Nazirlər Kabinetində operativ qərargahın növbəti iclası
Cons Hopkins Universitetinin məlumatına görə, 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Çinin ölçüsünə görə yeddinci şəhəri olan, 11 milyon sakini olan Hubey əyalətinin Uhan şəhərində aşkar edilmiş "naməlum mənşəli pnevmoniya"nın yayıldığı haqqında məlumat verilib. Yanvarın 23-nə olan məlumata görə, Çinin ən az 20 regionunda və 9 ölkədə / ərazidə 800 2019-nKoV hadisəsi təsdiq edilib. İlk qeydə alınan xəstəliyə yoluxmuş şəxslər (onların bəziləri dekabrın 9-dən simptom göstərib) Uhanda Cənubi Çin dəniz məhsulları bazarının satıcıları arasında aşkar edilib. Sonradan yanvarın 1-də bazar bağlanıb. Partlayışa səbəb olan virus qısa müddət ərzində yeni koronavirus kimi müəyyən edilib, yanvarın 10-da genlərin sıralanması nəticəsində Uhanda Yaxın Şərq respirator sindromu virusu (MERS-CoV) və ağır kəskin respirator sindromu virusu (SARSCoV) ilə əlaqəli olan yeni koronavirus, daha dəqiq isə 2019-nCoV, beta-koronavirus müəyyən edilib. Amma 2019-nKoV-nin ölümlə nəticələnmə və yayılma səviyyəsi indiyədək məlum deyil və çox güman ki, bu göstəricilər qeyd edilən digər koronaviruslarda olduğundan fərqli olacaq.
2020-ci il yanvarın 23-də Uhan bütün ictimai nəqliyyatı və aviadaşımaları (şəhərə giriş-çıxışı) dayandıraraq, şəhərin 11 milyon sakinini karantinə yerləşdirib. Daha sonra karantin bütün Çinə şamil edilib.
Hamının maska taxması, xəstələrin təcrid edilməsi və müalicəsi, virus daşıyıclarının karantini və müalicəsi, testlər, dezinfeksiya tədbirləri, immuniteti gücləndirən terapiyanın tətbiq edilməsi və s. də daxil olmaqla, operativ, kompleks tədbirlər üç ay ərzində koronavirusu təcrid etməyə və onun ətraf mühitə təsirini minimuma endirməyə imkan verib. Qeyd etmək istəyirəm ki, kompleks və operativ tədbirlər görülüb. Çinin, demək olar ki, hər bir vətəndaşı ölkə hakimiyyətinin rəhbərlik etdiyi bu mübarizənin iştirakçısı olub. Çində belə deyirlər: kommunist partiyası 1,4 milyard nəfəri səfərbər etməyə müvəffəq olub.
Virusun yayılması və pandemiyanın yayıldığı ölkələrdə tədbirlərin səmərəsinin az olması məhz əhalinin səfərbər edilməməsi, hökumətlərin operativ və sistemli tədbirlər görməməsi ilə bağlıdır.
Azərbaycanda hakimiyyət koronavirus təhdidlərinə çox gec reaksiya verdi. Tədbirlər qeyri-ardıcıl, sistemsiz və yarımçıq həyata keçirilir.
Qonşu İran rəsmi olaraq ilk koronavirusun yayılması hallarını fevalın 19-da etiraf etdi. İlk iki nəfərin xəstəliyə yoluxduğu bildirildi. Xəstələrin sayının 593 nəfərə çatdığı 29 fevral tarixində Azərbaycan hakimiyyəti bu ölkə ilə sərhədləri bağlamaq qərarına gəldi. Bu on gün ərzində hər iki istiqamətdə on minlərlə insan sərhədi keçib. Martın 1-də Azərbaycanda ilk üç koronavirusa yoluxma hadisəsi təsdiq edilib. Bu, yardım üçün müraciət edənlərdir. Neçə nəfərin virus daşıyıcısı olduğunu demək çətindir, belə ki, insanların 80%-də virusun xarici təzahürü olmur.
Gürcüstan Azərbaycanla sərhədi martın 13-də bağladı.
Azərbaycan və Rusiya martın 18-dən sərhədlərin bağlanması haqqında razılıq əldə etdi. Yəni sərhədlər mərhələli olaraq bağlandı.
Nazirlər Kabineti yanında koronavirusa və onun nəticələrinə qarşı mübarizə üzrə Operativ Qərargah fevralın 27-də yaradıldı. 3 həftə sonra - 2020-ci il martın 19-da ölkədə virusa qarşı mübarizə işlərinin cari vəziyyəti, yoluxma hallarının statistikası, habelə əhali üçün tövsiyələrin və əlavə məlumat üçün operatorla söhbətin yer aldığı COVID-19 haqqında rəsmi sayt fəaliyyətə başladı.
Qərargahın fəaliyyətə başladığı andan etibarən mərhələli tədbirlər görülüb - Abşeron yarımadasının ölkənin qalan hissəsindən təcrid edilməsi, koronavirusa yoluxanların müalicəsi və potensial xəstələrin karantini üçün ixtisaslaşmış tibbi müəssisələrin yaradılması, təhsil müəssisələrində dərslərin dayandırılması, dövlət müəssisələrində işin dayandırılması, ərzaq və ilkin tələbat mallarının ticarəti obyektləri, apteklər istisna olmaqla, biznesin fəaliyyətinin məhdudlaşdırılması, ictimai nəqliyyatın, park zonalarında insanların hərəkətinin məhdudlaşdırılması, 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxmasının qadağan edilməsi. Koronavirusdan qorunmaqla bağlı təbliğat aparılır.
Gördüyümüz qədər, bütün addımlar mərhələli qeyri-operativ xarakter daşıyırdı, bu da vəziyyəti çətinləşdirib. Koronavirusa qarşı mübarizənin əsas şərtlərindən biri istisnasız olaraq kütləvi şəkildə maska taxılması, kütləvi dezifeksiya, əhalinin zəruri gigiyena vasitələri - spirt və buna bənzər vasitələrlə təmin edilməsi şərti martın 31-nə qədər hələ də həll edilməyib, bu da mübarizənin kifayət qədər səmərəli olmamasına səbəb olur və xəstəliyin artması buna dəlalət edir.
Sosial-psixoloji amil
Tədbirlərin uzun çəkməsi, qeyri-müəyyənlik və qeyri-ardıcıllıq panika yaradır, emosional gərginliyi, gələcəklə bağlı şübhələri artırır. Hökumətin qətiyyətsiz və qeyri-operativ addımları cəmiyyəti ruhdan salıb və çaş-baş salıb. İqtisadi fəaliyyətin məhdudlaşdırıldığı bir şəraitdə pandemiyaya qarşı mübarizə uzanarsa, əmək bazarının bir çox iştirakçılarının, ilk növbədə gəliri az olan insanların aqressiyasının artmasını gözləmək olar. Belələrinin sayı isə milyonlarladır. Kiçik dükan sahibləri, mal və xidmət istehsalçıları arasında keçirilən sorğu onsuz da maaşdan-maaşa güclə yaşayan və maaşdan məhrum qalması mümkün olmayan bu təbəqənin vəziyyətinin acınacaqlı olduğunu göstərir.
İqtisadi amil
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2019-cü il iyulun 1-nə məşğul əhali 4915,2 min nəfər təşkil edir. Məşğul əhalinin 86,5%-i dövlət sektorunun payına düşür. Bu zaman ölkədə məşğul əhalinin 33,4%-i və ya 1590,7 min nəfəri iqtisadi cəhətdən faydalı fəaliyyətlə məşğuldur. Qalan 66,6% vətəndaş əlavə dəyər (ÜDM) formalaşdırmayan sahələrdə: silahlı qüvvələrdə, hüquq-mühafizə və məhkəmə orqanlarında, dövlət və bələdiyyə xidmətlərində işləyir. Həmçinin, qeyd etmək lazımdır ki, real iqtisadiyyatı və büdcənin vergi gəlirlərini formalaşdırmayan bu sahələrdə sosial müdafiə və əmək haqqı səviyyəsi xeyli yüksəkdir.
Bu zaman dövlət sektoru 898 min nəfərin, özəl sektor isə 692,7 min nəfərin məşğulluğunu təmin edir. Həmçinin, qeyri-leqal əmək bazarı da mövcuddur. Bu bazarı təşkil edən yüz minlərlə insan var - qeydiyyatsız fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin qeydiyyatdan keçməmiş muzdlu işçilər.
Dövlət sektorunda işə çıxmağın qadağan edilməsi o qədər də dəhşətli deyil, belə ki, bu sektorda işləyənlərə əmək haqqı ödənilir və çox güman ki, karantin uzadılarsa, yenə də ödənilməyə davam edəcək. Baxmayaraq ki, bəzi müəssisələrdə əmək haqlarının koronavirusa qarşı mübarizə fonduna köçürüldüyü haqqında məlumatlar daxil olur.
Hamı peyvənd olunana və ya virus yox olana qədər karantin uzadılarsa, real iqtisadiyyatı təşkil edən subyektlər varlığını davam etdirmək üçün vəsait əldə etməkdə problemlə qarşılaşacaqlar. Bu, 1 milyona yaxın insan deməkdir. Onların da ailələri var. Bu problem həll edilməsə, dövlət cəmiyyətdə yüksək sosial gərginliklə qarşılaşa bilər. Həmçinin neft qiymətlərinin düşməsi ilə bağlı vəziyyətin ağırlaşacağını nəzərə almaq lazımdır.
Yəni, tibbi və sosial-iqtisadi xarakterli problemlərlə qarşı-qarşıyayıq. Təbii ki, əsas tibbi problemdir, bu problem ilk növbədə və kifayət qədər operativ şəkildə həll edilməlidir. Yəni hökumət operativ və sistemli həllərə başlamalıdır.
Tibbi sahədə: hamı mütləq maska taxmalıdır, əhalinin immunitetinin gücləndirilməsi üçün vəsait ayrılmalıdır, koronavirusdan müdafiə təbliğatı gücləndirilməlidir, karantin və dezinfeksiya tədbirləri gücləndirilməlidir.
İqtisadi sahədə: Həm leqal, həm də qeyri-leqal, yarımleqal səmərəli iqtisadi subyektlərin üzərinə işləməyən əməkdaşlarının əmək haqqını vermək öhdəliyi qoyulmalı, dövlət vəsaitindən işsiz qalan hər kəsə, o cümlədən qeyri-leqal işləyənlərə ölkədəki orta aylıq əmək haqqı ölçüsündə vəsait ayrılmalıdır. Qeyri-leqal işləyənlərə yalnız Əmək Nazirliyinə müraciət etdikləri və fəaliyyətlərini leqallaşdırdığı - vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi təqdirdə vəsait ayrılmalıdır. Bu addım boz iqtisadiyyatın əhəmiyyətli dərəcədə leqallaşdırılmasına gətirib çıxaracaq. 1 milyon işçiyə dəstək üçün aylıq 500 mln. manat lazım olacaq. Bu vəsaitin ofşora getməyəcəyini nəzərə almaq lazımdır. Onlar mal və xidmət tələbatını, ticarətini, istehsalını stimullaşdıran amil olacaq.
Tibbi cəhətdən hər cür şərait qorunub-saxlanmaqla nisbi sabitlik əldə edildikdən sonra Çinin nümunəsində aprelin sonuna doğru bütün iqtisadi subyektlərin işini bərpa etmək mümkün olacaq.
Biz yaz təsərrüfat işləri ərəfəsindəyik və buna görə ilkin dəstək kənd təsərrüfatına və xüsusən kiçik sahibkarlara göstərilməlidir. Yerli istehsalı stimullaşdırmaq üçün dövlət zəmanəti ilə dövlət sifarişləri sistemi tətbiq edilməli olacaq, sərhədlərin bağlı olduğu bir şəraitdə bu, vacibdir. Gələcəkdə bu, ölkənin qida təhlükəsizliyinin gücləndirilməsinin mühüm amilinə çevriləcək.
Və nəhayət, Çinli mütəxəssislər və ekspertlər cəlb olunmalı, tibbi və sosial-iqtisadi xarakterli vəzifələrin həlli üçün onların təcrübəsindən istifadə olunmalıdır.
Rəy yaz