novostink.ru
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin qərarı ilə bu posta seçildikdən sonra öz tərəfdarlarının ilk mitinqini çağırıb. 17 avqust mitinqi onun nəyinə lazımdır? Yenə kömək üçün xalqa müraciət etmək lazım gəlib? RF xarici işlər nazirinin Ermənistanın əleyhinə kəskin bəyanatının arxasında nə gizlənir? Turan bu suallarla politoloq Elxan Şahinoğluna müraciət edib.
- Nikol Paşinyanı hakimiyyətə mitinqlər gətirdi. İndi də baş nazir erməni xalqına verilən vədi yerinə yetirmək əvəzinə mitinq çağırır. Onu yenə xalqa müraciət etməyə nə vadar edir?
- Nikol Paşinyan baş nazir olmasının 100-cü gününü qeyr etmək üçün mitinq çağırır. Avqustun 17-də erməni demokratların Sarqsyan hakimiyyəti üzərində qələbəsinin 100-cü günü olur. Mitinq Yerevanın mərkəzi meydanında keçiriləcək. Bu qərarı düzgün hesab edirəm. Çünki birincisi, general Manvel Qriqoryanın həbsilə Ermənistandakı Qarabağ klanının zəifləməsindən, iqtisadi dayaqların Sarqsyanlar ailəsindən alınmasından, hərbçilər və siyasətçilər arasında korrupsiya ittihamı ilə həbslərin aparılmasından sonra Paşinyanın xalqın dəstəyinə ehtiyacı var. Ancaq Nikol risk edir, belə ki, onun əleyhdarları revanş etmək istəyəcəklər. Ona görə də göstərmək istəyir ki, xalq onun hərəkətlərini dəstəkləyir.
Paşinyanın ikinci məqsədi onunla bağlıdır ki, Moskva Rusiyapərəst eks-prezident R.Köçəryanın həbsilə bağlı ona ilk ciddi xəbərdarlığı edib. Ermənistanda KTMT baş katibi Yuri Xaçaturova qarşı konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb. Ancaq o, zaminə buraxılıb. Baş verənlər Moskvanın xoşuna gəlmir. O, Ermənistanda istənilən təxribata əl ata bilər. Paşinyan mitinqçilərin gücü ilə öz hakimiyyətini qorumağa çalışır ki, Moskva xalqın dəstəyini görsün və bu mühüm amil ilə hesablaşsın. Lakin Paşinyan öz məqsədinə nail olmaq üçün mitinqə Sarqsyanın devrildiyi gün meydana toplanan insanların sayı qədər adam toplamalıdır.
- İndiki Ermənistanda Rusiyaya münasibət necədir? Paşinyanın Kremlin bütün istəklərini yerinə yetirmək niyyəti varmı?
- Ermənistanda maraqlı fakt aşkar edilib. Məlum olub ki, Yerevanda ən antiazərbaycan və antitürk sayt, bu ölkələrin əleyhinə digər saytlardan çox informasiya yayan sayt Rusiyanın Gümridəki 102-ci hərbi bazası tərəfindən maliyyələşdirilir. Gənclərin "Zorakn" Elmi-Tədris Fondunun azdarar. am rəsmi elanlar saytında dərc olunmuş hesabatından belə çıxır ki, ona məxsus olan hərbiyönlü razm.info xəbər portalı 2016-cı ildə "bəzi qonşu dövlətlərin" elektron KİV materiallarının həftəlik icmalının əvəzində 100 000 rubla yaxın pul alıb. "Reqnum" İA-da məqalə müəllifi Rusiya hərbi bazasının maraqlarına xidmətdən bəhs edir. Həmçinin məqalədə deyilir ki, vaxtaşırı Türkiyə və ya Azərbaycan haqqında yayılan xəbərlərdə bu ölkələr "düşmən" adlandırılır, halbuki, "peşəkar nəşrlər "qarşı tərəf" terminindən istifadə edirlər.
Bu fakt bir daha göstərir ki, Rusiya Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında, Qarabağ probleminin həllində maraqlı deyil. Rus hərbçilərə lazımdır ki, Azərbaycan və Türkiyə Ermənistanın düşmənləri olaraq qalsın. Yerevan saytının rus hərbçilər tərəfindən maliyyələşdirilməsi Gümridəki 102-ci Rusiya bazasının daha bir missiyasını ortaya qoyan nonsensdir. Bu faktın ermənilər tərəfindən açılması isə qonşu dövlətlərlə düşmənçilikdən yorulan erməni tərəfinin narazılığını göstərir.
Ermənilər öz məğlubiyyətini anlayırlar. Bu günlərdə erməni siyasətçi, Levon Ter-Petrosyanın partiyasına yaxın Zoya Tadevosyan deyib: "Biz Azərbaycan torpaqlarını işğal etmişik". Serj Sarqsyanın və Robert Köçəryanın hakimiyyəti illərində bu deputat belə danışa bilmirdi. Görünür, Nikol Paşinyanın siyasəti Ermənistandakı azsaylı qüvvələri də hərəkətə gətirib və onlar Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini və məqsədəuyğun olduğunu dərk edirlər. Ancaq yenə də Rusiyanın müdaxiləsi görünür: Rusiyanın xarici işlər naziri S.Lavrov bildirib ki, onlar "Ermənistanda baş verənlərdən narahatdır". Eks-prezident Köçəryanın həbsindən sonra bu fraza gözlənilən idi.
- Siz Rusiya KİV-i izləyirsiniz. Bu KİV-lərdə Paşinyanın hərəkətləri necə qiymətləndirilir?
- Rusiyanın imperiyayönlü saytlarında maraqlı tendensiya müşahidə olunur. Bu saytlar uzun illərdir ki, Serj Sarqsyan və Robert Köçəryan Ermənistanını şöhrətləndiriblər, Azərbaycan haqqında yalanlar uydurublar, bizim ölkəmizin əleyhinə saysız "təhlillər" dərc ediblər. İndi bu saytlar Ermənistanı tərif etmirlər, çünki Paşinyanın siyasətindən razı deyillər və Köçəryanla Sarqsyanın çevrəsinin həbsindən qəzəbləniblər. Həmin saytların rəhbərləri və himayədarları çətin vəziyyətə düşüblər: əgər əvvəlki kimi Azərbaycanı söysələr, bu, Paşinyan hakimiyyətinin xeyrinə olacaq, ancaq saytlar bunu istəmirlər. Əgər onlar Ermənistanda rəsmi hakimiyyəti dəstəkləsələr, necə ki bunu Sarqsyan və Köçəryanın hakimiyyəti illərində edirdilər, o zaman Rusiyanın maraqlarına ziyan vuracaqlar, çünki bu saytlar ermənipərəst, müəyyən dərəcədə də ruspərəstdir. Hələlik bu KİV-lər tədricən Paşinyana qarşı tənqid kampaniyası təşkil edirlər. Sonda Ermənistanın dünənki müttəfiqləri Azərbaycanı unudub daxili ziddiyyətləri aradan qaldırmaqla məşğuldur.
Rəy yaz