Azərbaycan yazın gəlişini kökü xristianlıqdan əvvəl Tengriançılıq dövrünə gedib çıxan Novruzla bayram etdiyi vaxtda Ermənistan gözlənildiyi kimi blogerlərin Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini təşkil edib.
Formal olaraq bu, Yerevan tərəfindən dəstəklənən, Bakıda həbsdə olan bloger Aleksandr Lapşinlə həmrəylik tədbiri idi. Əslində isə Lapşin də, onun dərdinə şərik olan həmkarları da daha ciddi çağırış və təhlükələri olan Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunublar. Onlar istəsələr də, istəməsələr də, bu halda blogerlər uzanan qanlı münaqişənin iştirakçılarından birinin tərəfində çıxış ediblər. Və onlar istəsələr də, istəməsələr də, öz əməlləri ilə hər iki xalqa iztirab verən Qarabağ münaqişəsinin həllini çətinləşdirirlər, onların yekun müraciəti də buna dəlalət edir.
Martın 20-21-də Qarabağda keçirilən forumun nəticələrinə görə 11 ölkədən olan blogerlər qəbul etdikləri bəyanatda "əsas insan hüquqlarının və xüsusən fikri azad ifadə etmək hüququnun və sərbəst şəkildə yerdəyişmə hüququnun həyata keçirilməsinin və müdafiəsinin vacibliyini qeyd edərək, bu məsələdə bütün beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayaraq, obyektiv informasiya verilməsi işində media nümayəndələrinin əvəzolunmaz rolunu nəzərə alaraq, Arsax Respublikasının xalqına tam dəstək ifadə edərək, istənilən hakimiyyətin media və bloq sahəsi nümayəndələrinin söz azadlığı və yerdəyişmə azadlığını həyata keçirmək hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş addımlarının, habelə bu hüquqların həyata keçirilməsinə görə təqib siyasətinin əsas insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulması olduğundan əmin olduqlarını" bildirirlər.
"İfadə və yerdəyişmə azadlıqlarına bütün qəsd və onların məhdudlaşdırılması hallarını pisləyirik. Qeyd edirik ki, Arsax Respublikasında keçirilən Blogerlərin Beynəlxalq Forumu azad yerdəyişmənin, fikri ifadə azadlığının, o cümlədən informasiyanın azad şəkildə axtarılması və yayılması azadlığının məhdudlaşdırılması üzrə təqiblərə və istənilən addımlara ən yaxşı cavabdır. İnandırırıq ki, bizim hər birimiz əsas insan hüquqlarının həyata keçirilməsi işinə töhfə verməkdə, habelə sülhün möhkəmlənməsinə şərait yaratmaqda qətiyyətliyik".
Bəyanat onu imzalayanların hisslərinin qarışıq və ziddiyyətli olduğunu göstərir. Bir tərəfdən foruma yerdəyişmə və ifadə azadlığının məhdudlaşdırılmasına cavab reaksiyası kimi, digər tərəfdən "Arsax xalqına" dəstək kimi və üçüncüsü, sülhün bərqərar olmasına yardım kimi baxılır. Bəyanatdan göründüyü kimi, onda bir-birini təkzib edən və müəyyən qarışıqlıq yaradan müxtəlif vəzifələr araşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanın və ya forum ərəfəsində onun bəzi iştirakçılarının ən xoşagəlməz formada təhqir etdikləri Əliyevlər ailəsinin adı yad olunmur. Bu dərəcədə özünüsenzura haradan gəlir? Amma, istənilən halda, o göstərir ki, iş mövqeyin rəsmi olaraq nümayiş olunması nöqtəsinə gəldikdə, jurnalistlərin peşə-etika normalarına sahib olmayan blogerlərin vətəndaş məsuliyyəti hissi oyanıb. Bu vəziyyətə rəsmi Bakının xarici vətəndaşların və indiki halda bloger və jurnalistlərin işğal olunmuş Dağlıq Qarabağa səfərlərinin qarşısının alınması siyasətinin səmərəliliyi haqqında düşündürəcək məlumat kimi baxmaq olardı. Vəziyyət mürəkkəbdir: Qarabağ münaqişəsinin obyektiv mənzərəsini təsvir etmək üçün yazan insan Qarabağa getmədən buna necə nail ola bilər? Azərbaycan vasitəsilə oraya gedə bilməz, Ermənistan vasitəsilə bu, cinayətdir, amma o, yeganə dəhlizdir. Dəhlizə və ərazilərə nəzarət edən isə münaqişənin episentrinə düşmüş yaradıcı insanın əhval-ruhiyyəsinə, hisslərinə ən çox təsir göstərmək imkanına malikdir.
Azərbaycan özü Ermənistanla razılaşdıraraq və ATƏT-in, habelə Beynəlxalq Jurnalistlər İttifaqının və digər bu kimi təşkilatların himayəsi altında Bakı vasitəsilə jurnalistlərin və blogerlərin münaqişə regionuna belə səfərlərini təşkil etsəydi, ideal olardı. Azərbaycanın həqiqətdən qorxusu yoxdur.
Turan Agentliyi "Bizim tanımadığımız Lapşin" sərlövhəli məqalədə
http://contact.az/docs/2017/Analytics/020900182738az.htm#.WNLN_VWLTIU
Lapşinin həbsinin müxtəlif nəticələri barədə danışırdı. Və hələlik ən pis rəylər təsdiqini tapır - yerdəyişmə və ifadə azadlığını müdafiə edənlərin beynəlxalq səviyyədə birləşməsi prosesi gedir. Bu ideya və prinsiplərə qarşı mübarizə, blogerlərin addımından da göründüyü kimi, perspektivsiz, səmərəsizdir. Və ilk növbədə amansız və mənasız təzyiq altında olan milli jurnalistika və bloq sahəsindən başlamaq lazımdır.
Media siyasətinin həqiqətən yenidən düşünülməsinə ehtiyac var və məsələ Lapşində və onunla həmrəy olan qələm yoldaşlarında deyil, tərəflərin əlaqələndirici vasitəçiləri rolunda çıxış edən jurnalist və blogerlərə qarşı geniş məhdudlaşdırıcı tədbirlər spektrinin tətbiq edilməsi nəticəsində pozulan, Azərbaycan cəmiyyəti və dövləti üçün daha əhəmiyyətli olan münasibətlərdədir.
Rəy yaz