ahvalnews.com

ahvalnews.com

XİX əsrin axırlarından etibarən ölkələrin feodalizmdən  çıxaraq dövlət olmalarının  vaz keçilməz şərtləri: 1)Yerli özünüidarə orqanları (təbii ki,seçkili); 2) Mətbuat idi.Bələdiyyələr  vətəndaşların gündəlik tələbatlarının  təmin edilməsi üçün yaradılan seçkili orqanlar olduğuna görə,namizədlər seçki təbliğatı dövründə verdiyi vədlərlə bütün məsuliyyəti öz üzərlərinə götürürlər.

Bələdiyyələrin xidmət sahələrinin başında təmizlik işləri və əhalini su ilə təmin etmək gəlir. Ona görə bu işlərin vətəndaşlar tərəfindən ödənilməsi lazım olan məsrəflərini müəyyənləşdirmək səlahiyyəti də təmizlik xidmətlərini yerinə yetirən və suyu satan bələdiyyələrə aiddir.

Bu gün Türkiyənin qəsəbə bələdiyyələrinin belə əhalini su ilə təchiz etmək üçün müvafiq şöbələri vardır. Metropollarda isə şəhərə su gətirmək,qiymətini müəyyənləşdirmək və satmaq üçün əhalinin sayına görə müvafiq baş idarələr yaradılmışdır. Məsələn, İstanbul Bələdiyyəsinə bağlı İstanbul Su və Kanalizasiya İdarəsinin 20 milyonluq metropolun suya olan ehtiyacını planlaşdırmaqdan boru kəmərlərini çəkməyə və daha sonra suyu fasiləsiz şəkildə əhaliyə çatdırmağa cavabdeh olduğuna görə, su saatlarını bağlama, suyun qiymətini müəyyənlədirmə, su pulunu toplama səlahiyyəti də İSKİ-dən başqa hansı qurumda ola bilər?

Türkiyəni 1990-cı illərin əvvəllərindən izləyənlər xatırlayacaqlar: 1993-cü ilin iyulunda İstanbul bələdiyyəsini Su və Kanalizasiya İdarəsində meydana çıxan “xlor satışındakı rüşvət” məsələsi seçki kampaniyası dövründə Recep Tayyip Erdoğanın ən çox istifadə etdiyi arqumentlərdən biri olmuş və  27 mart 1994-cü ildəki seçkidə İstanbulun bələdiyyə sədri seçilməsində həlledici rol oynamışdı.

23 iyun 2019-ci ildə keçirlən təkrar seçkidə müxalfətn namizədi Ekrem İmamoğlunun İstanbulun bələdiyyə sədri seçilməsində “Suyu 40% ucuzlaşdıracağam”- vəd və şüarının çox mühüm rolu olmuşdu.

Artıq 11-ci ayına girən epidemiya dövründə İstanbul bələdiyyəsinin əhaliyə etdiyi ən böyük güzəştlərdən biri suyun qiymətini mümkün olduqca minimal  səviyyədə saxlamaq olmuşdur. Yəni, uzun sözün qısası: suyun şəhərə gətirilməsinə cavabdeh olan qurum onun qiymətini də özü müəyyənləşdirir və əhali qarşısında maksimum məsuliyyət daşıdığını çox yaxşı bildiyinə görə, kefinin istədiyi kimi hərəkət etməyi ağlından keçirmir.

Maya dəyərinə görəsuyun qiymətinin ölkənin müxtəıif şəhərlərində fərqli olması təbiidir.Bələdiyyənin müvafiq idarəsinin boru kəmərləri döşəyərək şəhərə su gətirib evlərə,idarələrə,şirkətlərə saat qoymasından sonra “Eyyy, Tarif Şurası, buyur, bu suyun qiymətini sən müəyyənləşdir”- deyərsə, bu, şəhər idarəçiliyinin yox,psixiatriyanın sahəsinə aid olar.

Son 150 ilin dünyasında bu qədər çılpaq həqiqəti hamının görməsi üçün Allahın verdiyi bir cüt göz kifayət etdiyi halda bunu görməmək üçün hansı əsrdə yaşamaq lazımdır? Yəni,hansı ölkə  yerli özünüidarə orqanlarının əhaliyə çatdırmaq üçün “sitehsal etdiyi”  suyun qiymətini artırmağı Tarif Şurasına həvalə edir? Bu necə dövlət idarəçiliyidir,vətəndaşlara göstərilən bu münasibətin  analoqu harda var? 

Bu qədər sadə həqiqəti Azərbaycan Tarif Şurasının ölkədə suyun qiymətini 100% artırmasından sonra bir daha  xatırlatmaq məcburiyyətində qaldım. Çünki bu artım istər-istəməz bir yığın sualı da özüylə yenidən gətirib-gəldi ki, onlardan bəzilərini yenə və yenidən təkrarlayaq:

  • Tarif Şurasının qiymət qoyduğu suyu hansı dövlət qurumu “istehsal” edir?
  • Şəhər, rayon və qəsəbə sakinlərinin su ilə təchiz edilməsində bələdiyyələrin rolu varmı?
  • Suyun şəhər, rayon və qəsəbə sakinlərinə çatdırılmasında Tarif Şurasının hansı rolu var?
  • Sərbəst bazar iqtisadiyyatının olduğu ölkələrdə əsas tələbat mallarının qiymətlərini QHT-lər tənzimlləyib elan edirlər. Məsələn,Türkiyədə yanacağın qiymətini Enerji Bazarını Tənzimləmə Şurası, çörəyin qiymətini Çörək Sobaçıları Palatası və b. müəyyələşdirir. Tarif Şurası hansı iqtisadi sistemin “instrmenti”dir: bazar yoxsa dövlət iqtisadyyatının? Yoxsa hələ ki, dünyaya məlum olmayan başqa bir sistemin?
  • “Su” deyəndə yadıma Türkiyənin keçmiş prezidenti Celal Bayar və Azərbaycan Məclisinin keçmiş spikeri Oqtay Əsədov düşür.Menderes hökuməti 1955-ci ildə Süleyman Demireli Dövlət Su İşləri İdarəsinin baş direktoru təyin etmişdi. 1960-ci il hərbi çevrilişindən sonra keçmiş prezident Celal Bayar Kayseri həbsxanasında cəzasını çəkərkən Süleyman Demirel seçkiylə hakimiyyətə gəlib baş nazir olmuşdu.Celal Bayar hər gün deyirmiş ki, İsmet Paşa olsaydı, bizi əfv edərdi, ancaq bizim su müdirimiz əfv etməz.

    “Bizim su müdirimiz” isə 15 il Məclisin sədri olmuşdu.

    Hamısı tarixdə dərin izlər qoymuş örnəklərdir...

     

    Rəy yaz

    Böyük Şərq

    Bizi sosial şəbəkələrdə izləyin

    Xəbər lenti