Baku.turan.az

Baku.turan.az

Fevralın 27-də pandemiyaya qarşı mübarizə üçün hökumətin Operativ Qərargah yaratdığı andan etibarən bu, ilk belə tədbirdir. Əvvəllər SMS vasitəsilə polisə məlumat verərək, 2 saatlıq evdən çıxmaq olardı.

Qərargahın iyunun 6-na olan məlumatına görə, 379 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bu, gündəlik yoluxmada rekord saydır.

Ümumilikdə ökədə 7239 nəfər xəstəliyə yoluxub. Onların 4024-ü sağalıb, 84-ü vəfat edib, 3131-i xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir.

72 xəstənin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xəstəliyin pik həddinin keçdiyi düşünülərkən, pandemiyanın yayılmasının və xəstəlik əyrisinin yüksəlməsinin səbəbi nə ola bilərdi?

Azərbaycan mayın 3-nə qədər gündəlik yoluxma sayı 40 olmaqla, pandemiya göstəriciləri, ölüm göstəriciləri ən az və müalicə olunanlar üzrə nəticələri yüksək olan ölkələr arasında idi. Amma sonrakı günlərdə xəstəliyə yoluxanların sayında gözəçarpan artım olub. Mayın 4-də 52 nəfər xəstəliyə yoluxub, mayın 12-də 100 nəfər həddi keçilib və daha sonra əyri yuxarıya doğru irəliləməyə davam edib.

Bu artımın hökumətin qeyri-ardıcıl addımları və ya başqa səbəb və şərtlərdən irəli gəldiyi tam aydın deyil. Bəlkə də artıma bunların hər ikisi səbəb olub.

Hökumətin qeyri-ardıcıl addımları

Hökumətin gördüyü tədbirlər gecikmiş, qeyri-ardıcıl və ziddiyyətli olub.

Yanvarın ikinci yarısında KİV koronavirus təhlükəsi barədə siqnal verib.

Yanvarın 16-da Çində yeni koronavirusdan pnevmoniya yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycanın Səhiyyə Nazirliyi xarici səfərlər və ticarətlə bağlı tövsiyələr dərc edib.

Yanvarın 24-də AR XİN həyəcan təbili çalaraq, Çinə səyahət zamanı ehtiyatlı olmağa çağırıb.

Yanvarın 28-də səhiyyə naziri Oqtay Şirəliyev "Yeni koronavirusa (2019-nCoV) qarşı profilaktik tədbirlərin gücləndirilməsi haqqında" əmr imzalayıb.

Yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı tədbirlərə həsr olunmuş müşavirə keçirilib.

Koronavirusun ölkə ərazisinə nüfuz etməsinin qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsi haqqında qərar qəbul edilib:

- sərhəd-buraxılış məntəqələrində gücləndirilmiş rejimə keçid;

- Çindən gələn bütün şəxslərin icbari tibbi müayinəsi və onların nəzarət altına götürülməsi;

- virusun yayılmasına səbəb ola biləcək yüksək riskli ərzaq məhsulları siyahısının hazırlanması və ərzaq bazarlarında nəzarətin gücləndirilməsi;

- tibbi müəssisələrdə "qaynar xətt" yaradılması;

- maarifləndirmə işinin aparılması və əhaliyə vəziyyət haqqında müntəzəm olaraq məlumat verilməsi.

Fevralın ikinci yarısında İranda koronavirus pandemiyası və ilk vəfat edənlər haqqında ilk məlumatlar yayılıb.

Fevralın 23-də Azərbaycan XİN ölkə vətəndaşlarına İranda koronavirusun yayılmasını nəzərə alaraq, bu ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.

Bu zaman sərhəd hələ açıq idi, sərhəddə qızğın alver gedirdi, alverçilər həmişə olduğu kimi, sərhədləri keçirdi, bir halda ki, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr İranla sərhədi bağlamışdı.

Fevralın 24-də Nazirlər Kabineti İrana səfərləri qadağan etmir, yalnız vətəndaşları bu ölkəyə getməməyə çağırır.

Fevralın 26-da Gürcüstan Azərbaycanla sərhədi bağlayır. Bu qərar İrana səfər edən Gürcüstan vətəndaşının koronavirusa yoluxmasından sonra qəbul edilir. O, Gürcüstana Azərbaycandan tranzitlə qayıtmışdı.

Azərbaycanın Səhiyyə Nazirliyi özünə bəraət qazandırır: Gürcüstan vətəndaşı Azərbaycana gələrkən onda koronavirus simptomları aşkar edilməyib.

Və yalnız fevralın 27-də koronavirusla bağlı risklərin qarşısının alınması, operativ profilaktik tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabineti yanında müvafiq dövlət orqanlarının iştirakı ilə qərargah yaradılır.

"Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altındadır, hazırda əhali arasında yoluxma halları qeydə alınmayıb, narahatlıq üçün əsas yoxdur", deyə həmin vaxt, KİV-dən fərqli olaraq, hələ problemin ciddiliyini dərk etməyən hökumətin məlumatında bildirilirdi.

Amma fevralın 29-da hökumət nəhayət İranla sərhədi bağlayır. Cənubda Cəlilabad rayonunda ilk karantin mərkəzi yaradılır, İrandan gələn koronavirus şübhəsi olan vətəndaşlar oraya yerləşdirilir.

Karantin yerlərindən pis rəftar, saxlanma şəraiti haqqında elə ilk məlumatlar hələ bir ay əvvəl vəziyyətin nəzarət altında olduğunu iddia edən hökumətin kifayət qədər hazır olmadığını göstərirdi.

Həmin vaxt İrandan gələn ilk xəstəliyə yoluxmuş vətəndaşlar haqqında məlumat yayılır. Beləliklə, epidemiyanın başlanğıcını cənub sərhədlərindən götürdüyünü demək olar. Və hökumətin deklarativ bəyanatları və qətiyyətli qərarların qəbulunda astagəlliyi şəraitində bu, təsadüfi deyildi.

Ölkədə gigiyenik maska və tibbi dezinfeksiya vasitələrinin çatışmazlığı müşahidə olunur. Maarifləndirmə işi aparılmır. Həyat öz axarında davam edir.

Martın 2-də Azərbaycanın Nazirlər Kabineti koronavirusa qarşı mübarizə üçün dərman alınmasına 10 mln. manat ayırıb.

Martın 3-dən 9-na qədər uşaq bağçaları, məktəblər və universitetlər bağlanır.

Bu qərarın bir həftəlik müddət üçün qəbul edilməsi özü hökumətin nə ilə üz-üzə olduğunu anlamadığını göstərir.

Təyyarələr hələ uçur, onlarda təhlükəsizlik dezinfeksiya ilə məhdudlaşır.

Martın 4-də prezident İlham Əliyev ilk dəfə koronavirus haqqında danışır. Azərbaycanda koronavirusun yayılması ehtimalı o qədər də yüksək deyil, deyə o bildirir.

O, hələ ölkə vətəndaşları ilə ehtiyat tədbirləri görmədən ünsiyyət qurmağa davam edir, bu, dövlət televiziyası tərəfindən qəhrəmanlıq kimi qələmə verilir - heç nəyə baxmayaraq, prezident xalqının yanındadır.

Novruz Bayramı ilə əlaqədar kütləvi gəzintilər təxirə salınır, kütləvi tədbirlərə qadağa tətbiq edilir, təhsil müəssisələrində məşğələlər martın 27-nə qədər təxirə salınır. Hökumət hələ də bəlkələrə ümid edir.

Martın 11-də Azərbaycanın Romadakı səfirliyi Azərbaycanın Romadakı vətəndaşlarına koronavirus təhlükəsi ilə əlaqədar İtaliya hökumətinin müəyyən etdiyi qaydalara və tövsiyələrə riayət etmək çağırışı ilə müraciət edib. Azərbaycanın qızıl gəncliyi XİN-in tövsiyələrinə məhəl qoymur - Apennində eyş-işrət davam edir.

Martın 12-də Operativ Qərargah İranla sərhədlərin bağlanması müddətinin 2 ay da uzadıldığını bildirir.

Elə həmin gün qərargah koronavirusdan ilk ölüm hadisəsi haqqında məlumat verir.

Martın 12-də hakimiyyət elektron viza verilməsini dayandırır.

Oprativ Qərargah 14 mart saat 00:00-dan vətəndaşların təcrid edilməsi və məişət və ticarət obyektlərinin fəaliyyətinin dayandırılması üzrə tədbirlər tətbiq edir.

"Koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri bir aylıq təxirə salınır", deyə məlumatda qeyd edilir.

Bundan başqa, martın 14-dən etibarən bütün kinoteatrların, muzeylərin, teatrların, əyləncə mərkəzlərinin və idman zallarının fəaliyyəti dayandırılır.

Əvvəlcədən martın 14-nə və 15-nə təyin edilmiş tədbirlər istisna olmaqla, toy tədbirlərinin keçirilməsi qadağan edilir.

Kafe və restoranların iş qrafiki saat 21:00-a qədər məhdudlaşdırılır. Onlarda kütləvi bayram və tədbirlərin keçirilməsi qadağan edilir. Saat 21:00-dan sonra işləyən klubların və barların fəaliyyəti dayandırılır.

Martın 14-də Gürcüstanla sərhəd qarşılıqlı razılaşma əsasında 10 günlük bağlanır. Eyni zamanda Türkiyədən vətəndaşların gəlməsi dayandırılır.

Martın 15-də dünyanın 15 ölkəsinə aviareyslər dayandırılır.

Səhiyyə Nazirliyi www.koronavirus.az saytı açmağı vəd edir. Operativ Qərargahın da saytı yoxdur.

Aprelin 16-da beynəlxalq poçt göndərişləri, həmçinin Rusiya ilə vətəndaşların qarşılıqlı səfərləri dayandırılır.

Martın 16-da baş nazir Əli Əsədov icra orqanlarına daxili əlaqələri məhdudlaşdırmaq və uzaqdan işə keçmək göstərişi verir.

Martın 17-də ölkə parlamenti "İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında" qanuna tamamilə yersiz dəyişiklik edir. Dəyişikliklərə əsasən, informasiya internet resursunun sahibi həmin resursda İnsanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütlləvi sürətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yayılmasına yol verməməlidir.

19 mart saat 00:00-dan martın 29-na qədər regionlarda qeydiyyatda olan nəqliyyat vasitələrinin, habelə onların sərnişinlərinin Bakıya, Sumqayıta girişi qadağan edilir.

Martın 19-da Nazirlər Kabineti koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası və əhalinin məlumatlandırılması üçün informasiya portalını (www.koronavirusinfo.az) işə salır. Amma sayt qismən işləyir.

Azərbaycanın əksər dövlət qurumlarının işçiləri Novruz bayramından sonra bir ay ərzində, yəni martın 29-dan aprelin 29-na qədər ödənişli məzuniyyətdə olacaq. Bu barədə baş nazir Əli Əsədovun 20 mart tarixli sərəncamında deyilir.

Martın 19-da prezidentin fərmanı ilə Koronavirusa qarşı mübarizəyə dəstək Fondu yaradılır, fonda dövlət büdcəsindən 20 mln. manat ayrılır, qalan vəsaiti özəl ianələr təşkil edir.

Martın 21-də Gürcüstan fövqəladə hal elan edir.

Koronavirus infeksiyasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində martın 22-dən ictimai iaşə və xidmət obyektlərində yeni rejim - 09:00-dan 15:00-a qədər iş saatı tətbiq edilir.

Koronavirusa qarşı mübarizə üzrə Operativ Qərargah bildirib ki, martın 23-də saat 00:00-dan etibarən ərzaq mağazaları və onların nəzdindəki apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır.

Operativ Qərargah koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 20:00-a qədər ölkə ərazisində xüsusi rejim tətbiq edildiyini elan edib. Xüsusi rejim əvvəlcədən qəbul edilmiş bir sıra məhdudiyyətləri ehtiva edir, amma onları bir qədər gücləndirir.

Martın 27-də Operativ Qərargah əlavə olaraq koronavirus pandemiyası ilə əlaqədar 29 mart saat 00:00-dan karantin rejiminin gücləndirildiyini bildirir.

Martın 30-da Bakıda bir küçədə dezinfeksiya işləri həyata keçirilir.

Martın 30-da daxili qoşunlar küçələrə patrul çəkməyə çıxır.

31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il 00:00-a qədər vətəndaşların yerdəyişməsinə məhdudiyyətlər tətbiq edilir. Metro bağlanır.

Aprelin 5-dən etibarən vətəndaşlar yalnız SMS-icazə ilə 2 saatlıq mağaza və tibb müəssisəsinə getmək üçün evlərini tərk edə bilir.

5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-a qədər yük daşımaları istisna olmaqla, quru və hava nəqliyyatı ilə Azərbaycan ərazisinə giriş-çıxış tamamilə dayandırılır, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 4-də axşam məlumat verib.

Aprelin 7-də, bir aydan da çox vaxt keçdikdən sonra, nəhayət, gündə 90 min maska istehsal edən kiçik müəssisə açılır. Gələcəkdə gündəlik istehsal həcmi 200 min ədədə çatdırılacaq. Amma bu günə qədər maska çatışmır.

Aprelin 9-da prezident koronavirusa yoluxanların müalicəsi üçün tibbi avadanlıq əldə etmək üçün 97 mln. manat ayırır.

Koronavirusun nəticələrinin yumşaldılması üçün martın 20-də təsərrüfat subyektləri və aztəminatlı vətəndaşlar üçün əvvəlcə 1 mlrd. manat ayrılır, sonradan bu rəqəm 2,5 mlrd. manata çatdırılır.

Mayın ilk ongünlüyündə bir çox məhdudiyyətlər ləğv olunur, metronun işi bərpa edilir, ticarət mərkəzləri, parklar açılır, ictimai iaşə obyektlərinin işi əvvəlcə saat 18:00-a qədər, daha sonra 22:00-a qədər bərpa edilir, telekanallarda antipandemiya təbliğatı kəskin şəkildə azalır. Və bütün bunlar infeksiyaya yoluxanların sayının artması fonunda baş verir.

İyunun 4-də hökumət geri qayıdır - daha sərt məhdidiyyət tətbiq edilir.

Hökumətin bu addımları heç cür ağla batmır. Növbəti günlərdə geniş əlaqələr və cüzi məhdudlaşdırıcı və profilaktik tədbirlər şəraitində vətəndaşların iki günlük təcridinin hansı nəticəni verə biləcəyi aydın deyil.

Digər səbəblər və şərtlər

Belə bir təəssürat yaranır ki, hökumət kiməsə pandemiya təhlükəsinin artmasını, ona qarşı mübarizə fəaliyyətini nümayiş etdirmək istəyir. Məsələn, hökumətin əsasən iqtisadi sabitliyin təminatı olan neft qiymətlərinin düşməsi ilə əlaqədar yaranmış itkiləri ödəmək üçün pul almaq istədiyi Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına. Artıq qarşılıqsız yardım ayırmış və yenə də ayıra biləcək beynəlxalq donorlara.

Amma bu halda informasiya səs-küyü vəziyyəti əks etdirmir. Və hökumətin yuxarıda bəhs edilən addımları Azərbaycanda koronavirus pandemiyasının vəziyyəti haqqında rəsmi məlumatlara etibar yaratmır. Onlar etibar yarada da bilməz, belə ki, müstəqil qeyri-hökumət təşkilatları və KİV-lər nəzarət prosesinə cəlb edilməyib.

Əksinə, hökumət cəmiyyətin pandemiya şəraitinə və onun ətrafındakı vəziyyətə nəzarətinə yol verməmək məqsədilə məhdudlaşdırıcı tədbirlər görüb və görməyə davam edir. Bu tədbirlərə məhdudlaşdırıcı qanunvericilik düzəlişləri, siyasi partiyaların, KİV-lərin fəaliyyətinin məhdudlaşdırılması, fəalların həbsləri və digər polis tədbirləri aiddir.

Belə bir təəssürat yaranır ki, hökumət ölkənin qədəm qoyduğu növbəti sosial-iqtisadi böhran mərhələsində tənqidi səsləri boğmağa çalışır.

Baxmayaraq ki, xaricdə belə görünmür.

"AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin vəziyyət barədə yaxşı məlumatı var... Karantin başa çatdıqdan sonra beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı məruzələri tənqidi olacaq", deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir bildirib.

P.S. Azərbaycanın əksinə, Gürcüstan hökumətinin və vətəndaş cəmiyyətinin birgə operativ, sistemli işini koronavirusa qarşı uğurlu mübarizə nümunəsi adlandırmaq olar. Dövlət və cəmiyyətin məhz bu əməkdaşlığı təsirli nəticə verib. 900-dən az yoluxma və 13 ölüm faktı. Və bunun nəticəsi olaraq, iyunun 15-dən etibarən ölkədə daxili turizm bərpa edilir, iyulun 1-dən isə xarici turistlər üçün sərhədlərin açılması planlaşdırılır. Ölkəyə yalnız son 72 saat ərzində koronavirusla bağlı laborator PCR testinin cavabının mənfi olması haqqında arayış təqdim edən turistlər buraxılacaq.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti