Turkey’s President Recep Tayyip Erdogan fist bumps US President Joe Biden during a plenary session at a NATO summit in Brussels, June 14, 2021. (AP)

Turkey’s President Recep Tayyip Erdogan fist bumps US President Joe Biden during a plenary session at a NATO summit in Brussels, June 14, 2021. (AP)

14 iyundakı görüş aylardan bəri çəkilən zəhmətə dəydimi,gözlənilən həyəcanı  yaratdımı? Yarısını tərcüməyə saysaq, 45 dəqiqəlik görüşün müttəfiqlik baxımından konkret  nəticəsi Kabil aeroportunun mühafizəsinin Türkiyəyə verilməsi oldu.Bir məsələni heç cür anlaya bilmədim: yox, bu məsələ iqtidarın ən hararətli təbliğatçısı TV kanalı müxbirinin “24 aprelin “soyqırım” tanınması gündəmə gəldimi?”- sualına Türkiyə dövlət başçısının “Həmd olsun,gəlmədi” –cavabı deyildi.

O kanalın müxbirinin dövlət başçısına əvvvəlcədən razılaşdırılmadan sual verməsi mümkün deyildi,hətta böyük ehtimalla sualın məzmunu da əvvəlcədən müxbirə diqtə edilmişdi. Elə isə o sual “Həmd olsun,gəlmədi”- cavabını almaq üçün verildimi? İnandırıcı  ola bilməz, çünki Joe Bidenın 50 gün qabaq 1915-ci il hadisələrini “soyqırım” kimi  xarakterizə edən müraciəti Türkiyədə qiyamətin  qopmasına səbəb olmuş,cənab Erdoğan və komandasıyla birlikdə müxalifət də BŞ prezidentinə salvolar göndərmişdi.

Sual olunur: Türkiyə dövlət başçısının bu məsələni gündəmə gətirməməsi görüş başa çatar-çatmaz bəlli deyildimi? Şübhəsiz,bəlli idi. Bəs onda iqtidarın ən hərarətli dəstəkçisi bir kanalın müxbirinə bu sualı niyə verdirdilər? Cənab Erdoğanın o şəkildə cavablandırması üçün o şəkildə sual verdirildiyinə əsla  inanmaram, burada  bir məsələ hələ də qaranlıq qalır… Kabil aeroportunun mühafizəsinin 11 sentyabrdan başlayaraq  Türkiyəyə verilməsi, təbii ki, iqtidara yaxın media tərəfindən “növbəti qələbə” kimi təbliğ edilərkən müxalifətin və təhlilçilərin bunu ciddi şəkildə tənqid  etməsində də haqlılıq payı vardır:iqtidara xəbərardlıq edilərək  “Suriya bataqlığından sonra Əfqanıstan bataqlığına girməməsi” tələb edilir.

Görüşdən açıq şəkildə məmnun qalan tərəf isə Rusiya oldu. Çünki görüş başa çatandan sonra Rusiya mediasındakı xəbərlərin 90%-nin başlığı “Erdoğan S-400 raketləriylə bağlı Türkiyənin mövqeyinin dəyişməyəcəyini açıqladı” –şəklində idi. Bu məzmundakı xəbər başlıqlarının Kremldən diqtə edilməsinə  gərək yox idi, dizayn edilərək iqtidarın nəzarəti altına alınmış  medianın bundan başqa formada xəbər  yazması onsuz da mümkün deyildi.

 Rusiyanın məmnuniyyətini bir tərəfə qoysaq, S-400 məsələsinin Türkiyə-ABŞ münasibətlərində baş ağrıdıcı bir faktor olaraq qalmağa davam edəcəyini demək əsla münəccimlik olmayacaqdır. 2019-cu ilin iyulunda S-400-lərin alınmasına okeanın o tayından etirazlar gələndə iqtidara yaxın olan “Sabah” qəzetinin Ankara təmsilçisi Okan Müderrisoğlu “raketlərin Azərbaycanda saxlanılacağını”, 2 ay əvvəl isə  “Korkusuz” qəzetinin köşə yazarı Ahmet Takan isə raketlərin “Naxçıvana aparılacağını” iddia edərək ağlı başında olan insanlara gülmək üçün yaxşı material vermişdilər…

14 iyun görüşünün təsir edəcəyi əsas sahə-daxili siyasət olacaqdır. Brüsseldən Bakıya,oradan Şuşaya gedən prezident Erdoğanın dövlət idarəçiliyindəki  və siyasətdəki xaotik duruma müdaxilə etməsi üçün 14 iyunu səbrlə gözlədiyi hamıya məlum idi.

14 iyun görüşünün valyuta bazarına təsiri neqativ oldu, Türk lirəsi yenə ABŞ dolları qarşısında dəyər itirdi. Mafiya liderinin 2 maydan  bəri  youtube üzərindən paylaşdığı videolar iqtidara,iqtidara yaxın olan iş adamlarına, yüksək vəzifəli  məmurlara və iqtidarın özünün milyard dollarlar xərcləyərək yaratdığı tərəfdar mediaya əməlli-başlı porblemlər yaradıb.

Bundan əvvəlki yazılarda da qeyd etmişdim: dövlət idarəçiiliyinin,iqtidar məxrəcli siyasətin və medianın qeyri-qanuni işlər üçün bu qədər əlbir olduğunu ilk dəfə görürəm.Mafiya lideri dövlət-siyasət-media zənciri içindəki münasibətləri konkret örnəklərlərlə  açıqladıqca iqtisadiyyat bunun mənfi təsirini görür. Dövlət başçısı Erdoğan faizlərin aşağı salınmasını tələb etsə də Mərkəzi Bank hələ ki,bunu reallaşdırmır və FED-in üç gün qabaq fiazləri dəyişdirməməsindən sonra Türkiyə Mərkəti Bankının yaxın  gələcəkdə faizləri aşağı salmasından söhbət getməməsi lazımdır: bu baş versə, yeni bir devalvasiyanın qabağını almaq mümkün olmayacaqdır. Ancaq bütün bunlardan əvvəl cənab  Erdoğanın dövlət idarəçiliyi sahəsində ciddi kadr dəyişikliklərinə getməsinin  qaçınılmaz hala gəldiyini deməliyik.

Dövlət idarəçiliyinin üsulu dəyişdiriləndən sonra qurulan ilk hökumətin İyulun 9-da  3 ili tamam olur. Baş nazir olduğu vaxtlarda cənab Erdoğan iki seçki arasında mütləq hökumət üzvlərinin ən azı yarısını  dəyişdirərək  yeni seçkiyə hazırlaşırdı. İndiki mənzərəyə baxanda 2018-ci ildən bəri keçən 3 ildə Türkiyə dövlət başçısının kommunikasiya və infrastruktur nazirini  heç bir açıqlama verilmədən işdən çıxardığına, ticarət və gömrük nazirini işdən çıxarmağa məcbur qaldığına, əmək və sosial təminat nazirini işin öhdəsindən gələ bilmədiyinə görə vəzifəsindən azad etdiyini və nazirliyi iki yerə bölərək iki nazir təyin  etdiyinə şahid olmuşduq.

Gəlinən mərhələdə cənab Erdoğanın hökumətin tərkibində ciddi  dəyişikliklərə gedəcəyini gözləmək məntiqli şəkildə düşünməyin təzahürü olacaqdır. Bunu təkcə Türkiyə dövlət başçısının öz siyasət ənənəsinə sadiqliyi kimi dəyərləndirmək   bəsit bir yanaşma olacaqdır. Mövcud vəziyyətdə bunu zəruri qılan faktorlar zənciri vardır ki, çox fövqəladə gəlişmələr olmasa, bu barədə növbəti yazıda…

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti