Logo sign of Socar gas station at Lugano on Switzerland
Bakı/23.06.23/Turan: “Turan” agentliyi ilə SOCAR arasında sonuncunun günahı ilə bağlı yazışmalar uzanır. Şirkət və onun struktur bölməsi olan “Azəriqaz” İstehsalat Birliyi Agentliyin suallarına aydın cavab verə bilmir. Əslində, SOCAR ya düzgün olmayan əsaslardan istifadə etməklə mahiyyəti üzrə cavab verməkdən yayınır, ya da sualı bilərəkdən cavabsız qoyur.
Ümumilikdə iki cavab alınıb: məktuba və informasiya sorğusuna. Sonuncu iyunun 16-da “Azəriqaz”ın satış üzrə baş direktorunun müavini Rəşad Cavadovun imzası ilə Agentliyə göndərilib.
O, “Turan”ın direktoru Mehman Əliyevin 31 may 2023-cü il tarixli informasiya sorğusunun aşağıdakı suallarını cavablandırıb:
1. Niyə 14 aprel 2023-cü il tarixli 558 nömrəli məktubuma qanunla müəyyən olunmuş 24 saatdan 15 günədək müddətdə cavab verilməyib? Cavab verilməməsi SOCAR üçün normadır, yoxsa təsadüfdür?
Cavab: Cavadov “Vətəndaşların müraciətləri haqqında” qanuna istinad edərək iddia edir ki, cavab qanunla müəyyən edilmiş 15 iş günündən 30 iş gününə qədər müddətdə verilir. Amma mənim SOCAR-a müraciətim vətəndaş Mehman Əliyevdən yox, jurnalist Mehman Əliyevdən olub. Bu, müraciətin və vəzifənin yazıldığı blankda da təsdiqlənir: “Turan” İnformasiya Agentliyinin direktoru. Bu isə o deməkdir ki, bizim münasibətlərimiz ilk növbədə “KİV haqqında” qanuna uyğun qurulub, ikincisi, müraciətdə Agentliyin qaldırdığı məsələlərlə bağlı dərc olunmuş iki yazıya istinad edilir və aydınlıq gətirilməsi xahiş edilir (!). Məktub və informasiya sorğusuna baxmayaraq, məqalələrdə və məktubda qaldırılan məsələlərə aydınlıq gətirilməyib. Eyni zamanda, İnsan Hüquqları üzrə Ombudsman Aparatının köməkliyi ilə suallara cavablar alınıb ki, buna görə agentlik minnətdardır. İnformasiya sorğusuna cavab gec gəlib və informasiyanın alınması ilə bağlı qanun pozulub.
2. Məktubda aydın şəkildə, dəqiq göstərilən problemlər niyə aradan qaldırılmayıb? Bunu sizin “Azəriqaz” İB-nin qanunazidd hərəkətlərilə həmrəyliyiniz kimi qiymətləndirmək olarmı?
Cavab: Cavabda çoxmənzilli binanın sakinlərinin “Azəriqaz”la məhkəmə çəkişməsi ilə bağlı iki epizoddan yalnız biri göstərilir. Amma istehlakçıya xəbər verilmədən qaz sayğacının qanunsuz götürülməsi ilə bağlı heç nə deyilmir ki, halbuki bu, mənzillər üçün təhlükə yaradıb. Cavabda qeyd edilir ki, sorğu edən tərəf hərəkətlərin qanunsuzluğu məsələsinə münasibət bildirmək üçün müvafiq maddə göstərilməklə müvafiq normativ hüquqi akta istinad etməlidir.
Bununla bağlı deyə bilərik ki, Nazirlər Kabinetinin “Qazdan istifadə haqqında Əsasnamə”sinin 4.6-cı bəndi pozulub.
Məhkəmə çəkişməsinə gəlincə, qeyd edək ki, məhkəmə prosesi bir ilə yaxındır ki, uzanır və “Azəriqaz” sakinlərə istehlak etmədikləri qaza görə ödəniş hesablanmasını əsaslandıra bilmir.
3. Bizim məlumata görə, “Azəriqaz” İB ilə çalışan 50-dən çox podratçı təşkilat olduğu halda işlərin 90%-ni iki podratçı təşkilat- "AzəriqazLayihəİnşaat" və "Metinqaz" MMC həyata keçirir? O zaman bu qədər podratçı təşkilatın məqsədəuyğunluğu nədir? Bu iki inhisarçının arxasında kimlər dayanır? Bu, “Azəriqaz” İB rəhbərliyi tərəfindən korrupsiya sui-istifadəsi deyilmi?
Cavab: “Azəriqaz” İB iddia edir ki, “Azəriqaz Layhə İnşaat” adlı podratçı şirkət yoxdur və “Mətinqaz” MMC ilə bağlı heç bir söz demir. Daha sonra podratçıların fəaliyyətinin şəffaf olduğu deyilir.
Bu da “Azəriqaz Layihə İnşaat” haqda qeyd:
https://bizim.media/az/read/5848/,
https://2gis.az/baku/directions/points/%7C49.861658%2C40.410484%3B70000001044747445 ,
https://www.facebook.com/azeriqazaz/posts/2465759620403334/ ,
https://qafqazinfo.az/news/detail/azeriqaz-layihe-insaat-ve-temiz-qaz-fonda-20-min-kocurdu-282045
“Azəriqaz” İB nazirliyin departamenti deyil, tamhüquqlu istehsalat birliyidir. İqtisadi məqsədəuyğunluq baxımından işin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə bütün istehsal qüvvələri İB strukturunda cəmləşməlidir. Faktiki olaraq, podratçı təşkilatlar çilingər- qaynaq işləri aparırlar və bu, hər hansı ixtisaslaşmış podratçı strukturun (məsələn, İKT sahəsində) həyata keçirməli olduğu spesifik fəaliyyət deyil. Və mənim 3-cü sualda və 10 sentyabr 2022-ci il tarixli açıq müraciətdə qeyd etdiyim kimi, belə münasibətlər sistemi xərclərin artmasına və sui-istifadəyə səbəb olur. Bununla razısınızmı?
Cavab: Cavabda “Qaz təchizatı haqqında” qanunun 13.2-ci maddəsinə istinad edilir, istehlakçının podratçı seçimini müəyyən etdiyi deyilir. Ancaq bu məqalə tamamilə fərqli şey haqqındadır. Orada podratçı anlayışı haqqında bir kəlmə də yoxdur. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, podrat sistemi rasional deyil. “Azəriqaz” İstehsalat Birliyi dar profilli istehsalat bölməsidir. Qazın verilməsi ilə bağlı vəzifələr isə birbaşa onun üzərinə düşür. İstehsalat Birliyi onları başqa təşkilatlara həvalə etməməlidir. Podratçılar İKT kimi qeyri-profil təşkilatları ola bilər. Aydındır ki, podrat sxemi böyük vəsait itkisidir və SOCAR-in rentabelliliyinin azalmasına səbəb olur. Hər bir podratçı şirkət idarəetmə heyəti, əlavə xərclər və zəif məsuliyyət deməkdir. Əvvəlki yazılarımızda bu haqda danışılmışdı.
5. Son vaxtlar “Azəriqaz” İB əvvəlcədən ödəniş üzrə işləyən sayğacları qazdan istifadə faktı üzrə ödəniş prinsipilə işləyən mexaniki sayğaclarla əvəzləyir. Bu məsələnin araşdırılması ilə bağlı təcrübəm bunun aşağıdakılara gətirib çıxaracağını düşünməyə əsas verir:
- Abonentlərin borcunun artmasına (cənab İsgəndərov cavab məktubunda bunun bariz nümunəsini göstərib);
- “Azəriqaz” İB əvvəlcədən ödəniş hesabına öz fəaliyyətini subsidiyalaşdırmaqdan, yəni abonentlər tərəfindən qaz alışı və xidmətlərin göstərilməsinin kreditləşdirilməsindən məhrum olacaq;
- Sayğac göstəricilərini oxumalı olan işçilərin sayı artacaq;
- Ümumilikdə, rentabellik və maliyyə sabitliyi pozulacaq. Bununla razısınızmı?
Cavab: Əhalinin 93%-nin istehlak etdiyi qazın pulunun ödənilməsində yüksək intizam nümayiş etdirməsi, mexaniki sayğacların smart sayğaclardan ucuz olması, məsafədən oxunduğu üçün smart sayğaclardan pis olmadığı barədə geniş danışılır.
Cavabdan belə çıxır ki, abunəçilərin 7 faizi yüksək intizam nümayiş etdirmir və bu, təqribən 180 min abunəçi deməkdir. Smart sayğaclarda abonentin borcu tamamilə istisna edilir. Mexaniki sayğacların ucuzluğuna gəlincə, bu, doğrudur. Amma smart sayğac abonentləri qazdan əvvəlcədən ödənişlə istifadə edirlər. Əgər 2,5 milyon abunəçi smart sayğaclarla təmin olunubsa, o zaman “Azəriqaz”a daimi subsidiyalar 25 milyon manatdan 100 milyon manata qədər ola bilər. Bu da faizsiz kreditdir.
Mexaniki sayğaclara məsafədən xidməti məsələsinə gəldikdə, fakt budur ki, inspektorlar mexaniki sayğacların sahiblərinə ödəniş üçün aylıq hesabları çatdırırlar. Smart sayğaclarda bu xidmət mövcud deyil və buna ehtiyac da yoxdur. İndi təsəvvür edin ki, mexaniki sayğacı olan 2 milyondan çox abunəçiyə nə qədər inspektor zidmət edir və buna nə qədər xərclənir. Ödəniş sisteminin yaratdığı borclara gəlincə, fakt budur ki, borclar labüd olaraq artacaq və biz 2013-cü ilin vəziyyətinə düşəcəyik. O vaxt övlət əhalinin qaza görə 500 milyon dollar borcunu SOCAR-a ödəyib. Hərçənd “Turan”ın direktoru Mehman Əliyev borcun “Azəriqaz” tərəfindən uydurulduğunu hələ o zaman əsaslandırmışdı. Bu arqument indi faktlarla təsdiqlənir. 2013-cü ilədək olan dövrdə abonentlərin sayı 780 min, istehlak isə 2,5 milyard kubmetrə yaxın olmuşdursa, bu gün abunəçilərin sayı 2,5 milyon, istehlak isə 2,5 milyard kubmetrə yaxındır. Yəni, illik təxminən 1,5 milyard kubmetr yalandan əlavələr olub və istehlakçılar tərəfindən ödənilməyən həcmlər kimi, yəni borc kimi hesablanıb.
SOCAR-ın cavabı “Turan” İnformasiya Agentliyini qane etmir. Cavab konstruktiv deyil, yayındırıcıdır, dövlətin və istehlakçıların deyil, korporativ və şəxsi maraqların qorunmasına yönəlib.
Əldə etdiyimiz məlumata görə, mayın əvvəlində “Azəriqaz” İstehsalat Birliyinin podratçı şirkətlərində yoxlama aparılıb. Onun nəticələrini bilmək bizim üçün maraqlı olardı.
Mövzuya dair əvvəlki məqalələr:
SOCAR-ın struktur bölməsi məhkəmələrlə birlikdə vətəndaşların hüquqlarını necə pozur
Baxılan işləri oxumayan hakimlər haqqında eşitmişdik, amma ilk dəfə gördük
Rəy yaz