Azərbaycan: 2021-ci ilin mühüm siyasi hadisələri

I. 11 yanvar: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada üçtərəfli görüşü  (11.01), 2020-ci il 44 günlük müharibənin nəticələrinə əsasən qəbul edilmiş qərarların icrası üzrə konkret proqramın qəbulu.

II. 30 yanvar: Ağdamda Türkiyə - Rusiya birgə Monitorinq Mərkəzinin açılışı.

III. May-dekabr: Ermənistan-Azərbaycan sərhədində hərbi münaqişənin dəfələrlə kəskinləşməsi.

VI. 15 iyun: Azərbaycan və Türkiyə prezidentləri iki dövlət arasında müttəfiqliq münasibətlərinə dair birgə Şuşa Bəyannaməsini imzaladılar.

V. Oktyabr: sərhədyanı hərbi təlimlərin keçirilməsilə Azərbaycan-İran münasibətlərinin kəskin şəkildə pisləşməsi.

VI. 12 noyabr: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası liderlərinin VIII zirvə görüşünün Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərarı.

VII. 26 noyabr: Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü.

VIII. 7 dekabr: Haaqada BMT Beynəlxalq Məhkəməsi Azərbaycan və Ermənistanın qarşılıqlı iddiaları üzrə aralıq qərarlar çıxarıb.

IX. 14 dekabr: İ.Əliyev və N. Paşinyanın Brüsseldə görüşü.

X. 30 dekabrı: Milli Məclis söz azadlığını məhdudlaşdıran media haqqında qanun qəbul edib.

 

Başa çatmaqda olan il Azərbaycan üçün bir tərəfdən, 44 günlük müharibənin yekunlarının möhkəmləndirilməsi və inkişaf etdirilməsi vaxtı, digər tərəfdən isə dövlətin və cəmiyyətin inkişafının ləngidilməsində əsas amil olan, xarici risk və təhdidlərin aradan qaldırılmasında ən zəif bənd olan mövcud siyasi sistemin tükənməsinin həyəcanlı təzahürü oldu. Sözsüz ki, qarşıdakı 2022-ci ildə Azərbaycana qarşı informasiya və diplomatik hücumlar məhz bu istiqamətdə baş verəcək. Odur ki, Bakının qarşısında irəlidəki siyasi inkişaf strategiyasının seçili kəskin dilemma kimi durur: Azərbaycanın böyük hərbi-siyasi uğuruna yardım edən avtoritar ölkələrin düşərgəsində olmağa davam etmək, yoxsa, birmənalı olaraq, daxili siyasətin liberallaşdırılması, siyasi sistemin ən sərt elementlərində islahatların aparılması ilə başlana biləcək yeni strategiyanın formalaşdırılmasına çalışmaq.

Siyasi il Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü (11.01) və Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin açılışı (30.01) ilə başladı. Sonunda Brüsseldə İ.əliyev və N. Paşinyanın görüşü oldu. Paşinyanı (14.12) əhəmiyyətli dərəcədə dönüşçü adlandırmaq olar. İlin əvvəli və sonu arasındakı aralıq vaxt münaqişə tərəflərinə və ona cəlb olunmuş xarici oyunçulara bilavasitə təsir göstərən əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, kövrək atəşkəs vəziyyəti hərəkətə gəlib: mayın ortalarından Ermənistan-Azərbaycan sərhədində münaqişə kəskinləşib, yeni siyasi və hərbi reallıq yaranıb. Yayda (14.06) Şuşa şəhəri yaxınlığında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidən Azərbaycan mövqelərinin atəşə tutulması, Azərbaycan və Ermənistanın digər rayonlarında isə xeyli sayda qurbanla nəticələnən insidentlər qeydə alınıb. Bu arada Azərbaycan və Türkiyə prezidentləri müttəfiqlik münasibətləri haqqında birgə Şuşa Bəyannaməsini imzalayıblar (15.06). Vətəndaş Müqaviləsi Partiyası isə Ermənistanın yeni parlamentində çoxluq qazanıb (105 mandatdan 72-i, "Hayastan" bloku 27, "Şərəfim var" bloku  6 səs qazanıb), cəmi 8 mandatla əvvəlki nəticəsini pisləşdirib. Beləliklə, N. Paşinyan hökuməti siyasi legitimlik əldə edib.

2021-ci il İran-Azərbaycan münasibətlərinin görünməmiş kəskinləşməsi, hərbi təhdidlərin açıq nümayişinə çevrilməsi ili kimi yaddaşlarda qalacaq. Onun apogeyi Moskvada Rusiya və İran XİN rəhbərlərinin görüşü (06.10) oldu. Bundan sonra Əmir Abdullahianın Cənubi Qafqazda vəziyyətlə bağlı narahatlığını bildirərək xəbərdarlıq edib ki, Tehran regionda geosiyasi vəziyyətin dəyişməsinə və "təxribat" kimi qiymətləndirilən hərbi təlimlərə dözməyəcək. Tamamilə gözlənilmədən Lavrov həmkarını sakitləşdirərək deyib ki, Azərbaycan da İranla sərhəddə hərbi təlimlərlə bağlı eyni narahatlığı keçirir. Lavrov xüsusilə vurğulayıb ki, son Xəzəryanı ölkə olan İran Konvensiyanı ratifikasiya etməyincə, Xəzərin xarici hərbi iştirakı qadağan edən hüquqi statusu qüvvəyə minə bilməz.

Türkiyənin mövqeyi (21.10) İranda "açıq-aşkar Azərbaycan amilini" xatırlatmaqla və Türkiyə Silahlı Qüvvələrinin qətiyyətlə yenidən qruplaşması ilə Tehranı məyus etdi.

Nəhayət, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının liderlərinin VIII  sammitinin Türk Dövlətləri Təşkilatının yaradılması ilə bağlı qərarı (12.11) göstərdi ki, Tehranın onilliklər boyu üzərinə götürməyə hazırlaşdığı islam dünyasının birləşdiricisi rolunu bundan sonra Ankara öz üzərinə götürür. Və bu məsələdə Zəngəzur dəhlizinin açılması prinsipial xarakter alıb.

Bakıya səfərə hazırlaşan İranın xarici işlər naziri Ə.Abdullahian (25.12) Fars körfəzindən Bolqarıstan limanlarına qədər yeni nəqliyyat dəhlizi haqqında sazişin (İran, Azərbaycan, Gürcüstan) detallarını müzakirə etmək istəyir. Bu saziş İran yüklərinin çatdırılması problemini aradan qaldıracaq, Hindistan, Pakistan və regionun digər ölkələrindən Avropaya malların tranzitini təmin edəcək.

Bu arada Bakı və Moskva Rusiya sülhməramlılarının Qarabağda mandatını razılaşdırmayıblar və Brüssel görüşündən öncə tələm-tələsik Soçidə aparılmış danışıqların (26.11) yekunlarına dair birgə üçtərəfli bəyanatın mətni bundan xəbər verir.  Gürcüstanın iştirakı olmadan XİN rəhbərlərinin müavinləri səviyyəsində "3+3" regional məşvərət platformasının iclası keçirilib (10.12). 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdikləri "3+3" platforması dar formatın yaradılmasını nəzərdə tutur və bu formatda Rusiya, Türkiyə və İran regional təhlükəsizliyin əsas qarantlarına çevrilir. Bu, Brüssel görüşündən sonra necə işləyəcək? Belə ki, Brüsseldə tərəflər təkcə Ermənistanın İran və Rusiyaya, Azərbaycanın isə Naxçıvan və Türkiyəyə dəmir yolu ilə çıxışına imkan verən Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə dair razılığa gəlməyiblər, həm də ilk dəfə olaraq, üçüncü tərəflərin iştirakı olmadan danışıqların formatını müəyyən ediblər.

Bununla əlaqədar daha iki hadisə diqqəti cəlb edib: Brüsseldə Fransa prezidenti Makronun vasitəçiliyilə İ.Əliyev və N. Paşinyanın daha bir görüşü keçirilib (15.12). Detalları indiyədək açıqlanmayıb. BMT Beynəlxalq Məhkəməsi Azərbaycan və Ermənistanın qarşılıqlı iddiaları üzrə aralıq qərarlar çıxarıb, hər iki tərəf bunu öz qələbəsi kimi təqdim edir, məhkəmənin qərarını alqışlayır və onların praktiki icrasına ümid edir. Xatırladaq ki, Beynəlxalq Məhkəmənin qərarları məcburi xarakter daşıyır və aid olduğu ölkədəki siyasi vəziyyətdən asılı olaraq formalaşa bilər.

"Qarabağ münaqişəsi keçmişdə qaldı və Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati-ərazi vahidi yoxdur",- İ.Əliyev BMT Baş Assambleyasında deyib. O qeyd edib ki,  Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanı ilə ölkədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Azərbaycana öz siyasi mövqeyi nəyə başa gəldi? Krımın Ukraynaya qaytarılması üzrə beynəlxalq səyləri koordinasiya edən Krım platformasının işində iştirakdan imtinaya (23.08),  Aİ-nin sammitində Belarusun mənfi dəstəyinə, ABŞ-ın himayəsi altında demokratiya forumuna dəvət edilməməyə. Azərbaycanda daxili siyasi vəziyyəti və onun beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini nəzərə almasaq, bu, mülayim görünə bilərdi.

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi  Haqq və Ədalət  Partiyasının (gözlənilmədən Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış  22.10) təşəbbüsü ilə müxalifət partiyaları liderlərinin bir sıra görüşləri keçirilib. Hazırda Azərbaycanda rəsmən qeydə alınmış 58 partiya fəaliyyət göstərir ki, əhali onların əksəriyyətinin adlarını, sadəcə, bilmir. Ölkənin siyasi həyatındakı çoxillik durğunluğun aradan qaldırılması üçün əməli proqramın olmaması kimi, həm hakim, həm də müxalifət partiyalarında yaranmış böhranlı vəziyyət heç kimə sirr deyil. Rəqabət üçün siyasi məkanın olmaması abartılı dövlətçilik modelinə gətirib çıxarıb ki, burada icra hakimiyyətindən başqa heç bir hakimiyyət yoxdur. Görünür, belə şəraitdə hakimiyyətin əsas resursu daim repressiyalar rejimində fəaliyyət göstərən güc strukturlarının müəyyən hissəsinin əlində cəmləşir. Bu cür idarəetmənin təhlükəsi ilk növbədə, cəmiyyətdən istənilən həyəcan siqnallarını almayan dövlətin özünə qorxu yaradır. Təsadüfi deyil ki, KİV hücum və sanksiyaların obyektlərinə çevrilirş Milli Məclis plenar iclasında (30.12) "Media haqqında" qanunu qəbul edib,  ekspert və KİV nümayəndələrinin bu qanun layihəsilə bağlı çoxsaylı tənqidlərinə məhəl qoyulmayıb.  

Daha bir qəbuledilməz fakt isə "Tərtər işi"dir,  (2017-ci il) orduda qanunun kobud şəkildə pozulması baş verib, hərbçilərin çoxu uydurma dövlətə xəyanət  ittihamı ilə işgəncələrə məruz qalıb, onlardan bəzisi isə ölüb. Təkcə bu yaxınlarda (18.12) daxili və xarici təzyiq altında ölkənin Baş Prokurorluğu çoxdan məlum olan faktları təsdiqləyən məlumatla çıxış edib.

Demək olar ki, başa çatmaqda olan il ərzində beynəlxalq təşkilatlar Azərbaycandakı siyasi vəziyyəti tənqid ediblər. Bu yaxınlarda (14.12) Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri ölkədə insan hüquqlarının vəziyyətindən ciddi narahatlıqlarını bildiriblər,  Saleh Rüstəmovu azad etməyə və Tofiq Yaqublunun vəhşicəsinə döyülməsini araşdırmağa çağırıblar. Onlar həmçinin qeyd ediblər ki, vəkillik haqqında yeni qanun hüquq müdafiəçilərinin artıq öz işlərini yerinə yetirmək iqtidarında olmadıqlarını göstərir.

Həmməruzəçilər gələn ilin yanvarında yenidən Azərbaycana səfər etməyə hazırlaşırlar. Lakin bunsuz da demokratiya uğrunda sammit (11.12. Azərbaycan, Rusiya və Türkiyə dəvət edilməyiblər) 2022-ci "Fəaliyyət ili" elan edib. Fəaliyyət ilində demokratlar “avtoritar rejimlərin bunun qarşısını almaq üçün göstərdikləri səylərdən asılı olmayaraq, dünya vətəndaşlarını dəstəkləyə biləcək və dəstəkləyəcəklər”.

Bir halda ki, hakimiyyətin dediyinə görə, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, vətəndaş cəmiyyətilə dialoqa başlamağın vaxtı deyilmi?!

Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti