trthaber.com
Hələlik görüşün gündəliyi KİV və siyasət dünyasının nümayəndələrinin müxtəlif proqnozlarından ibarətdir: Ukraynanın şərq sərhəddində Rusiyanın hərbi mövcudluğunun genişləndirilməsi, Krımın anneksiyası, 2016-cı ildə ABŞ-da prezident kampaniyasına müdaxilə, SolarWinds şirkətinə kiberhücum, insan hüquqları və Aleksey Navalnı ilə bağlı vəziyyət, Ryanair təyyarəsinin məcburi enişi və belaruslu dissident Roman Protaseviçin həbsi, Əfqanıstanda Amerika hərbi qulluqçularının ölümünə Rusiyanın mümkün aidiyyatı, Suriya münaqişəsində Rusiyanın rolu, Fələstin-İsrail münaqişəsinin həllinin axtarışı çərçivəsində Rusiyanın rolunun aydınlaşdırılması. İqlim dəyişikliyilə bağlı hansısa razılaşma daha çox ehtimal olunur.
Bu günlərdə ABŞ Dövlət Departamentinin nümayəndələri Cənubi Qafqaz ölkələrinə səfər etməlidirlər, bu səfərlər zamanı şübhəsiz ki, münaqişə problemi və onların aradan qaldırılması yolları müzakirə olunacaq. Bu, ilk növbədə, tamamilə Qərbin nəzarətindən çıxmış Dağlıq Qarabağ münaqişəsinə aiddir. Ukrayna, Moldova və Gürcüstanın ABŞ üçün mövqeləri tamamilə şəffafdır. May ayında Reykyavikdə dövlət katibi Blinkenin xarici işlər naziri Lavrovla, milli təhlükəsizlik üzrə məsləhətçi Sallivenin isə Təhlükəsizlik Şurasının katibi Patruşevlə görüşləri olub. Bir sözlə, Amerika diplomatiyası qarşıdakı görüşdən öncə pis işləməyib.
Xatırladığımız kimi, Baydenin qərəzsiz xarakteristikasından sonra şəxsi görüş təklifi ilk dəfə Putin tərəfindən səsləndirilib, lakin məhəl qoyulmayıb. Buna görə də Baydenin qarşılıqlı təklifi Amerika-Rusiya münasibətlərində gərginliyin artması fonunda gözlənilməz və sensasion olub. Belə şəraitdə Putin danışıqlar təklifini, əlbəttə ki, siyasi zəifliyin əlaməti kimi qəbul edəcək.
ABŞ KİV və siyasətçiləri görüşə skeptik yanaşırlar və güman edirlər ki, Putinə təsir etmək üçün yeganə alət personal sanksiyalar təhlükəsidir, digər qalan şey yalnız dünya və rusiyalıların gözündə Putinin statusunu möhkəmləndirir. Qeyd olunur ki, Rusiyanın beynəlxalq sabitliklə bağlı problemlərin demək olar ki, hər hansı birinə yanaşması əsasən neqativ və dağıdıcı olur. Təsadüfi deyil ki, Bayden administrasiyasının Moskva ilə münasibətlərə yanaşması ilə bağlı Konqresdə hər iki partiyanın nümayəndələrinin narahatlığı artır. Mətbuatın məlumatına görə, qanunverici orqanlarda demokratların 75 faizi Rusiya ilə gözlənilən yaxınlaşmadan o qədər razı deyil, respublikaçıların 95% isə ümumiyyətlə, belə bir addımın əleyhinədir.
ABŞ analitikləri görüşlə bağlı iki versiya irəli sürürlər: Bayden administrasiyasının həyata keçirdiyi böyük fəaliyyət planının əsaslandığı strateji plan və bu planın bir hissəsi olan Rusiya ilə münasibətlərin sabitləşməsi; taktiki – Bayden görüş barədə qərarı ona görə qəbul edib ki, Trampdan fərqli olaraq, ölkənin sabitliyini və təhlükəsizliyini təmin edə biləcək etibarlı şəxs olduğunu göstərsin. Bundan əlavə, yada salmaq lazımdır ki, bir müddət öncə Amerikanın nüfuzlu analitikləri və şərhçiləri açıq məktub yazaraq Kremli dialoqa çağırmışdılar.
Bununla yanaşı, belə bir fikir də var ki, Baydenin Rusiya ilə bağlı hər hansı strateji planı yoxdur. Odur ki, belə bir narahatlıq var ki, hazırda yaranmış asan olmayan vəziyyətdə Bayden ABŞ-ın gərginliyin yatırılmasında maraqlı olduğunu göstərmək məqsədilə Obamanın "yenidən yüklənmə siyasəti" kimi bir şeylər axtaracaq. Qarşıdakı görüşün əsas təhlükəsi də məhz bundan ibarətdir Rusiya ilə yaxınlaşmanın əleyhdarları hesab edirlər ki, "amerikalılar öz düşüncələrini insanı imkanlıların hakimiyyətinin layihələrinə xərcləmək üçün material hesab edən dövləti təmsil edən adamlara uyğunlaşdıra bilmirlər. Onlar Rusiyanın siyasi sistemində sinizmin səviyyəsini anlaya bilmirlər.
"The American Spectator" jurnalının şərhçisi Ced Babbin (ABŞ müdafiə nazirinin keçmiş müavini) "etiraz"çı fikri ümumiləşdirir: “Əgər Rusiya və ABŞ prezidentlərinin Cenevrədə keçiriləcək qarşıdakı sammitində məqsəd iki ölkə arasında "proqnozlaşdırma imkanlarının və sabitliyin" bərpasından ibarətdirsə, bunun heç bir mənası yoxdur. Moskva Vaşinqtondan ala biləcəyi hər şeyi alır və buna görə ona heç nə olmayacaq. Eyni şeyi Cenevrədə keçiriləcək görüşdən də gözləmək olar. Əgər Cenevrə danışıqları hansısa əhəmiyyətli nəticələrə gətirib çıxararsa, bu, təəccüblü olar. Putin yenidən özünü beynəlxalq arenada əvəzolunmaz oyunçu kimi göstərmək üçün sammitin verdiyi imkanı əldən buraxmayacaq".
Çin kimi qlobal amilin olduğu şəraitdə müasir dünyadakı vəziyyətə ancaq Amerika-Rusiya münasibətləri kontekstində baxmaq siyasi cəhətdən uzaqgörməyən olardı. Bax, buna görə mövqe möhkəmlənir və bu mövqeyə əsasən qarşıdakı sammit ABŞ-Rusiya-Çin üçbucağında siyasi qüvvələrin bölgüsünü müəyyənləşdirməlidir, mahiyyətcə, həm də “üçbucaq”da yox, “böyük ikilik” doktrinasında. Buna əsasən “sönməkdə olan fövqəldövlət" (Rusiya) yeni ikiqütblü dünyada öz yerini “yüksələn fövqəldövlət"ə (Çin) verir. Cenevrədə keçiriləcək görüş müəyyən mənada dünya siyasi prosesinin perspektivini müəyyən edəcək.
Bəlkə Baydenin əsas siyasi opponentləri ilə görüşlərinin ardıcıllığı bununla müəyyən edilir? Və bu mənada, bəlkə də ortaya belə sual çıxa bilər ki, Baydenin Si Szinpinlə görüşü olacaqmı və bu, bir çox halda Putin ilə görüşün nəticəsindən (uğursuz və ya uğurlu) asılıdırmı?!
Hər halda, bu yaxınlarda Virciniya ştatındakı bazada hərbçilərin qarşısında çıxış edən Co Bayden ÇXR sədri ilə əvvəlki çoxsaylı görüşlərindəki təcrübəsinə əsaslanaraq deyib: "Si Szinpin qətiyyətlə inanır ki, Çin 2035-ci ilədək Amerikaya sahib olacaq".
Bu, o deməkdirmi ki, Co Bayden Rusiyaya uzunmüddətli strateji çağırışdan daha çox ABŞ üçün mövcud problem kimi baxır? Bu suala tam müsbət cavab verməyə o fakt mane olur ki, ABŞ və Rusiya aparıcı nüvə dövlətləridir və strateji təhlükəsizlik və sabitliyə görə əsas məsuliyyət daşıyırlar. Bununla yanaşı, Rusiya böyük səylər hesabına hücum silahlarının bəzi istiqamətlərində ABŞ-ı qabaqlaya bilib.
ABŞ, əlbəttə ki, Rusiya və Çinin maraqlarının toqquşmasından fayda əldə edə bilərdi, çünki bir-birinin dəstəyi olmadan onların dünyadakı mövqeləri xeyli zəifləmiş olur, eyni zamanda maraqların balanslaşdırılmasına və çoxsaylı səviyyələrdə əməkdaşlığa yönəlmiş müsbət dinamika itirilir. Lakin Vaşinqton Moskva və Pekinlə münasibətlərə nifaq salmağa qadir deyil, çünki hər iki paytaxtda başa düşürlər ki, ABŞ tərəfdən təzyiqlərə qarşı birgə müqavimət onların təbii şəkildə üst-üstə düşən ümumi maraqlarıdır. Bu isə onların münasibətlərini şəffaf edir və istənilən sarsıntılardan müdafiə edir.
Qeyd etmək maraqlı olardı ki, Rusiya və Çin ABŞ ilə əlaqələrindən sonra mütəmadi məsləhətləşmələr aparırlar, hər iki ölkənin rəhbərləri isə şəxsi görüşlərində onların Vaşinqtonla danışıqları zamanı müzakirə olunan məsələlər barədə məlumat mübadiləsi aparırlar. Ekspertlər qeyd edirlər ki, Moskva və Pekin öz münasibətlərini elə səviyyəyə qədər inkişaf etdiriblər ki, bu, demək olar ki, ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir: "iqtisadiyyat və siyasətdən tutmuş qlobal idarəetmə, texnologiya, hərbi və humanitar mübadilələrə qədər". Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi etimada əsaslanan həssas texnologiyaların mübadiləsi vasitəsilə həyata keçirilə bilər və iki ölkənin kosmik proqramların inteqrasiyası, həmçinin raket əleyhinə müdafiə sisteminin birgə işlənməsi barədə qərarları məhz bunu göstərir".
Beləliklə, ABŞ prezidentlərindən ilk olaraq "Osmanlıda erməni soyqırımı"nı tanımaqla bağlı seçkiqabağı vədini yerinə yetirmiş Co Bayden iyunun 16-da Trampın susqunluğu ilə Qərbi Cənubi Qafqaz regionundan sıxışdırmış və Türkiyə prezidenti Ərdoğanla birlikdə ABŞ-ın böyük geosiyasi qarşıdurma məkanında davamlı olmasa da, məhsuldar alyans yaratmış Putinlə görüşəcək. Görünür, ABŞ Dövlət Departamenti missiyasının Cənubi Qafqaz dövlətlərinin paytaxtlarına səfərin yekunları ilə bağlı qiymətləndirməsindən asılı olmayaraq, bu regionda Qərb siyasətinin başlıca vektoru Baydenin qərbli həmkarları ilə öncə qeyd edildiyi üç tədbir zamanı baş tutacaq məsləhətləşmələrin nəticəsində yaranacaq. Burada narahatlıq yaradan məqam Qərbin Cənubi Qafqaz regionuna qayıtması, Türkiyə və Azərbaycanın "cəzalandırılması" ilə bağlı daim radikal planlar irəli sürən prezident Makronun birtərəfli mövqeyidir. Təbii ki, bu mövqeyə qarşı latent, lakin güclü əks mövqe kimi Böyük Britaniya çıxış edəcək. Böyük Britaniya üçün Rusiya tarixi dəyişməz rəqibdir. ABŞ-ın birləşmiş Avropa üçün qaz habına çevrilmək niyyətinə mane olmamaq qərarı ilə razılaşan Almaniya çox güman ki, ümumilikdə Vaşinqtonun xüsusi təkidli tələblərini yerinə yetirərək neytral mövqe tutacaq.
Avropa İttifaqında qarışıq siyasi əhval-ruhiyyənin (xüsusilə də onun köhnə və yeni üzvləri arasında) müşahidə olunduğu şəraitdə danışıqların nəticələrinə əsasən qeyri-formal olaraq postsovet məkanının Rusiyanın üstün maraqlarının sferası kimi tanınması ehtimalı böyükdür. Bu, əslində o deməkdir ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı və NATO strukturlarına irəliləməsi süni şəkildə ləngiyəcək (onların ərazilərindəki münaqişələrin həlli kimi), bu dövlətlərin cəmiyyətlərində isə siyasi və müdafiə baxmından neytrallığın xeyrinə əhval-ruhiyyə artacaq.
Qərbin Minsk Qrupunun həmsədrlik institutunun reanimasiyası hesabına öz mövqelərini bərpa etməyə çalışdığı Azərbaycan və Ermənistanla bağlı bir qədər başqa yanaşma proqnozlaşdırılır. Bu planın Moskva və Ankaranın niyyətləri ilə nə dərəcədə fərqli olduğunu söyləmək artıqdır.
İstənilən halda Azərbaycan 44 günlük müharibənin nəticələrinin möhkəmləndirilməsi prosesini gücləndirməlidir, əleyhdarların sayı artır, hətta İranı da əhatə edir (!). Nəhayət, ölkə öz strateji vəzifələrini özü həll edir və bunun nəticəsində qaliblərin və ya məğlubların düşərgəsinə düşmüş olur.
Əli Abasov
Rəy yaz