Mustafa Hacıbəylinin cinayət işi də məhkəməyə gedir
Bakı/17.12.19/Turan: Gəncə olayları zamanı bastainfo.com saytında yayılmış məlumatlarla bağlı cinayət işinin istintaqı da başa çatıb.
Hazırda saytın baş redaktoru Mustafa Hacıbəyli və vəkili Bakı Şəhər Prokurorluğunda cinayət işi materialları ilə tanış olur.
Bu haqda Turan-a M.Hacıbəyli bildirib.
Onun sözlərinə görə, 400 səhifədən artıq olan cinayət işi materialları ilə tanışlığı hələ bitirməyiblər.
Cinayət işi təqsirləndirilən şəxslərin və vəkillərinin materiallarla tanış olmasının ardınca qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə göndəriləcək. M.Hacıbəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Jurnalisr Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Gəncə olaylarına görə, criminal.az saytında yayılmış məlumatlarla bağlı da cinayət işi açılıb. Həmin saytın baş redaktoru da eyni maddələrlə ittiham edilir. Həmin cinayət işinin materialları artıq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hər iki jurnalist ittihamları rədd edirlər.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib. Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətə uyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.
Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl olaraq bir neçə gün prokurorluğa çağırılaraq dindirilib.
Ekspertlər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.-06d--
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz