Buzovna sakinləri qanunsuz dəniz hasarlarının sökülməsinə başlandığını bildirirlər

Bakı/19.05.22/Turan: Mayın əvvəllərindən mülki fəallar Abşeronun Buzovna qəsəbəsində Xəzər sahilindən məişət tullantılarının təmizlənməsi, qanunsuz dəniz hasarlarının sökülməsi və nadir dənizkənarı qayalıqların dağılmaqdan xilas edilməsi tələbi ilə kütləvi aksiyalar keçirirlər. Aksiyalar tamamilə sivil, dinc xarakter daşıyır – bazar günləri sakinlər sahildə iməclik keçirir, məişət tullantılarını təmizləyir, yerli hakimiyyət də onlara kömək edir. 

İməcliklər haqqında məlumat və fotoşəkillər yerləşdirən buzovnalılar prezidentə müraciətlərində tələblərini sadalayıblar, bununla da KİV-in və televiziyanın diqqətini cəlb ediblər. İctimai telekanal buzovnalıların qanuni tələbləri barədə məlumat yayıb.

Mayın 12-də Turan oxuculara dənizin kənarındakı bağ sahiblərindən birinin özünün tikdiyi hasarı sökərək, işğal etdiyi çimərliyi xalqa qaytardığı barədə məlumat vermişdi.

Dünən buzovnalılar çimərlikdə inşaat texnikasının peyda olduğu və villa sahibinin yaxtaya rahat minmək üçün tikdiyi dənizə enən qanunsuz körpünün bir qədər dağıdıldığı barədə məlumat veriblər. Sosial şəbəkədə beton körpünün və onun dağıdılmasının fotoşəkilləri yerləşdirilib.

Buzovnalıların hərəkatının təşkilatçılarından olan Elbəy Əlizadənin sözlərinə görə, tikililər kütləvi şəkildə dağıdılmır, qanunsuz özəl körpünün yüngül konstruksiyaları sökülüb. Ekskavator və yük maşınları görünür. Deyirlər ki, yerli hakimiyyət qanunu pozanlara özbaşına tikililərin sökülməsi zərurəti haqqında bildiriş göndərib. İctimai Televiziya bu barədə məlumat yayıb.

“Tikililərin gözlənilən söküntüsü bizi sevindirir. Amma bizim həm də nadir Xəzər qayalıqlarının – sovet dövründə Müslüm Maqomayevin məşhur musiqi klipinin çəkildiyi gözəl, tarixi qayalıqların xilas edilməsi haqqında tələbimiz var. Bu qayaların üzərində fərdi mülkiyyətçilər beton konstruksiyalar tikir, evlər, restoranlar inşa edir, inşaat tullantıları atırlar”, deyə E.Əlizadə Turan-a bildirib.

Fəal Seyfulla Azər Turan-la söhbətində prezidentin fərmanını və dəniz suyundan 25-30 metrlik ərazidə tikintini qadağan edən qanunları xatırladıb. “Tikintilərin söküntüsünə başlanıb, söküntü zəif gedir. Amma quma basdırılmış yeni borular görünür, onlara əsasən dəniz sahilindən uzaq məsafədə yeni hasar tikiləcəyini, insanlara dənizdə çimmək imkanı veriləcəyini düşünmək olar. Hələlik öz təxminlərimizi bölüşürəm. Bəlkə də, bu, yalnız gözdən asılan pərdədir, bizi aldadırlar və dəniz işğal altında qalacaq. Hələlik tam əminliklə dənizə çıxışı kəsən qanunsuz hasarların söküldüyünü demək tezdir”.

Azər həmçinin Turan-ın diqqətini tarixi adları olan məşhur tarixi qayalara çəkib. ““Hacı” qayası tamamilə dağıdılıb, onun yerində hovuz tikilib. Dövlətin gözü qarşısında nadir təbii qaya məhv edilib, dövlət isə susur. “Şerloks” restoranı yaxınlığında qayalara inşaat tullantıları atılıb, təbii relyefin yerində ticari obyekt tikintisi üçün hamar səth yaradılıb. Buzovnalılar dövlətdən qayalarımızı xilas etməyə köməklik göstərməyi xahiş edirlər. Biz əcdadlarımızdan bizə qalan təbiəti qorumaq üçün oradan zibili əllərimizlə təmizləməyə hazırıq. Biz bunu etməsək, övladlarımız artıq Xəzər qayalıqlarını görməyəcəklər”.

Seyfulla Azər ictimai fəaliyyətdən kənarda qalmayan buzovnalılara təşəkkür edir və qəsəbə sakinləri adından dövlətdən Qarabağı qaytardığımız kimi, bütün Abşeron sahilinin xalqa qaytarılması üçün sahildə nizam-intizamın bərpası ilə tam məşğul olmağı xahiş edir.

Xəzər rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin rəisi Gülbala Qurbanov Turan-a bildirib ki, mətbuatda və TV-də çıxışlardan sonra İH-də iclas keçirilib, FHN nümayəndələri sahil zolağını qanunsuz tikililərdən tamamilə təmizləmək niyyətində olduqlarını bildiriblər. İclasa qanunsuz hasarlar və digər obyektlər tikmiş dənizkənarı evlərin sahibləri də dəvət olunub.

“Deyilib ki, tikilmiş hasarlar səbəbindən yanğınsöndürən və təcili tibbi yardım briqadaları hadisə yerinə gedə bilmir. Bu cür tikililərin bütün sahibləri bizdən hasarları və digər qanunsuz tikililəri sökmək zərurəti haqqında xəbərdarlıq alıblar. Yerinə yetirməsələr rayon İH-nin qüvvəsi ilə sökəcəyik. Dəniz sahilini çəpərləyən və orada ödənişli çimərliklər yaradanlar yayda düşündükləri kimi işləyə bilməyəcəklər – imkan verməyəcəyik”, deyə G.Qurbanov bildirib.

O, savadlı və imkanlı insanların öz istəklərinə görə ictimai yerlərdə çimmək hüququna malik olan vətəndaşların dənizə çıxışını bağlamasından təəccübünü ifadə edib. “Onlar arasında məsul vəzifələr tutan mülkiyyətçilər də var. Onlar başa düşmürlər ki, səhv hərəkət edirlər?”, deyə Xəzər rayon İcra Hakimiyyətinin işçisi Turan-a sual edib. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti