
Açiq mənbələrdən foto.
Bakı/25.10.23/Turan: Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub.
Bu barədə Milli Məclisdə müzakirəsi gözlənilən Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" məlumatında deyilir.
Sənəddə bildirlir ki, bu, 2021-ci il ilə müqayisədə 361 nəfər çoxdur.
Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.
Məlumata görə, 2022-ci ildə ölkədə anadan olan 122846 nəfərdən 64940-ı oğlan, 57906-sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.
2022-ci il ərzində ümumi abortların sayı 31747 təşkil edib, 2021-ci ildə bu rəqəm 46877 olub.
Komitə bildirir ki, 2022-ci ildə ölkədə 269 erkən evliliyin qarşısı alınıb.
Məlumata görə, Azərbaycanda 2022-ci ildə qeydə alınan cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxsin 7455-i qadınlar olub.
"Zərərçəkmiş qadınlardan 2945-i xəsarət alıb, 309-u isə ölüb. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub", deyə məlumatda qeyd edilir. 03
Rəy yaz