ТАСС

ТАСС

***

ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və Gürcüstan aprelin 2-də Rusiyanın koronavirusa qarşı mübarizədə həmrəylik haqqında qətnaməsini bloklayıb. Moskva tərəfindən təklif edilən bu qətnamə xəstəliyə qarşı mübarizədə ÜST-ün liderliyinin tanınmasını, habelə BMT Təhlükəsizlik Şurasının rəyi alınmadan qəbul edilmiş birtərəfli sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. Bu barədə "Exo Moskvı" ("Moskvanın səsi") xəbər verir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Facebook-da belə bir bəyanatla çıxış edib: "Alicənab sərlövhəli bu mətndə bir çox doğru şey və beynəlxalq təhlükəsizlik sistemi üçün strateji dağıdıcı nəticələri ola biləcək bir manipulyasiya var - beynəlxalq sanksiyaların ləğvi prosesinin işə salınması. Koronavirusa qarşı mübarizədə və onun nəticələrinin aradan qaldırmasında dövlətlərin əməkdaşlığına heç nə mane olmur. Bu fonda beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq tətbiq edilmiş beynəlxalq sanksiyaların, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə sanksiyaların altına mina döşəmək üçün humanitar məqsədlərdən sui-istifadə etmək cəhdləri Rusiyanın növbəti manipulyasiyasıdır". O qeyd edib ki, Ukrayna BMT Baş Assambleyasının bu mövzuda manipulyasiyaların yer almadığı və BMT-yə üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən dəstəklənən digər qətnaməsini dəstəkləyəcək.

Rusiyada deyirdilər ki, koronavirus dünyanı dəyişdirəcək, pandemiyadan sonra yeni nizam-intizam olacaq. Amma, məlum olub ki, geosiyasi hadisələrə verilən qiymət dəyişməyib. Biz Kseniya Kirillovadan BMT TŞ-də baş verənləri şərh etməsini, habelə Rusiyada bugünki siyasi reallığı izah etməsini xahiş etdik.

***

K.Kirillova Rusiya cəmiyyətindəki təmayüllərin, Rusiya təbliğatının təsir mexanizminin, "yumşaq qüvvənin" və xarici siyasətin təhlilində ixtisaslaşan jurnalist və ekspertdir. İngilis dilində yüzlərlə məqalənin, o cümlədən Atlantic Council, Stratfor, Jamestown Foundation kimi analitika mərkəzləri, ABŞ-ın daxili təhlükəsizliyinə həsr edilmiş (Homeland Security Today US) The Integrity Initiative layihəsi və bir sıra digər layihələr üçün araşdırmaların müəllifidir. "Azadlıq Radiosu"nun (RFE/RL) bir neçə xidmətinin icmalçısıdır. 2014-cü ilin aprelindən etibarən ABŞ-da yaşayır, həmin vaxta qədər Yekaterinburqda yaşayıb.

- BMT TŞ-də Rusiyanın təşəbbüsünün uğursuzluğu ilə bağlı şərh verməyinizi xahiş edirəm. Deyirdilər ki, koronavirusdan sonra dünyanın geosiyasi mənzərəsi dəyişəcək və s. Amma dəyişmədi. Niyə?

- Kreml həmişə onların ləğvinə nail olmağa çalışıb, odur ki, indi də bunu etməyə cəhd etməsi təəccüblü deyil. Dünyanın onun hiyləsinə gəlməməsi sevindirir, belə ki, bunun hiylə olduğu kifayət qədər açıqdır. Rusiya özünü "dünyanın koronavirusdan xilasedicisi" kimi göstərir, amma başqa ölkələr üçün göstərməyə çalışdığı qədər çox şey etmir. Məsələn, bu yaxınlarda məlum olub ki, Moskva ABŞ-a humanitar adlandırdığı tibbi yardımı hədiyyə etməyib, satıb. Həmçinin, Rusiya pandemiyadan anti-Qərb təbliğatında istifadə etməyə çalışıb. Bir sözlə, faktlar dəyişməzdir.

- İkinci sualım bu gün baş verənlərin uzaq başlanğıcı, "Putin" Rusiyasının ortaya çıxmasının səbəbləri haqqındadır. Qəribə, əvvəlcədən təxmin edilməyən bir şey baş verdi: SSRİ-dən sonra təbii şəkildə Yeltsin Rusiyası, yəni demokratik, Avropayönlü hədəfləri olan, şövqlü və üfüqü açıq olan Rusiya ortaya çıxdı. Əlbəttə, Yeltsinin komandası sadəlövh idi və çox şey alınmırdı, "hər kəs ala bildiyi qədər azadlıq alsın" şüarı ilə ifratlar var idi, komandaya fırıldaqçılar daxil olurdu, tam şəkildə dövlətdən ayrılma baş vermədi və s. Amma yeni bir demokrat - əyyaş olmayan, Rusiyanı əvvəlki kursla irəli apara biləcək tam təhsilli demokrat seçmək olardı. Lakin birdən-birə demokrat Yeltsin barmağı ilə KQB (DTK - Dövlət Təhlükəsizliyi Komitəsi) polkovnikini göstərdi. Həmin vaxtdan etibarən Rusiyanın gənc Brejnevi və ya Xruşovu var, kim necə istəyirsə. Amma bu, artıq, ən azından hakimiyyət dəyişməz olduğuna görə, qeyri-demokratik ölkədir. Niyə belə alındı, Rusiyanın demokratik inkişafının davam etdirilməsi istiqamətində başqa bir gözlənilən yol yox idi?

- Mən daha çox Putin rejiminin formalaşması tarixi deyil (o hakimiyyətə gələndə cəmi 14 yaşında idim), Rusiyada hazırda baş verənlər üzrə mütəxəssisəm, yəni insanların əhval-ruhiyyəsi, mentalitet, təbliğatın iş mexanizmi, təbliğatın üzərində oynadığı fobiyalar, "yumşaq qüvvə", çekist mentaliteti, Rusiya-Ukrayna müharibəsi, xaricə "ixrac ideologiyaları" üzrə. Buna görə sualınıza, əlbəttə ki, cavab verəcəyəm, amma bir ekspert kimi deyil, həmin vaxt Rusiyada yaşayan və adi insanların Putini necə qarşıladığını görən adi bir insan kimi. Buna görə burada cavabı iki hissəyə bölərdim:

1. Həmin dövrün elitaları nöqteyi-nəzərdən Putinizm necə mümkün oldu.

2. Putin Rusiya əhalisinin əksəriyyətinin təqdirini necə qazandı.

1. Birinci hissə haqqında danışsaq, Putinin hakimiyyətə gəlməsi mövzusunda artıq çox sayda ekspert şərhi mövcuddur, başqa analitiklərin əsərlərini öz adımdan təqdim etmək istəmirəm. Məsələn, bu müsahibədə bu mövzuda çox şey deyilib: 

Qısa desək, KQB-nin (hazırki variantda FSB (FTX - Federal Təhlükəsizlik Xidməti)) həmişə qisas arzusunda olduğu və ardıcıl şəkildə bu qisası hazırladığı haqqında versiya ilə razıyam. Yeltsinin komandasına "fırıldaqçılar" elə-belə soxulmurdu, bu, keçmiş KQB-dən və mafiyadan çıxanlar idi, bu barədə burada daha ətraflı yazmışam. Buna görə onlar sadəcə olaraq pul və resursları oğurlamırdılar, həm də "öz" adamlarını - xüsusi xidmətlərlə əlaqəsi olanları hakimiyyətə gətirməyə çalışırdılar. Korjakovun necə Yeltsinin "yanına gətirildiyini" yada salaq. FSB Yeltsinin yaxın çevrəsindəki insanları mafiyaya qoşmağa, onları ifşa etmək təhdidi ilə qorxutmağa və daha sonra Yeltsini "ailəsinin" təhlükəsizliyini təmin edəbiləcək insanı seçməyin əsas olduğunu inandırmağa müvəffəq oldu. Və gördüyümüz kimi, bu, işə yaradı.

2. Rusiyada əhalinin əksəriyyətinin həmin vaxt Putini necə qarşılamasından danışsaq, qeyd etməliyik ki, onun KQB-nin intiqamını təcəssüm etdirdiyini çox az insan, qaldı ki, politoloq deyil, adi insanların çox azı başa düşürdü. Və bu gün nə qədər qəribə də görünsə, həmin vaxt sakinlər onun dəyişməz olacağını təxmin edə bilmirdi. Yadımıza salaq, Putin "gənc islahatçı", Sobçakın tərəfdarı və Yeltsinin işlərinin davamçısı imici yaratmışdı. O, Qərblə əməkdaşlığın, islahatların davam etdirilməsi zərurəti haqqında çox doğru sözlər söyləyirdi, bununla da çoxlarını qəflətə saldı.

Və, şübhəsiz, Putinin həmin vaxt üzərində oynadığı və indiyədək müvəffəqiyyətlə oynamağa davam etdiyi əsas şeyi - qorxunu unutmaq olmaz. Həmin vaxt çeçen terrorçuları qarşısında qorxu idi və Rusiyada evlərin partladılması (bu gün bir çox ekspertlərin iddia etdiyinə görə, əslində onların arxasında FSB dururdu) bu qorxunu dəfələrlə artırdı. Artıq hüquqi səlahiyyəti daha az olan Yeltsinlə müqayisədə, eyni zamanda "müdafiəçi" obrazında çıxış edən "gənc islahatçı" bir çox insanın şüursuz arzularını qarşılayırdı. Bu insanlar, çətin ki, bu gün bizim gördüklərimizi arzulayırdılar. Çox güman ki, cəmiyyətin bugünki vəziyyəti uzun və bacarıqlı manipulyasiyaların nəticəsi oldu. Amma bu manipulyasiyalardan ilki məhz həmin vaxt, 20 il əvvəl törədilib.

Və daha bir məqam. Putin də bu illər ərzində müəyyən şəkildə dəyişib. Bu, o demək deyil ki, əvvəllər o alicənab insan idi - əlbəttə ki, yox. Amma qeyri-məhdud hakimiyyət istənilən halda dəyişdirir, insanın ən pis xüsusiyyətlərinin sonuna qədər üzə çıxmasına imkan verir - ki, bu gün biz bunu müşahidə edirik.

- Deyirlər ki, xalq istədiyi lideri əldə edir. Bu mənada deyə bilərik ki, sizin haqqında danışdığınız KQB sadəcə olaraq xalqın iradəsini yerinə yetirib, yəni cəmiyyətin arzusunu düzgün qiymətləndirib və təmin edib? Bu sualımla bir növ məsuliyyəti Putinin üzərindən götürüb rus xalqının üzərinə qoymaq istəyirəm. Belə deyim, günah Putində deyil, ona tələbat var idi. Putin olmasaydı, Putin-2 gələrdi, fərqi nədir? Axı tarixi subyektlər formalaşdırmır, tarix obyektivdir. Necə düşünürsünüz?

- Mən belə deməzdim. Putinin "rus xalqının bütün dərin ümidlərini" doğrultduğu haqqında mif ilk növbədə Putinin özünə məhz bunun üçün - məsuliyyəti öz üzərindən atmaq üçün sərf edir. Amma biz bu gün "dərin ümid" adlandırılan şeyin necə formalaşdırıldığını unuduruq. Mən deyərdim ki, 50-yə 50. İnsanların hansısa arzularını o, şübhəsiz ki, həyata keçirib. 90-cı illərdən sonra Rusiya vətəndaşları iqtisadi sabitlik müqabilində azadlıqlarının bir hissəsindən keçməyə hazır idilər, bu, faktdır. Çoxları həqiqətən "güclü lider" obrazı üçün darıxırdılar. Amma, çətin ki, kimlərsə repressiyalar, repostlara görə həbslər, güc qurumlarının özbaşınalığı və qonşularla müharibələr arzulayırdı. Və Kreml onlara bəraət qazandırmaq üçün illərlə manipulyasiyalara əl atıb. Məsələn, Ukrayna ilə müharibəyə xalqın gözündə təkcə rusların "İmperiya kompleksləri" ilə deyil, həm də qorxularla, əks halda "qəzəbli NATO-nun Rusiya sərhədlərinə qədər yanaşıb ölkəni məhv edəcəyi" qorxusu ilə bəraət qazandırılıb. Amerikaya qarşı kin qəsdən yaradılırdı - Putin hakimiyyətə gəldiyi zaman rusların Qərbə qarşı münasibəti tamamilə fərqli idi. Bəli, şübhəsiz ki, hansısa zəminlər var idi, amma Putin məhz onların üzərində ustalıqla işlədi, xalqın ən pis xüsusiyyətlərini yetişdirdi, alçaq motivləri tamamilə məsum və təbii motivlərlə (öz həyatlarına görə qorxu, vətənpərvər olmaq arzusu) qarışdırdı və bu gün gördüyümüz fenomen məhz bu şəkildə meydana çıxdı.

- Nəticə olaraq bu gün əlimizdə nə var? Marjinal-demokrat Moskva və Piter, o da qismən və quberniya paytaxtlarında demokratik ziyalı qrupları. Doğrudur? Bugünki reallıqda ədalətli seçkilər olsa Putin yenə də səslərin 50 faizindən çoxunu qazanacaq. Sizcə necə?

- Bəlkə də, 50 faiz qazanmazdı, amma ikinci mərhələdə qələbə qazanardı. Siyasi meydan təmizlənib, rusların əksəriyyətinin etibar edə biləcəyi müxalif liderlər hələ ki, meydana çıxmayıb, mövcud liderlər isə nüfuzdan salınıb. Çoxları artıq Putini ideallaşdırmasalar da, onu "ən kiçik müsibət" hesab edir və ölkəyə ondan başqa rəhbərlik edəcək birinin olmadığına inanırlar. Amma yenə də, bugünki Rusiyada Putinin məşhurluğunu həddindən artıq qiymətləndirməyə dəyməz. Sosioloqlar qeyd edirlər ki, son illər rusların etiraz potensialı xeyli artıb. O cümlədən, ənənəvi olaraq "rejimin dayağı" hesab olunanlar: dövlətçilər, konservatorlar, hətta "sistem" daxilindəki insanlar arasında da narazılıq qeydə alınır. Problem ondadır ki, bu etiraz həllik açıq şəkildə ifadə olunmayıb, ilk növbədə ona görə ki, bu insanlar üzərinə oynaya biləcəkləri layiqli ider görmürlər.

- Fərz edək ki, "Kommunarka" həkiminin yeritdiyi virus Putini məhv etdi və ölkə bütün dünyanı təəccübləndirən ədalətli seçkilər keçirir. Kim qalib gələr? Zyuqanov? Jirik? Kadırov? Yabloko? TeleKiselev və ya teleŞvonder namizədliyini irəli sürsə necə (desantçı olan teleaparıcını unuduram)? Yəni seçki janrında olan qanunlara görə danışan telebaşlar utancaq demokratlardan daha məşhurdur. Bir də Navalnıy var, mən ona səs verərdim. Nemtsovu öldürdülər. Fərziyyəvi ədalətli seçkilər necə keçə bilər?

- Seçkilərlə bağlı spekulyasiya etmək istəməzdim, çətin ki, belə bir fərziyyəvi vəziyyət yaransın. Yəni Putin yaxın gələcəkdə ölsə (koronavirusdan və ya xərçəngdən), ölkədə ədalətli seçkilər keçiriləcəyinə heç bir ümid yoxdur. Çox güman ki, hakimiyyət onun ətrafındakılara keçəcək və insanların gözü qarşısında Şoyqa, İvanov, kiçik Patruşev, bir sözlə, növbəti "varis" gətiriləcək. Bu insanların ədalətli seçki keçirəcəyinə və hamıya bərabər şans verəcəyinə inanmıram. Və, təəssüf ki, rus insanı belə bir namizədə səs verəcək. Ədalətli seçkilər daha sonra, Putinin qurduğu sistem "əl ilə" idarə olunarkən gec və ya tez öz problemlərinin təzyiqi altında dağıldıqdan sonra keçirilə bilər. Amma bunun nə vaxt baş verəcəyini və həmin vaxt siyasi landşaftın necə olacağını indidən təxmin etmək qeyri-mümkündür.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti