-Əkrəm bəy, banklar niyə sıradan çıxır? Mərkəzi Bankın rəhbərinin son açıqlamaları əsl səbəbləri açıqlaya bilirmi?
-Mərkəzi Bankın sədrinin izahatı çox ümumi xarakterlidir və əsl səbəblərə aydınlıq gətirmir. Ümumiyyətlə, bizim Mərkəzi Bankımız qeyri-şəffafdır və qərarlarını əsaslandırmaqdan yayınır. Çünki dərinə getsə, çoxlu sayda sual çıxacaq.
Ümumən banklarımızın dərdi məlumdur. Problemli kreditləri çoxdur. Bəyan ediləndən də xeyli çoxdur. Bu isə o deməkdir ki, onlar öhdəliklərini icra etməkdə, o cümlədən əmanətləri qaytarmaqda çətinlik çəkirlər. Verdiyi kreditlər vaxtında və tam qayıtmırsa, əmanətləri necə ödəsinlər? Bu baxımdan Mərkəzi Bankın belə banklar barədə tədbir görməsi normal haldır. Əksinə, bizim Mərkəzi Bank bu məsələdə gecikir və bütün banklar üzrə tədbir görmür.
Tədbir dedikdə nəyi ehtiva edirəm? Bu, heç də problemli bankların ucdantutma bağlanması demək deyil. Problemin mahiyyətindən asılıdır. Əgər hansısa bankın xeyli problemli krediti varsa və həmin kreditlərin girov təminatı zəifdirsə və ya heç yoxdursa, deməli, həmin bankın rəhbərliyi bilə-bilə bankı talan edib. Belə bankı əlbəttə ki, bağlamaq lazımdır. Bariz misal “Atabank”. Amma başqa hal da ola bilər. Bank əsasən sağlam biznes kreditlər verib, amma borclular onları ödəmir. Kreditlərin kifayət qədər girov təminatı var. Bank məhkəməyə üz tutur. Aydın məsələdir ki, yekunda məhkəməni udacaq, girova tutma yönəldiləcək, hərracda satılacaq və bank pulunu götürəcək. Lakin bu, vaxt tələb edir. Özü də bizim məhkəmə sistemi şəraitində uzun vaxt. Çünki borclu sahibkarlar əksər hallarda korrupsiya yolu ilə belə məhkəmə işlərini illərlə uzada bilir (bəzən bankları udurlar da). Bu müddətdə Mərkəzi Bank sonuncu instansiya kreditoru olaraq belə problemli banka kredit verməlidir ki, öhdəliklərini vaxtında icra edə bilsin. Bank da öz kreditlərini yavaş-yavaş qaytarıb Mərkəzi Bankın borcundan çıxmalıdır. Buna bariz misal hazırda “AGBank”dır.
Bəs bizdə nə baş verir? Mərkəzi Bank azı bir il əvvəl bağlanmalı olan “Atabank”ı yalnız indi bağlayır. Özü də bunu digər 3 bankın taleyi ilə bərabər həll edir. Sanki sonuncuların da problemləri “Atabank” kimidir. Əslində isə belə deyil. Nəticədə həmin 3 bankın sırasında sağlamı da varsa, təbii, müştərilərinin panikaya düşməsi səbəbindən problem yaşamağa başlayır. Mərkəzi Bank aprelin 27-də 4 banka müvəqqəti inzibatçı təyin edəndə artıq bilirdi ki, sabahısı gün onlardan ikisini bağlayacaq. Bəs onda bu komediyaya nə ehtiyac var idi? Elə həmin 2 bankı birdəfəlik bağlayardı, vəssalam. Görünən odur ki, digər iki bankı da bura qoşmaqla Mərkəzi Bank hansısa subyektiv niyyətlərinə nail olmaq istəyir. Əks halda, məsələn, “AGBank”ın problemlərini azı 20 bank da yaşayır. Bəs onlara qarşı niyə tədbir görmür? Nəsə oyun gedir, bir sözlə!
Azərbaycanda bağlanmış bankın olan-qalan əmlakını leşyeyən kimi talan etmək çox sərfəli və sınaqdan çıxmış biznesdir. Bizdə bağlanmış bankların ləğvi prosesi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Bankın əmlakını necə istəyirlər satırlar, verdiyi kreditlər üzrə borclulara əsassız güzəştlər edirlər və s. Yəni, korrupsiya üçün geniş imkanlar var. Çünki bağlanmış bankların kreditorluna ləğv prosesinə nəzarət etmək imkanı verilmir.
-Yəni, bu karantin dövründə bankların sıradan çıxması panika yaratmayacaq ki? Banklara inamı daha da azaltmayacaq ki?
-Əlbəttə, yaradacaq, daha doğrusu artıq yaradıb. Məsələn, mən aylardır ki, “Atabank”ın bağlanmasını tələb edirdim. Amma karantin dövründə bu çıxışlarımı dayandırdım. Bu bankın mənə müraciət edən müştərilərinə, habelə əmanətini götürə bilməyən “NBC Bank”ın müştərilərinə deyirdim ki, səbrli olun, karantin dövründə tədbir görülə bilməz, çünki panika düşər. Amma Mərkəzi Bank gözlənilmədən belə qərar verdi. Üstəlik, müştərilərinin problem yaşamadığı “AGBank” və “AmrahBank”ı da bura qatdı. Sonuncunu hətta bağladı da. Bu da bir daha təsdiq edir ki, subyektiv niyyətlər var. Bu addımın karantin dövründə atılması sözügedən bankların bunu gözləmədiyinə hesablanıb. Amma nəticədə dövlət və cəmiyyət zərər gördü. Onsuz da ölkədə və dünyada karantindir, böhrandır. İnsanlar iş yerlərini itirdi, bu banklardakı hesablarına “stop” qoyuldu. Heç bir ölkədə banklara qarşı hazırda belə addımlar atılmır. Deməli, məqsəd bank sistemi deyil, hansısa şəxsi maraqlar naminə atılan addımdır. Nəticədə onsuz da bank sisteminə olan etimadsızlıq daha da dərinləşdi.
-Bu bankları xilas etmək mümkün deyildimi? Hökumət niyə birləşdirməyə getmir? Prezident də çıxışlarında karantin dövründə heç bir iş yerinin bağlanmayacağını bildirmişdi. Amma bu bankların bağlanması ilə xeyli insan işsiz qaldı.
-“Atabank” istisna olmaqla digər 3 bankı xilas etmək mümkündür. İlk növbədə “AGBank”ı. Ona, sadəcə, kredit vermək lazımdır. Və bunu hələ də etmək olar. Bəlkə də “Amrahbank”a da sadəcə kredit verməklə problemi həll etmək olardı. “NBC Bank”dakı vəziyyət isə birmənalı deyil. Amma onun bu vəziyyətinin əsas günahkarı elə Mərkəzi Bankdır. 4 il əvvəl onu bağlamışdı, bir neçə gün sonra isə lisenziyasını bərpa etdi. Dünya tarixində misli görünməyən haldır. Lakin təbii ki, bu banka o zaman böyük zərbə vuruldu və müştəriləri oradan qaçmağa başladı. Bank çox həssas qurumdur. Etimada söykənir. Buna görə də ona qarşı dövlətin atdığı sərt addımdan sonra özünə gəlməsi çətin məsələdir.
Bankların birləşdirilməsinə gəldikdə isə bu, mümkünsüzdür. Problemli bankların birləşdirilməsi məsələni həll etmir, əksinə, dərinləşdirə bilər. İki xəstə insanı evləndirmək olarmı? Bu da eyni məsələdir. Sağlam banklar birləşdirilə bilər.
Həm də dediyim kimi, bu banklardan ən azı ikisinə kredit vermək lazım idi, vəssalam. Bu halda dövlət başçısının iş yerlərinin saxlanılması haqda çağırışına da əməl olunardı.
Bəs niyə Mərkəzi Bank kredit vermək istəmir? Əvvəla, ona görə ki, hazırda Mərkəzi Bank üçün əsas məsələ devalvasiyadan qorunmaqdır. Özü də valyuta ehtiyatlarını mümkün qədər az xərcləməklə. Buna görə də kreditləşdirməni boğub, ölkəni pulsuz qoyub. Qorxur ki, kredit vəsaiti valyuta bazarına axar. Hazırda bütün dünyada kreditləşdirmə əksinə təşviq olunur, bizdə isə əksinə. Çünki Mərkəzi Bank illərlə yürütdüyü məzənnə siyasətinin səhv olduğunu etiraf edərək manatı buraxmaq istəmir.
Digər tərəfdən, Mərkəzi Bankdan kredit almaq elə də asan məsələ olmayıb heç vaxt. Məsələn, iqtisadi artım dövründə belə Mərkəzi Bankın uçot dərəcəsi 2-3 faiz olsa da, banklarımız nədənsə xaricdən 5-6 faizlə dollar krediti götürməyə üstünlük verirdilər. Elə buna görə də əhaliyə və sahibkarlara krediti dollarda vermişdilər və 2015-ci il devalvasiyasından sonra biz bunun acı nəticəsini daddıq. Axı ağlı başında olan bank niyə 2-3 faizlə Mərkəzi Bankdan manat krediti deyil, xaricdən 5-6 faizlə dollar krediti götürsün? Bəlkə ona görə ki, Mərkəzi Bankın verdiyi kredit reallıqda onlara daha baha başa gəlirdi?..
-Niyə məhz bu banklar? Yəni, bu addım bəzi məmurların vurulması ilə bağlı ola bilərmi? Deyilənlərə görə, bağlanan bankların arxasında vurulmuş məmurlar dayanırdı.
-Köhnə məmur dedikdə bu meyara əsasən yalnız “Atabank” uyğun gəlir. Digər banklar, xüsusən də “AGBank” və “NBC Bank” bu meyarlara cavab vermirlər. “AGBankın” əvvəlki əsas sahibi Çingiz Əsədullayev, sadəcə, deputat olub, özü də 5 il əvvəl. Ən əsası isə bank sahibi olaraq deputat seçilib, əksinə yox. Həm də hazırda o, bankın nəzarət paketinə malik deyil. Bankın maliyyə vəziyyəti də 5 il əvvəlkindən xeyli yaxşıdır. Dediyim kimi, burada əsas subyektiv niyyətlər, şəxsi maraqlardır. Yəqin ki, gələcəkdə bu oyunun üstü tam açılacaq.
-Belə versiyalar da var ki, bu bankların bağlanması həmin bankların çirkli pulların yuyulmasında, dünya miqyaslı korrupsiya və ya silah satışı, terroru dəstəkləmə kimi qara işlərdə fəaliyyətlərinin olması ola bilər ki, hazırki dövrdə onların bağlanmasını şərt kimi Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Dünya Bankı tələb edə bilər. Bu versiyalar nə dərəcədə ağlabatandır?
-Azərbaycanda çirkli pul yuyulmayan bank var ki? Korrupsiyanın geniş yayıldığı, kölgə iqtisadiyyatının önəmli çəkisi olan ölkədə təbii ki, bank hesablarından qanunsuz yolla əldə edilmiş vəsaitlər də keçir. Düzdür, son illər ərzində dövlətimiz bu sahədə xeyli tədbir görüb. O cümlədən vergi inzibatçılığı və s. məsələlərdə. Amma problem yenə də qalır. Silah satışına gəldikdə isə inandırıcı deyil. Əvvəla, ortada konkret fakt yoxdur. Digər tərəfdən, bu bankların sistemdə çəkisi çox azdır. Beynəlxalq maliyyə institutları nədən bu banklarla maraqlansın ki? Həmin qurumlar illər boyu Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin yalnız deklarativ olduğunu bilə-bilə buna göz yumub, indi nədən 4 kiçik bankla maraqlansın ki? Nəhayət, dünya hazırda elə böhran içindədir ki, həmin beynəlxalq qurumlar bizim hayımızda deyillər. Həm də guya həmin beynəlxalq maliyyə institutları özləri belə təmizdir ki?..
-Versiyalardan biri də bu idi ki, həmin bankda hesabları olan sahibkarlara veriləcək kompensasiyaların qarşısı alınsın. Hətta Mərkəzi Bankın rəhbəri son çıxışlarının birində bununla bağlı sahibkarlara təəssüfünü bildirdi, hətta həmin banklarda hesab açdıqları üçün sahibkarları qınadı. Buradan hansı nəticələrə gəlmək olar?
-Sahibkarlara kompensasiya ödənilməsi onların xidmət olunduğu bankdan asılı deyil. Digər bankda hesab açıb kompensasiyanı ala bilərlər. Elman müəllimin qeyd etdiyiniz mövqeyi isə yalnız ondan xəbər verir ki, bank sistemini ağır dövr gözləyir. Problemli kreditlər artacaq və bankların çökməsi halları çoxalacaq. Sistemdə inhisarlaşma güclənəcək. Baş bankir faktiki dedi ki, yalnız sistem əhəmiyyətli banklarla işləyin. Bu çağırış faktiki haqsız rəqabətin təşviqidir. Bəs onda digər banklar nəyə lazımdır? Elə birdəfəlik bağlasınlar da onları! Sadəcə, həmin sistem əhəmiyyətli bankların adlarını açıqlasınlar, sahibkarlar da işini bilsin. Əslində, əlbəttə, söhbətin hansı banklardan getməsi çoxuna bəllidir. Sahibkarlar ona görə həmin banklarda xidmət olunmaq istəmir ki, inhisarlaşma qaydasına uyğun olaraq, onlarda xidmət səviyyəsi aşağı, qiymətlər isə yuxarıdır. Üstəlik, o bankların inzibati resursu güclüdür. Yəni, sahibkarın həmin bankla mübahisəsi yaransa iş heç məhkəməyə də çatmayacaq. Hüquq-mühafizə orqanları asi sahibkara yerini göstərəcək, vəssalam.
-Bankların bağlanması, karantin dövründə neftin qiymətinin ucuzlaşması ilə manata təzyiqlərin artması, digər bankların durumu və onlara olan inamsızlıq, eyni zamanda Elman Rüstəmovun son açıqlamaları durumun heç də ürəkaçan olmadığından xəbər verir. Siz nə düşünürsünüz? Devalvasiya təhlükəsi ola bilərmi? Və bankları bu vəziyyətdən çıxarmaq üçün hökumət təcili hansı addımlar atmalıdır?
-Devalvasiya təhlükəsi güclüdür. Dövlət sonsuz olaraq manatın sabit məzənnəsi uğrunda valyuta ehtiyatlarını xərcləyə bilməz. Digər tərəfdən, iqtisadiyyata pul lazımdır, deməli, kreditləşdirmə canlanmalıdır. Bunun üçünsə devalvasiya təhlükəsi olmamalıdır ki, kredit vəsaitləri valyuta bazarına axmasın. Deməli, devalvasiyaya getmək lazımdır.
Amma digər tərəfdən, devalvasiya dollar kreditlərinin qaytarılması şansını tam öldürəcək. Üstəlik, devalvasiya hətta manatda krediti olan əhalinin və sahibkarların vəziyyətini ağırlaşdıracaq. Nəticədə problemli kreditlər artacaq və banklar çökməyə davam edəcək.
Nə etmək lazımdır? İlk növbədə süni problemli kredit yaradanlar üzə çıxarılmalı və onlara qarşı tədbir görülməlidir ki, pullar qaytarılsın. Digər tərəfdən, kreditlərini qaytara biləcək banklara Mərkəzi Bank kredit verməlidir. Bütün bunlar qanunvericilikdə də ciddi və düşünülmüş dəyişikliklər tələb edir. Ən əsası isə bu addımları ata biləcək savadlı və dürüst kadrlar lazımdır.
Rəy yaz