Hüququ əsas olmadan - üçüncü boykot

Bütün müxalif qurumlar isə növbədənkənar prezident seçkilərində namizəd irəli sürməməyə və "seçki"ni boykot etməyə barədə qərar veriblər. Müxalifətin bu qərarı ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılamır və bəzi suallara cavab axtarılır. Müxalifətin boykot qərarını doğru saymaq olarmı, boykot hüquqi-siyasi nəticə doğuracaqmı, nüfuzlu beynəlxalq qurumların "seçki"yə münasibəti necə olacaq, seçkilərin nəticələri tanınmaya bilərmi?

Bu kimi sualların aydın cavabları olmasa da müəyyən mülahizələr söyləmək mümkündür. İlk növbədə müxalifətin seçkidə iştirak etməməsinin səbəblərinə qısa nəzər salaq. Hökumət məqsədyönlü şəkildə ölkədə seçki sistemini tamamilə sıradan çıxarıb. Həm qanunvericilik, həm də praktik baxımdan elə mühit yaradıb ki alternativlər "könüllü" şəkildə seçki prosesindən kənarda dursunlar. Azad media əsasən susdurulub, müstəqil vətəndaş cəmiyyəti və müxalif partiyaların fəaliyyət imkanları məhdudlaşdırılıb, qanuni əsaslarla maliyyə əldə etmək, vətəndaşlarla sərbəst təmas imkanları əllərindən alınıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya var. İstənilən peşəkar müşahidəçilər seçkilərin bir siyasi vasitə, təməl hüquq kimi artıq mövcud olmadığını qəbul edir.

Bu situasiyada müxalifətin "seçki"də iştirakı nə onun özünə, nə də cəmiyyətə hansısa siyasi-hüquqi dvident qazandıra bilərdi. Mövcud siyasi şəraitdə və seçki konyukturasında müxalifət namizədinin seçici səsi ilə qalib gələrək prezident seçilməsi mümkün deyil. Nəinki qalib gəlməsi, heç özlərini cəmiyyətə tanıtması, təşkilatlanmaq fürsəti kimi yararlanması, seçkilərin saxtalaşdırıldığını faktlarla sübut etməsi imkanı da yoxdur. Habelə, namizədlərə hökumətin daxili və xarici siyasətini tənqid etmək, qanunazidd əməllərini dilə gətirmək üçün artıq sərbəst efir məkanı da nəzərdə tutulmur. Sosial şəbəkələrdə və sosial mediada, həmçinin mitinqlərdə müxalifətin bu tənqidləri səsləndirməsi imkanı daha çoxdur, nəinki seçkidə. Reallıq budur ki iqtidar namizədindən başqa digər namizədlərin belə "seçki"də iştirak etməsi hakim komanda üçün heç bir narahatlıq doğurmur.

Hələlik real durumda müxalifətin seçim imkanı "pis və ən pis" arasındadır. Odur ki iştirakın da, boykotun da ciddi hüquqi-siyasi nəticə doğuracağından danışmaq çətindir. Belə görünür ki müxalifətin növbədənkənar "seçki"ni boykot qərarı mövcud hüquqi-siyasi situasiyaya dinc etiraz formasıdır və məcburiyyətdən qəbul edilib. Boykot vasitəsilə müxalifət nəyə nail olmaq istəyir? Müxalifətin "seçki"ni boykot etməsini yanlış addım hesab etmədən onun təsirlərini analiz etməyə çalışaq.

Öncə qeyd edək ki boykot özlüyündə sınaqdan keçmiş təsirli siyasi aksiya formalarından biridir və seçkilərdə effektli olması bir sıra amillərə bağlıdır. Təfərrüatlarına toxunmadan deyə bilərik ki ölkəmizin sosial-siyasi reallıqlarında bu aksiyanın effektli olması üçün zəmin yoxdur.

Ölkə müxalifəti ilk dəfə boykot taktikasından 1998-ci ilin prezident seçkilərində istifadə edib. O zaman müxalifəti bu addıma vadar edən səbəb seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərinin nəzərə alınmaması olmuşdu. Üzdə görünən səbəblərlə yanaşı pərdəarxası səbəblərdən biri kimi müxalifətin vahid namizəd müəyyən edə bilməməsi də rol oynamışdı. Həmin vaxt müxalifət çox güclü, iqtidar indi olduğundan xeyli zəif, cəmiyyət isə qat-qat yüksək siyasi fəallıq göstərirdi. Ölkə maliyyə-iqtisadi problemlərin və sosial çətinliklərin məngənəsində idi. Demokratik institutlar sıradan çıxarılmamışdı, ictimai-siyasi qurumların, azad medianın təsir gücü kifayət qədər yüksək sayılırdı. Ancaq belə bir əlverişli şəraitdə müxalifət boykot strategiyasından yararlana bilmədi. Qısa müddətdən sonra bələdiyyə və parlament seçkisinə hazırlığa qərar verildi və öncəki mübarizə taktikası gündəmdən çıxarıldı. Təhlillər göstərir ki müxalifətin 1998-ci il boykotu cəmiyyəti mübarizəyə səfərbər etmədi, hökumətin beynəlxalq təcridinə səbəb olmadı, müxalifəti gücləndirmədi, iqtidarı isə zəiflətmədi.

Müxalifət boykot taktikasına 2008-ci ilin prezident seçkisində yenidən baş vurdu. Bu boykota səbəb kimi seçki komissiyalarının tamamilə iqtidarın nəzarətində olması, ölkədə azad seçki mühitinin yoxluğu və digər məsələlər göstərilirdi. Təhlillər göstərir ki 2008-ci ilin boykot situasiyası 1998-ci illə müqayisədə müxalifət üçün daha əlverişsiz idi. İqtidar neft gəlirlərindən yararlanaraq sosial-iqtisadi sabitliyə nail olmuş, azad medianı və vətəndaş cəmiyyətini əsasən nəzarətinə almış, müxalifəti isə xeyli zəiflətmiş durumda seçkiyə gedirdi. Beynəlxalq qurumlar da iqtidarın üstünlükləri ilə hesablaşır və ona qarşı təsirli təzyiqlərdən istifadə etmirdi. Beləliklə, 2008 ci ilin boykot taktikası da ölkədə və beynəlxalq arenada heç bir hüquqi-siyasi nəticələr doğurmadı. Seçkidən sonra ölkə daxilində və beynəlxalq münasibətlərdə hər hansı problem müşahidə edilmədi.

Müxalifət məcburiyyətdən üçüncü dəfə seçkiləri boykot etmək qərarı verdi. Nəhayət, bu qərar siyasi-hüquqi nəticə doğura bilərmi?

"Nisbi səs çoxluqlu" mojaritar seçki sistemində boykotun hüquqi nəticə doğurması ümumiyyətlə, mümkün deyil. Çünki ölkənin seçki qanunvericiliyində seçicilərin iştirakının minimum həddi "yetərsay" nəzərdə tutulmayıb. Seçkidə seçicinin ən aşağı faizi iştirak etsə belə, seçki baş tutmuş sayılır və legitimlik problemi yaranmayacaq. Həmçinin cəmiyyətin indiki zəif durumunda boykot vasitəsilə hökumətə siyasi təzyiq göstərib demokratik seçkiyə məcbur etməkdə real deyil. Bunun üçün yerli və beynəlxalq şərtlər uyğun görünmür. Beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizdəki antidemokratik seçkiyə cəlb olunacağına və ya hansısa təsirli addımların atılacağına isə ümid azdır.

Nəzərə alaq ki növbədənkənar seçkinin elan edilməsinə heç bir nüfuzlu beynəlxalq qurumdan sərt reaksiyalar da eşidilmədi. Həmin vaxt Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brink prezident İlham Əliyevlə görüşdən sonra verdiyi açıqlamalar da bu baxımdan diqqətçəkicidir. Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında fikir mübadiləsi aparılsa da daha çox iqtisadi layihələrə verilən dəstəkdən, təhlükəsizlik sahəsində əməkdaşlıqdan, o cümlədən sülhməramlı əməliyyatlarda birgə töhfədən məmnuniyyət ifadə olunub. ABŞ nümayəndəsi növbədənkənar seçki ilə bağlı ölkə rəhbəri ilə görüşdə yumşaq şəkildə Azərbaycanın öhdəliklərini xatırladıb və tövsiyələrini irəli sürüb. Avropa İttifaqının da bu istiqamətdə hər hansı sərt reaksiyalarına şahid olmadıq. Əksinə, əməkdaşlıq imkanlarının davam etməsi istiqamətində açıqlamalar verilir.

Ölkədə real mənzərə budur ki, müxalifət boykot çağırışı etməsə belə vətəndaşlar seçkidə iştiraka maraq göstərmirlər. Hər seçkidə səslərin total saxtalaşdırılması faktiki olaraq seçicilərin seçkiyə inamını sarsıdıb və boykot ilə nəticələnib. Hazırda müxalifətin cəmiyyəti boykot ideyası ətrafında səfərbər etməsi, ölkəboyu "Seçki Hərəkatı"na siyasi-təşkilati zəmin yaratması imkanları da xeyli məhduddur. Müxalifətin konkret və aydın strategiyasının yoxluğu, habelə, cəmiyyətin siyasi fəallığının aşağı olması effektli müqavimətə hələlik imkan vermir. Seçkinin nəticələrinə görə, beynəlxalq birliyin sərt addımlar atacağı da istisnadır.

Demokratiya indeksinə görə, azad və qismən azad ölkələrdə seçkilər cəmiyyət üçün növbəti fürsət sayılır və cəmiyyət daxili proseslərdə əsas indikatordır. Ancaq azadlıqların əsasən boğulduğu qeyri-azad dövlətlərdə seçki qətiyyən cəmiyyət üçün fürsət yarada bilmir. Odur ki, nə müxalifət, nə də müstəqil şəxslər "seçki"yə növbəti fürsət kimi baxıb özlərini aldatmamalı və cəmiyyəti də bu istiqamətdə yersiz ümidləndirməməlidirlər. Müxalifət dinc və kütləvi demokratik proseslər üçün cəmiyyətdə hazırlıq işlərinin yeni strategiyasını hazırlamalı və mərhələ-mərhələ həyata keçirilməsinə nail olmalıdır. Hazırkı boykotu öncəki boykot situasiyasından köklü şəkildə fərqləndirən yeganə fenomen sosial şəbəkələrin mövcudluğu və təsir gücüdür. Bu resurs cəmiyyətin fəallaşmasında müstəsna rol oynaya bilər.

İqtidar ölkədəki və regiondakı durumun mürəkkəbliyini nəzərə alaraq yubanmadan zəruri addımlar atmalıdır. Cəmiyyətdə yaşanan mənəvi-psixoloji və iqtisadi-siyasi tənəzzül dayandırılmasa, qarşıdakı illərdə sarsıdıcı təhlükələr qaçılmaz olacaq. Dərinləşməkdə olan böhranın qarşısı yalnız köklü iqtisadi-siyasi islahatlarla alına bilər. İnstitusional struktur islahatlarının aparılması, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müsbət addımların atılması üçün fürsət yaranıb. Hazırkı situasiyada iqtidar bu əlverişli imkandan yararlanmasa və ənənəvi konyukturanın nəyin bahasına olursa-olsun qorunub saxlanmasına çalışarsa cəmiyyətə çox təhlükəli gələcək vəd etmiş olar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti