Açıq mənbələrdən foto
***
Sual: Son vaxtlar seçki sisteminə dəyişiklik edilməsi zərurətilə bağlı parlamentarilər tərəfindən fikirlər səsləndirilir. Hakimiyyətin bu addımı atacağı nə dərəcədə inandırıcıdır?
Cavab: Öncə qeyd etməliyik ki ölkəmizdə ən ciddi problem seçkilərlə bağlıdır. Azərbaycan xalqı demokratik seçkiyə həsrət qalıb. Gerçək seçim imkanları əllərindən alınıb. Bütün seçkili qurumlara keçirilən seçkilər yerli və beynəlxalq qurumlar tərəfindən istisnasız olaraq ədalətsiz, şəffaflıqdan uzaq, kobud qanun pozuntuları və saxtakarlıqlarla müşayiət olunan seçkilər kimi tarixə düşüb.
Faktiki olaraq ölkə Konstitusiyasının 1-ci maddəsində təsbit olunan "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" ifadəsi reallıqda öz mahiyyətindən çox uzaqlaşıb. Ölkəmizdə hüquqi termin kimi "seçici" sözü işlənsə də vətəndaşın "seçmək" imkanı yoxdur. Vətəndaş, sadəcə, “səsverəndir". Reallıq belədir ki, vətəndaşa "səs vermək" azadlığı verilib, amma “seçmək azadlığı” hakimiyyətin müvafiq orqanlarının ixtiyarındadır.
Mütəmadi olaraq seçki sistemlərində və seçki komissiyalarında dəyişikliklərin olması ilə bağlı məsələlər gündəmə gəlsə də real addımlar atılmayıb. Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanda seçki pozuntuları ilə bağlı yüzlərlə şikayətə baxılıb və müsbət qərarlar çıxarılıb. Avropa Şurası Venesiya Komissiyası ilə yanaşı hətta Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də seçki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Ölkə başçısı İlham Əliyev növbədənkənar prezident seçkisindən sonra bir neçə dəfə "siyasi islahatlarla" bağlı çox aydın bəyanatlar verib. Əslində ölkəmizdə siyasi islahatlara mütləq mənada çox ciddi zərurət var. Ölkədəki bir çox təməl iqtisadi, hüquqi, humanitar və siyasi problemlərin həlli bundan asılıdır. Odur ki, cəmiyyətdə siyasi islahatlarla bağlı müzakirələr mütəmadi xatırlanır. Amma hakimiyyətin nə zaman hansı addımları atacağını demək çətindir. Çünki hakimiyyətin addımlarında siyasi sistemin yenidən qurulması ilə bağlı məntiqi ardıcıllıq yoxdur. Sanki sistemsiz, pərakəndə, xaotik və ehtiyatlı ötəri cəhdlər edilir. Hakimiyyət gerçək islahatlara başlamağa tərəddüd edir. Sadəcə, kadr dəyişiklikləri ilə təməl insan hüquq və azadlıqları ilə bağlı acınacaqlı problemləri həll edə biləcəyini zənn edir. Lakin bu problemlər getdikcə dözülməz xarakter alır. Gerçək və etimadlı siyasi islahatlar indi olmasa gələcəkdə bizi daha ağır problemlər gözləyir.
Qarabağda qazanılmış hərbi zəfər iqtidarın ictimai-siyasi nüfuzunu qismən artırıb. İqtidar üçün hələlik əlverişli olan indiki siyasi situasiyada siyasi islahatlar aparması daha uyğundur. Lakin islahatlara getməyəcəyi halda da cəmiyyətdən özünə qarşı basqı yoxdur. Hüquq-mühafizə orqanlarının gücü ilə cəmiyyətdə ictimai-siyasi iştirakçılıq xeyli dərəcədə boğulub.
Sual: İllərdir proporsional seçki sisteminin yenidən tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Amma indi iqtidaryönlü şəxslər bunu səsləndirirlər. Niyə bu məsələ indi gündəmə gətirilir. Məqsəd nə ola bilər?
Cavab: Bu fikrin səsləndirilməsinin müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, iqtidarın belə bir planı barədə artıq kimlərdəsə məlumatlar var və bunu məqsədyönlü müzakirəyə çıxarırlar. Ya da belə bir zərurəti dilə gətirməklə iqtidarı bu barədə müsbət addımlar atmağa inandırmaq istəyirlər. Mənim qənaətimcə, 2016- ci ilin 26 sentyabr referendumunun qarşısındakı əsas vəzifə ölkə prezidenti və birinci vitse-prezidentin siyasi-hüquqi taleyi ilə bağlı idi. Ölkənin parlamenti və Nazirlər Kabineti ilə bağlı hüquqi-siyasi nizamlanma isə ola bilər ki yeni referenduma çıxarılsın. Məhz bu zaman seçki sisteminə dəyişikliklərin edilməsi daha ağlabatandır.
Nəzərə almalıyıq ki, sosial şəbəkələrin geniş yayılması ilə hakimiyyətin qlobal və yerli informasiya mühitinə nəzarət imkanları xeyli zəifləyib. Ölkədə ictimai rəyi yaradan, istiqamətləndirən faktorlar iqtidarın iradəsinə tabe deyil.
İqtidar yanlış olaraq media azadlığını boğdu, tənqidi səsləri kəsmək üçün əlindən gələni etdi, müstəqil vətəndaş cəmiyyəti institutlarını sıradan çıxardı, müxalif siyasi partiyaları təqib etdi. İlk baxışda elə görünür ki, ölkədə siyasi sabitliyə nail olunub. Lakin hazırda iqtidara qarşı nəzarətsiz, idarəolunmaz virtual mütəşəkkil şəbəkə formalaşıb. Eyni zamanda real həyatda narazı xalqın arasına rahatlıqla çıxa bilən məmur, iqtidarın mövqeyini ifadə edən nüfuzlu şəxslər və qurumlar da yoxdur. Yerli icra hakimiyyəti orqanlarının təyin etdiyi bələdiyyə üzvləri, ali icra hakimiyyətinin təyin etdiyi deputatlar hazırkı real və virtual məkanda hakimiyyət üçün əlavə yükə çevriliblər. Bütün seçkili qurumların təmsilçiləri iqtidarı nəinki gücləndirir, əksinə getdikcə onu nüfuzdan salır. Əslində heç kim bunu qəsdən etmir, sadəcə, sistemin işləmə mexanizmi belə bir nəticəyə gətirib çıxarıb. Parlamentdə iqtidara müsbət ictimai nüfuz qazandıran, gücünə ictimai-siyasi güc qatan tək bir təşkilat belə yoxdur. Həmçinin bələdiyyə üzvləri arasındakı vəziyyət daha acınacaqlıdır. İqtidarı ən çox söydürən onun öz "seçdikləridir".
Parlamentdəki çoxluq Yeni Azərbaycan Partiyasına məxsus olsa da, cəmiyyətdə təsir imkanları yox səviyyəsindədir. Heç bir açıq ictimai müzakirədə bu partiyanın varlığı müşahidə edilmir. Kənardan baxanda siyasi rəqabət meydanında ölkə prezidentinin siyasi-ideoloji hazırlıqlı dəstəkçilərini görmək mümkün deyil. Odur ki iqtidar parlamentin formalaşmasında ideoloji-siyasi cərəyanların önünü açmaqla, müxalif siyasi fikirliliyə qismən imkan yaratmaqla bu boşluğu doldurmaq istəyə bilər. Habelə, ölkədə ictimai rəyin formalaşmasındakı mərkəzlərdən biri kimi parlamentə qismən rol verə bilər. Proporsional seçki sisteminin tətbiqi parlamentin formalaşmasında xarici təsirləri də azalda bilər. Xüsusilə də Rusiyanın ölkəmizdəki maraqlarını qoruyan deputatların önünü bu vasitə ilə almaq daha asan ola bilər. Həm də vətəndaşların siyasi qurumların ətrafında təşkilatlanması milli təhlükəsizliyimizin ən etibarlı qarantlarından biri ola bilər.
Sual: Hakimiyyət nümayəndələri Azərbaycanda çoxpartiyalı sistem olduğunu daim önə çəkir və bununla sanki ölkədə fərqli fikirliliyin olduğunu göstərirlər. Sizcə, Azərbaycanda çoxpartiyalılıq hiss olunurmu?
Cavab: Azərbaycan hakimiyyətinin yanaşması göstərir ki "çoxpartiyalı" siyasi sistemi "çoxlu partiyalı" siyasi sistem kimi dərk edirlər. Çoxlu partiyanın olması hələ "çoxpartiyalı" sistem demək deyil. Azərbaycanda media azad deyilsə, sərbəst toplaşmaq azadlığı yoxdursa, birləşmək və ifadə azadlığına məhdudiyyətlər varsa, ən əsası da demokratik seçki yoxdursa, plüralist cəmiyyət ola bilməz. Plüralist cəmiyyət yoxdursa, çoxpartiyalı sistem də ola bilməz. Bu gün ölkədə siyasi şüurun formalaşmasında, dövlət orqanlarına ictimai nəzarətin həyata keçirilməsində, bütövlükdə ictimai-siyasi münasibətlər sisteminin formalaşmasında siyasi partiyalar hansı rola və imkana sahibdirlər? Konkret deyə bilərik ki, heç bir! Hakimiyyətin bütün səlahiyyətinin tək əldə cəmləşdiyi şəraitdə “çoxpartiyalı” siyasi sistem qurmaq mümkün deyil.
Sual: Belə olduğu şəraitdə, Azərbaycanda fərqli fikirlilik olmadığı vəziyyətdə, fərqli siyasət yürüdən partiyaların küncə qısıldığı bir mühitdə proporsional seçki sisteminin tətbiqi nəyi dəyişəcək ki?
Cavab: Əlbəttə, yalnız seçki sistemini dəyişməklə belə ağır və taleyüklü problemlər öz həllini tapa bilməz. Burada olsa-olsa iqtidar özünə qarşı siyasi təzyiqləri qismən zəiflədə bilər. Habelə, cəmiyyətdə müəyyən qədər demokratiya imitasiyasını müşahidə edərik. Lakin azad və müstəqil məhkəmələr olmadan, ən əsası da super prezidentlik institutu qaldıqca ölkənin demokratik inkişafı mümkün olmayacaq.
Sual: Azərbaycanda fərqli fikirlərə önəm verilməsi, çoxpartiyalı sistemin qurulması üçün, eyni zamanda fərqli fikirli partiyalara bərabər şəraiti yaradan seçki mühitinin qurulması üçün hansı addımlar atılmalıdır?
Cavab: Bu suala öncəki suallarda qismən cavab vermişəm. Amma bir qədər də geniş açmağa çalışım. Dünyanın heç bir yerində sadə xalq və ya ən güclü siyasi partiyalar belə hakimiyyətə tam nəzarət edə bilmir. Bunun mexanizmi hakimiyyətin üç müstəqil qolunun bir-birinə konstitusion nəzarəti ilə mümkündür. Parlamentin, məhkəmələrin və icra hakimiyyətinin dəqiq sərhədləri olmalıdır. Əks halda nə seçki sistemini dəyişmək, nə də seçki komissiyalarını etimadlı şəkildə formalaşdırmaq məsələni həll edəcək. Bundan sonra azad bazar iqtisadiyyatının, azad medianın, güclü və müstəqil vətəndaş cəmiyyətinin və çoxpartiyalı siyasi sistemin bərqərar olmasını görə bilərik.
Rəy yaz