab Erdoğan siyasi həyatı boyunca o qapıları dəfələrlə döyüb: hələ 1990-cı illərdə “kürd məsələsi”ylə bağlı raportlar hazırlatdırıb,İstanbulun bələdiyyə sədri olanda mərkəzi siyasətə hazırlıq məşqləri çərçivəsində həmişə o bölgələrə gedib-gəlib, 2000-ci ildə AKP-nin qurulması üçün start fişəngini alovlandıranda yanında kürd mənşəli xeyli təcrübəli siyasətçi olub.
3 noyabr 2002-ci ildə təkbaşına iqtidara gələndən sonra “kürd problemi”ni öz siyasətinin mərkəzinə alan AKP, 2004-cü ildə terror təşkilatı ilə üzvi əlaqəsi olan və 10 il həbsdə qalmış siyasətçilərin azad edilməsinə nail olub,ertəsi il isə ilk “kürd acılımı”na başlayıb.AKP-nin bu siyasəti ölkədən kənarda rəğbət qazanmaqla yanaşı, kürd təmayüllü siyasətin də getdikcə milli zəminə yönəlməsinə səbəb olub.
Nəticədə kürd mənşəli siyasət 2011-ci ildə son dəfə müstəqil namizədlərlə seçkidə iştirak etsə də 2012-ci ildə yarımçıq qalmış “kürd acılımı” siyasətinin davamı kürd təmayüllü siyasətin daha güclü şəkildə qurumlaşmaqla qalmayıb 2014-cü ilin avqustundakı ilk prezident seçkisində (prezidenti məclis yox, xalq seçmişdi) hal-hazırda həbsdə olan Selahattin Demirtaşın iqtidar partiyasının liderinə “Səni prezident seçdirməyəcəyik” təkərləməsinə qədər gedib çıxmışdı: seçki kampaniyasında ölkənin hər yerində maqnitofonlardan səsləndirilən bu 3 kəlmə, AKP ilə kürd mənşəli siyasətin liderləri arasındakı iplərin tamamilə qırılmasına səbəb olmuşdu.
Məclisdəki kürd təmayüllü partiyanın illərdən bəri terror təşkilatıyla eyni sırada tutulmasından sonra cənab Erdoğanın növbəti Diyarbakır səfərinin hansı təsirləri doğurub hansı nəticələrə səbəb olacağını seçki göstərəcəkdir. Ümumilikdə isə Türkiyə iqtidar partiyası sədrinin və dövlət başçısının bu addımı bir çox baxımdan həm lakmus kağızı olmağa həm də sınma nöqtəsi yaratmağa namizədir. ”Hansı nöqtələr”- deyə soruşan varsa, bunları deyə bilərəm:
2007-ci ildə “kürd açılımları” davam edərkən ingilis jurnalistlərdən biri “Erdoğan, Atatürkün ən böyük mirasını mübahisəyə açır”- demişdi...
Bu “əhval və şərait içində” Ədalət Vəliyevin Ankaranı dolaşan müxalifətçilərinin yaratdığı təsiri də siz dəyərləndirin...
“Kəpənək nəzəriyyəsi” tərzində bir təsir ola bilərmi?
Mayis Əlizadə
Rəy yaz