Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Postneft dövrü anlayışını daha dəqiq qavramamız üçün 2 amilə xüsusi diqqət yetirməliyik. Bunun birincisi, hasilatın kəsin azalması və əvvəlkidək neft gəlirlərindən faydalanmaq fürsətinin geridə qalması. İkincisi isə, neft hasilatının tamamən itib batmaması ilə bağlıdır. Postneft dövrü deyəndə sadəcə neftsiz dünyanın olacağını təsəvvür etmək doğru deyil. Sadəcə zəifləyən hasilatla bərabər neftin ənənəvi texnologiya ilə çıxarlması mümkün olmayacaq. Neftin hasil edilməsi müasir texnologiyalar, yeni nou-haular, hidro parlayışlar yolu ilə, morend avadanlıqlar hesabına mümkün ola bilər.

Lakin son tendensiyalar bu prosesin xarakterinin dəyişməsi haqqında bir sıra mülahizəəri ortaya qoydu. Belə ki, dünyada 2030-2040 illər ərzində neft tələbi tamamilə başqa istiqamətdə olacaq. 15-20 ildən sonra dünyada neft-qaz sektoruna maraq pessimist ssenari üzrə davam etsə, uzaqbaşı tələb artmayacaq. Amma alternativ enerji sektoruna tələb isə kəskin sürətdə artacaq. Ona görədir ki, bu gün dünyada neft-qaz şirkətləri bərpa olunan enerji sektoruna kəskin sürətdə sərmayələrini artırırlar. BP-nin strateji vizyonunda [1] bunu görməmək mümkün deyil. BP qarşıdakı 10 il ərzində çalışdığı neft-qaz sektotunda fəaliyyətini davam etdirəcək və bu dövrü əhatə edən investisiya işləri aparılacaq, lakin yeni neft-qaz layihələrinə başlanılmayacaq. Bunun əvəzində daha çox bərpa olunan enerji sektoruna investisiyalar artırılacaq. Deməli neft-qaz şirkətləri üçün də sanki transformasiya dövrü başlayıb.

Bəs bizim hökumətin enerji siyasətində hansı dəyişikliklər baş verir?

Siyasətçinin, məmurun və digər sənət adamlarının yalnız emosiyanın gücü ilə etdiyi neft amili ilə şərtlənən iqtisadi artım haqqında etdiyi çıxışlar bir narkomanın keçici olan xoş ovqatı haqqında tərifinə gözəl sözlər deməyinə bənzəyir. Saxta bir  obraz haqqında kütləyə işləyən fikirlərdir. Belə pafoslar ifadəni təsirli etmək üçün narkotikadan istifadə kimi bir şeydir. Keçicidir! Qalıcı şey çıxışda verə biləcəyi düşündürücü mətnin təsiri və onun düşüncəsinin miqyasına olan inamdır. Çıxışa yalançı ağıl qatsan da yenə mahiyyət dəyişməyəcək.

Hazırda bizim iqtisadiyyat özünü neftdən asılı olan narkaman kimi aparır. Neft “iynəsi” onun damarına təsir etdiyi üçün özünü ifadə edir, əgər o iynə kəsilsə, iqtisadiyyat normal halına gələr. Qeyri-təbii haldan çıxmış olar. Biz iqtisadiyyatı neft iynəsindən uzaqlaşdırmaqla özünün təbii halına gətirə bilərik. O zaman isə iqtisadiyyatımızın təbii halı çox eybəcər olacaq.

Postneft dövrünün əhatə etdiyi zamanı daha aydın dərk etməmiz üçün indiyə qədərki neft hasilatının səviyyəsi və onun hesabına iqtisadi artım templərinə diqqət etmək kifayətdir.

Cədvəl 1. [2] 

Azərbaycanda 2010-2019-cu illər üzrə Ümumi daxili məhsulun (ÜDM) statistic göstəriciləri

İllərCəmi (ÜDM)Adambaşına (ÜDM)
MilyardmanatlaMilyarddollarlaMilyard avro iləManatlaDollarlaAvro ilə
200935.644.331.74.05.03.6
201042.452.939.94.75.94.5
201152.065.947.35.77.35.2
201254.769.654.25.97.65.9
201358.174.255.86.27.96.0
201459.075.256.66.37.96.0
201554.452.947.75.75.55.0
201660.437.834.26.33.93.5
201770.340.836.27.24.23.7
201880.047.134.88.14.74.0
2019*81.648.042.98.24.84.3

 

Hesabalamalara diqqət yetirsəz görərsiz ki, neft hasilatına adekvat olaraq ÜDM-nin həcminin genişlənməsi və kiçilməsi baş verib. Bu illər ərzində ÜDM-in artımı yalnız xammalın hasilatı və ixracatından asılı olub. Ona görə, mütləq mənada qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatı özünü postneft dövrünə hazırlamalıdır. Çünki Azərbaycanda neftin hasilatı üçün pik dövr 2012-ci ilə qədər hesab olunurdu. Bundan sonrakı iqtisadi artım tendensiyaları yalnız indiyə qədər yaradılan neft relsi və ondan əldə edilən aktivlərin idarəedilməsindən asılı olacaq.

Neft hasilatımız: rəqəmlərdə

    İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda neft istehsalı 23 milyon ton idi. 1949-cu ildən sonra dəniz yataqlarının istismarına başlanması çıxarılan neftin həcmini artırsa da, ümumilikdə 1960-cı illərdən etibarən ölkədə çıxardılan neftin həcmindəki ilbəil azalmalar müşahidə edilməkdə idi. Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanda 1 milyard tondan çox neft və 800 milyard kubmetr qaz ehtiyatı qalmaqdadır. Son 150 ildə isə ölkəmizin ərazisində 1 milyard 325 milyon ton neft istismar olunub. Gəlin son illərdəki neft hasilatının səviyyəsinə diqqət edək.

Cədvəl 2.

SOCAR-ın məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir. [3] 

zərbaycanda neft hasilatı

2008-ci ildə 44,4 mln. ton

2009-da 50,4 mln. ton,

2010-cu ildə 50,8 mln.ton

2011-ci ildə 45,6 mln.ton

2012-ci ildə 43,4 mln ton

2013-cü ildə 43,5 mln. ton

2014-cü ildə 42 mln. ton

2015-ci ildə 41,6 mln. ton

2016-cı ildə 41 mln. ton

2017-ci il 38,7 mln.ton

2018-ci ildə 38,8 mln.ton

2019-ci ildə 37,5 mln. ton

 

Son 20 ildə əsas trendlərə diqqət edək. 1998-ci ildə neft hasilatı 11,4 milyon ton olmuşdusa, 2009-cu ildə bu rəqəm 50 mln. tona qalxıb. Son 10 ildə neft hasilatının 2009-cu ildə 50,4 mln. tondan 2019-cu ildə 37,5 mln. tona qədər üzüaşağı enişdə 13 mln. ton azalma baş verib. Deməli, son 10 ildə mövcud eniş həddi hətta 1998-ci ildəki ümumi hasilatdan çox olub.

Dövlət büdcəmiz bundan nə qədər faydalana bilib, sualına aydınlıq gətirmək üçün bir neçə il üzrə 1 barel üçün neftin qiymət həddinə diqqət yetirmək kifayətdir. Neftin dövlət büdcəsində qiyməti 2009-cu ildə 75 dollar, 2010-cu ildə 45 dollar, 2011-ci ildə 80 dollar, 2012-ci ildə 80 dollar, 2013-cü ildə 100 dollar götürülüb. Son illərdə neft qiymətlərinin OPEK-in iddia etdiyi 60-80 dollarlıq zolağa yaxınlaşmaması onu deməyə əsas verir ki, bahalı neft qiymətləri də geridə qalıb.

Hər 2 kontekstdə qiymətləndirən də məlum olur ki, bizim optimist olmağa qətiyyən haqq etmirik. Çünki iqtisadiyyatımız üçün çox mühüm olan 2 əlverişli pozisiyada vəziyyətimız dalana dirənib. Bir tərəfdən neft hasilatındakı kəskin eniş zolağına daxil olmağımızla, digər tərəfdənsə dünyada neftin konyuktur qiymət səviyyəsinin  aşağı düşməsi ilə. Mənfiyə doğru bu cür dəyişmə həddi bizi çox dərindən düşündürməlidir.

Xatırlayıram, hələ 12 il bundan qabaq, yəni 2008-ci ildə Böyük Britaniyanın Xarici Əlaqələr üzrə “Kral” insitutu bir hesabat [4] yaymışdı. Həmin hesabatda Britaniyanın məşhur analitik mərkəzlərindən olan “Kral” xarici işlər insitutu neftlə zəngin ölkələrin iqtisadiyyatlarını təhlil etmişdilər. Hesabatda vurğulanırdı ki, 12 neft ölkəsindən yalnız 3-ü iqtisadiyyatlarını karbohidrogensiz belə növbəti mərhələyə hazırlaya biliblər. Bu üçlüyə Malaziya, İndoneziya və Norveç kimi ölkələr göstərilir. Yerdə qalan ölkələr - Əlcəzair, Nigeriya, Anqola, Azərbaycan, Qazaxıstan, Şərqi Timor,Səudiyyə Ərəbistanı, Küveyt, və İran bu istiqamətdə sınaq və məhrumiyyətlərlə üzləşəcək.

Bu hesabatla tanış olan biz iqtisadçı-ekspertlər çox arzu edirdik ki, bu hesabatda qeyd olunan proqnozlar kaş ki, özünü doğrultmasın. Çox təəsüf ki, mənim vaxtı ilə qeydiyyat kitabçamda qeyd etdiyim bu hesabat da proqnozlaşdırılan situasiyanı indi reallıq kimi qəbul edirik.

Mən iqtisadiyyatımızdakı neftdən kənar sahələrin inkişaf səviyyəsini qiymətləndirən zaman özümün sosial şəbəkə hesabımdan vəziyyəti obrazlı olaraq belə təsvir etmişdir. Həmin fikrimi burada yazmaq istəyirəm:  ”Iqtisadiyyat adında bağa baxırsan. Bircə dənə bar gətirən meyvəli ağac (qeyri-neft məhsulları) görə bilmirsən. Hamısı üzüaşağı olan söyüd və dimdik göyə baxan küknarlardır. Belə bağ və bağban olar?!”

Postneft dövrünün addım səsləri necə olur bəs? Elə, beləcə!

Məmməd Talıblı


Mənbələr:

[1]  BP-nin Hesabatları

[2]  Dövlət Statistika Komitəsi

[3]  SOCAR-ın məlumatları

[4]  Böyük Britaniyanın Xarici Əlaqələr üzrə “Kral” insitutunun Hesabatı

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti