Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Dekabrın 27-də Xocavənd rayonunun Tuğ kəndində erməni terrorçular tərəfindən növbəti təxribat törədilib, nəticədə Azərbaycan SQ-nin serjantı Qəmbərov Elmir Rail oğlu həlak olub, sıravi əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Terrorçuların bu təxribatı, həmçinin bundan əvvəl baş vermiş təxribatı törətmək üçün bir neçə səbəbi var. Birincisi, DQ-dəki (Dağlıq Qarabağ) silahlı birləşmələrin başçıları – Vitali Balasanyan və Seyran Ohanyan Ermənistandakı və Dağlıq Qarabağdakı qisasçı qüvvələrə erməni ordusunun darmadağın edilməsinə və geniş miqyaslı hərbi əməliyyatların başa çatmasına baxmayaraq, onların hələ də fəal olduqları və müharibəni (indi artıq diversiya müharibəsini) davam etdirməyə hazır olduqları barədə mesaj verirlər. Eyni zamanda, bu, Ermənistanda hakimiyyəti dəyişdirmək və DQ ilə bağlı noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın həyata keçirilməsini dayandırmaq istəyən qüvvələrə mənəvi dəstəkdir.

İkincisi, bu cütlük Xocavənd rayonunda qarşıdurmalar yolu ilə DQ-ni fəal münaqişə zonasına çevirmək istəyir, bu şəkildə bu rayona Rusiya “sülhməramlılarını” cəlb etməyə ümid edir.

Üçüncüsü, onlar ermənilərin Xocavəndə qaytarılması məsələsini qaldırmaqla, Azərbaycanlıların Xankəndi və Xocalıya qaytarılmasını müvəffəqiyyətsizliyə uğratmaq istəyirlər. Yəni Azərbaycanlılar Xocalıya qayıtsa, ermənilər də Xocavəndə qayıtmalıdır. Bu təxribatların siyasi elementi Moskvanın maraqlarına tamamilə uyğundur. Belə ki, münaqişənin olmaması onun mövqeyini zəiflədir. Bu, gələcəkdə sülhməramlı missiyanın başa çatmasına və bunun nəticəsi olaraq Azərbaycana və Ermənistana təsir vasitəsinin itirilməsinə aparıb çıxarır.

Bu, terrorçuların ilk diversiyası deyil. Bu yaxınlarda (dekabrın 12-də) DTX-nin xüsusi təyinatlı dəstəsinin elə həmin Xocavənd rayonunun Köhnə Dağlar və Çaylaqqala kəndlərində həyata keçirdiyi əməliyyat nəticəsində noyabrın 27-də, yəni sülh Bəyanatının imzalanmasından 17 gün sonra Ermənistandan Azərbaycan ərazisinə keçmiş erməni diversiya qrupunun 170 üzvü əsir götürülüb. Azərbaycan xüsusi təyinatlıları tərəfindən terrorçu dəstəsinin üzvlərinin bir hissəsi Rusiya “sülhməramlılarına” təhvil verilib, bir hissəsi isə Bakıya gətirilib. 

Rusiya KİV-lərində onları vaxtında özününkilərin yanına keçə bilməyən “meşələrdə azmış” erməni əsgərləri kimi qələmə verməyə çalışıblar. Amma Ermənistan mətbuatında təxminən həmin vaxtlarda DTX-nin xüsusi təyinatlıları ilə qarşıdurmadan təxminən 20 gün əvvəl Ermənistanın Şirak və Oktemberyan rayonundan könüllülərin Rusiya sülhməramlılarının nəzarəti altında olan dəhliz vasitəsilə Azərbaycana gəldiyi barədə məlumat yayılmışdı.

Bir sözlə, böyük diversiya qrupunun üzvləri Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının blokpostlarından keçərək Xankəndinə gəliblər. Bunun Rusiya “sülhməramlılarının” ciddi “nöqsanı” (qəsdən hərəkətsizliyi deyilsə) olduğunu deməyə ehtiyac yoxdur. Anonim qalmaq istəyən mənbələrin iddiasına görə, hazırda DQ-də 3-4 min terrorçu var.

Burada sülhyaratma əməliyyatlarının iki növə: sülhün qorunub saxlanılması əməliyyatlarına və sülhə məcburetmə əməliyyatlarına bölündüyünü qeyd etmək yerinə düşərdi. Onlar arasındakı fərq ondan ibarətdir ki, sülhün qorunub saxlanılması üzrə əməliyyatlar bütün münaqişə tərəflərinin razılığı ilə həyata keçirilir və atəşkəs haqqında artıq əldə edilmiş razılaşmalara nəzarətə və onların həyata keçirilməsinə yönəlib, bir halda ki, sülhə məcburetmə əməliyyatları barışıq və ya atəşkəs üçün şərait yaradılması məqsədilə həyata keçirilir. Onlara asayişin bərpa edilməsi əməliyyatları, müharibə aparan tərəflərin zorla ayrılması, qadağan edilmiş zonaların müəyyən edilməsi və onlara riayət olunmasına nəzarətdən ibarət ola bilər. Sülhə məcburetmə düşmən tərəflərin müdaxiləyə razılığını nəzərdə tutmur. Sülhə məcburetmə əməliyyatları zamanı silahdan və hərbi texnikadan yalnız özünümüdafiə məqsədilə deyil, həm də hərbi obyektlərin və münaqişədə iştirak edən silahlı qruplaşmaların məhv edilməsi üçün istifadə oluna bilər.

Sülhə məcburetmə əməliyyatının beynəlxalq-hüquqi əsasını BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin sülh üçün təhdid olduğu təqdirdə məcburi addımlar (tədbirlər) nəzərdə tutan VII fəsli əsasında qəbul edilmiş qərarı təşkil edə bilər. Bizim halda söhbət sülhə məcburetmə əməliyyatından deyil, sülhün qorunub saxlanılması əməliyyatından gedir.

Sülhyaratma – daxili və ya beynəlxalq münaqişə başa çatdıqdan sonra sülhün əsaslarının bərpa edilməsi üçün həyata keçirilən fəaliyyət bu missiyanın tərkib hissəsidir. Bu fəaliyyət sülhün möhkəmlənməsinə yardım edən addımların və institutların dəstəklənməsindən, sazişlərin imzalanmasından və keçmiş düşmənlər arasında qarşılıqlı fəaliyyətin təşkilindən, seçkilər keçirilməsindən və ya seçkilərin keçirilməsinə nəzarətdən, mülki infrastrukturun və iqtisadiyyatın bərpasından ibarətdir.

Yuxarıda sadalananların həyata keçirilməsi üçün münaqişənin yenidən baş qaldırmasının qarşısını almaq məqsədilə sülhün möhkəmləndirilməsinə kömək etməyə meylli olan qurumların aşkar edilməsi və dəstəklənməsi üzrə tədbirlər görülməlidir. Yəni demobilizasiya, hərbiçilərin reinteqrasiyası və demokratik tranzitin həyata keçirilməsi üzrə tədbirlər kompleksi həyata keçirilməlidir, bu başa çatdıqdan sonra labüd olaraq yaranan münaqişələr hərbi yolla deyil, siyasi yolla həll edilə bilərdi.

Amma biz rus “sülhməramlılarının” Ermənistan SQ hissələrinin DQ ərazilərindən çıxarılması, hərbiçilərin reinteqrasiyası, azərbaycanlı qaçqınların qaytarılması, düşmənçilik edən etnik qrupların barışığı və sosial-psixoloji reabilitasiyası, siyasi hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının bərpası ilə məşğul olduğunu görmürük. Bunun əvəzində DQ-də rus sülhməramlılarının komandanı Rüstəm Muradovun barəsində beynəlxalq axtarış elan edilmiş terrorçuların-separatçıların başçısı Araik Arutyunyana qucaq açdığını müşahidə edirik. DQ-də hər yerdə Rusiya bayraqları ilə yanaşı Ermənistanın və separatçıların bayrağı dalğalanır. Rusiya Müdafiə Nazirliyinin saytını separatçıların bayrağı bəzəyir.

Üçtərəfli bəyanatda DQ-nin statusu haqqında heç nə deyilməsə də, Rusiya nəinki Qarabağdakı separatçıları qızışdırır, bununla yanaşı, həm də beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsini həll etməyi təklif edir. Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də mətbuat konfransında səsləndirdiyi bəyanatlar buna dəlalət edir.

O deyib ki, Dağlıq Qarabağın statusu məsələsinin həlli gələcəyə buraxılmalıdır, indi isə status-kvo saxlanmalıdır.

“Dağlıq Qarabağın statusu dəyişməz olaraq qalmalıdır, yəni gələcəyə buraxılmalıdır, Dağlıq Qarabağda status-kvo müəyyən edilməlidir, amma mütləq Dağlıq Qarabağ və Ermənistan arasında ünsiyyət imkanı yaradılmalıdır, bunun üçün Laçın dəhlizini yaratmaq nəzərdə tutulurdu, yəni bu, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə dəhlizidir”, deyə Putin qeyd edib.

Bir həftə sonra Rusiya Federasiyası Şurasının spikeri Valentina Matvienko nəinki Putinin dediklərini təkrar edib, hətta, bəlkə də, daha da irəli gedib və BMT və ATƏT-i bu münaqişənin həllində iştirak etməyə dəvət edib.

“Dağlıq Qarabağın statusu əlavə danışıqlar tələb edir. Biz, şübhəsiz ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ prezidentinin və Dağlıq Qarabağda nizamlama prosesinə cəlb edilmiş digər dövlətlərin səylərinə ümid edirik”, deyə o bildirib.

Gördüyümüz kimi, Rusiya özü Qarabağ münaqişəsini beynəlxalq səviyyədə həll etməyə çalışdığı halda, Azərbaycanın ATƏT-in Minsk Qrupunu rədd etdiyini nümayiş etdirməyə çalışır. Beləliklə, o, Azərbaycanı yeni danışıqlara və beynəlxalq danışıqlarda, əlbəttə ki, onun nəzarəti altında siyasi prosesə başlamağa məcbur etmək üçün onu çətin vəziyyətə salmağa çalışır.

Buna “yağışdan çıxıb, yağmura düşmək” deyərlər.

Bəlkə də məhz bu səbəbdən Bakı indi həddindən artıq ehtiyatlıdır. Amma Qarabağdakı təxribatlara qəti və ciddi cavab verilməsə, vəziyyət daha da çətinləşə bilər. Buna görə indi yeganə çıxış yolu heç bir halda öz mövqeyimizdən əl çəkməmək və erməni terrorçuları sərt şəkildə cəzalandırmaqdır. Bu səbəbdən həbs edilmiş diversiyaçılar terrorçu kimi cəza çəkməlidir, belə ki, müharibə başa çatıb və təxribatçılar hərbi əsir hesab oluna bilməz. Hansı tərəfdən atılmasından asılı olmayaraq, sülh prosesinin pozulmasına yönəlmiş bütün addımların qarşısı Azərbaycan qanunlarına uyğun olaraq ən sərt şəkildə kökündən alınmalıdır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti