Koronavirus və həyat tərzi

***

-Adil bəy, karantin rejimi niyə yumşaldıldı və yenidən iki günlük həftəsonu niyə sərtləşdirildi? Bu bir təcrübə sınağıdırmı? Bu effekt verəcəkmi?

-Karantin rejiminin yumşaldılması məntiqli addım idi. Bunun həm iqtiisadi səbəbləri var. Həm də  sosial həyat uzun müddət donmuş durumda qala bilməzdi. Bu sms icazələrin yumşaldılması istiqamətində atılan addımlardan biri idi və bu addım yavaş-yavaş genişlənməli idi. Amma karantin rejiminin yenidən sərtləşdirilməsi məntiqli görünmür. Çünki isti vaxtlarda, yayda bu əks nəticələr verə bilər. Sərt karantin qaydaları Azərbaycan üçün uyğun deyil. Çünki bizim əhali bu qaydaları gözləyən deyil. Hətta Çində belə bu, silah tətbiqinin əsasında mümkün oldu. Ona görə də hesab edirəm ki, karantin rejiminin yumşaldılmasına gedilməlidir, sosial həyat tam fəaliyyət göstərməlidir. Amma tamamilə yeni qaydalarla. Əsas odur ki, insanların karantin davranışlarına ciddi riayət etməsi şərti ilə karantin rejiminin yumşaldılması prosesi davam etdirilməlidir.

-Yoluxmaların sayı az olduğu dövrdə karantin rejimi tətbiq olundu. Amma yoluxmaların sayı çox olduğu dövrdə karantin yumşaldıldı. Indi isə yenidən iki günlük də olsa karantin sərtləşdirilir. Bu nə deməkdir? Hökumətin müəyyən proqramının olmamasının, yəni karantinin yumşaldılmasına tələsmənin nəticəsidir, yoxsa başqa səbəbləri var?

-Əslində xüsusi karantin rejimini operativ tətbiq etdik və karantin rejiminin qaydalarının sərtliyi hesabına müəyyən qədər uğura nail ola bildik. Düzdür, o dövrdə də karantin qaydalarını pozan insanlar vardı. Başqa evlərə, mağazalara gedirdilər, həyətlərdə gəzirdilər, evdən çıxarkən liftdən istifadə edirdilər. Bütün bunlar indiki yoluxmaların əsasında dayanır. Yəni bu tam sərt karantin rejimi olsa da, alt yapısında xeyli azadlıqlar var idi. Bu baxımdan yumşaldılmaya gedilməli idi. Rejimin yumşaldılıb, yenidən sərtləşdirilməsi isə düşünürəm ki, situasiyaya ciddi təsir etməyəcək. Karantinin yumşaldılmasının əsasında iqtisadi-sosial faktorlar da dayanır. Amma bu yumşaldılma ümumiyyətlə çox vacib idi. Çünki insanlar azadlıqlara öyrəşmişdilər və onlar birdən-birə evə məhkum edilərək azadlıqları məhdudlaşdırılmış şəkildə yaşamaqda çətinlik çəkirdilər. Dözmürdülər, bunun nəticəsində həyətə çıxırdılar, liftdən istifadə edirdilər. Bütün bunlar isə göstərdi ki, uzun müddətli, xüsusən də havalar istiləşdikcə sərt karantin rejimi həyata keçirmək çətindir.

Hökumətin müəyyən proqramının olmamasına gəldikdə isə, bəli, karantin rejimi yumşaldılırdısa, gərək xüsusi təlimatlar olaydı. Ayrı-ayrı ticarət obyektlərinin, satış, iaşə müəssisələrinin fəaliyyəti ilə bağlı təlimatlar olmalı idi. Yəni obyektin kvadratmetrindən asılı olaraq içəridə eyni vaxtda sosial məsafəni gözləmək baxımından adamların sayı ilə bağlı təlimatlara ehtiyac var idi. Bu kimi təlimatlar olmadı. Bəzi administrativ qərarları qəbul etmədən, davranışlarla bağlı insanları maarifləndirmədən faktiki olaraq karantin qaydaları yumşaldıldı. Bu da təbii ki, insanların daha azad hərəkətinə səbəb oldu. Insanlar situasiyanı iqnor etməyə başladılar, sosial məsafə gözləmədilər, maska taxmaqdan imtina etdilər və.s. Bütün bunlar indiki yoluxmaların əsasında dayanır. Və hesab edirəm ki, real vəziyyət elan olunandan daha pisdir.

-Karantin rejiminin tətbiq olunduğu dövrdə xəstəliyə şübhə ilə yanaşanlar olsa da, əhali arasında bir panika da vardı. Amma biz indi gündəlik statistikaya baxdıqda yoluxanların sayı 200-dən aşağı düşmür. Eyni zamanda isə insanlar arasında panika azalıb. Bunun səbəbi nədir? Bu xəstəliyə inanmayanların sayının artmasından irəli gəlir və ya  insanlar artıq belə yaşamaqdan bezib, yoxsa, insanlar bu xəstəliklə yaşamağa öyrəşib?

-Koronavirus pandemiyası başlayanda və ölkəmizə yayılanda dünyada və ölkədə müşahidə edilən ölüm halları insanlar arasında bir panika, qorxu-həyəcan yaratmışdı. Və karantin dövrünün ilk vaxtlarında insanlar bu rejimin qaydalarına riayət edirdilər. Amma sonradan şayiələr baş alıb getməyə başladı. Və bu şayiələrin əsas hissəsi koronavirusun boş bir şey olması, məqsədli yayılması istiqamətində yayılan söhbətlər idi. Əslində insanlarda panika yoxa çıxmadı, situasiyaya adaptasiya oldular. Amma koronavirusun epidemioloji coğrafiyasının genişlənməsi, yoluxanların sayının artması təbii və məntiqlidir. Çünki insanlar karantin qaydaları yumşaldılandan sonra situasiyanı tam iqnor etdilər. Yoluxma üçün münbit şərait yaratdılar.  Elə parklarda, bulvarda, mərkəzi küçələrində minlərlə insan sosial məsafə gözləmirdi və virusa yoluxurdular. Bu da statistikaya öz təsirini göstərdi. Bugünkü çoxsaylı yoluxmaların əsasını məhz o vaxt buraxılmış səhvlər və yanlışlıqlar təşkil edir.

-Nə vaxt bitəcək bu xəstəlik? Versiyalara görə hələ bunun ikinci və üçüncü dalğası da olacaq. Və üçüncü dalğa 2021-ci ilin əvvəlində bitəcək və bununla da pandemiya qurtaracaq. Nə dərəcədə doğrudur bu versiyalar? Sizin versiyanız nədir?

-Əslində biz koronavirusla 1965-ci ildən yaşayırıq. Hər il müxtəlif formada özünü biruzə verir. Virusun özfəaliyyəti dövründə mövcud olduğu SARS, MERS və indiki COVİD-19 təhlükəli ştamlar sayılır. Elə SARS-ın özü COVİD-19-la çox bənzərdir. Yəni bu virusla biz artıq demək olar ki, yaşayırıq.  Bu pandemiyanın nə vaxta qədər davam edəcəyini demək çətindir. Burda iki məsələ var. Birincisi, xəstəliyin bitməsini heç kim deyə bilməz. Çünki ispan qripi iki il davam etdi. Ikinicisi isə, bu virusların mutasiyaya uğrayaraq yoxa çıxması versiyası da həmişə gündəmdədir. Bu viruslar həmişə mutasiya olunmaq qabiliyyətinə malikdir. Mutasiya olunmuş virus isə oz xassəsini itirə bilər. Ona görə də biz hansı sürprizlərlə üz-üzə qalacağıq, indidən deyə bilmərik. Əlbəttə, bugünkü intensivliyə, virusun zədələdiyi insanların sayına baxdıqda belə qərara gəlmək olar ki, biz bu virusla birgə yaşamaq məcburiyyətindəyik. Burda ikinci-üçüncü dalğanın olması ehtimalı qalır. Amma dünya alimləri və müvafiq qurumları bu virusla bağlı çox ciddi iş aparırlar və ola bilsin ki, bu virusla mübarizədə prinsipial olaraq tamamilə yeni bir texnologiya işlənib hazırlansın.

-Pandemiyanın pik dövrü nə vaxt olacaq? Və ya artıq biz bu dövrü yaşamışıqmı?

-Pandemiyanın nə vaxt sürəcəyi bilinmədiyi kimi, onun pik dövrünü də demək çox çətindir. Infeksiyanın bir periodu, tsikli başlayır və sona çatır.Artıq yoluxmalar tək-tük müşahidə edilir. Bu dalğa deməkdir. Sonra bir-iki aydan sonra yenidən alovlanır və ikinci dalğa başlayır. Iki-üç dalğanın olması ehtimalı buna bağlıdır. Əlbəttə bunu deyənlərin də əlində əsası var.  Amma ikinci-üçüncü dalğa olacaq, ya olmayacaq bunu deyə bilmərik. Bunu demək çox çətindir. Amma mən bir qədər optimist düşünürəm ki, dünya əhalisi bu virusla mübarizədə xeyli irəliləyiş əldə edib. Artıq virusun özü üçün yeni insan orqanizmi tapmaq, özünə yeni məskən salmaq kimi problemləri aktuallaşır.

-Siz nə təklif edərdiniz? Azərbaycan hökuməti COVİD-19-la mübarizə üçün hansı addımları atmalıdır? Vəziyyətdən çıxış yolu nədir?

-Mənim təklifim ondan ibarətdir ki, karantin tədbirləri yumşaldılmalı və sosial həyat davam etməlidir. Karantin davranışlarının üstündə dayanmaq lazımdır. Infeksiya sona çatana qədər biz insanların sosial məsafə gözləməsi, maska taxması, əllərin dezinfeksiyası kimi davranışları həyat tərzinə çevirməliyik. Təkcə bu virusla bağlı deyil, gələcəkdə də başqa viruslardan qorunmaq üçün bunu etməliyik. Məsələn, yaponlardakı kimi. Yaponiyada nə karantin komitəsi var, nə də hansısa başqa bir qurum yaradılıb. Insanların həyat tərzi imkan verir ki, orada yoluxmalar və xəstələnmələrin sayı minimal olsun. Biz də bu yolu getməliyik. Mən hesab edirəm ki, indiki bu isti vaxtlarda karantin qaydalarını sərtləşdirmə özünü doğrultmayacaq. Biz karantin davranışlarını dərk edərək, əməl etsək, daha yaxşı uğurlara nail ola bilərik.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti