
Bakı/25/08/17/Turan: Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanılmasını pisləyib və onu dərhal azad etməyə çağırıb.
JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanova bildirib ki, Azərbaycan hakimiyyəti Turan-a və Mehman Əliyevə qarşı siyasi motivli təzyiqə son verməlidir.
Onun sözlərinə görə, hakimiyyət cinayət məcəlləsindən müstəqil mətbuatın təqibi üçün istifadə edir.
Öz növbəsində, ABŞ-ın Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin Əliyevin saxlanması ilə bağlı narahatlığını bildirib.
"Mən həddindən artıq narahatam. Azərbaycanlılar azad mətbuata və azad fikrə layiqdirlər", deyə o, öz mikrobloqunda yazıb.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dizer öz tvitter hesabında yazıb ki, Mehman Əliyevin saxlanılması haqqında məlumatlardan çox narahatdır. -06B-
Rəy yaz