A Georgian police officer adjusts a protective mask on the face of his colleague as they stand guard outside a medical facility, Feb. 27, 2020, in Tbilisi.(VANO SHLAMOV/AFP/GETTY IMAGES)

A Georgian police officer adjusts a protective mask on the face of his colleague as they stand guard outside a medical facility, Feb. 27, 2020, in Tbilisi.(VANO SHLAMOV/AFP/GETTY IMAGES)

Aprelin 6-da Azərbaycanda 57 nəfər yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Xəstəliyə yoluxanlar xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 12 nəfər sağalaraq xəstəxanalardan çıxarılıb. Azərbaycanda xəstəliyə yoluxanların ümumi sayı 641 nəfərə çatıb. Onlardan 44 nəfəri sağalıb, 7 nəfər vəfat edib. 500 nəfər hələ də xəstəxanalardadır. Onlardan 11-nin vəziyyəti ağır, 17-nin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ölkənin müxtəlif karantin zonalarında 4369 nəfər müşahidə altında saxlanılır.

Koronavirus infeksiyasının müəyyən edilməsi məqsədilə 45 min test aparılıb.

Bəzi KİV-lərdə bu göstərici Azərbaycan hökumətinin uğuru kimi qələmə verilir. Amma qonşu Gürcüstanda göstəricilər Azərbaycanda olduğundan dəfələrlə yaxşıdır. Aprelin 6-na olan məlumata görə, orada cəmi 2 nəfər vəfat edib, ümumilikdə 188 nəfər xəstəliyə yoluxub. Bu zaman mütləq qeyd etmək lazımdır ki, Gürcüstanın faktiki əhalisi Azərbaycan əhalisindən 2-3 dəfə azdır. Bununla belə, iki hökumətin gördüyü tədbirləri müqayisə etmək faydalı olar.

Azərbaycanda ən erkən qabaqlayıcı tədbirlər 2020-ci il yanvarın 23-də görülüb. Həmin vaxt Azərbaycan Dövlət Gömrük Komitəsi koronavirusla əlaqədar sərhədlərdə yoxlamaları gücləndirib. Yanvarın 29-da Bakı və Çin arasında aviareyslər dayandırılıb. Yanvarın 30-da Nazirlər Kabinetinin sərəncamı ilə "Azərbaycanda yeni koronavirusun yayılmasının qarşısının alınması üzrə Fəaliyyət Planı" təsdiq edilib.

Azərbaycan ərazisində ilk koronavirusa yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alınıb. Xəstəliyə yoluxan şəxs İran tərəfindən Azərbaycan sərhədini keçən Rusiya vətəndaşı idi. İlk yoluxma ərəfəsində Azərbaycanda Pandemiyaya qarşı mübarizə üzrə Operativ Qərargah yaradılmasını uğurlu qərar adlandırmaq olar.

Martın 2-də bütün təhsil müəssisələri martın 3-dən 9-na qədər bağlanıb. Sonradan qadağa aprelin 20-nə qədər uzadılıb.

Gürcüstanda koronavirusa yoluxan ilk ölkə vətəndaşı fevralın 26-da müəyyən edilib, martın 2-də isə tədris müəssisələrində vaxtından əvvəl tətil elan edilib.

Diqqət edin: Azərbaycanda tədris müəssisələri haqqında qərar martın 2-də, yəni ilk yoluxma halı qeydə alındıqdan cəmi 3 gün sonra qəbul edilib. Gürcüstanda orta və ali məktəblərlə bağlı qərar da martın 2-də, amma ilk yoluxma hadisəsinin aşkar edilməsindən 5 gün sonra qəbul edilib.

Azərbaycanın ilk quru sərhədinin - İranla sərhədin bağlanması fevralın 29-da - ilk Azərbaycanlının xəstəliyə yoluxmasının ertəsi gün baş verib. Həmin vaxta qədər İranda koronavirusa yoluxanların sayı 593 nəfərə çatırdı, 43 nəfər həlak olmuşdu, amma Bakıda İranlı turistlər gəzirdi. Cəmiyyət arasında İİR-lə sərhədin gec bağlanması Azərbaycan hökumətinin ən böyük səhvi hesab olunur.

Martın 4-də Azərbaycanda ilk dəfə İrandan yük maşınlarının ölkəyə buraxılması məhdudlaşdırılıb. Azərbaycana gələn yük maşınları ölkə daxilində yollarına Azərbaycan polis əməkdaşlarının müşaiyəti ilə davam edirdilər, bu zaman polislər və sürücülər arasında yaxın ünsiyyəti istisna etmək çətindir. Polislərin xidməti vəzifələrini yerinə yetirməsi haqqında daha sonra danışacağıq.

Gürcüstanda ilk nəqliyyat qadağası Azərbaycandan çox-çox gec elan edildi, martın 15-də Gürcüstan-Türkiyə sərhədinsə "Sarp" nəzarət-buraxılış məntəqəsinin işi dayandırılıb. Martın 16-dan vətəndaşların Gürcüstan və Rusiya arasında hərəkəti dayandırılıb.

Gürcüstanda koronavirusun aşkar edildiyi rayonların mühasirəsi addımı Azərbaycandan daha gec atılıb. Martın 23-də Gürcüstanın Azərbaycanlı əhalinin əksəriyyət təşkil etdiyi Bolnisi və Marneuli rayonları "bağlanıb", bu rayonlarda fəaliyyətin dayandırılması tələbinin şamil edilmədiyi yerlərdə, o cümlədən özəl müəssisələrdə ən az iki metrlik məsafəyə (insanlar arasında) riayət olunmaq şərtilə 10 nəfərdən çox fiziki şəxsin olmasına icazə verilirdi.

Azərbaycanda martın 19-dan xüsusi təyinatlı avtomobillər, təcili yardım maşınları, qəza-bərpa, xilasetmə xidmətlərinin avtomobilləri və yük maşınları istisna olmaqla, respublikanın şəhərlərində və rayonlarında qeydiyyatda olan avtomobillərin və onların sərnişinlərinin Bakı, Sumqayıt və Abşeron rayonuna girişi məhdudlaşdırılıb. Mətbuatda qadağaya baxmayaraq, regionların sakinlərinin Təcili Yardımdan, bəlkə də digər xüsusi təyinatlı avtomobillərdən də istifadə edərək Sumqayıta və Bakıya gəldikləri haqqında məlumatlar yer alırdı.

Martın 17-də Azərbaycanda məscidlərə və ibadətxanalara getmək qadağan olunub. Növbəti gün Azərbaycanın pravoslav kilsələrində kütləvi ibadət dayandırılıb. Gürcüstanda pravoslav kilsəsi indiyədək vətəndaşların kilsələri ziyarət etməsini təşviq edir.

Azərbaycanda ciddi karantin şəraiti aprelin 5-də tətbiq edilib, həmin gündən etibarən insanlar yaşayış yerlərindən çıxmaq üçün SMS vasitəsilə icazə almalıdırlar. İctimai nəqliyyatda yalnız metropoliten üçün məhdudiyyət tətbiq edilib, metro sərnişinləri isə metro stansiyaları arasında hərəkət edən yerüstü avtobuslardan istifadə edə bilərlər.

Gürcüstanda isə martın 31-dən ümumi karantin və saat 21:00-dan 06:00-a qədər komendant saatı elan edilib. Ölkədə taksidən başqa, bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Əhali karantin rejimi qaydalarına riayət etmədiyinə görə hakimiyyət məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib. Minik avtomobilində sərnişinlərin sayı 3-ə qədər məhdudlaşdırılıb, 70 yaşdan yuxarı insanlar ən yaxındakı mağaza və aptekdən başqa bir yerə getmək üçün evdən çıxa bilməzlər. Ölkənin böyük şəhərlərində hərbi blok-postlar quraşdırılıb.

Gürcüstanda FH rejimi tətbiq edildikdən sonra polis özünütəcrid rejimini pozanları məcburi karantinə göndərmək və 3 min lari (təxminən 909 dollar) cərimə etmək hüququ əldə edib.

Azərbaycanda polis qaydaların pozulmasına görə 100-200 manat, yəni 59-118 dollar cərimə edə bilər. Komendant saatı yoxdur.

Qonşu ölkədə Tbilisi, Kutaisi, Batumi, Poti, Zuqdidi, Rustavi, Telavi və Axaltsixe şəhərləri bağlanıb. Azərbaycanda Bakı və Sumqayıtdan başqa, Şəki, Gəncə və Ağdam barəsində bağlanma qərarları qəbul edilib.

Yuxarıda sadalananlardan belə bir nəticə çıxır ki, Azərbaycanda cəmiyyətin qəzəbinə səbəb olan İİR-də ölənlərin sayı yüzlərlə götərilərkən ölkədə İranlı turistlərin gəzməsi istisna olmaqla, qadağa tədbirləri Gürcüstandan heç də gec tətbiq edilməyib. Amma Gürcüstanda hökumət, gecə vaxtı komendant saatı və rejimin pozulmasına görə daha ağır pul cəzası (900 dollara yaxın) tətbiq edilməsi də daxil olmaqla, daha sərt qaydalar tətbiq edib. Gürcüstanda tibbi maskalar iki həftə əvvəl istehsal edilməyə başlayıb, yaşlılar və satıcılar maskalarla pulsuz təmin edilib. Bizdə dövlət tibbi maska çatışmazlığı problemini aprelin 7-də həll etməyə başlayıb. Bizdə əhaliyə Türkiyədə olduğu kimi maska paylanmır.

Azərbaycan və Gürcüstanda əks tədbirlərdə bir fərqi qeyd etmək lazımdır. Azərbaycanda ictimai nəqliyyat işləyir və virusun yayılması üçün potensial yerdir. Gürcüstanda isə ictimai nəqliyyat qadağan edilib. Yer və insan sayının məhdud olduğu avtomobillərə üstünlük verilib.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti