Açıq mənbələrdən foto
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu yaxınlarda açıqladığı hesabatda qeyd edilir ki, dünyada ərzaq qiymətləri 2019-cu ildə son 5 illik səviyyənin maksimum həddinə çatıb.Hesabatda vurğulanır ki, 2019-cu ilin dekabr ayında ərzağın qiymətləri noyabr ayının səviyyəsindən 2,5 faiz yüksək olub və beləliklə də qiymət artımı ardıcıl olaraq üç aydır ki, davam edir. Bitki yağlarının, şəkərin və süd məhsullarının qiymətləri 2014-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Həmçinin dekabr ayında şəkər qamışının və palma yağının qiymətləri artaraq son beş ildə ən yüksək səviyyəyə qalxıb.
Beləliklə, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) apardığı araşdırmalara görə, dünya bazarında ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri 2019-cu ildə 2018-ci ilə nisbətən 1,8 faiz artıb.
Dünya bazarrında yeyinti məhsullarının qiymətlərinin artımı Azərbaycan idxalçılarını həvəsdən salmayıb. Əksinə, 2019-cu ildə ölkəyə rekord həcmdə ərzaq malları və kənd təsərrüfatı məhsulları idxal edilibi. Belə ki, 2019-cu ildə yeyinti məhsullarının idxalı 1 milyard 370,5 milyon ABŞ dolları təşkil edib. Bu da ötənilki göstəricidən 274 milyon dollar çox olub. Qeyd olunmalıdır ki, Azərbaycan tarixində heç vaxt ölkəyə bu qədər böyük həcmdə yeyinti məhsulları idxal edilməyib. Cədvəl 1-dən də göründüyü kimi, süd idxalı istisna olmaqla digər mal qrupları üzrə bütün yeyinti məhsullarının idxalı artıb. Keçən il ölkəyə rekord həcmdə buğda, ət, meyvə-tərəvəz, bitki yağları idxal edilib.
Cədvəl 1. 2018-2019-cu illərdə yeyinti məhsulları idxalı. Mənbə: Dövlət Gömrük Komitəsi
Məhsulin adı | 2018-ci il Miqdarı (min ton) | 2018-ci il Dəyəri (milyonn dollar) | 2019-cu il Miqdarı (min ton) | 2019-cu ilDəyəri (milyon dollar) |
Ət | 47,3 | 70,0 | 51,5 | 79,4 |
Süd | 9,5 | 12,6 | 9,0 | 14,3 |
Kərə yağı | 12,1 | 69,6 | 14,0 | 71,5 |
Meyvə-tərəvəz | 303,0 | 164,5 | 345,7 | 194,3 |
Çay | 12,9 | 49,8 | 14,0 | 55,0 |
Buğda | 1080,9 | 205,9 | 1584,9 | 340,5 |
Bitki və heyvan mənşəli yağlar | 154,3 | 140,8 | 167,6 | 141,2 |
Qeyd etməliyəm ki, ölkəyə idxal edilən yeyinti məhsullarının idxal dəyəri əvvəlki ilə nisbətən xeyli artıb (Cədvəl 2).
FAO-nun hesabatında dekabr ayında taxılın qiymətinin noyabr ayı ilə müqayisədə 1,4 faiz artımının əsas səbəbi kimi Çindən idxal tələbinin artması və etirazların davam etdiyi Fransada logistika problemləri, həmçinin bu ölkənin bir sıra əsas istehsalçı bölgələrində hava şəraiti ilə bağlı narahatlıqların olduğu göstərilir. Hesabatda o da qeyd edilir ki, yemlik taxıl bazarlarına əksər taxıl məhsullarının qiymətləri, ümumiyyətlə, əvvəlki ayın səviyyəsində qalıb və yalnız qarğıdalının qiymətləri artıb. Azərbaycana gəldikdə isə cədvəl 1-dən də göründüyü kimi, 2019-cu ildə respublikaya əvvəlki illə müqayisədə yarım milyon ton daha çox buğda idxal edilib. Ümumilikdə, 2019-cu ildə respublikaya xaricdən gətirilən buğdanın həcmi 1 milyon 584,9 min ton təşkil edib. İdxal buğdasının bu qədər ciddi artmasına dövlət orqanları hər hansı reaksiya vermir, aydınlıq gətirmirlər. Əksinə, yanvarın 13-də İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov buğda istehsalının artdığını qeyd edib. O deyib: “Diqqət yetirsək, bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil edib, artım ötən ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir”. Buğda idxalı, istehsalı, istifadəsi məsələlərinə və nazirin müşavirədəki çıxışına yaxın vaxtlarda qayıdacağıq. İndi isə onu deyə bilərəm ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ölkəyə gətirilən buğdanın idxal dəyəri 12,6 faiz (hər ton üçün 24 dollar) artıb. Baxmayaraq ki, FAO-nun ictimailəşdirdiyi hesabatda 2019-cu ildə dünya bazarında taxılın qiymətində artımın cəmi 1,4 faiz olduğu bildirilir. Dünyada 2019-cu ildə taxılın qiymətində artım cəmi 1,4 faiz olduğu halda, 2018-ci ilə nisbətən Azərbaycanda buğdanın qiyməti 2 dəfəyə yaxın bahalaşıb. Belə ki, keçən il respublikada buğda istehsalda artım göstərilsə də taxıl biçini mövsümündə bazarda buğdanın qiyməti kəskin şəkildə bahalaşıb. Taxılçılıq rayonlarında buğdanın bir kiloqramı 2018-ci ildə 22 qəpik olduğu halda, 2019-cu ildə 40 qəpiyə təklif olunub.
Ölkəyə gətirilən südün qiymətində də çox ciddi artım baş verib. Belə ki, 2018-ci ildə 1 ton südün idxal dəyəri 1320 dollar olduğu halda, 2019-cu ildə 19,6 faiz (260 manat) artaraq, 1580 dollar təşkil edib. FAO-nun təqdim etdiyi hesabatda dünya bazarında 2018-ci illə müqayisədə 2019-cu ildə süd məhsullarının qiymətləri 3 faiz yüksək olduğu göstərilir. Həmçinin o da qeyd edilir ki, il ərzində ən yüksək artım quru südün, pendirin qiymətlərində özünü göstərsə də eyni zamanda kərə yağının qiymətində azalma baş verib. Cədvəl 2-dən göründüyü kimi, Azərbaycana xaricdən gətirilən kərə yağının idxal dəyəri 11,3 faiz azalıb. Belə ki, 2018-ci ildə respublikaya gətirilən kərə yağının 1 tonunun idxal dəyəri 5750 dollar təşkil etdiyi halda 2019-cu ildə 11,3 faiz (650 manat) azalaraq 5100 dollara düşüb.
Baxmayaraq ki, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri 2019-cu ildə ölkədə ət istehsalının diri çəkidə 3 faiz artdığını qeyd edib, həmin ildə respublikaya xaricdən 51,5 min ton ət gətirilib ki, bu da 2018-ci ilə nisbətən 8,9 faiz çox olub. Ət idxalının artımı həm də qiymət artımı fonunda baş verib. Keçən il 2018-ci illə müqayisədə ölkəyə gətirilən ətin idxal dəyəri 4,8 faiz artıb. FAO-nun apardığı araşdırmalara görə, dünya bazarında 2019-cu ilin sonuna ətin orta dəyəri 2018-ci illə müqayisədə 5,7 faiz artıb.
Cədvəl 2. 2018-2019-cu illərdə ölkəyə idxal olunan yeyinti məhsullarının idxal dəyəri
Məhsulin adı | 2018-ci il 1 ton məhsulun idxal dəyəri (dollarla) | 2019-ci il 1 ton məhsulun idxal dəyəri(dollarla) | 2019-cu ildə 2018-ci illə müqayisədə idxaldəyərində fərq (faiz) |
Ət | 1470 | 1540 | + 4,8 |
Süd | 1320 | 1580 | +19,6 |
Kərə yağı | 5750 | 5100 | -11,3 |
Meyvə-tərəvəz | 540 | 560 | +3,7 |
Çay | 3860 | 3920 | +1,5 |
Buğda | 190 | 214 | +12,6 |
Bitki və heyvan mənşəli yağlar | 910 | 840 | -7,7 |
Məlum müşavirədə kənd təsərrüfatı naziri 2019-cu ildə meyvə-tərəvəz istehsalının 8,8 faiz artdığını qeyd etməsinə baxmayaraq, keçən il respublikaya xaricdən gətirilən meyvə-tərəvəz əvvəlki illə müqayisədə 14 faiz (42,7 min ton) çox olub. Bununla yanaşı ölkəyə gətirilən meyvə-tərəvəzin idxal dəyəri 3,7 faiz artıb. Onu da qeyd etməliyəm ki, keçən il meyvə-tərəvəz ixracı da artıb. Belə ki, 2019-cu ildə 2018-ci ilə nisbətən meyvə-tərəvəz ixracı 1,2 faiz, ixrac olunan meyvə-tərəvəzin dəyəri isə 6,9 faiz artıb.
Keçən il ölkəyə idxal edilən bitki və heyvan mənşəli piylər və yağların orta dəyəri əvvəlki ilə nisbətən 7,7 faiz azalıb. FAO-nun hesabatında bitki mənşəli yağların orta dəyərinin 2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən 9,4 faiz artdığı və son iyirmi beş ayda ən yüksək göstərici olduğu qeyd edilib.
Beləliklə, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı hesabatdan da göründüyü kimi, son zamanlar dünya bazarında ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində baş verən artımlar öz növbəsində Azərbaycan bazarına da təsir göstərib. Hesabatda o da qeyd olunur ki, qiymət artımları ardıcıl olaraq davam edir.
Azərbaycan hökuməti dünyada ərzaq bazarında baş verən ciddi qiymət artımından daxili bazarı sığortalamaq üçün bir sıra vacib tədbirlər həyata keçirməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, istənilən ölkənin yeyinti məhsullarına olan tələbatının daxili istehsal hesabına davamlı olaraq ödənilməsi ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin stabil olması üçün əsas şərtdir. Azərbaycanın özünü əsas ərzaq məhsulları ilə təmin etmək üçün çox böyük imkanları və resurs potensialı var. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı yüksək texnologiyalı sahə kateqoriyasına keçid alır. Bu istiqamətdə Azərbaycan hökuməti aqrar siyasəti yenidən müəyyənləşdirməlidir. Belə ki, aqrar sahədə elmi potensialın artırılması, yeni, daha müasir resursqoruyucu texnologiyanın tətbiq edilməsi, peşəkarların, mütəxəssislərin, alimlərin hazırlanması, əsas hədəf kimi qarşıya qoyulmalıdır. Ərzaq və kənd təsərrüfatı məhsulları istehsalında, idxalda və bazarda mövcud olan inhisarçılıq aradan qaldırılmalıdır.
Rəy yaz