Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Sual: Ələkbər bəy,  ABŞ Konqresinin Nümayəndələr Palatası xarici siyasətin əsas istiqamətlərinin, o cümlədən Dağlıq Qarabağ məsələlərinin həyata keçirilməsinə təsir edən qanun layihəsini qəbul etdi. Qanun layihəsi, "beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozan" xarici milli təhlükəsizlik bölmələrinə vəsaitin ayrılması ilə bağlı Pentaqonun hesabatını tələb edir. Qanun layihəsi, həmçinin, Prezident Bayden administrasiyasından Dağlıq Qarabağda həyata keçirilən bütün humanitar proqramlar, o cümlədən layihə təsvirləri, büdcələri, tərəfdaş təşkilatların siyahısı və son nəticələr haqqında məlumat verməsini tələb edir. Qanun layihəsi Senatın təsdiqindən keçməlidir. Niyə ABŞ Konqresi belə bir anti-Azərbaycan qanun layihəsini qəbul etdirmək istəyir? Niyə Azərbaycan hədəflənib?

Cavab: İlk növbədə vurğulamaq lazımdır ki, haqqında bəhs etdiyiniz qanunverici əlavələr ABŞ-ın Milli Müdafiə Əməliyyatları haqqında büdcə aktı (NDAA) layihəsinə birləşdirilib. Ümumilikdə mən bu layihəni məxsusi olaraq, "anti-Azərbaycan" adlandırmazdım, baxmayaraq ki, sənədin Nümayəndələr Palatasından keçmiş variantında ölkəmizin adı üst-üstə 23 dəfə çəkilir. Müqayisə olaraq, sənəddə Rusiya ifadəsinə 48, Çinin adına isə 120 dəfə rast gəlmək mümkündür. Yəni demək istəyirəm ki, Azərbaycan Birləşmiş Ştatların xarici hərbi siyasət əməliyyatlarına dair diskursda heç də, kənardan təqdim olunduğu kimi, ən mübahisəli ölkə deyil.

Bəs əslində nə baş verib? Nümayəndələr Palatasının ermənipərəst koalisiyasının bir neçə üzvü, sözügedən qanunun müzakirəsi zamanı öz erməniəsilli seçicilərinin çağırışlarına cavab vermək və mandatlarından istifadə edərək, qanunverici əlavələr irəli sürmək qərarına gəliblər, bu qədər sadə. Bunu Azərbaycanın ABŞ-da dövlət siyasəti səviyyəsində hədəflənməsi kimi təqdim etmək, ən yaxşı halda, işin miqyasını şişirtməkdir.

Qanuna təklif edilən düzəlişlərdən yalnız biri - Kaliforniyadan olan konqressmen Tony Cardenasın müəlliflik etdiyi 21-ci əlavə - birbaşa olaraq Azərbaycana ünvanlanıb, belə ki, orada söhbət Ermənistandan olan əsirlərin qaytarılması çağırışından gedir ki, bu məsələdə hazırkı Administrasiya da öz mövqeyini dəfələrlə ifadə edib. Üstəlik, Azərbaycan hökumətinin əsrlərlə bağlı konkret siyasi strategiyası heç Azərbaycanın özünə də tam aydın deyil desək, bəlkə də yanılmarıq. Digər haqqında bəhs etdiyiniz əlavələrdə isə Azərbaycanın adı birbaşa çəkilmir, hərçənd ki, Konqress üzvlərindən Frank Pallone çıxışlarında məhz bu ölkəyə edilən hərbi yardımların aqibətinə eyham vurur...

Kaliforniyadan olan başqa bir Demokrat Konqresmen David Valadaonun müəlliflik etdiyi 449-cü əlavə isə Prezident Bayden administrasiyasından Dağlıq Qarabağda həyata keçirilən bütün humanitar proqramlar, o cümlədən layihə təsvirləri, büdcələri haqqında məlumat, tərəfdaş təşkilatların siyahısı və son nəticələr, eləcə də gələcək yardımlar haqqında analitik izahat verməsini tələb edir. Kifayət qədər diplomatik dillə tərtib olunmuş bu əlavədə Dağlıq Qarabağ nə müstəqil ölkə, nə Azərbaycan ərasizi, nə də, ayrıca ərazi vahidi kimi təqdim olunur. Yenə deyirəm, müəllifin "əsl niyyəti" barədə spekulyasiyaları və çıxışları kənara qoymaq şərti ilə, sənədə diplomatik eynəklə baxası olsaq, mən bu əlavəni indiki dildə, regiondakı de-fakto vəziyyətə təhlükə yaradacaq və yaxud mütləq olaraq ümumi işin əleyhinə yönələcək təşəbbüs kimi dəyərləndirməyə tələsməzdim.

Söhbət etdiyim müstəqil ekspertlər də bu fikirdədirlər ki, Dağlıq Qarabağ bölgəsində həyatın və sülhün inkişafında maraqlı olan hər bir tərəf, həm Bakı siyasətçiləri, həm də Qarabağ erməniləri bu təşəbbüsdən ümumi iş naminə mümkün qədər bəhrələnmək imkanını nəzərdən keçirməlidirlər. Hər halda, müharibədən sonrakı Dağlıq Qarabağda tikinti-quruculuq işlərinə və humanitar vəziyyətin yaxşılaşmasına ABŞ-dan maliyyə cəlbi zərurətini Azərbaycan rəsmiləri də heç də uzaq olmayan keçmişdə dəfələrlə dilə gətiriblər.

O ki qaldı, insan haqları pozucusu kimi tanınan ölkələrə ayrılan hərbi yardımların mübahisələndirilməsi barədə qanunverici əlavələrə, müəlliflərin hansı niyyəti hədəfləməsindən asılı olmayaraq, əslində bu təşəbbüsləri də Azərbaycan kimi ölkələrdə daxili siyasi vəziyyəti yaxşılaşdırmaq üçün əlavə imkan aləti olaraq qiymətləndirmək mümkündür.

Əslində sual belə qoyulmalıdır: ABŞ Dövlət Departamentinin insan haqları üzrə illik hesabatlarında, eləcə də digər mötəbər mənbələrin danılması mümkün olmayan faktlar toplularında Azərbaycan niyə də nə vaxta qədər mənfi tendensiyaların qaranlıq mənzərəsini təmsil etməyə can atmalıdır ki, bundan da erməni diasporu və digər qərəzli qüvvələr öz maraqları naminə istifadə etmək niyyətinə düşsünlər? Yəni, burada problemi və həllini Vaşinqtondan daha çox Bakıda axtarmağın tərəfdarıyam.

Sual: Bu qanun layihəsi Senatdan keçə bilərmi?

Cavab: Bəli, bu akt 24 Sentyabrda Nümayəndələr Palatasında qəbul edildikdən sonra qanun halına salınaraq, qəbul olunması üçün Senata göndərilib. Növbəti mərhələdə Senat öz versiyasını qəbul etməlidir. Senatın Silahlı Qüvvələr Komitəsi artıq sentyabrın 22-dən qanun layihəsini öz gündəliyinə daxil edib. Senat öz versiyasını qəbul etdikdən sonra hər iki layihə nümayəndələr və senatorlar tərəfindən tutuşdurulacaq və fərqlər üzərində birgə komitədə iş aparılacaq.

Bu o deməkdir ki, Azərbaycanla bağlı əlavələr məhz o mərhələdə ya saxlanıla, ya da dəyişdirilə bilər. Daha sonra yenilənmiş qanunun son variantı təsdiqlənərək, imzalanması üçün Prezident Baydenə göndəriləcək. Proses ən uzağı payızın sonu - qışadək davam edə bilər.

Sual: ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşdırılmasında dəstəyinə görə Azərbaycana təşəkkür edib. Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda "erməni əsirləri və girovları dərhal azad etmək" çağırışı yer alır. Eyni zamanda bayaq söz açdığımız qanun layihəsi. İndi bunu necə anlayaq? Bir tərəfdən isti münasibət, digər tərəfdən bəyanat və qanun layihəsi.

Cavab: Ədalətli sualdır, hərçənd ki, Vaşinqtonda siyasətçilər bu xronologiyada ciddi təzad sezmirlər. Azərbaycanın Əfqanıstandakı anti-terror əməliyyatlarında iştirakı və eləcə də təxliyə işlərinə dəstəyi inkarolunmazdır və bu, ABŞ-ın çağırışı ilə, Bakının könüllü seçimi olub. Eyni zamanda, ABŞ hökumətinin Qarabağ nizamlanmasında tərəfsiz vasitəçiliyi də həm Azərbaycan, həm də Ermənistanın xahişi əsasında, BMT mandatı və ATƏT Minsk Qrupunun çətiri altında, Vaşinqtonun könüllü seçimi olub. Bu mənada, tərəflərdən birinin digərindən mümkün olandan artığını gözləməsi Vaşinqton rəsmilərinin nəzərində başadüşülən olsa da, qəbulolunan deyil. Konqressdəki təşəbbüsləri isə birmənalı olaraq ABŞ hökumətinin siyasətindən ayırmağımız vacibdir.

Bu faktdır ki, ABŞ-da onilliklər boyu mənzillənmiş erməni diasporunun Azərbaycanla problemi var və - qərəzli yaxud qərəzsiz - onlar da bütün ABŞ vətəndaşları kimi, öz qayğılarını seçkili orqanlarda, seçdikləri şəxslərin vasitəsi ilə, dilə gətirmək imkanından bəhrələnirlər. Azərbaycan bu prosesə təsir etmək, və yaxud adekvat cavab vermək imkanındadırmı? Bəli! Amma necə?

ABŞ demokratiyasında bu işin yeganə sınaqdan çıxarılmış yolu, Azərbaycannın nümunəsində, bu ölkədə yaşayan və sayları tədricən artan Amerika-Azərbaycanlılarının qəlbinə yol tapmaqdan keçir. Amma təəssüf ki, Bakıdakı rəsmilərin diasporaya münasibətdə yürütdüyü izolyasiya kursu, eləcə də insan haqları sahəsində ölkə daxilində tətbiq olunan kəskin siyasət onu demokratik dəyərlərə bağlı diaspor nümayəndələrinin nəzərində haqlı olaraq yadlaşdırıb. Əlbəttə ki, iş milli mövzulara gəldikdə, diaspora onsuz da Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, öz mövqeyini ifadə edəcək, amma təəssüf ki, bu sahədə vəziyyəti təbii axarına buraxmaq və evin içində problemlərin köklü həllinə nail olmaq əvəzinə, Azərbaycan hakimiyyəti illərdir ki, yanlış "alternativ" kurs elan edib: pul ilə Vaşinqtonda nüfuz almaq kursu.

Bakıda rəsmilər birdəfəlik dərk etməlidirlər ki, peşəkar lobbi təşkilatlarının Vaşinqtonda nuzdlu fəaliyyəti yalnız o hallarda uğurlu bəhrə verir ki, bu fəaliyyət üçüncü ölkəyə və qurumlara qarşı (Məsələn, İsrail İran əleyhinə, və yaxud Hindistan Pakistana qarşı və sair) yönəlmiş olsun; amma Azərbaycanın problemi yuxarıda bəhs etdiymiz kimi, ABŞ-ın erməni-əslilli seçiciləri ilədir. Odur ki, lobbi xidmətlərindən ABŞ seçicilərinin - fərqi yoxdur, erməni-əsilli olsun və yaxud qeyrisi - iradəsi əleyhinə istifadə etmək, tamamilə əks-effekt verir. Bu, hazırkı Amerika qanunları ilə [hələ ki] cinayət sayılmasa da, hər şeydən öncə, vaxt və pul itkisidir və haqlı tənqidlərə səbəb olur.

Sual: Vaşinqton Qafqazda dinc nizamlanmanın axtarışında fəal iştirak etməyə çalışır. Ceyhun Bayramovla Viktoriya Nulandın görüşündən sonra belə bir bəyanat yayılıb. O biri tərəfdən isə ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda Qarabağ münaqişəsinin nizamlanmasına və erməni əsirlərin azad edilməsinə dəstək vəd edərək yazıb ki, Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik. Yenə ikili addım. Doğrusu mən ABŞ-ın hansı mövqedə olduğunu anlamaqda çətinlik çəkirəm. ABŞ bu ikili mövqeyi ilə nə etmək istəyir? Onun regionda maraqları hansı istiqamətdədir?

Cavab: Administrasiyasının siyasətindən bəhs ediriksə, rəsmilər ilk növbədə, qarşılıqlı danışıqların regiona davamlı sülh gətirəcəyinə inanırlar. Deyə bilərsiniz ki, bu hər zaman belə olub, amma mənim müşahidələrimə görə, Vaşinqton kuluarlarında dialoqa olan indiki iştah hər zamankından daha yüksəkdir, və bunun səbəbləri var...

Ötən il Dağlıq Qarabağda baş verənlər hətta ən uzun müddətli status-kvoların belə dayanıqlı həll yolu olmadığını bir daha sübut edib. Bu mənada, hər dəfə imkan düşəndə ABŞ rəsmiləri həm Bakıya, həm də Yerevana vasitəçiliklə bağlı gözləntilərini çatdırırlar. Əl-ələ işləmək təklifi əslində, hər iki tərəfə edilib - Bakıda və Yerevanda bunu ikili adıdm kimi görə bilərlər, Vaşinqtonun nəzərində isə, bu, tərəfsizlik əlamətidir.

Sülh ilk növbədə reallığın etirafından başlamalıdır. Vaşonqtonda artıq anlayırlar ki, Qarabağ diplomatiyasında son illərin ən böyük faciəsi münaqişənin reallıqlarını, belə demək mümkünsə, iqnor etmək olub. Ötən ilki müharibə gözlənilən idi, amma onu zəruri edən amillər uzun illər görməzdən gəlinib. Danışıqlar demək olar ki, dalana dirənmişdi. Hətta müharibəyə bir neçə il qala - 2017-ci ilin avqustunda - ABŞ Minsk Qrupundakı təmsilçisini səfir statusundan da aşağı müstəviyə (hazırkı həmsədr sadəcə olaraq, karyera diplomatıdır) endirmişdi və bu vəziyyət hələ də dəyişməyib.

Minsk Qrupu üçlüyünün son 10 gün ərzində apardığı təmaslar bir daha danışıqlara yeni nəfəs gətirmək zərurətinin qaçılmazlığını ortaya qoyub. Üstəlik, vasitəçi ölkələrdən biri Rusiya regiona sülhməramlı qüvvə yerləşdirməklə, Minsk Qrupunun təməl prinsiplərindən birini pozub və qarşılıqlı təmaslar həm də bu və digər problemlərin aradan qaldırılmasəı üçün zəruri olardı.

ABŞ-da inanırlar ki, yalnız Bakı ilə Yerevan arasında dialoqlarla dayanıqlı sülh əldə etmək mümkündür və bu istiqamətdə nəticəyə nail olmaq üçün, vasitəçi ölkələr bitərəfliyə xələl gətirəcək bəyanat və addımlardan yayınmalıdırlar. Onların yalnız bir məsələdə tərəflərə təsiri ola bilər - liderləri masaya gətirməkdə. Müharibəni dialoqla həll etmək onu döyüşməkdən daha çətin olsa da, yeganə çıxış yolu olaraq qalır.

Sual: Son olaraq ABŞ-ın Azərbaycanla münasibətləri indi hansı yerdədir? Ola bilərmi ortada hansısa anlaşılmazlıq olduğundan münasibət siyasəti hələ tam açıq görünmür? Və bu anlaşılmazlıq hansı məsələdə ola bilər?

Cavab: Zahirən bir sükutluq hökm sürsə də, hiss olunur ki, ABŞ-Azərbaycan münasibətlərinə, bir məşhur filmdə deyildiyi kimi, "qış gəlməkdədir" və təəccüblüsü ondadır ki, bu işdə daha çox canfəşanlıq göstərən qüvvələr Bakıdadırlar...

Bu yaxınlarda hökumətə yaxın media orqanlarından birində ABŞ-dan guya Azərbaycan hakimiyyətinə qarşı hansısa "hücum dalğasının" gələcəyi barədə dərc edilmiş yazılar təsadüfə oxşamırdı. Yeri gəlmişkən, bu yazıların tərzi, kənardan münasibətləri yaxından izləyənlərə Ramiz Mehdiyevin bir neçə il öncəki anti-ABŞ manifestlərini xatırladırdı; görünür, kimlərsə ölkənin Qərblə münasibətlərində "Mehdiyev stili"nin yaşamasında hələ də maraqlıdırlar.

Öz növbəsinsə, Prezident Əliyevin bu günlərdə Rusiyanın “Nasionalnaya oborona” qəzetinə müsahibəsində Qarabağ müharibəsindən bəhs edərkən, köhnə yaraları açaraq, bir daha ABŞ-ı və onun mediasını informasiya müharibəsində günahlandırması anlaşılmaz idi, halbuki sonuncu müharibədə Azərbaycana qarşı dezinformasiyaların nəinki qeyri-rəsmi, hətta açıq şəkildə rəsmi mənbəyi, bir sıra hallarda, məhz Rusiya Xarici İşlər Nazirliyi olub; ABŞ isə tərəfsizliyini qorumaqda xüsusilə fərqlənib.

Prezident Bayden Administrasiyası öz xarici siyasət hədəflərini avtoritarizmlə demokratiya arasında mübarizə kimi xarakterizə edib. Hələ ki, bu mübarizədə ikinci ekstrim tərəf Çindir, odur ki, Azərbaycan rəsmiləri özlərini bu "cəbhədə" Rusiya ilə ABŞ arasında "meydança" kimi təsvir etməkdə sadəcə olaraq, çox tələsirlər..

Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, Birləşmiş Ştatların Azərbaycanda demokratiya çağırışları və insan haqları pozuntularını tənqidi artılq çoxdan xəyal qırıqlığı ilə əvəz edilib. Bir neçə ildir ki, Konqress komitələrində bu mövzuda ümumiyyətlə heç bir dinləmə keçirilməyib. Prezident Baydenin komandası isə, hətta Dövlət Departamentinin virtual brifinqləri səviyyəsində belə, fəaliyyətdə olduğu 10 ay ərzində Azərbaycanla bağlı suallar eşitməkdən nümayişkəranə şəkildə yayınırlar...

Bütün bunların fonunda, Vaşinqtonun guya Bakıya qarşı hansısa "hücum dalğası" hazırlaması kimi iddialar ABŞ-Azərbaycan münasibətlərinin ruhuna uyğun gəlmir, xüsusilə də nəzərə aldıqda ki, cəmi 5 aydan sonra iki ölkə qarşılıqlı diplomatik münasibətlərinin qurulmasının tarixi 30 illiyini qeyd etməyə hazırlaşırlar.

Bakının istəklərinə gəldikdə, ilham Əliyevin təmsilçiləri Vaşinqtondan hər zaman tələb edib ki, ölkənin enerji istehsalçısı olmasını nəzərə alaraq, Əliyev hakimiyyətini strateji tərəfdaşı kimi tanısın, hərçənd ki, Azərbaycanın beynəlxalq "imici"nin təbliğinə xidmət edən ikitərəfli prezident görüşləri bu günə qədər baş tutmayıb: İlham Əliyevin Oval ofisdə ABŞ prezidentilə görüş fotoları sonuncu dəfə 15 il öncə - 2006-cı ilin aprelində yayılıb. 

Bir neçə aydan sonra isə ABŞ-ın Bakıdakı hazırkı səfiri öz missiyasını başa vuraraq Vaşinqtona dönəcək; yeni səfir təyinatının bugünkü şərtlər daxilində, asan proses olacağını güman etmirəm. Odur ki, tövsiyə edərdim rəsmilər mövcud resurslardan düzgün bəhrələmək üzərində ciddi düşünsünlər. Münasibətləri daha da sərinləşdirəcək bəyanatlar və addımlar atmaq əvəzinə, gözlənilən "qışın" sərtliyini önləmək üçün indidən tədarükə başlamaqda fayda var.

Kamran Mahmudov

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti