Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirəcək?

Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistan XİN başçısı Zograb Mnatsakanyan Moskvada on saatdan çox davam edən danışıqlardan sonra, səhərə yaxın, nəhayət ki, həmin gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə (əsirlərin, habelə həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün) atəşkəs haqqında birgə bəyanat qəbul ediblər.

Buna Rusiya prezidenti Vladimir Putin israr edib. Danışıqların yekunlarına görə qəbul edilmiş birgə bəyanatın mətnində birbaşa deyilir ki, bəyanat Rusiya prezidentinin müraciətinə cavab olaraq qəbul edilib.

Qəbul edilmiş sənəddə hərbi əsirlərin və saxlanılan digər şəxslərin, həmçinin həlak olanların cəsədlərinin Beynəlxalq Qırmızı Xaçq Komitəsinin vasitəçiliyi ilə və onun meyarlarına uyğun olaraq dəyişdirilməsi nəzərdə tutulur. Atəşkəs rejiminin konkret parametrlərinə gəlincə, onlar əlavə olaraq razılaşdırılacaq.

Bundan başqa, görüşdə Azərbaycan tərəfin israrı ilə qərara alınıb ki, ən qısa zamanda Dağlıq Qarabağda vəziyyətin “təməl həll prinsipləri əsasında” sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara başlayacaqlar. Bu zaman “danışıqlar prosesinin formatının dəyişmədiyi” vurğulanıb.

Bu, Ermənistanın danışıqlar prosesini pozmaq məqsədilə dəyişdirməyə çalışdığı iki maddədir. Amma döyüş əməliyyatları səhnəsində uduzan Ermənistan nizamlanmanın əsasını Madrid prinsiplərinin (ATƏT-in Minsk Qrupunun 2007-ci ilin noyabrında münaqişə tərəflərinə təklif etdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təməl prinsiplərin şərti adı) təşkil etməli olduğunu etiraf etmək məcburiyyətində qalıb. Bu prinsiplərdə münaqişənin necə və hansı ardıcıllıqla nizamlanmalı olduğu, işğal edilmiş ərazilərin hansı müddətdə Azərbaycana qaytarılmalı olduğu əksini tapıb. Eyni zamanda, prinsiplərdə danışıqlar formatının dəyişməz olduğu qeyd edilib, bu da o deməkdir ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılacaq. Beləliklə, Ermənistan rəhbərliyinin Dağlı Qarabağın marionet rejimini danışıqlar masası arxasına oturtmaq cəhdləri fiaskoya uğrayıb.

Yeri gəlmişkən, bu, hələ Azərbaycana uğur zəmanəti vermir. Belə ki, Madrid prinsiplərində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması ilə yanaşı, gələcəkdə Dağlıq Qarabağ sakinlərinin hüquqi cəhətdən məcburi olan referendumu əsasında DQ-nin yekun hüquqi statusunun müəyyən edilməsi də nəzərdə tutulur. Azərbaycan isə Dağlıq Qarabağı yalnız dövlət daxilində muxtariyyət kimi görə bilər və onun statusu uğrunda mübarizə hələ qabaqdadır.

Bununla belə, prezident İlham Əliyev bu yaxınlarda RBK-ya müsahibəsində bildirib ki, Azərbaycan münaqişənin siyasi həllinə üstünlük verib, Ermənistandan tam təslim olmağı tələb etməyib. “...biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur”, deyə o bildirib.

Yeri gəlmişkən, böyük əminliklə təxmin etmək olar ki, Ermənistan rəhbərliyi birgə bəyanatda razılaşdırılmış şərtləri yerinə yetirməyəcək. Hələ mürəkkəb qurumadan Ermənistan Hadrut şəhərini, habelə Cəbrayıl rayonunun və Ağdərə rayonunun Azərbaycanın azad etdiyi ərazilərini geri almaq üçün əks-hücuma cəhd edib. Elə həmin gün erməni qoşunları Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə məruz qoyub. Oktyabrın 11-də gecə Ermənistandan buraxılmış ballistik raketlər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə düşüb, nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. Azərbaycanın Mingəçevirdə yerləşən İES-i də hücuma məruz qalıb.

Yerevanın davranışı belə bir fikir formalaşdırır ki, orada Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik etmək məqsədi qarşıya qoyulub. Bu, Rusiyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı) üzvü kimi onu müdafiə etməsi üçün formal bəhanə verəcək. Amma bu, yalnız Azərbaycanı Dağlıq Qarabağ məsələsinin müstəsna olaraq hərbi həllinin xeyrinə seçim etməyə vadar edə bilər. Və belə bir qərar qəbul edilərsə, bu ərazi üçün heç bir muxtariyyətdən söhbət belə getməyəcək.

Bu münaqişənin az qala 30 yaşı olmasına baxmayaraq, indiyədək Minsk Qrupunun həmsədri olan ölkələrin heç biri onun siyasi həllinə xüsusi maraq göstərməyib. Əksinə, onlardan hansınasa bu vəziyyət sərf edir. Münaqişədə hansısa vasitəçi ondan mənfəət götürürsə, əmin olmaq olar ki, vəziyyət daim gərginləşəcək. Cənubi Qafqazda hazırda məhz bu baş verir.

Rusiya və Qarabağ uğrunda mübarizə

Moskvanın Yerevana təsiri kifayət gədər güclüdür. Kreml çoxdan Ermənistanı Madrid prinsiplərini qəbul etməyə məcbur edə bilərdi, hələ onu lazımsız təxribatlardan, məsələn, Suriyadan erməni qaçqınların Dağlıq Qarabağa köçürülməsindən çəkindirməyi demirik.

Ermənistanın iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Rusiyanın təkcə “Ermənistan elektrik şəbəkələri” şirkətini deyil, həm də RDY (Rusiya Dəmir Yolları) ASC-nin Ermənistandakı təsis edilmiş törəmə şirkətinin - “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin idarəçiliyində olan Ermənistan dəmir yolunu (Ermənistanın 10 vilayətindən 9-nu əhatə edən dəmir yolları sistemi) öz əlinə aldığını, Qazprom-Ermənistan QSC-nin isə Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olduğunu demək kifayətdir.

Ən əsası isə, Rusiya Ermənistanın təhlükəsizliyinin zaminidir – ona silah göndərir, onun ərazisində minlərlə əsgəri olan baza yerləşdirib (guya Ermənistanın ekzistensial düşməni olan Türkiyədən qorunması məqsədilə).

Amma Moskvanın Ermənistanda yaxından iştirakına baxmayaraq, o, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışında maraqlı deyildi (ən azından bu yaxınlara qədər). Belə ki, bu münaqişə sayəsində Kreml Cənubi Qafqazdakı iştirakını və nüfuzunu təmin edirdi. Məhz buna görə o, status-kvo-nun az qala 30 il davam etməsində maraqlı idi.

Yeri gəlmişkən, prezident İlham Əliyev RBK-ya müsahibəsində qeyd edib ki, “münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanlarının bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəolunmaz dərəcədə çox olduğuna görə” Azərbaycan rəhbərliyi dəfələrlə Rusiya rəhbərliyinə Ermənistana siyasi təsir göstərmək imkanlarından istifadə etməsi, erməni tərəfi işğala son qoymalı olduğuna inandırması üçün müraciət edib. Amma bundan heç nə çıxmayıb – aydındır ki, yaranmış vəziyyət Moskvanı qane edirdi.

Bu səbəbdən, ehtimal etmək olar ki, Qarabağda başlayan Ermənistan silahlı qüvvələrinin məhvi Moskva üçün xoşagəlməz sürpriz olmalı idi. Amma, qəribədir ki, Kreml Azərbaycan ordusunun hücumuna kifayət qədər sakit reaksiya verib. Bakının ünvanına heç bir hərbi ritorika, döyüş əməliyyatlarını dayandırmaq üçün heç bir siyasi təzyiq olmayıb.

Təxmin etmək olar ki, ona görə belə vəziyyət yaranır ki, indi Moskvanın, çox güman ki, xoşagəlməz ssenarini ləğv etmək imkanı yoxdur. Belə ki, birincisi, müdaxilə üçün heç bir formal səbəb yoxdur, ikincisi isə, Suriya, Liviya və Ukraynadakı iştirakla onsuz da çətin vəziyyətə düşmüş Kreml üçün indi də Cənubi Qafqazda Rusiyanın tərəfdaşı – Türkiyə ilə əlaqəsi olan Azərbaycanla daha bir münaqişəyə girmək asan deyil.

Amma başqa nöqteyi-nəzər də var

Rusiya bu münaqişəyə ona görə müdaxilə etmək istəmir ki, bir tərəfdən Ermənistanı müdafiə etmək istəsə də, digər tərəfdən Azərbaycanla, daha çox isə Türkiyə ilə savaşmaq istəmir.

Azərbaycan Rusiyaya düşmən deyildi. Azərbaycan tamamilə müstəqil xarici siyasət yürütsə də, bunu Rusiyanın qıcıqlığına nümayişkaranə şəkildə etmirdi. NATO ilə əməkdaşlıq edən ölkə heç vaxt Rusiya sərhədlərində Qərb sivilizasiyasının istinadgahı olmaq üçün alyansa daxil olmaq məqsədi güddüyünü deməyib.

Rusiyanın təsir sahəsi olmayan, Rusiya orbitasına cəlb edilməmiş, Rusiyanın KTMT kimi inteqrasiya layihələrində və hətta iqtisadi layihələrində iştirak etməyən Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var idi. Belə ki, Rusiya prezidenti Vladimir Putin üçün Qərbə qarşı mübarizə hissi belə şəxsi mübahisələrdən daha əhəmiyyətli idi.

Buna görə Putinin Azərbaycana qarşı irəli sürəcək heç bir arqumenti yoxdur. Ermənistan “ön mövqedir” və onu qorumaq istəyir, amma Azərbaycanı cəzalandırmaq üçün Rusiyanın səbəbi yoxdur.

Türkiyəyə gəlincə, onun maraqları növbəti dəfə Rusiyanın maraqları ilə kəsişsə də, o, Rusiya üçün çətin, amma əhəmiyyətli tərəfdaşdır. Suriyada da, Liviyada da onunla toqquşmalı olub, amma, buna baxmayaraq, ortaq platforma – iki liderin anti-Qərb platforması var. Və Qərblə bu qarşıdurma onları o dərəcədə yaxınlaşdırır ki, hələlik regional fikir ayrılıqları bu ortaq platformanı parçalamaq iqtidarında deyil.

Ermənistanda isə Nikol Paşinyan “rəngli inqilabın” lideridir, bu da Kremlin gözündə çox böyük günahdır. Bu səbəbdən ermənilər inqilabla və ya çevrilişlə Paşinyan rejimini devirənə qədər Putin Bakının Yerevanı viran etməsinə laqeyd qalacaq.

Aşağıdakı fakt bunu təsdiq edir:

Sentyabrın 27-dən etibarən Putin dörd dəfə Paşinyanla danışıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, sonuncu söhbət zamanı tərəflər Azərbaycan və Ermənistan arasında qarşıdurmanın gərginləşməsini müzakirə ediblər və Rusiya lideri döyüşlərə dərhal son qoymağa çağırıb.

Oktyabrın 7-də Vladimir Putin Qarabağda Azərbaycan SQ-nin əks hücuma başladığı andan etibarən ilk dəfə prezident İlham Əliyevlə vəziyyəti müzakirə edib. Döyüş əməliyyatlarının dayandırılması haqqında heç bir çağırış olmayıb.

Amma tezliklə Azərbaycan ordusunun Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı və Sur kəndlərini azad etdiyi məlum olur.

Eyni zamanda Azərbaycan qoşunları Ağdərə istiqamətində təzyiqi artırmağa davam edir və beləliklə, bu rayonun separatçılardan azad edilməsi zaman məsələsidir. Amma Ağdərə alınarsa, Xankəndi faktiki olaraq bu qəsəbə və Hadrut arasında mühasirəyə alınmış olacaq. Bu şəraitdə ermənilər, çox güman ki, Qarabağdan qaçacaqlar.

Və burada Vladimir Putin tələsik Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında birgə bəyanat imzalanmasına nail olur. Onun bu vasitəylə Azərbaycan ordusunun irəliləməsini dayandırmaq istədiyi istisna deyil. İstənilən halda, aydındır ki, Xankəndinin süqutu onun planlarına daxil deyil.

Ankaranın mövqeyi

Türkiyə ilk gündən Qafqazda sabit sülhdə maraqlı olan yeganə ölkədir. Ona görə oktyabrın 2-də prezident Recep Tayyip Erdoğanın Putin, Makron və Trampın Qarabağla bağlı bəyanatını tənqid etməsi təəccüblü deyil.

“ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu problemə etinasız yanaşıb. Onların atəşkəs həllinin axtarışında iştirak etməsi yolverilməzdir”, deyən Erdoğan əlavə edib ki, münaqişə yalnız Ermənistan qoşunlarının Dağlıq Qarabağı tərk etdiyi təqdirdə başa çatacaq.

Yeri gəlmişkən, uzun illərdir Ermənistan-Azərbaycan qarşıdurmasında əsas və yeganə “sülhməramlı” və vasitəçi kimi Rusiya çıxış edir. Artıq deyildiyi kimi, nəticə yoxdur və aydındır ki, bu konfiqurasiya qalarsa, münaqişə hələ çox uzun çəkəcək.

Rusiyanı meydandan çıxarmaq mümkün deyil, amma o, sülhməramlı və vasitəçi mövqelərindən uzaqlaşdırılsa, bu tənliyə yeni oyunçu daxil edilsə, vəziyyət kökündən dəyişər.

Məhz bu səbəbdən indi Türkiyə Azərbaycanın tərəfində son dərəcə sərt çıxış edir, Rusiyanı “sülhməramlı” statusunu dəyişdirməyə və Ermənistanın mövqeyini qəbul etməyə məcbur edir. Bu, Azərbaycanın Rusiyanın qərəzsizliyinə şübhə etməsinə və rəsmi olaraq yeni iştirakçını – Türkiyəni dəvət etməsinə imkan verəcək. Kreml bu sxemi başa düşür və ona hər yolla müqavimət göstərir.

Bir müddət əvvəl Rusiya mənbələri Putin və Erdoğan arasında sentyabrın 28-də baş tutmuş “əsəbi telefon danışığı” haqqında məlumat yayıb.

Bu məlumatlara inansaq, Erdoğan Putinə döyüş əməliyyatları zonasında görüləcək bütün xarici hərbi təyyarələri vurmaq və münaqişə zonasındakı istənilən əcnəbi muzdluları məhv etmək niyyətindən bəhs edib.

Yeri gəlmişkən, Qarabağ xəritədə Rusiyanın Türkiyə ilə toqquşduğu üçüncü nöqtədir. Sürətlə dəyişən şərait və güc bölgüsü cari vəziyyəti daha da ağırlaşdırır. Son illər regionda nüfuzunu gücləndirən Ankara açıq-aşkar Bakını dəstəkləyir, bu da tamamilə izah edilə bilən mövqedir – Qarabağ probleminin həlli Ankaranın regiondakı təsirini daha da gücləndirəcək və onun Mərkəzi Asiyaya yolunu açacaq.

Bəs Qərb bu barədə nə düşünür?

Avropanın ucqar bölgəsində münaqişə Qərbi çox az maraqlandırır. ABŞ dünyada nizam-intizamın gözətçisi rolundan imtina edib, Avropa İttifaqı isə bu rolu öz üzərinə götürmək istəmir, buna qadir də deyil.

Doğrudur, Vaşinqton Dağlıq Qarabağda döyüş əməliyyatlarına dərhal son qoymağı təklif edib, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Onun mövqeyi tamamilə başa düşüləndir – o, prezident seçkilərində qalib gəlməyə ümid edir, Birləşmiş Ştatların erməni icması isə, necə də olsa, Amerika siyasətinin bir amilidir. Amma Trampın Türkiyəni – regionda, şərqi Aralıq Dənizində, Yaxın Şərqdə mühüm tərəfdaşını özünə qarşı qoymağa risk edəcəyi şübhə doğurur.

Buna görə Vaşinqton tərəfindən heç bir konkret əməli addım gözləməyə dəyməz.

Parisin mövqeyinə gəlincə, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu mövqeyi çox dəqiq səciyyələndirib. O, açıq-aşkar deyib ki, Fransa tanınmamış Dağlıq Qarabağdakı münaqişənin mahiyyətini anlamır.

“Biz Fransanı vasitəçi tərəf kimi görməli idik. Lakin Fransa bu münaqişənin mahiyyətini dərk etmir. Aydındır ki, Fransa daim erməni tərəfini dəstəkləyir və Ermənistana meyilli olub”, deyə o bildirib. Bu zaman o qeyd edib ki, bəzi Fransa siyasətçiləri seçkilər ərəfəsində erməni lobbisinin dəstəyinə nail olmaq istəyirlər.

İran status-kvo-ya üstünlük verir

Yeni Qarabağ müharibəsində qəti maraqlı olmayan regional qüvvələr arasında İran fərqlənir. Amma hələ bir neçə il əvvəl olduğu kimi Qarabağ ətrafında hərbi gərginliyə yol verilməməsində ondan çox az şey asılıdır. Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi gərginliyin istisna edilməsinə İran amilinin təsir dərəcəsinin azalmasında ilk növbədə ABŞ-ın ciddi sanksiyaları və Tehranın diqqətinin, onun nöqteyi-nəzərinə görə, əsas hadisələrin inkişaf etdiyi Fars Körfəzi zonasında cəmləşməsi öz rolunu oynayıb.

İran formal olaraq Qarabağ nünaqişəsinin nizamlanması məsələsində münaqişənin müstəsna olaraq beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli zərurəti üzərində dayanır.

İran, nəticələrindən asılı olmayaraq, Qarabağda yeni müharibənin Azərbaycanı Türkiyədən asılı vəziyyətə salacağından ehtiyatlanır. Bu, onu qətiyyən qane etmir. Bundan başqa, Qarabağ ətrafında genişmiqyaslı müharibə ssenarisinin İranın Azərbaycanın cənub sərhədlərinə bitişik regionları üçün qarışıqlıq yaradacaq. Və istənilən inkişaf ssenarisində regionda yeni vəziyyət yaranacaq, Azərbaycanla siyasi və hərbi istiqamətdə geniş əlaqələr şəbəkəsi olan Türkiyə bundan uduşlu çıxa bilər.

Buna görə Tehran qeyri-müəyyən gələcək üçün “nə müharibə, nə sülh” vəziyyətinin uzanmasında maraqlıdır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti